"Əkinçi"nin kiçik qardaşı "Tərcüman"

 

Böyük maarifçi Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımın xatirələrindən: "1879-cu ildə Krım türklərinin dilində ilk qəzet buraxan İsmayıl bəy Qasprinski Həsən bəyə məktub yazıb "Tərcüman" adlı qəzet nəşr etmək üçün ona xeyir-dua verməsini və qəzetin idarə olunmasına rəhbərlik etməsini xahiş etmişdi. Bu məktub Həsən bəy üçün böyük bir bayrama çevrildi. O: "Bizim başqa bir qəzetimiz də olur, gələcəkdə isə üçüncü, dördüncüdaha çox qəzetlərimiz olacaq" deyərək uşaq kimi sevinirdi. "Tərcüman"ı və onun uğurlarını məhəbbətlə izləyirdi. İsmayıl bəy Qasprinskiyə məsləhət görürdü ki, ərəb və fars sözlərindən qaçsın, eləcə də Krımda başa düşülən spesifik sözlərdən uzaq olsun. Qasprinski də həmişə Həsən bəyin məsləhətlərinə qulaq asar, onları nəzərə alardı. Ona görə də son dövrlərdə qəzet qafqazlıların başa düşəcəyi türkcədə çıxır və buna görə də həvəslə oxunurdu".

 

"Tərcüman" qəzeti nəşrə başladığı 1883-cü ildən 1903-cü ilə qədər Rusiya müsəlmanları kimi Azərbaycan türklərinin də yeganə mətbu orqanı olmuşdur. Mənbələr göstərir ki, Azərbaycan ziyalıları "Tərcüman"a abunə yazılmış, uzun müddət bu qazetə "yeganə milli qida" kimi baxmışlar. Çünki "Tərcüman"ın hər səhifəsi, hər cümləsi türk dünyasını, xüsusən, Rusiyada yaşayan müsəlman türklərini cəhalətdən oyanmağa, özünüdərkə, maarifə, elmə, haqları uğrunda savaşa səsləyirdi. Ona görə də İsmayıl bəy Qasprinski müasirləri tərəfindən türk dünyasının hər yerində, eləcə də Azərbaycanda görkəmli maarifçi kimi təqdim edilmiş, ondan yüksək ehtiramla bəhs etmişlər.

Çar Rusiyasının apardığı mürtəce siyasət nəticəsində türklər və müsəlmanlar dövlət quruculuğu və idarəetmədən tamamilə kənarda qalmış, cahil vəziyyətə salınmış, millət və məmləkətlər ayrı-seçkiliyə məruz qoyularaq məhvə məhkum edilmişdi, necə deyərlər, işığı söndürülmüş, qapıları bağlanmışdı. "Sönmüş qəlbləri nə ilə yandırmalı? Gözlərin qarşısını kəsmiş pərdələri nə ilə qaldırmalı? Qəflət səhrasında sərilib qalmış qədim bir milləti nə ilə ayağa durğuzmalı?". Özünü dərk edəndən bu suallara cavab axtaran türk dünyasının böyük oğlu İsmayıl bəy Qasprinski həyatının sonunadək bu amal uğrunda savaşdı. Mübarizəsinə "Dildə, işdə, fikirdə birlik" şüarı ilə başlayaraq bu işıqlı yolu Azərbaycan ziyalıları ilə həyatının sonunadək birlikdə davam etdirdi. Müəllimi hesab etdiyi böyük ziyalı Həsən bəy Zərdabinin xeyir-duası ilə. Mənəvi qidası isə "Əkinçi", "Ziya", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin" idi. O, xatirələrində Azərbaycan türklərinin daim maarifə, elmə-irfana doğru can atdığını xüsusi vurğulayıb, Azərbaycandan çox şey öyrəndiyini etiraf etməkdən çəkinməyib. Mirzə Fətəli Axundovun və Həsən bəy Zərdabinin başında dayandığı Azərbaycan maarifçilik hərəkatı İsmayıl bəy Qasprinski üçün əsl məktəb, nümunə rolu oynamışdır. Ona görə də xatirələrində bütün fəaliyyəti boyunca Həsən bəy Zərdabini ehtiramla xatırlamış, qazandığı uğurların Zərdabi fenomeninin ciddi təsiri altında formalaşdığını, türk-müsəlman aləmini tənəzzüldən xilas etməyin vacibliyinə tapındığı bir zamanda qarşısında "Əkinçi"ni və Həsən bəy Zərdabini gördüyünü söyləmişdir. "Əkinçi"nin nəşrinin 30 illiyi münasibətilə yazdığı "Yaşa, Həsən bəy, yaşa!" adlı məqaləsində deyilir: "Birinci ovuc maarif buğdasını Həsən bəy ağamız səpdi. Bunun fidanları olaraq Tiflisdə "Ziyayi-Qafqaziyyə", "Kəşkül" zühur etdilər... Lütfi-xuda ilə bir buğda da Krım yarımadasına düşdü ki, bundan da "Tərcüman"ımız zühura gəldi".

