Moldovalı qonaqlar
Ali Məhkəmədə olmuşlar
Azərbaycanda səfərdə olan Moldova Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulberenin başçılıq etdiyi nümayəndə heyəti iyulun 14-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini bildirmişdir.
Ramiz Rzayev son illər respublikamızda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır.
Azərbaycanın MDB ölkələri ilə işgüzar əlaqələrinin inkişaf səviyyəsindən razılığını ifadə edən Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, Moldova Konstitusiya Məhkəməsi sədrinin Azərbaycana səfəri iki ölkənin məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
Moldova Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulbere ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmiş, bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Moldovalı qonaqlar Ali Məhkəmənin
yüksək statusuna uyğun
yeni inzibati
binasını gəzmiş, məhkəmə tarixi
muzeyinə baxmış, hakimlərin iş
şəraiti ilə tanış olmuşlar.
Azərbaycan.- 2010.- 15 iyul.- S.
2.