Azərbaycanın milli inkişaf modelinin tədqiqi zərurəti iqtisadçılar qarşısında yeni vəzifələr müəyyənləşdirir

 

İctimai həyatın bütün sahələrində yüksək tərəqqi və intibaha imza atan, sürətlə modernləşərək qarşıya qoyduğu strateji hədəflərə yetişən Azərbaycan son illərdə həm də özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın diqqət mərkəzindədir. Bir çox qabaqcıl Qərb dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zamanda adlamağa müvəffəq olmuş respublikamızın son iki ildə dünyanı sarsıdan qlobal böhrandan minimum itki ilə çıxması və ümumi daxili məhsul istehsalında əvvəlki yüksək tempi qoruyub saxlaması dünyanın nüfuzlu iqtisadi-maliyyə dairələrində də heyrətlə qarşılanır.

 

Azərbaycan Prezidenti İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq 2009-cu ildə Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir. İqtisadi sahədə keçid dövrünü geridə qoyan Azərbaycanın bazar iqtisadiyyatı sisteminə sürətli transformasiyasının spesifik cəhətləri, daha dəqiqi, respublikanın milli inkişaf modeli ilə bağlı müzakirələrə hazırda dünyanın nüfuzlu elm mərkəzlərində də kifayət qədər həssaslıqla yanaşılır. Aparılan təhlillər nəticəsində bu da birmənalı etiraf edilir ki, XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə rəğmən əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir.

XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider xalqı tarixən can atdığı müstəqillik ideallarına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Ulu öndər Heydər Əliyev qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid cəmiyyətləri üçün səciyyəvi olan bir sıra çətin maneələri uğurla adlamış Azərbaycanda cəmiyyətin istər iqtisadi, istərsə də siyasi-hüquqi liberallaşdırılmasına yönəlmiş çoxşaxəli islahatlar müasir mərhələdə dövlətin və fərdin maraqları ilə qətiyyən ziddiyyətə girmir. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra hazırda Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi inkişaf modelini özünəməxsus uzaqgörənliklə əsaslandırmış, eyni zamanda bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini vurğulamışdır. Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır.

2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı İlham Əliyev isə keyfiyyətcə yeni mərhələ üçün milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını məhz bu yöndə səfərbər etmişdir. Dövlət başçısının həyata keçirdiyi islahatlar - cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır. Cəmiyyət həyatındakı sürətli dəyişikliklər, eyni zamanda, elm və təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirmişdir.

Avropanın böyük dövlət xadimlərindən sayılan Uinston Çörçil demişdir ki, yalnız ağıllı insanların cəmiyyəti güclü dövlətin yaranmasını təmin edə bilər. İqtisadi qüdrəti ilə tarixən dünya siyasətinə təsir imkanlarını qoruyub saxlamış bir çox dövlətlərin gələcək taleyi heç də onların malik olduğu zəngin təbii sərvətlərlə deyil, ilk növbədə elmi-intellektual potensialı, insan kapitalı ilə şərtlənmişdir. İnkişafını malik olduğu zəngin neft-qaz ehtiyatlarının gətirdiyi dividendlərə bağlamayan müstəqil Azərbaycan da mövcud resurslarını məhz insanın intellektual imkanlarının gücləndirilməsi yönümündə qurur. "İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq" deyən cənab İlham Əliyev neftdən əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçısı haqlı olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitədir. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması, habelə neft gəlirlərinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən "Holland sindromu" kimi mənfi presedent də var. Məhz buna görə də möhtərəm Prezidentimiz iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır, tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna, İKT-nin inkişafına xüsusi diqqət yetirilməsini önə çəkir.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən səmərəli islahatların nəticəsi kimi respublikamızın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması elm və təhsil sferasında da adekvat modernləşməni, əsaslı keyfiyyət dəyişikliklərini zərurətə çevirir. Son 15 ildə milli iqtisadiyyatın inkişafı üçün yeni qanunlar qəbul olunmuş, özəlləşdirmə prosesi, vergi, torpaq islahatı başa çatmış, infrastrukturun yeniləşdirilməsi keyfiyyətcə yeni mərhələyə adlamış, güclü yanacaq-energetika, neft sənayesi formalaşmış, sahibkarlığın milli inkişafda rolu artmış, sosial problemlərin böyük qismi həllini tapmış, respublikamızın dünya iqtisadi-təsərrüfat sisteminə uğurlu inteqrasiyası təmin olunmuş, Azərbaycan nəinki özü, bölgə dövlətləri üçün də etibarlı enerji təhlükəsizliyi sistemi yaratmışdır. Bu gün milli iqtisadi inkişaf modeli ilə tanınan Azərbaycan sovet dövründən qalmış köhnə infrastrukturdan tamamilə azad olaraq iqtisadi-mədəni səviyyədə modernləşir, ölkənin hər bir guşəsində müasir tələblərə cavab verən abadlıq-quruculuq işləri aparılır. Bütün bunlar isə məhz iqtisadi sahədə keçid dövrünün geridə qaldığını əminliklə söyləməyə ciddi əsaslar yaradır.

