Milli Məclisdə
görüş
İyulun 15-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Moldova Respublikası Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulberenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Ziyafət Əsgərov demişdir ki, Azərbaycanla Moldovanın tarixi dostluq əlaqələri var. Hazırda bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Parlamentarilərimizin beynəlxalq qurumlardakı əməkdaşlığı yüksək səviyyədədir. Həmin təşkilatlar çərçivəsində ölkələrimizin mövqeləri bütün məsələlərdə üst-üstə düşür.
Daha sonra Azərbaycan və Moldova Konstitusiya məhkəmələri arasında iyulun 14-də imzalanan qarşılıqlı əməkdaşlıq haqqında Memoranduma münasibət bildirən Ziyafət Əsgərov bu sənədin iki ölkənin hüquqi sahədə əməkdaşlığının genişlənməsində böyük rol oynayacağını qeyd etdi.
Milli Məclis Sədrinin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara ətraflı məlumat verdi. Dedi ki, dünya birliyinin bu məsələdə ikili standartlar nümayiş etdirməsi təəssüf doğurur. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasına dair BMT tərəfindən qəbul edilmiş qətnamələrin tələblərinə məhəl qoymur. Ziyafət Əsgərov ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə Moldova hökumətinə təşəkkür etdi.
Nümayəndə həyətinin rəhbəri, Moldova Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulbere də öz növbəsində görüşə və qonaqpərvərliyə görə təşəkkür etdi. Azərbaycanlı həmkarları ilə əməkdaşlıqdan razı qaldığını qeyd edən qonaq Azərbaycan və Moldova Konstitusiya məhkəmələri arasında imzalanmış memorandumun ikitərəfli əlaqələrə töhfələr verəcəyini bildirdi.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilmişdir.
Azərbaycan.- 2010.- 16 iyul.- S.
5.