Bizim Əmir müəllim

 

Redaksiyamızın "veteran"larının əksəriyyəti Əmir müəllimin özündən əvvəl imzasını tanıyırdı. Bilirdik ki, Əmir Mustafayev müasir Azərbaycan yazıçısıdır, "Qurd ürəyi", "İsti külək", "Ürəkdən asılan yük", "Sonuncu şeytan", "Qara zolaq", "Səndən ötrü", "Kiçik çillə", "Gecə rəngi" və s. kimi romanların, povestlərin müəllifidir. Oxuduqlarımızdan və eşitdiklərimizdən onu da bilirdik ki, Əmir müəllim həmin əsərlərində o dövrün kəndini olduğu kimi - "ütülü" və sığallı yox, qayğı, təzad və problemləri ilə birgə qələmə alıb, xalqı, cəmiyyəti narahat edən məsələləri bədii sözün vasitəsilə oxucularına çatdırıb. Amma gəlin Əmir müəllimin bədii yaradıcılığına qiymət verməyi ədəbi tənqidçilərin ixtiyarına buraxaqmilli mətbuatın yubileyi ərəfəsində onu jurnalist kimi xatırlayaq. Çünki Əmir Mustafayev həm də peşəkar jurnalist və səriştəli redaktor olmuşdur.

Əslində, Əmir müəllim bədii yaradıcılığa qəzetçilikdən başlamışdır. Cavan yaşlarında "Azərbaycan pioneri" qəzetində sıravi müxbirliklə jurnalist fəaliyyətinə başlayan Ə.Mustafayev ömrünün sonunacan bu peşədən ayrılmadı. Hətta yazıçı kimi yaradıcılığının "pik" dövründə də o özünü jurnalist hesab edirdi.

Əmir Mustafayev rəsmi dövlət qəzeti olan "Azərbaycan"a baş redaktor kimi kənardan gətirilməmişdi. O, ötən əsrin 90-cı illərinin əvvəllərində Nazirlər Kabinetinin orqanı olmuş "Respublika" qəzetində baş redaktorun müavini idi. Həmin illər yuxarı dairələrdə qərara alındı ki, "Respublika" o vaxt Ali Sovetin orqanı olan "Həyat" (sonralar "Azərbaycan") qəzetinə birləşdirilsin. Beləliklə, Əmir müəllimin yaradıcılıq və xidməti taleyi "Azərbaycan" qəzeti ilə bağlandı. Bu dəfə şöbə müdiri kimi. Amma 1992-ci ilin yayında AXC-Müsavat cütlüyü iqtidara gələndən sonra qəzetin dəyişdirilən rəhbərliyi Əmir müəllimə bu vəzifəni çox gördü, bildirdilər ki, müxbirlik bəsindir. Rəhmətlik iddialı adam deyildi. Hərçənd çəkisi onun əsərlərinin tirajının ağırlığından qat-qat az olan birisinin əmri ən azı ədalətsizlik idi. O, buna məhəl qoymadı, "qələm və kağızı əlimdən almayıblar ki" deyib yazı-pozusunu davam etdirdi. Əvəzində Əmir müəllim prinsip və əqidə adamı idi. Sonralar bildik ki, yeni rəhbərliyin təcrübəli jurnalistə və tanınmış yazıçıya bu münasibəti məhz onun bu xarakteri ilə bağlı imiş. Məsələ burasında idi ki, Ə.Mustafayev "Respublika" qəzetində işləyərkən həmin illər Naxçıvan MR Ali Məclisinin Sədri işləyən və informasiya blokadasına alınan Heydər Əliyevlə müsahibə və digər materiallar dərc etmişdir. Təbii ki, onun ulu öndərə bu münasibətini Heydər Əliyevi "sinfi düşmən" gözü ilə görən "demokrat"lar bağışlaya bilməzdilər.

Və nə yaxşı ki, onların bu qisasçılıq missiyası uzun çəkmədi. Tale elə gətirdi ki, ümummilli liderə görə redaksiyada küncə sıxışdırılmış Əmir müəllim bir ildən sonra qəzetin baş redaktoru təyin olundu. Özübu təyinat birbaşa yenicə müstəqilliyə qovuşmuş dövləti düçar olduğu bəlalardan xilas etmək üçün xalqın tələbi ilə ölkənin siyasi hakimiyyətinə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur. Əmir müəllim həmişə bununla fəxr edirdi, Heydər Əliyevin imzası ilə verilmiş xidməti vəsiqəsini ərklə ürəyi qızdığı adamlara göstərməkdən qürur duyurdu. Eyni zamanda, rəhmətlik bu etimadın məsuliyyətini dərk edirdi. "Məni baş redaktorluğa o kişi məsləhət bilib, onun etimadını doğrultmalıyam", - deyib üzərinə düşən vəzifənin öhdəsindən bacardıqca maksimum gəlməyə çalışırdı.

