Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixails Popkovsu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlət başçısı Mixails Popkovsun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinin razılıq doğurduğunu dedi və əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.

Azərbaycana gəldiyi vaxtları xatırlayan Mixails Popkovs bunun 2005-ci ilin sonuna, Latviya Prezidentinin ölkəmizə ilk rəsmi səfərindən sonraya təsadüf etdiyini bildirdi, ötən dövr ərzində respublikamızda sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğuladı. Ölkəmizin bu cür yüksək templərlə inkişaf etdiyini tarixdə nadir hadisə kimi qiymətləndirən qonaq Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən islahatların ölkədə yüksək iqtisadi artımın əldə olunmasındakı rolunu qeyd etdi və bunun şahidi olmasından məmnunluğunu bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 15 iyul.- S.  1.