Ümummilli lider Heydər
Əliyevin xatirəsinə həsr olunmuş
güləş üzrə "Qızıl Qran
Pri" beynəlxalq turnirinin
final mərhələsi
başlanmışdır
Final mərhələsinin ilk günündə sərbəst güləşçilərimiz
3 qızıl, 2 gümüş və 3 bürünc medal
qazanmışlar
İyulun 16-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi başlanmışdır.
Yarışlar başlamamışdan öncə, FİLA rəsmiləri, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, turnir iştirakçıları və qonaqlar Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək ulu öndərin əziz xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə gül dəstələri düzmüşlər.
Sonra yarışların açılış mərasimi keçirilmişdir. FİLA prezidenti Rafael Martinetti artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, bu ənənəvi turnirin əhəmiyyətini qeyd etmişdir. R.Martinetti iştirakçıları salamlamış, turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə etmişdir.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov FİLA rəhbərliyinə bu turnirin Azərbaycanda təşkil edilməsinə razılıq verdiyinə görə təşəkkürünü bildirmiş, ölkəmizdə idmanın və idman infrastrukturunun sürətli inkişafından danışmışdır. Qeyd olunmuşdur ki, tarixən zəngin ənənələri olan güləş hazırda sürətli dirçəliş dövrünü yaşayır və Azərbaycan pəhləvanları böyük uğurlar qazanırlar.
Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov son illər Azərbaycanda bir çox mötəbər idman yarışlarının təşkil edilməsindən danışmış, ölkə rəhbərliyinin, xüsusən dövlət başçısı möhtərəm Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısını qeyd etmişdir. F.Məmmədov "Qızıl Qran Pri" Beynəlxalq Turnirinin Final mərhələsinin xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilməsini onun ölkəmizdə idmanın, xüsusilə güləşin inkişafındakı müstəsna xidmətlərinin heç vaxt yaddan cıxmadığını göstərən tədbirlərdən biri olduğunu bildirmişdir.
Sonra Azərbaycan güləş məktəbinin nümayəndəsi, Olimpiya və ikiqat dünya çempionu, yunan-Roma güləşi üzrə əməkdar idman ustası Fərid Mansurovun böyük idmanda güləşçi karyerasını başa vurması ilə bağlı mərasim keçirilmişdir.
Qeyd olunmuşdur ki, Fərid Mansurov Azərbaycan güləş məktəbinin görkəmli nümayəndəsidir. O ilk mühüm qələbələrini 2001-ci ildən başlayaraq müstəqil respublikamızın bayrağı altında yunan-Roma güləşi üzrə gənclərdən ibarət milli yığma komandamızın tərkibində beynəlxalq miqyaslı yarışlarda qazanıb. 2004-cü ildə Afina Yay Olimpiadasaının çempionu olması ölkəmizin bütün idman həvəskarlarını ürəkdən sevindirmişdir. Fərid Mansurov 2007 və 2009-cu illərdə dünya çempionu adını qazanmaqla ölkəmizdə ilk ikiqat dünya çempionu kimi adını müstəqil Azərbaycanın idman tarixinə həmişəlik yazmağı bacarmışdır. Fərid Mansurovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə "Şöhrət" ordeni və "Tərəqqi" medalı, eləcə də Prezidentin xüsusi Olimpiya təqaüdü ilə təltif edilmişdir.
Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkə Prezidenti İlham Əliyevin Fərid Mansurova təbrikini oxumuşdur. Fərid Mansurovu FİLA prezidenti Rafael Martinetti, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov təbrik etmiş, ona milli komandada baş məşqçi kimi fəaliyyətində və respublikamızda gənc güləşçilər nəslinin yetişdirilməsi işində uğurlar arzulamışlar.
Turnirdə dünyanın 35 ölkəsindən 350-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqlar. İlk gündə sərbəst güləşçilər mübarizəyə başlamışdır.
Turnirin ilk günü Azərbaycan güləşçiləri üçün uğurlu olub. 66 kq çəkidə yarışan Cəbrayıl Həsənov, 84 kq çəkidə yarışan Novruz Temrezov və 96 kq çəkidə yarışan Xetaq Qazyumov qızıl medala sahib olublar. 96 kq çəkidə iki təmsilçimiz finalda qarşılaşıb. Xetaq Qazyumov və Cəmaləddin Məhəmmədov duelindən Xetaq qalib (6:2, 3:0) ayrılıb. 84 kq çəkidə finalda mübarizə aparan təmsilçimiz Novruz Temrezov amerikalı rəqibi Yakob Herbert üzərində (1:1, 1:0) qələbə qazanaraq turnirin qalibi olub. 66 kq çəkidə finalda qarşılaşan iki təmsilçimizdən Cəbrayıl Həsənov və Emin Əzizovun görüşü Cəbrayılın (2:0, 5:1) qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan pəhləvanlarından 66 kq çəkidə Emin Əzizov və 96 kq çəkidə Cəmaləddin Məhəmmədov gümüş medala sahib olublar.
74 kq çəkidə bürünc medal uğrunda görüşə çıxan həmyerlimiz Çamsulvara Çamsulvarayev rusiyalı rəqibi Hacı Hacıyevə (1:0, 1:0) qalib gəlib. 84 kq çəkidə Şərif Şərifov gürcü rəqibi Beka Çelidzeni (5:0, 3:1) məğlub edərək turnirin bürünc mükafatını qazanıb. 120 kq çəkidə bürünc mükafat uğrunda mübarizə aparan Əli İsayev də iranlı rəqibi Seyid Azarşakibi (1:0, 1:0) məğlub edib.
Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnirinin ilk günü sərbəst güləşçilərimiz 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar.
İyulun 17-də qadınlar, 18-də isə yunan-Roma güləşçiləri öz aralarında ən güclüləri müəyyən etməlidirlər. Ötən il olduğu kimi, bu dəfə də "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin gedişində Azərbaycan və ABŞ sərbəst güləş yığmaları arasında beynəlxalq görüşün keçirilməsi də nəzərdə tutulub. Bu görüş iyulun 18-də baş tutacaq.
Turnir iyulun 19-dək davam edəcəkdir.
Azərbaycan.- 2010.- 17
iyul.- S. 5.