Milli Azərbaycan Tarixi
Muzeyinin zəngin eksponatları Mavritaniya Prezidentində böyük
maraq doğurmuşdur
Ölkəmizdə rəsmi
səfərdə olan Mavritaniya İslam Respublikasının
Prezidenti Məhəmməd Uld Əbdüləziz və
xanımı iyulun 16-da Azərbaycan Milli Elmlər Akademiyasının
Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar.
Ali qonağa muzeyin tarixi
barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki,
Bakının ən gözəl memarlıq abidələrindən
olan bu bina 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan
milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin
mülkü olmuşdur. 1920-ci ildə binada
yaradılmış muzeydə qədim dövrdən
başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə
dair 300 mindən çox eksponat toplanmışdır.
Azərbaycanın ərazisində
mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar,
Ağqoyunlular, Səfəvilər dövlətləri
dövrünə aid maddi mədəniyyət nümunələri
ölkəmizin qədim dövlətçilik ənənələrindən
xəbər verir.
Orta əsrlərdə məişətdə
işlənən əşyalar Prezident Məhəmməd Uld Əbdüləzizin
xüsusi marağına səbəb olmuşdur. Məlumat verilmişdir
ki, 150-dən çox işçinin
çalışdığı muzey həm də Milli Elmlər
Akademiyasının strukturunda elmi tədqiqat və mədəni-maarif
müəssisəsi funksiyasını yerinə yetirir.
Xüsusi olaraq ali
qonağın diqqətinə
çatdırılmışdır ki, muzeyin binası Azərbaycan
Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı
təmir olunmuşdur.
Mavritaniya dövlətinin
başçısı Hacı Zeynalabdin Tağıyevin xatirə
muzeyinin eksponatlarına da maraqla tamaşa etmişdir.
Buradakı məişət əşyaları və tarixi sənədlər
onda zəngin təəssürat yaratmışdır.
Prezident Məhəmməd
Uld Əbdüləziz muzeyin fəxri qonaqlar kitabına ürək
sözlərini yazmışdır.
Muzeyin direktoru, akademik
Nailə Vəlixanlı ali qonağa xatirə hədiyyələri
təqdim etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 17 iyul.- S.
3.