Həsən bəy də "Tərcüman"ın simasında "Əkinçi"nin ardıcılını görmüş, bu qəzetin fəaliyyətini daim qayğı ilə əhatə etmişdir. Onların əbədi dostluğubirliyi millətinə sevgi üzərində qurulmuşdu, onlar, doğrudan da, fədai idilər. Çarlığın ən parlaq ümidləri çürüdən zərbələrinə birlikdə sinə gərdilər, qaranlığa həbs edilmiş xalqlarının işığını birlikdə yandırdılar. Həsən bəy Zərdabi də, İsmayıl bəy Qasprinskimilli tərəqqi yolunda böyük bir maarifçi nəslinin yaranmasını hava, su kimi vacib sayırdılar. Onlar millət yolunda yanıb külə dönməkdən qorxmayan mücahidlər idilər. Yaxşı bilirdilər ki, xalq maariflənməsə, cəhalətdən xilas olmasa, müsəlman dünyasını məhvolma təhlükəsi gözləyir: "Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq" deyirdilər və "Ah!" çəkirdilər.

Qasprinski XIX əsr Avrasiya geosiyasi arealına görkəmli tatar maarifçisi, ümumtürk milli intibahının banisiRusiya türklərinin öndəri kimi daxil oldu. Görkəmli maarifçi-pedaqoq Firudin bəy Köçərli yazırdı: "1890-cı sənədə Qori seminariyasının müəllimi Səfərəli bəy Vəlibəyovla birlikdə möhtərəm ustadımızı ziyarət etmək məqsədilə Krıma, İsmayıl bəyin yaşadığı Baxçasaraya getdik. O, bizə yeni üslubda təsis etdiyi məktəbi göstərdi. Zincirli mədrəsəsinin müdiri mərhum Əlihaci Həbibulla əfəndi və Baxçasarayın tanınmış irfanları ilə tanış etdi. On gündən çox Səfərəli bəylə məni evində əziz qonaq kimi saxladı, həyat yoldaşı Zöhrə xanım da özü ilə bərabər bizə çox-çox yaxşılıqlar etdilər. Mədrəsənin açılışı günü üsuli-təlimdə mahir olan Vəlibəyov təcrübəli müəllimlərin hüzurunda gözəl bir nümunə dərsi verdi".

İsmayıl bəy Rusiya müsəlmanlarının geriliyinin səbəbini maarifsizlikdə, elmsizlikdə görürdü. Ona görə də həyatını türk dünyasında bu işığın yanmasına sərf etdi. "Millətin halına bələd olmadıqca, millətə xidmət mümkün olmayacaq" deyib mübarizəyə atıldı.

İsmayıl bəy Mustafa oğlu Qasprinski (bəzi mənbələrdə Qaspralı) 1851-ci il martın 8-də Krımda, Baxçasaray yaxınlığındakı Ovçuköydə dünyaya gəlib. Atası Baxçasaray yaxınlığındakı Qaspra kəndindən olduğundan İsmayıl Qasprinski təxəllüsünü götürüb. On yaşına qədər Baxçasarayda yaşayır, əlifbanı da burada Hacı İsmayıl müəllimdən öyrənir. 10 yaşında ikən Ağməscid gimnaziyasına daxil olur, oradan Voronej hərbi məktəbinə, sonra da Moskva hərbi məktəbinə dəyişdirilir və təhsilini əla qiymətlərlə başa vurur. Lakin Rusiyanın hər guşəsində, xüsusən, Moskvada türk düşmənçiliyinin, türklərə qarşı dini, milli gücə malik fanatizmin genişlənməsi tatar gənci dəhşətə gətirir, eyni zamanda, bu cür münasibət onun milli ruhunu dəyişdirir, içindəki türk düşüncəsini və azadlıq savaşını alovlandırır.