Vəzifələrsə həm çox idi, həm də çətin. Buna əmin olmaq üçün həmin illəri xatırlamaq, ya da "Azərbaycan" qəzetinin o illəri əhatə edən saylarını vərəqləmək kifayətdir. İctimai-siyasi qeyri-sabitlik, dövlət çevrilişinə cəhdlər, iqtisadi tənəzzül, mənəvi aşınma, bir yandan da heç bir qələbə perspektivi olmayan Qarabağ savaşı, qaçqın və məcburi köçkün dalğaları, onların getdikcə gərginləşən sosial problemləri - bunlar idi təxminən 1993-1997-ci illərin siyasi, iqtisadisosial mənzərəsi. Bax, həmin çətin məqamda "Azərbaycan" qəzeti rəsmi dövlət mətbu orqanı kimi dövlətin sükanı arxasında dayanmış ulu öndər Heydər Əliyevə ideoloji dəstək olmalı, sadaladığımız və sadalamadığımız problemlərin həlli üçün ümummilli liderin gördüyü işlərin təbliğatçısına çevrilməli idi və əminliklə demək olar ki, "Azərbaycan" qəzeti bu missiyanın öhdəsindən bacarıqla gəldi. Sözsüz ki, kollektiv əməyin nəticəsi olan bu işlər, ilk növbədə, Əmir müəllimin adı ilə bağlıdır. Yeri gəlmişkən qeyd edək ki, onun bu fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Əmir Mustafayev ölkədə "Tərəqqi" medalına və Prezident təqaüdünə layiq görülmüş ilk ziyalılardandır.

Amma Əmir müəllim heç vaxt mükafat, fəxri ad haqqında fikirləşmirdi, onun xiffətini çəkmirdi, baxmayaraq ki, buna çoxlarından artıq haqqı vardı. Sadəcə, təbiəti belə idi - rəsmiyyətdən uzaq və daxilən azad. Hətta "Azərbaycan" kimi çoxsaylı kollektivə başçılıq etdiyi illərdə belə, o, məmur olmadı, özünü redaksiyanın sıravi işçisi kimi hiss etdi. Yəqin yazıçılığından, yaradıcı adam olmasından irəli gəlirdi onun bu keyfiyyətləri. İndibiz "veteran"lar Əmir müəllimlə bağlı duzlu əhvalatları xatırlayır və xatırladıqca ona Allahdan rəhmət diləyirik. Özü də qəribəsi bu idi ki, həmin əhvalatların çoxunu Əmir müəllim özü danışırdı bizə. Çox xoşlayırdı rəhmətlik başına gələn məzəli hadisələri yoldaşları ilə bölüşməyi. Ümumiyyətlə, o, kabinetdə oturmağı sevməzdi. İş vaxtının əksər hissəsini kollektivin arasında olardı, kiminlə yaradıcılıq söhbəti edər, kiminlə dərdləşər, kiminlə isə sadəcə, çay içib söhbətləşərdi. Çox vaxt cari yazılara da elə ayaqüstü qol çəkərdi. Sözsüz ki, hamısına yox. Çünki həm də ciddi redaktor idi, sözün məsuliyyətinin nə olduğunu yaxşı bilirdi. Eyni zamanda, yazılara səbirlə, dözümlə və yaradıcılıqla yanaşır, müəllifin fikirüslubunu saxlamağa çalışırdı.

Artıq üç ildir ki, Əmir Mustafayev aramızda yoxdur. Ömrünün 71-ci ilində dəyişdi dünyasını. Amma müasir Azərbaycan ədəbiyyatı mətbuatının nümayəndələri onu həmişə xoş xatirələrlə yad edirlər. Elə son yeri olan "Azərbaycan" qəzetinin kollektivi onu unutmur - istedadlı yazıçı, peşəkar jurnalist sadə insan kimi!

 

 

Azərbaycan.- 2010.- 17 iyul.- S.  6.