Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildliyi qırğız dilində nəşr edilmişdir

 

Azərbaycanın görkəmli yazıçısı və alimi, professor Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildliyi Qırğızıstanın paytaxtı Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun və Azərbaycanda fəaliyyət göstərən "Avromed" şirkətinin dəstəyi ilə qırğız dilində nəfis şəkildə nəşr edilmişdir.

Üçcildliyi qırğız dilinə Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdrahman Alımbayev, ittifaqın katibi Seyit Altımışov, yazıçı Mukan Asanaliyev çevirmişlər.

Bişkekdəki "Biyiktik" nəşriyyatında nəfiş şəkildə nəşr olunmuş üçcildliyin baş redaktoru Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldacan Akmataliyev, redaktorları Qırğızıstanın xalq şairi Sooronbay Cusuyev, Qırğızıstanın xalq yazıçısı Tölöqön Qasımbekov və Beynəlxalq Aytmatov Akademiyasının akademiki, xalq yazıçısı Cumadin Kadırovdur.

Üçcildliyin tərtibatçıları Ədibə Paşayeva, Novruz Məmmədov və Aqil Hacıyevdir. Kitabın baş məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, məsləhətçiləri akademik, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun qardaşı İlgiz Aytmatov, Ədibə Paşayeva, Qənirə Paşayeva, Aqil Hacıyev, Cavanşir Məmmədov, Nüsrət Məmmədov, Hikmət Məmmədov və Nəsir Məmmədovdur.

Üçcildliyə ön sözü professor Aqil Hacıyev yazmışdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, hər cildi 550 səhifəlik üçcildlik Qırğızıstanın bütün kitabxanalarına, elm və təhsil ocaqlarına pulsuz veriləcəkdir.

Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdrahman Alımbayev üçcildliyin qırğız dilinə tərcümə olunmasına və nəşrinə göstərdikləri köməyə görə Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədova, Azərbaycanda fəaliyyət göstərən "Avromed" şirkətinin baş direktoru Cavanşir Feyziyevə dərin minnətdarlığını bildirmişdir. Yeni nəşrin Qırğızıstan-Azərbaycan ədəbi əlaqələrində müstəsna rol oynayacağına əminliyini bildirən Abdrahman Alımbayev vurğulamışdır ki, bu nəşr Sovetlər birliyi dağılandan sonra Qırğızıstan və Azərbaycan ədəbi əlaqələrində ilk böyük hadisədir. A.Alımbayev əlavə etmişdir ki, bu hadisənin Qırğızıstan və Azərbaycan tərəfindən geniş təbliğinə ehtiyac vardır. Akademik bildirmişdir ki, Qırğızıstan alimləri bu kitab əsasında Mir Cəlalın yaradıcılığını tədqiq edəcək, yeni elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə olunacaqdır.

Qeyd etmək yerinə düşər ki, Qırğızıstanda Mir Cəlal Paşayevin yaradıcılığına böyük maraq vardır. Görkəmli alim, yazıçı və pedaqoqun ədəbi və elmi irsinin öyrənilməsi məqsədilə Qırğızıstan Milli Kitabxanasında Mir Cəlal adına Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Mərkəzi açılmışdır.

Bu yaxınlarda Bakıda Qırğızıstanın, Azərbaycanın və Qazaxıstanın görkəmli alim, yazıçı və jurnalistlərinin iştirakı ilə Mir Cəlal Paşayevin Bişkekdə qırğız dilində nəşr olunmuş üçcildliyinin təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, indiyədək Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Bişkekdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində "Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi", "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərləri, Mir Cəlal Paşayevin qırğız dilində "Bir gəncin manifesti" povesti, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə rusingilis dillərində hazırlanmış "Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar", professor Aqil Hacıyevin "XIX əsrin ikinci yarısında rus ədəbiyyatında Azərbaycan mövzusu", dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poeması və digər əsərlər nəşr olunmuşdur. Bu kitablar Azərbaycan həqiqətlərinin dost qırğız xalqına çatdırılmasında mühüm rol oynamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 15 iyul.- S.  2.