İqtisadi sahədə keçid dövrü üçün zəruri qanunverici, institusional, maddi-texniki baza formalaşsa da, etiraf etməliyik ki, prosesin elmi nəzəri-metodoloji əsasları tam ümumiləşdirilməmişdir. Belə bir mərhələdə elmin inkişaf prioritetlərinin müasir tələblərə uyğunlaşdırılması, mövcud problemlərin aradan qaldırılması, elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin məzmunca müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlərimiz qarşısına ciddi vəzifələr qoyur.

Son illər ayrı-ayrı tədqiqatçılar, nüfuzlu alimlər, mütəxəssislər respublikanın nəzəri-metodoloji və praktiki idarəetmə baxımından bənzərsiz - özünəməxsus inkişaf modelini elmi cəhətdən araşdırmağa, obyektiv nəticələr əldə etməyə çalışırlar və bu sahədə bir çox işlər görmüşlər. Lakin reallıq göstərir ki, bu sahədə tədqiqatlar kifayət qədər sistemli, ardıcıl xarakter daşımır və respublikanın hazırkı iqtisadi inkişaf dinamikasına tam adekvat səviyyədə deyildir. Son 15 ildə Azərbaycanın keçdiyi mürəkkəb inkişaf mərhələlərini dərin elmi təhlilə cəlb edərək demokratikləşmə, iqtisadi modernləşmə və siyasi liberallaşma məsələləri ilə bağlı sanballı tədqiqatlarını elmi ictimaiyyətə çatdıran, keçilən uğurlu yolun nəzəri-metodoloji, fəlsəfi və politoloji şərhinə geniş diqqət ayıran Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsəri bu baxımdan mühüm praktiki əhəmiyyətə malikdir.

Son dərəcə gərgin elmi araşdırmaların, obyektiv reallığa söykənən müşahidələrin, təhlillərin nəticəsi kimi Azərbaycanın ictimai və humanitar elmlərinin üzləşdiyi böhranlı vəziyyəti, bu sahələrdəki problemləri tənqidi ruhda diqqətə çatdıran akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: "Hazırda biz müasir Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ yaşayırıq. Ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır. Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində bugünkü göstəricilərimiz çox böyük uğur kimi qiymətləndirilir. İqtisadi sahədəki yüksək nailiyyətlərimiz isə heç də asanlıqla qazanılmayıbdır. İndi cəmiyyətimiz qarşısında, ilk növbədə elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir".

"İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərinin ictimai və elmi dəyəri, aktuallığı ilk növbədə onunla ölçülür ki, burada mövcud problemlərlə yanaşı, keyfiyyətcə yeni mərhələdə tədqiqatçı alimlərin üzərinə düşən vəzifələr konkret şəkildə göstərilir. Proqram xarakterli məqalədə ölkə rəhbərliyinin mövqeyini ifadə edən görkəmli filosof, ictimai və humanitar elmlərin respublikanın sürətli iqtisadi inkişafı ilə ayaqlaşa bilmədiyini, yeni dövrün tələblərinə cavab verən tədqiqatların barmaqla sayılacaq qədər azlığını, ziyalı və vətəndaş təəssübkeşliyi ilə diqqətə çəkir. Eyni zamanda, milli ictimai və humanitar elmlər qarşısında duran başlıca vəzifələri qeyd edir, elmi yeniliklərin istehsalata tətbiqi, siyasi qərarların qəbulunda elmi proqnozlara istinad olunması, tədqiqatların səmərəliliyinin yüksəldilməsi məsələlərini ön plana çəkir. Əsərdə ictimai və humanitar elmlərin yeni dövrün tələblərinə cavab verən inkişaf strategiyasının hazırlanması vacibliyi də xüsusi vurğulanır.

