Azərbaycanda alternativ
və bərpa olunan enerji
mənbələrinin istifadə imkanları və perspektivləri
müzakirə olunmuşdur
İyulun 14-də "İrşad" mehmanxanasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Sənaye və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin istifadə imkanları və perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransda çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, hazırda dünyada iki növ alternativ enerjidən istifadə olunur. Bunlardan biri təbii, digəri isə süni yolla alınır. Təbii yolla alternativ enerji günəş və küləkdən, süni yolla isə sözügedən enerji əsasən kənd təsərrüfatı məhsullarından alınır. Hazırda dünyada süni yolla alınan alternativ enerjinin payı ümumi enerji sektorunda 17 faiz təşkil edir və bu rəqəm getdikcə artır.
Sənaye və energetika nazirinin müavini Natiq Abbasov Azərbaycanda alternativ enerji mənbələrinin çox böyük potensiala malik olduğunu diqqətə çatdırmışdır. Azərbaycanda elektrik enerjisi sahəsində generasiya gücü 1000 meqavat təşkil edir. Alternativ enerjinin potensialı isə təkcə küləkdən 800 meqavat həcmində qiymətləndirilir. Bu da öz növbəsində, 1 milyon ton şərti yanacağa qənaət deməkdir.
Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi direktorunun müavini Cəmil Əliyev ölkədə alternativ və bərpa olunan enerji mənbələrinin istifadə imkanları və perspektivləri barədə məlumat vermişdir.
Konfransda "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin makroiqtisadi inkişafa təsiri", "Bərpa olunan enerjidən istifadənin siyasi-hüquqi əsasları", "Azərbaycanın iqtisadiyyatında enerji resurslarının yeri və əhəmiyyəti", "Azərbaycanda günəş enerjisindən istifadə imkanları: qarşıya çıxan çətinliklər" və s. mövzularda məruzələr dinlənilmişdir.
Yerli və xarici mütəxəssislərin iştirak etdiyi tədbirdə ölkəmizin alternativ enerji mənbələrindən ətraflı danışılmışdır. Ekspertlər bildirmişlər ki, bu sahədə qarşıya çıxan məsələlər həll olunarsa, Azərbaycan yaxın illərdə alternativ və bərpa olunan enerji ixracatçısına çevrilə bilər.
AzərTAc
Azərbaycan.- 2010.- 15 iyul.- S.
5.