1868-ci ildə 17 yaşında Baxçasarayda Menqiliqiray xan tərəfindən qurulmuş Zincirli mədrəsəsinə 400 rubl maaşla rus dili müəllimi təyin edilir. Bu vəzifədə işlədiyi müddətdə türk dünyasının tarixi, mədəniyyəti və siyasəti ilə tanış olur, Rusiya ərazisində yaşayan türk xalqları ilə maraqlanır, dərsdən sonra bütün vaxtını kitabxanalarda keçirərək biliyinidünyagörüşünü artırır. Avropa ədəbiyyatını, mədəniyyətini, elm və texnikasını öyrənir. Zincirli mədrəsəsində rus dilindən başqa tələbələrinə türk dilini də öyrədir, soydaşlarını qəflət yuxusundan oyanmağa çağırır. Onun fikrincə, çarlığın türklərə qarşı bu qədər alçaldıcı münasibətinin qarşısını yalnız elm, təhsil, mədəniyyət, dil, fikir birliyi ilə almaq mümkündür. Bu birliyi yaratmaq üçünilk növbədə, mətbuat yaranmalıdır. O, məqalələrinin birində yazırdı: "Millətin tərəqqisi və gələcəyi üçün hər şeydən əvvəl, fikir lazımdır. Fikir oyanmadan tərəqqi etmək qeyri-mümkündür". 1882-ci ildə Ünsizadə qardaşlarının mətbəəsində nəşr etdirdiyi "Tonquc" və "Şəfəq" qəzetlərində fikri hərəkətə gətirmək və yüksəltməklə məşğul olmuşdur.

Lakin yaşadığı cəmiyyətdə basqılardan, təzyiq və təqiblərdən bezən Qasprinski təhsilini tamamlamaq və fransız dilini mükəmməl öyrənmək üçün Parisə gedir, 1874-cü ilin sonlarına qədər orada qalır. O, Parisin elmitexniki nailiyyətlərini öyrənməklə bərabər, bu mədəniyyətin heçbütün insanlara rifah vermədiyinin şahidi olur. Ürəyi türkçülüklə çırpınan gənc türk ordularında zabit şərəfini daşımaq arzusu ilə Parisdən birbaşa İstanbula gedir. Lakin xəyallarında yaşatdığı Türkiyəni görmür, ölkə elmtexnikadan, sənaye və ticarətdən, eyni zamanda, təhsil və tərəqqidən çox geridə idi. Türk zabiti olmaq arzusu da həyata keçmir. Ancaq İstanbuldan yazdığı məktub və məqalələri MoskvaPeterburqda çıxan rus qəzetlərində nəşr olunurdu. 1875-ci ildə Baxçasaraya dönən İsmayıl bəy 1878-ci ilin sonlarında Baxçasaray şəhər bələdiyyəsinə rəis seçilir. Bələdiyyə başçısı olduğu dövrdə məktəblər, xəstəxanalar açmaq üçün nə qədər çar hökumətinə müraciət etsə də, cəhdləri boşa çıxır, qəzet açmaq üçün də yazdığı məktublar cavabsız qalırdı. Lakin millətinin müqəddəratını sağlam təməl üzərində qurmaqinkişaf etdirmək üçün əzm və iradə göstərirdi.

İsmayıl bəy Qasprinski millətini xilas etmək və oyatmaq üçün irəli sürdüyü düşüncələrini ilk dəfə olaraq "Rusiya müsəlmanları" adlı geniş məqaləsində bəyan etdi. Yazırdı ki, Rusiyanın böyük müsəlman mərkəzləri olan Bakı, Baxçasaray, Nuxa, Ufa, Orenburq, Həştərxan, Daşkənd, Səmərqənd kimi şəhərlərində yeni məktəblər açılmalı, bir neçə ilin içərisində cahil üləmaları elmli, bilikli alimlər, cahil xocaları ziyalı müəllimlərimiz əvəz etməlidir.

Qasprinskinin naşiri olduğu "Tərcüman" qəzeti, öndəri olduğu üsuli-cədid hərəkatı, geniş, çoxşaxəli maarifçilik çalışmaları digər Rusiya müsəlmanları kimi Azərbaycan türkləri ilə də sıx bağlı olmuş, onların özünüdərkinə xidmət etmişdir. Qəzetin səhifələrində müntəzəm olaraq Bakı, Tiflis, Şuşa, Nuxa, Yelizavetpolun adları hallanır, Azərbaycan həyatının az qala, məişət hadisələri belə, geniş şəkildə oxuculara təqdim olunurdu. Maarifçi-pedaqoq Soltan Məcid Qənizadənin təzə çapdan çıxan dərsliyi qəzetin bir neçə nömrəsində elə dərs vəsaiti kimi təbliğ olunurdu. "Tərcüman" qəzeti uzun illər Azərbaycan ziyalılarının da oxuduğu yeganə türk qəzeti idi. Bir maarifçi kimi dövrünün nüfuzlu ziyalısı Zaqafqaziya müftisi Hüseyn əfəndi Qayıbov qəzetə 150 nəfər abunə yazdırmışdı. Yusif Vəzir Çəmənzəminli də xatirələrində rus-yapon müharibəsi başlanana qədər Azərbaycan ziyalılarının "Tərcüman" qəzetini sevə-sevə oxuduğundan və abunə yazıldığından bəhs etmişdir. 1908-ci ildə Hacı Zeynalabdin Tağıyev İsmayıl bəy Qasprinskiyə göndərdiyi məktubda yazırdı: "Sizin xidmətlərinizi saymaqla qurtarmaz, Sizin xidmətləriniz sayılsa, gərək Rusiya müsəlmanlarının dörddə bir əsrlik mədəniyyət tarixi yazılsın".