Cəmiyyətdə ilk gündən böyük rezonans doğuran və faydalı müzakirələrə yol açan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsəri Azərbaycanın müasir iqtisadi inkişaf modelinin əsaslandırılmış elmi prinsiplər üzərində qurulduğunu bir daha təsdiqləyir. Xatırlatmaq yerinə düşər ki, dövlət müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik etmiş naşı qüvvələrin biganə münasibətilə üzləşərək tənəzzülə uğrayan elm və təhsil kimi strateji sahələr də məhz ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra böhrandan çıxmışdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 28 sentyabrında ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçməklə intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir. Böyük strateq yeni ictimai-iqtisadi formasiyada Azərbaycan elmində, təhsilində yeniləşmənin vacibliyini də önə çəkmiş, bu sahələrdə davamlı islahatlar həyata keçirmişdir. Heydər Əliyev cəmiyyətin mənəvi-ideoloji cəhətdən yetkinləşməsində, ictimai şüurun yeniləşməsində, xalqın milli dəyərlərinin, özünəməxsusluğunun qorunmasında humanitar elmlərin, iqtisadi sistemin tənəzzüldən qurtulmasında, milli iqtisadi inkişaf yolunun düzgün müəyyənləşdirilməsində, elmlə istehsalın üzvi vəhdətinin təmin olunmasında isə ictimai elmlərin rolunu düzgün dəyərləndirmişdir.

1997-ci ilin 31 yanvarında Azərbaycan Elmlər Akademiyasının 50 illik yubiley mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev özünəməxsus müdrikliklə milli elmin qarşısında duran fundamental vəzifələrdən söz açmış, kifayət qədər mürəkkəb şəraitdə bu sahənin inkişaf strategiyasını, gələcək hədəflərini açıqlamışdır. Ulu öndər həmin mərasimdə ictimai və humanitar elm sahələrində yeni dövrün tələblərinə uyğun yeniləşmənin, eləcə də sovetlər birliyi dövründən qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyini xüsusi diqqətə çəkmiş, iqtisadçı alimlər qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir: "Əgər biz iqtisadiyyatı elmi nöqteyi-nəzərdən inkişaf etdirmək, xüsusən Azərbaycanın iqtisadi potensialından, ölkəmizin təbii sərvətlərindən istifadə etmək üçün dünya iqtisadiyyatı ilə inteqrasiyaya gedirdiksə, baxmaq lazımdır ki, elmin bəzi sahələrini inkişaf etdirməkdən ötrü hansı elmi mərkəzlərlə, yaxud hansı böyük şirkətlərlə əlaqə qurmaq olar".

Dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan dövləti iqtisadi inkişaf prosesində ilk növbədə cəmiyyətin intellektual potensialına istinad edir. Respublikada təbii sərvətlərin hasilatından əldə olunan vəsaitlərin böyük qisminin məhz elm və təhsilə, informasiya texnologiyalarının inkişafına yönəldilməsi inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü doğrultmuşdur. Bunu ABŞ, Almaniya, Böyük Britaniya, Yaponiya, Şimali Koreya, Finlandiya, İsrail və digər dövlətlərin iqtisadi inkişaf strategiyasına nəzərən əminliklə demək olar. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Elmtutumlu informasiyanın yaradılması, əldə edilməsi, istehsal prosesinə praktik şəkildə tətbiqi təkcə sosial-iqtisadi inkişafın deyil, həm də qlobal rəqabətin vacib şərtidir.

