Miqrasiya orqanlarına qulluğa
qəbul olunmaq üçün
namizədlərlə müsabiqənin keçirilməsi
qaydaları haqqında Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı
ilə təsdiq edilmişdir
I. Ümumi
müddəalar
1. Bu Əsasnamə Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə uyğun olaraq hazırlanmışdır və miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə (bundan sonra - namizədlər) müsabiqənin keçirilməsi qaydalarını müəyyən edir.
2. Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, miqrasiya orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir.
3. Miqrasiya orqanlarında vakant ştat vahidləri olduqda, qulluğa qəbulla əlaqədar kütləvi informasiya vasitələrində və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində elan verilir.
4. Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri şəxsən təqdim etməlidir:
- vahid forma üzrə ərizə;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- tərcümeyi-hal;
- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti;
- 3x4 sm ölçüdə dörd ədəd rəngli fotoşəkil;
- əmək kitabçasının (olduğu təqdirdə) təsdiq edilmiş surəti;
- hərbi biletin təsdiq edilmiş surəti;
- sağlamlıq haqqında
arayış.
5. Miqrasiya
orqanlarına qulluğa
qəbul olunmaq üçün müraciət
etmiş şəxslərin
sənədləri müəyyən
edilmiş qaydada yoxlanılır.
6. Orta və böyük (baş miqrasiya xidməti müşaviri və miqrasiya xidməti müşaviri istisna olmaqla) xüsusi rütbələr
üzrə nəzərdə
tutulmuş vəzifələrə,
bir qayda olaraq, şəxslər müsabiqə əsasında
qəbul edilirlər. Müsabiqə ixtisas imtahanından
və söhbətdən
ibarətdir.
7. Müsabiqəyə
"Miqrasiya orqanlarında
qulluq keçmə haqqında Əsasnamə"nin tələblərinə
cavab verən ali təhsilli şəxslər buraxılırlar.
8. Aşağıda
göstərilən şəxslər
ixtisas imtahanından azad edilirlər və onlarla yalnız söhbət aparılır:
8.1. prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi
rütbə nəzərdə
tutulan vəzifələrdə
işləyən şəxslər;
8.2. digər dövlət
orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;
8.3. hüquq sahəsində
elmi dərəcəsi
olan şəxslər;
8.4. texnika və informasiya texnologiyaları sahələri üzrə
yüksək biliyə
və təcrübəyə
malik olan mütəxəssislər;
8.5. böyük (kiçik
miqrasiya xidməti müşaviri istisna olmaqla) xüsusi rütbələr üzrə
nəzərdə tutulmuş
vəzifələrə qəbul
üçün müraciət
edən şəxslər.
II. Müsabiqə komissiyası
9. Müsabiqənin
keçirilməsi üçün
müsabiqə komissiyası
(bundan sonra - komissiya) yaradılır. Komissiyanın tərkibi Azərbaycan
Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəisi tərəfindən
təsdiq edilir.
10. Komissiyanın
işinə müvafiq
sahələr üzrə
alim, psixoloq və ekspertlər cəlb edilə bilərlər.
11. Komissiyanın
iclasları üzvlərinin
yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə
çıxarılan məsələlər
barədə komissiya üzvlərinə qabaqcadan
məlumat verilir.
12. Komissiyanın
iclaslarında baxılan
məsələlər üzrə
qərarlar açıq
səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs
verir və səslər bərabər
olduqda, onun səsi həlledicidir.
Qərarlar iclaslarda iştirak
edən bütün komissiya üzvləri tərəfindən imzalanır.
Komissiya üzvünün xüsusi
rəyi olduqda, rəy qərara əlavə edilir. Komissiyanın işinə qanunsuz
müdaxilə yolverilməzdir.
III. Müsabiqənin keçirilməsi
13. Namizədlərin
müsabiqəyə buraxılması,
müsabiqənin şəffaf
üsullarla keçirilməsinin
təşkilinə dair
digər məsələlər
müvafiq normativ hüquqi aktlara uyğun olaraq, Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti tərəfindən
müəyyən edilir
və ictimaiyyətə
çatdırılır.
14. Müsabiqənin
müəyyən edilmiş
qaydada keçirilməsini
təmin etmək məqsədi ilə aidiyyəti dövlət orqanları cəlb oluna bilərlər.
Azərbaycan.- 2010.- 16 iyul.- S. 4.