Jurnalist ömrü

 

Deyirlər, jurnalistlər şaxtaçılardan sonra ikinci qısa ömürlü peşə sahibləridir. Ola bilsin bu, çoxlarına qəribə görünə bilər. Çünki jurnalistika kənardan cəlbedici peşə təsiri bağışlayır. "Toxunulmazlıq" statusu, çoxsaylı ezamiyyətlər, ictimai rəyə təsir göstərmək imkanı, məşhurluq və s. kimi üstünlüklərin jurnalistikanı başqa peşələrdən fərqləndirməsi çoxlarında jurnalist haqqında "bəxtəvər" təəssüratı yaradır. Bəlkə də buna görə indi yerindən duranın könlündən əli qələm tutdu-tutmadı, jurnalistlik keçironu da bildirək ki, belələri ölkənin bu sahədəki mövcud qanununun liberallığından sui-istifadə edərək istəklərinə qovuşurlar. Amma hər oxuyan Molla Pənah olmadığı kimi, onlar da jurnalist ola bilmirlər, uzaqbaşı 135 yaşlı milli mətbuatımızın saf suyunu çirkləndirirlər, tarixinə ləkəli səhifələr cızma-qara edirlər ki, bunun da güman edirik, ömrünə az qalmayıb.

 

Söz ki, yenə ömürdən düşdü, qayıdaq mövzumuza. Bəli, jurnalistika kənardan nə qədər cazibəli görünsə də, jurnalistlik bir o qədər qibtə olunası peşə deyil. Ən azından, qısa ömür yaşadığı üçün! Həm ayrı-ayrı şəxslərin, həm də bütövlükdə cəmiyyətin qayğı və problemləri ilə yaşamaq, mahiyyətindən asılı olmayaraq ətrafda baş verən hadisələrin içində olmaq, ömür boyu çiynində sözün məsuliyyət yükünü daşımaq və nəhayət, saatsız, təqvimsiz rejimi heç kimə asan gəlməsin. Bütün buqeyd etmədiyimiz digər özəlliklər taleyini jurnalistikaya bağlayanların gözünün nurunu alır, ömrünü qısaldır.

Redaksiyamızın dəhlizində bir lövhə var. "Ömür bir pəncərədir..." adlı bu lövhədə "Azərbaycan" qəzetinin son illərdə dünyasını dəyişmiş əməkdaşlarının şəkilləri və doğum-ölüm tarixləri əks olunub. Elə bu kiçik informasiyanın özü jurnalist ömrütaleyi barədə yazdıqlarımızı təsdiqləməyə kifayətdir. Nə qədər qəbul etsək ki, ömür Tanrı tərəfindən verilir, o, bir alın yazısıdır, yenə subyektiv (başqaad verəsən) amilləri nəzərə almamaq mümkün deyil. Təsadüf bir, iki, uzağı üç jurnalist ömrü olar ki, natamam, bəzənsə yarımçıq qalsın. Təkcə işçilərinin sayı 70-i ötməyən bizim redaksiyada belələrinin sayı 10-dur. Bu 10 əməkdaşımızın heç biri gözüdolusu yaşamayıb. Yalnız 9 il qəzetimizin baş redaktoru olmuş Əmir Mustafayev (1936-2007) və Azərbaycanın tanınmış jurnalistlərindən biri kimi yaddaşlarda qalan Bariz Əsədov (1939-2009) 70 yaşı haqlamışlar ki, onların da ömürlərinin son illəri ağır xəstəliklərlə keçmişdir. Əmir müəllimi insult işdə vurmuşdu. Bu, ikinci idi. Birincidən sonra müalicə alsa da, fəsadları qalmışdı. Buna baxmayaraq, işləyirdi, gecəsi-gündüzü redaksiyada keçirdi. Rəhmətlik Bariz müəllim də xəstəliyinə baxmayaraq, ömrünün sonunacan qələmdən ayrılmadı. Nə vaxt otağına girirdin, görürdün ki, başını aşağı salıb yazır. Uzun müddət keçmiş "Kommunist" qəzetində işlədiyindən canında-qanında intizam, məsuliyyət hissləri güclü idi. Hətta o dərəcədə ki, cavanlara nümunə göstərilirdi.