Bu və digər məqsədlərin gerçəkləşdirilməsi, respublikanın müasir iqtisadi inkişaf yolunun konseptual elmi təhlilə cəlbi baxımından iqtisadçı alimlərin də üzərinə mühüm vəzifələr düşür. Təsadüfi deyildir ki, "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində iqtisadiyyat elminin üzləşdiyi problemlər kifayət qədər dolğun və obyektiv tənqid ruhunda açıqlanır, eyni zamanda bu sahənin alimləri qarşısında duran başlıca vəzifələrdən söz açılır. Haqlı olaraq vurğulanır ki, həyata keçirilən islahatların elmi-metodoloji, fəlsəfi əsaslarının hazırlanması, mövcud nailiyyətlərin ümumiləşdirilməsi və təkmilləşdirilməsi, dinamik inkişafı təmin edən effektiv islahatların vahid konsepsiya halına salınması vacib məsələlərdən biridir. "Bizdə iqtisad elmindəki mövcud vəziyyəti bütövlükdə qənaətbəxş hesab etmək olmaz. Ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi məsələsi hələ də öz həllini tapmaq mərhələsindən çox uzaqdır. Məlumdur ki, həyata keçirilən iqtisadi islahatlar və dəyişikliklər məhz vahid iqtisadi siyasət çərçivəsində nəzəri cəhətdən təhlil olunmalıdır. Lakin bu istiqamətdə heç bir irəliləyiş gözə çarpmır. Bununla yanaşı, indiyədək sosial-iqtisadi inkişafımızın sürətləndirilməsinin nəzəri əsasları da işlənilməyibdir", - deyə görkəmli akademik sözügedən əsərdə yazır. Eyni zamanda, qeyd edir ki, daxili bazarda qiymətlərin formalaşmasının nəzəri problemləri, maliyyə-kredit sistemi və insanların tələbatlarının proqnozlaşdırılması ilə bağlı məsələlər iqtisad elmi sahəsində tədqiqatların prioritet istiqamətlərindən birini təşkil etməlidir.

"İnkişafın Azərbaycan modeli" ilə bağlı sanballı tədqiqatların son illərdə son dərəcə azlığı da əsərdə ciddi problem kimi diqqətə çəkilir. Söhbət, əslində, respublikanın bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə həyata keçirdiyi kompleks təşkilati-hüquqi tədbirlər sisteminin nəzəri əsasda tədqiq edilməsi, əldə olunan elmi nəticələrin ümumiləşdirilməsi zərurətindən gedir. Azərbaycan iqtisadçıları respublikanın dünyada maraqla izlənən bənzərsiz inkişaf modelini elmi nöqteyi-nəzərdən əsaslandırmağa çalışmalı, bu istiqamətdə sanballı elmi tədqiqatlar aparmalıdırlar. Eyni zamanda, respublikamızın qlobal böhrandan minimum itki ilə çıxmasının səbəbləri, hökumətin bu sahədə həyata keçirdiyi preventiv tədbirlərin mahiyyəti müasir elmi tədqiqatların əsas istiqamətini təşkil etməlidir. Yəni iqtisad elmi ictimai elmlərin aparıcı qolu kimi respublikanın müasir inkişaf təmayüllərini dərindən öyrənməli, sistemləşdirməli, bir növ praktik uğurların nəzəri əsaslarını araşdırmalı, ortaya qoymalıdır.

Akademik Ramiz Mehdiyev məhz bu reallıqdan çıxış edərək iqtisadçı alimləri zamanın nəbzini tutmağa çağırır: "Bu gün dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə olan bu diqqət və marağın əsasında Prezident İlham Əliyevin fədakar fəaliyyəti dayanır. Artıq politoloji tədqiqatlarda "Azərbaycan modeli" haqqında fikirlər səslənir. Lakin bizdə hələ də inkişafın Azərbaycan modeli ilə bağlı fundamental təhlillər aparılmır, bu modelin uğurlarını dəstəkləyən və onun əsas meyillərini üzə çıxaran əsərlər yazılmır. Nəşr edilən və problemlə az-çox əlaqəsi olan cild-cild, qalın-qalın kitabların isə elmi səviyyəsi son dərəcə aşağıdır. Halbuki biz yeni cəmiyyətin qurulması praktikasını dərindən öyrənib təhlil edərək gələcək inkişafımızın bazasını yaradırıq".

