Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş növbəti tədbir Xaçmazda keçirilmişdir

 

 İyulun 16-da Xaçmazda "Azərbaycan milli mətbuatı-135: tarixi nailiyyətlər və perspektivlər" silsiləsindən sayca altıncı regional konfrans keçirilmişdir.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən konfransda şimal rayonlarının icra hakimiyyətlərinin ictimai təşkilatlarla və siyasi partiyalarla şöbələrinin müdirləri, həmin rayonlarda nəşr olunan qəzet və jurnalların redaktorları, KİV-lərin təmsilçiləri iştirak etmişlər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin binasında keçirilən regional konfransda Prezident Administrasiyasının şöbə müdiri, professor Əli Həsənov çıxış edərək vurğulamışdır ki, 135 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuş, xalqın üzləşdiyi problemləri diqqət mərkəzinə gətirərək ictimaiyyətin müzakirəsinə çıxarmışdır. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir. Milli mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri maarifləndirmə, müasirləşmə, məfkurə saflığı, ümumi məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl prinsiplərini ortaya qoymuşdur.

Ə.Həsənov diqqətə çatdırmışdır ki, "Əkinçi" ilə əsası qoyulmuş milli mətbuat sonrakı dövrdə Azərbaycan maarifçiləri tərəfindən inkişaf etdirilmişdir. Sovet dövründə Azərbaycan mətbuatı sosializm, realizm prinsipləri əsasında fəaliyyət göstərsə də, öz inkişafını davam etdirmiş, ideoloji buxovların mövcudluğuna baxmayaraq, öz səhifələrində müxalif fikirlərə yer vermiş, vətənpərvər ruhlu məqalələr dərc etmişdir. Azərbaycan dilinin, mədəniyyətinin inkişafında mətbuatın rolu daim artmış, jurnalistika yeni-yeni ənənələr və dəyərlərlə zənginləşmişdir.

Ə.Həsənov vurğulamışdır ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan Respublikasının əsasını qoymuşdur. Məhz bu dövrdə dövlətimizin idarəçilik işi tam formalaşmış, ölkəmiz müstəqil dövlət olaraq beynəlxalq birliyə uğurla inteqrasiya etmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında söz, fikir və məlumat azadlığı ilə bağlı konkret müddəalar öz əksini tapmışdır. Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır. KİV fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 1998-ci il 6 avqust tarixli fərmanı ilə senzura ləğv edilmişdir.

Ə.Həsənov bildirmişdir ki, Heydər Əliyev həmişə jurnalistika peşəsinə dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmasda olmuş, onların problemləri ilə maraqlanmış və heç vaxt öz köməyini jurnalistlərdən əsirgəməmişdir. Ulu öndər KİV-in maddi-texniki bazasının möhkəmlənidirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onlara müvafiq güzəştlərin təyin edilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, müvafiq fərman və sərəncamlar imzalamışdır.

Şöbə müdiri, professor Əli Həsənov Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən və beynəlxalq aləmdə söz, nüfuz sahibi olan Azərbaycanda bu gün media sahəsində həyata keçirilən dövlət siyasətinin müxtəlif aspektlərindən də ətraflı söhbət açmışdır.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Azərbaycan milli mətbuatının zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində gedən inkişafdan danışmışdır. O, ulu öndər Heydər Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən də geniş bəhs etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi bir il ərzində görülən işlər və qarşıda duran vəzifələrdən söhbət açmışdır. Bildirmişdir ki, fond daim xarici təcrübəni öyrənir və öz fəaliyyətini bu təcrübə əsasında təkmilləşdirir. Fondun elan etdiyi yazı müsabiqələri haqqında geniş məlumat verən Vüqar Səfərli qeyd etmişdir ki, bu müsabiqələrə yazı təqdim edənlərin mütləq əksəriyyəti Bakıda fəaliyyət göstərən mətbuat orqanlarının əməkdaşlarıdır: "Təəssüf ki, regional qəzetlərin əməkdaşları bu müsabiqələrdə fəallıq nümayiş etdirmirlər. Bu baxımdan növbəti müsabiqələrdən birini məhz bölgələrdə fəaliyyət göstərən jurnalistlər arasında keçirmək niyyətindəyik".

Azərbaycan milli mətbuatının keçdiyi çətin və şərəfli yoldan, ölkəmizdə mətbuat və söz azadlığının təmin edilməsi sahəsində görülən işlərdən danışan, mövcud problemlərə toxunan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd etmişdir ki, yerli icra hakimiyyəti orqanları rayon qəzetlərinə himayədarlıq etməlidir: "Lakin bu himayədarlıq müvəqqəti olaraq həyata keçirilməli, mətbu orqan öz maddi imkanlarını inkişaf etdirdikcə tam müstəqil fəaliyyət göstərməlidir". Ölkədə media sahəsində mükəmməl qanunvericilik bazasının mövcud olduğunu vurğulayan MŞ sədri diqqəti bəzi sui-istifadə hallarına da yönəltmişdir: "Ölkədə qəzet, jurnal, informasiya agentliyi təsisi üçün münbit şərait var. Hər kəs cüzi tələbləri yerinə yetirməklə media sahibi ola bilər", - deyən Ə.Amaşov media sahəsindəki problemlərin digər cəhətlərindən də geniş bəhs etmişdir.

Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladan digər natiqlər də ölkəmizdə kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazasının yaradıldığını, senzuranın aradan götürüldüyünü, jurnalistlərin əməyinin daim yüksək qiymətləndirildiyini xüsusi vurğulamışlar. Bir daha qeyd olunmuşdur ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Rayon qəzetlərinin çap edilməsi üçün bölgələrdə mətbəə imkanlarının məhdudluğu, mətbu orqanların maddi-texniki bazasının zəif olması ilə bağlı problemlər də konfransda müzakirə olunmuşdur.

Konfransa yekun vuran professor Əli Həsənov bildirmişdir ki, mövcud problemlərin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər hazırlanır: "Regionlarda mətbəələrin yaradılmasına sahibkarlar da təşəbbüs göstərməlidirlər. Əgər sahibkarların köməkliyi ilə regionlarda mətbəələr yaradılarsa rayon qəzetlərini ən çox narahat edən çap problemi aradan qalxmış olar. Bununla belə, rayon qəzetlərinin problemlərini biz bu gün bir daha araşdırdıq və dövlət tərəfindən zəruri tədbirlərin həyata keçirilməsini təmin edəcəyik".

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 iyul.- S.  4.