İsmayıl bəyin başçılıq etdiyi yeniləşmə hərəkatları əvvəlcə mədəni xarakter daşısa da, sonralar getdikcə siyasi mahiyyət alırdı. Türk dünyasının birliyi naminə düşündüyü və yaratdığı üsuli-cədid məktəbləri, xeyriyyə cəmiyyətləri, eyni zamanda, millətçilik cərəyanları Qafqaz üzərindən aşaraq Buxaradan keçməklə Çin Türküstanına, Kazan, Orenburq və Sibirə qədər gedib çatdı. "Tərcüman" bütün türk ellərini gəzərək qapılardan-bacalardan işıq seli kimi qəflət yuxusuna dalmış insanların ağlına və ürəyinə axdı, üsuli-cədid məktəblərinin sayı beş mini keçdi. Türk gənclər liseygimnaziyalarda oxudu, qəzet və məcmuələrin sayı 30-u keçdi. Nəticədə bir zamanlar Qasprinskinin dediyi kimi, evlərindən qırağı görə bilməyən Rusiya türkləri indi yalnız özlərini və bir-birlərini görməkdən başqa, bir millət olduqlarını anladılar və yalnız mədəni deyil, siyasi həyatda da millət kimi addım atdılar. Bundan ruhlanan Qasprinski 1911-ci ildə Hindistana gedərək orada da "üsuli-səvtiyyə" məktəbini açdı. Türkiyə səfərlərində oradakı irfanlara da vaxt itirmədən maarifin, elmin inkişaf etdirilməsini tövsiyə edirdi. İsmayıl bəy Rusiyada Türkiyə əleyhinə yazılan bütün məqalələrə sərt cavablar verirdi. Düşmənlərinin tez-tez təkrarladıqları "Türkiyə xəstə adam kimidir" istilahından yorulmuş İsmayıl bəy türkə, türkün qabiliyyətinə və həyati qüdrətinə olan sarsılmaz iman ilə "zəncirlər qoparılsın, görün, onda sağlam nəsildən necə bir igid çıxacaq" deyir və türkün mədəniyyətini, ictimai-siyasi həyatını zəncirləyən bütün əngəllərdən xilas ola bilməsi üçün hər dövrdə düşündüklərini səmimi, açıq şəkildə yazmaqdan çəkinmirdi.

İsmayıl bəy "Tərcüman"la kifayətlənmirdi. Onun redaktoru olduğu onlarla qəzet nəşr olunurdu, 30-dan çox elmi əsər, dərslik və müxtəlif sahələri əhatə edən kitabları işıq üzü görmüşdü. "Alemi-nisvan" (Qadın dünyası) qəzetinə Qaspralının qızı, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərindən biri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım rəhbərlik edirdi. Bu qəzetdə qadın azadlığı və hicab məsələlərində görünməmiş cəsarət nümayiş etdirir, qadınların üzüaçıq gəzə bilmələrini, qızların təhsil almalarını müdafiə edirdi.

Tədqiqatçı alim Aybəniz Kəngərlinin "İsmayıl bəy Qasprinski" kitabına və başqa mənbələrə istinadən hazırladığımız məqalədə Fuad Köprülünün 1933-cü ildə "Tərcüman" qəzetinin 50 illik yubileyi münasibətilə yazdığı məqalə də yer alır: "...son 40-50 sənə zərfində əski Rusiya çarlığı daxilində yaşayan milyonlarla türkün milli və mədəni intibahında ən böyük vəzifələri İsmayıl bəy Qasprinski görmüş, bütün həyatını bu işə vakf edərək minlərcə maneələr qarşısında müvəffəqiyyətlə yürümüşdür".

Türk dünyasının böyük maarifçi-ziyalısı İsmayıl bəy Qasprinski 1914-cü ildə İstanbulda dünyasını dəyişdi və əbədi olaraq çox sevdiyi türk torpağına əmanət edildi.

Böyük maarifçilərimiz Mirzə Fətəli Axundovun və Həsən bəy Zərdabinin başladığı yol İsmayıl bəy Qasprinski, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlubaşqa ziyalılarımızın işıqlı əməlləri ilə davam etdirilərək sonda milli ideologiyanın yaranmasına səbəb oldu.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2010.- 16 iyul.- S.  7.