Məlumdur ki, ictimai-iqtisadi formasiya dəyişkənliyi ilk növbədə cəmiyyətin iqtisadi həyatında - ənənəvi maliyyə-təsərrüfat münasibətlərinin tamamilə yeniləşməsində, yeni elm sahələrinin sosial tələbata çevrilməsində özünü göstərir. Məsələn, son illər marketinq, menecment, biznesin təşkili, beynəlxalq iqtisadi münasibətlər, informatika kimi fənlər gənc nəsli daha çox cəlb edir. Odur ki, bu sahələrdə elmi tədqiqatların mövzusu, aktuallığı respublikanın hazırkı inkişaf tempi ilə uzlaşmalıdır. Eyni zamanda, yeni dövr üçün aktual olan fənlərin tədrisinə daha çox diqqət yetirilməlidir.

Vacib və aktual məsələlərdən biri də elmin istehsalatla sıx şəkildə əlaqələndirilməsi, üzvi vəhdətinin təmin olunmasıdır. Açıq demək lazımdır ki, keçmiş ittifaq dövründə bu məsələyə daha ciddiliklə yanaşılır, tələbələrin nəzəri biliklərlə yanaşı, praktik vərdişlərə də yiyələnməsi üçün tədbirlər həyata keçirilirdi. Müxtəlif istehsalat müəssisələrinə, zavodlara, fabriklərə elmi təcrübəyə göndərilən gənclər elmi-tədqiqat işlərini daha uğurla aparır, praktikalarını zənginləşdirirdilər. Nəticədə bəzən gənc tədqiqatçılar istehsalın həcminin və keyfiyyətinin artırılmasına imkan yaradan böyük kəşflərə, ixtiralara imza atırdılar. Fikrimizcə, bu müsbət ənənənin bərpası iqtisadçı mütəxəssislərin hazırlanması işinin keyfiyyətinə müsbət təsir göstərə bilər. Eyni zamanda, iqtisadi sahədə tədqiqatların mövzu planlarını sahibkarların tələbləri əsasında formalaşdırmaq, tədqiqatın nəticələrinin tətbiqi və yayılması sistemini təkmilləşdirmək son dərəcə vacibdir. Yəni iqtisadiyyat sahəsində həyata keçirilən elmi tədqiqatların praktik tətbiq imkanlarının genişləndirilməsi qarşıda duran başlıca vəzifələrdəndir.

İqtisad elminin spesifikliyi onunla şərtlənir ki, burada bəzən səmərəsi özünü uzun illər sonra göstərən təcrübi tədqiqatları da maliyyələşdirmək zərurəti yaranır. Yəni elmi tədqiqatlara ayrılan vəsaitlər bəzən uzun müddət sonrakı iqtisadi inkişaf üçün zəruri olan elmi-innovativ yenilikləri stimullaşdırır. Azərbaycana gəlincə, bu sahədə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi mexanizmlərinin dövrün tələblərinə cavab verməməsi hazırda hökumət səviyyəsində də etiraf olunur. Lakin hazırda bu sahədə mövcud olan problemləri sırf "maliyyə çatışmazlığı" ilə əlaqələndirmək də doğru yanaşma deyildir. Əslində, mövcud imkanlar daxilində də çox iş görmək olar - akademik Ramiz Mehdiyevin vurğuladığı kimi, bunun üçün, sadəcə, ətalətdən, əyalət ab-havasından çıxıb yeni tədqiqatçılıq metodlarını əxz etmək lazımdır.

