İçərişəhərlə tanışlıq qonaqlarda xoş təəssürat oyatmışdır

 

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 16-da paytaxtın görməli yerləri ilə tanış olmuşdur.

Gəzinti zamanı ali qonağa dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında, eləcə də burada aparılan son təmir və abadlıq işləri barədə ətraflı məlumat verilmişdir.

Gəzinti Orta əsr şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanışlıqdan başlamışdır. Tanışlıq zamanı ali qonağa məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi ansamblın tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür.

Qoşa qala qapısı meydanı ilə tanışlıq zamanı Mavritaniya Prezidentinə Qala divarları, onun inşasının tarixi barədə geniş məlumat verilmişdir.

Azərbaycanın geniş tarixi iqtisadi-mədəni əlaqələrindən xəbər verən ölkə əhəmiyyətli abidələr - Buxara və Multanı karvansaralarının tarixi ali qonağın diqqətinə çatdırılmışdır.

Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki daş eksponatlarından ibarət ekspozisiyanın yenidən təşkili barədə danışılmış, bildirilmişdir ki, bu işlər müasir beynəlxalq tələblərə uyğun həyata keçirilmişdir.

Gəzinti Bakının rəmzi, qədim və əzəmətli Qız Qalası ilə tanışlıqla başa çatdırılmışdır. Əsrlərin şahidi olan bu qədim abidənin tarixi barədə ali qonağa ətraflı məlumat verilmişdir.

Gəzintinin sonunda "Kiçik Karvansara" abidəsindəki təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət bağı"nda Mavritaniya Prezidentinin şərəfinə çay süfrəsi təşkil olunmuşdur.

Prezident Məhəmməd Uld Əbdüləziz İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 iyul.- S.  3.