Xalq deyiminin bilicisi
Şifahi xalq ədəbiyyatı yaradıcılarından olan ozan-aşıq, yanşaq və ya varsaqlar dədəlik titulunu qazanana qədər ustad yolu keçib, ustadnamələr müəllifi kimi tanınıblar. Əlbəttə, onların əksəriyyəti ustadnamə yazmaya bilərdi, lakin toy-düyünlərdə, el şənliklərində ustadlarından söyləməmələri mümkün deyildi. Divani ilə açılan məclisin müxəmməslə başa çatması sanki bir dərs idi. Ümumiyyətlə isə ozan-aşıq sənəti ustadlarından bu günümüzə ədəb-mərifət, mədəniyyət, əxlaq dərsləri gəlib çatıb ki, yeni nəslin tərbiyəsinə, soy-kökünə bağlılıq prinsipi baxımından böyük əhəmiyyəti var.
Dədə Qorqud yadigarı olan ozan-aşıqlarımızın zaman keçdikcə, yeni musiqi növləri meydana çıxdıqca sıraları seyrəlsə də, onların arasından seçilib çıxanlar klassikləşib, şifahi xalq ədəbiyyatının yaradıcılarına çevriliblər.
Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Molla Cuma kimi ulu ozan-aşıqlarımız şifahi xalq ədəbiyyatının, xüsusilə, aşıq ədəbiyyatının təsiri ilə yazıb-yaradan sənətkarlar kimi tanınıblar. Maraqlıdır ki, bugünkündən fərqli olaraq istər Qurbaninin, Abbas Tufarqanlının, istərsə də Xəstə Qasımın şeirlərində öz adları ilə yanaşı aşıq ad-titulu, bəzi istisnalar olmaqla, işlədilməyib. Qurbani "Yetim Qurbani", "Dirili Qurbani", "Yazıq Qurbani", Abbas Tufarqanlı "Qul Abbas", "Tufarqanlı Abbas", "Şikəstə Abbas", "Yazıq Abbas" ad-təxəllüslərini öz şeirlərinin möhürbəndində işlədiblər.
Şeirlərində "Şikəstə", "Qul", hərdən də "Bikəs" təxəllüsü işlədən Abbas Tufarqanlının yaradıcılığında bu ad-titulların mənası genişliklə öz əksini tapıb. Yəni, sanki başdan-başa məşəqqətlər və əzablar içində yaşamasını, zamanın və gərdişin onu daim sıxıntı içərisində saxlamasını, arzusuna yetmək üçün hansı qaratikanlıqdan, od-alovdan keçməsini sazın yaddaşına yazırdı.
Məhəbbətinin, sevgisinin yolunda bütün hicranlara tablaşan divanə Abbas sanki qul olub pərisinə dil açıb:
Usta ol, ustanı tanı,
Üstümüzdə durub qanı.
Qul Abbasın din-imanı,
Get, pərim, gələ
bilmərəm.
İstəyinə, murazına,
sevgisinə - Gülgəz
pərisinə yetməyən
Abbas Tufarqanlı bu faciəni "Abbas və Gülgəz"
dastanı ilə dillər əzbərinə
çevirməklə, təkcə
özünün deyil,
dövrünün ictimai-sosial
mənzərəsini, haqsızlığın
həddini göstərmək
istəyib:
Abbası gətirdilər
dar ayağına,
Xına tək yaxıllam yar ayağına.
Yoxsulu çəkərlər
var ayağına,
İndi mənim
kimi mərdə gül, Pəri!
Hər şeydən əvvəl,
orijinal üslub və xüsusi poetik məharətlə işlədilmiş ifadələr
digər klassiklərimiz
kimi, Abbas Tufarqanlının da istər gəraylılarında,
istərsə də qoşma və təcnislərində özünü
göstərməkdədir. Abbas Tufarqanlının
yaradıcılığına bələd olanlarda belə bir təəssürat
yaranır ki, onun aşıqlığı
aşiqlikdəndir.
Bir dəfə Dədə Şəmşirin
konsert afişasında
"aşıq" sözünün
səhvən "aşiq"
kimi çap olunmasını ustad zarafatla belə yozmuşdur: "Aşiq olmayandan aşıq olarmı? Məni də aşıq
edən aşiqliyimdir".
Gülgəz pərisinə qoşduğu
qoşmalar, gəraylılar
və digər növlü şeirlər
aşığın (həm
də aşiqin) məhəbbətinin divanəsi
olduğu anlamını
verir. Düşünürsən ki, onu təkcə dərd yox, həm də
həmdərdliləri dilləndirib.
Abbas Tufarqanlının şeir-sənət
nümunələrinin dövrümüzə
qədər gəlib çatmasının bir çox səbəbləri
var ki, onlardan
ən əsası, xalq deyiminin bilicisi, kədərin, hicranın, qəm karvanının sarvanı
olmasıdır. Poeziyasının boyuna biçilmiş
ayrılıq, hicran, möhnət zəhər quyusuna atılan Abbasın sanki eşqi yolunda qurulan dar ağacıdır.
Abbas Tufarqanlının çağlayan
poetik ruhu cismini əzmir, əksinə, onu yaşadır.
Onu da qeyd etmək yerinə düşər ki, bir-birindən axıcı, lirik gəraylılar, qoşma və divanilər, mürəkkəb təcnislər
müəllifi olan Aşıq Abbasın yaradıcılığında Vətən, ana, yar, ayrılıq, intizarla yanaşı, istibdad, ictimai haqsızlıq və etiraz motivləri də olduqca tutarlı deyimlərlə,
təbii ki, poetik ovqatla özünü göstərir:
Ay hazarat, bir zamana gəlibdi,
Oğullar atanı,
qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz...
Üç yüz illik bir dövrün
yadigarı olan Abbas Tufarqanlının poetik aləmi duyğuları, xalq ruhu ilə qaynayıb-qarışıb,
insanları pis əməllərdən, bədxahlıqdan
çəkindirib, onları
nəcibliyə, mərdanəliyə,
müdrikliyə, vüqarlı,
cəsarətli olmağa
ruhlandırıb. Bütün bunlar
isə Abbas Tufarqanlının ustadlar ustadı olmasından irəli gəlib.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2010.- 14 iyul.- S. 7.