Şamaxı Azərbaycanın əsas
turizm mərkəzlərindən birinə
çevrilir
Şamaxı rayonunda son illər
tikinti-quruculuq işlərinin geniş vüsət alması
rayonun turizm sektorunun inkişafına da müsbət təsir
edir. Şəhərdaxili küçələrə və
yollara asfalt döşənəndən, yeni işıqlandırma
sistemi quraşdırılandan, səkilər
abadlaşdırılandan və digər quruculuq işləri
görüləndən sonra Şamaxının görkəmi
daha da müasirləşib. 25 kilometrlik Şamaxı-Pirqulu
yolunun yenidən qurulması, Pirsaat çayı üzərində
uzunluğu 158 metr olan körpünün salınması və
digər yenidənqurma tədbirləri qədim şəhərin
abadlığını artırmaqla yanaşı,
insanların rahatlığına da zəmin yaradıb.
Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən
Şamaxının qədimliyinin, milli memarlıq üslubunun
qorunmasına ciddi fikir verilir. Elə buna görə də
müasir və qədim Şamaxıya turistlərin
marağı getdikcə artır.
Təkcə ötən il Şamaxıya 66920 yerli və xarici turist gəlib. Builki turistlərin sayı isə, son məlumata görə, 22100-ü keçib, onun 1320 nəfəri xarici ölkələrdən - İrandan, Türkiyədən, Almaniyadan, Rusiyadan gələnlərdir. Şamaxının ölkə paytaxtına yaxın olması da həm yerli, həm də xarici turistlər üçün çox əlverişlidir.
Rayon Mədəniyyət və turizm şöbəsinin aparıcı məsləhətçisi Rəfael Tağızadənin verdiyi məlumata görə, rayonda 22 turizm obyekti və 5 turist marşrutu fəaliyyətdədir. Şərədil kəndi yaxınlığında "Şərədil" istirahət mərkəzinin əlavə korpusu da inşa edilir. Dədəgünəş kəndi ərazisində müasir "Göyqurşağı" istirahət mərkəzi fəaliyyət göstərir. Bir ilə yaxındır ki, "Şamaxı" mehmanxanası əsaslı təmir edilir. "Şamaxı", "Samir" istirahət mərkəzləri qonaqların yolunu gözləyir.
Şamaxı-Pirqulu, Şamaxı-Şərədil, Şamaxı-Kələxana turist marşrutları ilə rayonun füsunkar təbiəti, tarixi-memarlıq abidələri ilə tanış olmaq, hazırda əsaslı təmir-tikinti işləri görülən Astrofizika Rəsədxanasında teleskopla ulduzlar aləmini seyr etmək hər bir turist üçün çox maraqlıdır. XVIII-XIX əsrlərə aid olan yeddi günbəz abidələri, Pir-Mərdəkan xanəgahı, Göylər kəndindəki XII əsr kurqanları,
VIII-XV əsrlərə aid Gülüstan qalası və ən nəhayət, XII-XV əsrlərə aid Qaleyi-Bəyqurd qalası (Buğurd qalası da deyilir) qonaqların yaddaşında unudulmaz səhifələrə çevrilir.
Şamaxı bənzərsiz bulaqları ilə də məşhurdur. Turistlər Əngixaran bulağından uzun müddət ayrılmır, heyranlıqlarını gizlədə bilmirlər. Elə Naxaraxana zonasındakı Avaxıl, Çuxuryurd kəndlərindəki bulaqlar da onlardan geri qalan deyil. Bu bulaqların suyu müalicə baxımından da çox əhəmiyyətlidir.
Şamaxıda yay və qış turizmi, həmçinin kənd yaşıl turizmi daha çox inkişaf edib. Son vaxtlar atçılıq turizminə də diqqət artırılıb. Maraqlı yerlərə atla gəzintilər turistlərin ürəyincə olur. İstirahət və bayram günlərində ölkəmizin paytaxtından və ayrı-ayrı rayonlardan gələnlər Şamaxının turizm həyatını daha da canlandırırlar. Qeyd etmək yerinə düşər ki, rayonun milli mətbəxi də qonaqların marağına səbəb olur. Ötən illə müqayisədə xidmət sahələrində 5-7 faiz endirim olması da, yəqin ki, turistlər üçün az əhəmiyyət daşımır.
Bu yaxınlarda turizm xidməti ilə əlaqədar Bakıda keçirilən beynəlxalq sərgidə Şamaxını "Qızıldaş" və "Şərədil" istirahət mərkəzləri təmsil edib. Belə tədbirlərin keçirilməsi turizm sektorunda müasir servis xidmətinin inkişafına da təsir edir.
Şamaxı Turizm İnformasiya Mərkəzində xarici dil bilən mütəxəssislər fəaliyyət göstərirlər. Onların xidmətindən Ağsu və Qobustan rayonları da yararlana bilir.
Rayonun muğam ifaçıları, aşıqlar qrupu, el sənətkarları vaxtaşırı qonaqlar qarşısında maraqlı proqramlarla çıxış edirlər. Turistlər xalq sənətkarlığı nümunələri ilə, xalça və tikmələrlə, o cümlədən usta Fərəcin misgərlik işləri ilə tanış olmağı da unutmurlar.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2010.- 14
iyul.- S. 8.