Heydər Əliyev Fondu ilə tanışlıq

 

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 16-da Heydər Əliyev Fondunda olmuşdur.

Burada Mavritaniyanın Prezidentinə və nümayəndə heyətinin üzvlərinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, fond bütün sahələrdə genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə, uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşdırılması, diabettalassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, müasir tələblərə cavab verən yeni məktəblərin tikilib istifadəyə verilməsi, zəngin mədəniyyətimizin öyrənilməsi və təbliği fondun əsas fəaliyyət istiqamətini təşkil edir.

Fondun əsas məqsədi ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsindən, Azərbaycanın tərəqqisinə yönələn genişmiqyaslı layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliği ilə bağlı işlərin görülməsinə kömək göstərməkdən ibarətdir.

Qonaq ulu öndər Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən çoxsaylı fotoşəkillərlə, dünyanın məşhur siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldu.

Fondla tanışlıqdan sonra Mavritaniya dövlətinin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

Prezident Məhəmməd Uld Əbdüləzizə fondun nəşri olan "Muğam aləmi" musiqi albomu hədiyyə edildi.

Ali qonaq fonddan zəngin təəssüratlarla ayrıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-17  iyul.- S.  3.