Təcrübə göstərir ki, iqtisadiyyatın davamlı və tarazlı inkişafının təmin edilməsi prosesində elmi proqnozlara istinad son dərəcə vacibdir. İnkişafın mövcud xüsusiyyətlərinə nəzərən gələcək hədəfləri düzgün müəyyənləşdirmək milli iqtisadi təhlükəsizliyin təmin edilməsi baxımından da zəruridir. Dövlət öz gələcəyi ilə bağlı fundamental tədqiqatların həyata keçirilməsi prosesini himayə edərək konkret addımlar atdıqda əldə olunan yeniliklər daha səmərəli və faydalı olur. Fikrimizcə, biz indidən Azərbaycanın neft ehtiyatları tükənəndə davamlı və tarazlı inkişafın hansı sahələr hesabına təmin olunacağı sualına cavab axtarmalıyıq. Yəni iqtisadçı alimlər bəri başdan ölkənin gələcək inkişaf perspektivləri ilə bağlı futuroloji proqnozlarla çıxış etməlidirlər. Ümumiyyətlə, əgər hansısa elm cəmiyyətin intellektual tərəqqisinə, dövlətin ideoloji və siyasi cəhətdən qüdrətlənməsinə, iqtisadiyyatın davamlı inkişafına töhfəsini vermirsə, deməli, onun dəyərindən danışmaq da mümkün deyildir. Müasir dünya gerçəklikləri fonunda elmlə dövlət idarəçiliyinin üzvi şəkildə əlaqələndirilməsi, mühüm siyasi qərarların qəbulu mərhələsində elmi proqnozlara, təhlillərə istinad olunması son dərəcə vacibdir. Azərbaycan inkişafının elə mərhələsindədir ki, bundan sonrakı sosial-iqtisadi uğurların davamlılığının təmin edilməsi prosesində əsaslandırılmış elmi qənaətlərə yer verilməlidir. Hazırda dünyanın bir çox ölkələrində belə "beyin mərkəzləri" mövcuddur və onların dərin elmi araşdırmaları, reallığa adekvat proqnozları bütövlükdə dünya siyasətinə təsirsiz keçinmir. Məsələn, ABŞ-ın nüfuzlu "Gellap İnternational" İnstitutunun keçirdiyi sorğuların, açıqladığı elmi qənaətlərin, ərsəyə gətirdiyi tədqiqatların mötəbərliyi sivil dünya ölkələrində ciddi qəbul olunur. Bu baxımdan Azərbaycanda da ən müxtəlif elm sahələri, o cümlədən iqtisad elmi öz uğurlu proqnozları, təhlilləri ilə dövlət idarəçilik sisteminin səmərəli təşkilinə töhfə verməlidir.

Akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində idarəçilik sistemində qəbul olunan qərarların elmi bazasının yaradılması məsələsinə də xüsusi toxunur. "Məlumdur ki, idarəçilik sistemində qəbul edilən bir çox qərarlar müəyyən elmi təhlilə istinad etməlidir. Bu təhlilin əsas prinsiplərini üç suala veriləcək cavablar müəyyən edir. Bu suallar, əslində, çox sadədir: Problem nədən ibarətdir? Problem necə və hansı alternativ yollarla həll oluna bilər? Mövcud alternativ həllərdən ən optimalı hansıdır?" deyən görkəmli filosof siyasi qərarların dürüstlüyünün təmini prosesində üç mühüm istiqamətdə - sosial siyasi, o cümlədən politologiya, sosiologiya və iqtisad elmləri; fəlsəfə, psixologiya və informasiya-kommunikasiya istiqamətləri; dövlət idarəçiliyi nəzəriyyəsi, menecment və digər sahələrdə elmi tədqiqatların nəticələrinə arxalanmağı vacib sayır.

 

Ümumiyyətlə, transmilli korporasiyaların Azərbaycandakı fəaliyyəti, beynəlxalq ticarət və xarici investisiya axınlarının respublikamıza doğru istiqamətləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi kimi aktual mövzuların tədqiqi iqtisadçı alimlərdən gərgin səylər, cəsarətli yanaşmalar, dərin təhlillər tələb edir. Azərbaycanın keçdiyi mürəkkəb inkişaf yolunu elmi şəkildə araşdıran akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində iqtisadçılar qarşısında duran bu və digər vəzifələri dəqiqliklə göstərmiş, onları mövcud problemlərin həllində daha yaxından iştiraka çağırmışdır. Yüksək vətəndaş təəssübkeşliyi, ziyalı yanğısı ilə ortaya qoyulmuş bu əsər ətrafında müzakirələrin əməli fəaliyyət müstəvisinə keçməsi isə deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanın ictimai və humanitar elmləri üzləşdiyi problemləri aradan qaldıraraq sürətlə müasirləşəcək, yeni mərhələdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" SC-nin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2010.- 16 iyul.- S.  6.