Milli Məclisdə görüş
İyulun 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ilə görüşmüşdür.
Görüşdən əvvəl Mavritaniya İslam Respublikasının Prezidenti Milli Məclisin əsas iclas zalına baxmış, deputatlar üçün yaradılmış iş şəraiti ilə tanış olmuşdur.
Sonra Heydər Əliyev muzeyi ilə tanış olan Mavritaniya dövlətinin başçısı Xatirə kitabına ürək sözlərini yazmışdır.
Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılmış, Mavritaniya Prezidentinin Azərbaycana rəsmi səfərinin ikitərəfli əlaqələrdə yeni mərhələ açdığı qeyd olunmuşdur. Bildirilmişdir ki, artıq səfərin ilk günü ölkələrimiz arasında mühüm sənədlər imzalanmışdır.
Parlamentlərimiz arasında əlaqələrdən danışan Z.Əsgərov demişdir ki, bu səfər hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin inkişafına böyük təkan verəcək, parlamentlərdə dostluq qruplarının formalaşmasına şərait yaradacaqdır.
İki ölkə arasında həm Birləşmiş Millətlər Təşkilatı (BMT), həm də İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində yaxşı əlaqələrin olduğunu qeyd edən Milli Məclis Sədrinin birinci müavini Mavritaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyinə görə qonağa təşəkkürünü bildirmişdir. İşğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnaməyə indiyədək məhəl qoymadığı və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığı diqqətə çatdırılmışdır.
Z.Əsgərov İslam Konfransı Təşkilatına üzv dövlətlərin 2014-cü ildə keçirilməsi nəzərdə tutulmuş zirvə toplantısına Azərbaycanın ev sahibliyi etmək arzusunu Mavritaniya Prezidentinin diqqətinə çatdırmış və ölkəmizin namizədliyini dəstəkləməyi xahiş etmişdir. Həmçinin məlumat verilmişdir ki, 2012-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi namizədliyini irəli sürmək istəyir və bu məsələdə də dost ölkələrin dəstəyinə ehtiyacı vardır.
Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına böyük töhfələr verəcəyinə əminliyini bildirmişdir. Mavritaniya dövlətlərimiz arasında hərtərəfli əməkdaşlığın genişlənməsində maraqlıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə gəldikdə isə, Mavritaniya Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ilə bağlı haqlı mövqeyini həmişə dəstəkləmiş və bundan sonra da birmənalı şəkildə dəstəkləyəcəkdir.
Mavritaniya Prezidenti, həmçinin parlamentlərarası əlaqələrin genişləndirilməsini, dostluq qruplarının yaradılmasını məqsədəuyğun hesab etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.-17
iyul.- S. 3.