Xarici İşlər Nazirliyində

 

İsveç Krallığının Azərbaycandakı səfiri Hans Qunnar Aden ölkəmizdəki fəaliyyət müddətinin başa çatması ilə əlaqədar iyulun 14-də xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə H.Q.Aden Azərbaycanda İsveç Krallığının səfiri olmasından məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında iqtisadiyyat, təhsil, mədəniyyət, humanitar və digər sahələrdə münasibətlərin daha da genişlənməsinə səy göstərdiyini demişdir.

Diplomat fəaliyyəti dövründə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd etmiş və ölkəmizdən xoş xatirələrlə ayrıldığını vurğulamışdır.

Nazir E.Məmmədyarov səfirə xoş arzularını bildirmiş və gələcək işlərində uğurlar diləmişdir.

 

* * *

 

Xarici İşlər Nazirliyindən bildirmişlər ki, iyulun 14-də nazir Elmar Məmmədyarov Latviyanın Azərbaycandakı səfiri Mixails Popkovs ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşmüşdür.

Görüşdə M.Popkovs Azərbaycanda Latviyanın səfiri olmasından məmnunluğunu vurğulamışdır. İşlədiyi dövrdə ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səy göstərdiyini deyən diplomat, bu istiqamətdə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd etmişdir.

Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan M.Popkovs Bakıda işlədiyi müddətdə ona göstərilən dəstək və diqqətə görə minnətdarlığını bildirmişdir.

Nazir E.Məmmədyarov diplomata xoş arzularını bildirmiş və gələcək işlərində müvəffəqiyyətlər diləmişdir.

 

* * *

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 14-də ölkəmizdə diplomatik fəaliyyətini başa vuran Norveç Krallığının səfiri Yon Ramberq ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyindən bildirmişlər ki, görüşdə Y.Ramberq Azərbaycanda Norveç Krallığının səfiri olmasından məmnunluğunu vurğulamışdır. Fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi və inkişafı üçün səy göstərdiyini deyən səfir, bu istiqamətdə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd etmişdir.

Nazir E.Məmmədyarov diplomata gələcək fəaliyyətində uğurlar arzulamışdır.

 

* * *

 

İyulun 14-də xarici işlər nazirinin müavini, Azərbaycan-Gürcüstan sərhədinin Delimitasiya və Demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov ilə Gürcüstanın xarici işlər nazirinin müavini, Gürcüstanın Sərhədlərin Delimitasiyası üzrə Dövlət Komissiyasının sədri David Calaqaniya arasında məsləhətləşmələr aparılmışdır.

Ölkəmizin Xarici İşlər Nazirliyindən bildirmişlər ki, Azərbaycan-Gürcüstan dövlət sərhədinin razılaşdırılmamış sahələri və bununla əlaqədar ekspertlər səviyyəsində keçirilmiş görüşlərin nəticələri müzakirə edilmiş, göstərilən sahələrdə sərhəd xəttinin razılaşdırılmasında irəliləyiş qeydə alınmışdır.

Tərəflər dövlət komissiyalarının növbəti birgə iclasının bu ilin sentyabrında Azərbaycanda keçirilməsi barədə razılığa gəlmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  15 iyul.- S.  3.