Cavan demişkən, dünyasını dəyişmiş qalan əməkdaşlarımız bu dünyadan nisbətən cavan köçənlərdir. Aslan Kəmərli (1942-1992) "Həyat" adı ilə nəşrə başlamış qəzetimizdə ilk gündən çalışırdı. Mədəniyyət şöbəsinin müdiri, redaksiyanın aparıcı əməkdaşlarından idi. Təcrübəli qələm sahibi olduğundan tapşırılan işlərin öhdəsindən bacarıqla gəlirdi. Bir də rəhmətlik redaksiyadakı işindən ləzzət alırdı. Elə buna görə 1992-ci ilin yayında qəzetin yeni rəhbərliyi onu bölgə müxbiri vəzifəsinə keçirəndə narazı qalmışdı. Ev-eşiyindən, ailəsindən, şair kimi yaradıcı mühitdən, dost-tanışdan ayrılmaq istəmirdi. Bəlkə də ürəyinə danmışdı. Danmışdı ki, o, bölgəyə müxbirliyə yox, ölümə gedir. Amma bir müddət sonra avtomobil qəzasında həlak olması təkcə ürəyə daman əcəl deyildi, həm də jurnalist taleyi idi.

Qəribədir, bu taleyi yaşamış həmkarlarımızın yarısı bölgə müxbirləridir. Sərdar Əliyev (1936-1999) dövrünün sayılıb-seçilən müxbirlərindən olmuşdu. Təbiətən ağır adam idi, peşəsinin və özünün nüfuzunu qoruyardı. Əlyar Mürsəlzadə (1942-1999) də peşəkar jurnalist idi. Keçmiş ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsini bitirəndən qəzetdə işləmişdi. Xəstəliyi ilə bağlı son vaxtlar redaksiyada az-az olurdu. Amma üzərinə düşən işin öhdəsindən gəlməyə çalışırdı. Bu çalışqanlıq Xanlar Əliyevdə (1945-2003) daha çox idi. Baxanda deməzdin ki, nə isə xəstəliyi var, harası isə ağrıyır. Rəhmətlik heç vaxt heç nədən şikayət etməzdi, yaşamaq eşqi ilə qaynayıb daşardı, üzündən təbəssüm, dodaqlarından "can" sözü düşməzdi. Odur ki, onun ölüm sorağı hamımızı dondurdu. Famil Abbasovun (1947-2008) aramızdan getməsi xəbərini eşidəndə olduğu kimi. Bu günkollektivimiz istedadlı jurnalist, dəyərli dost, qayğıkeş həmkarımız Familin aramızda olmamasına inana bilmir. Necə inanasan, dünən bizimlə gülüb-danışan, yaradıcılıq mübahisəsi edən, ayrılanda da hamımızı həmişə olduğu kimi, İsmayıllıdakı yarımçıq tikili evinə dəvət edən bir adamın ertəsi gün gələn ölüm xəbərinə... Özü də necə ölüm - başında. Redaksiyanın tapşırığını yerinə yetirərkən yaxaladı əcəl onu. Yaxaladı və özünün, sözünün çəkisini bilən, bu çəkini heç nəyə qurban verməyən həmkarımızı əlimizdən aldı. Nə heyiflər ki, əcəlin aramızdan apardığı dəyərli yoldaşlarımız Famillə də bitmir. Mərhumlarımız arasında yeganə xanım olan Validə İsmayılovanı (1959-2005) necə unudaq?! O Validəni ki, zəhmətsevərliyi və istedadı ilə redaksiyanın aparıcı müxbirlərindən hesab olunurdu, ictimai-siyasi mövzuda qələmə aldığı hər məqaləsi geniş rezonans doğururdu. Rəhmətlik ev alıb, uşaqlarını böyüdüb təzə-təzə rahatlaşırdı ki, çarəsiz xəstəliyə düçar oldu. Amma dərdinə tabe olmaq istəmirdi, təbiətindən irəli gələn əzmkarlıqla ona qarşı mübarizə aparırdı.

Füzuli Məmmədov (1957-2007) da elə idi. Xərçəng kimi ona yapışmış xəstəliyin sonunun nə ilə bitdiyini bilsə də, yaxasını ölümün əlinə vermək istəmirdi. Niyə də istəməliydi, nə yaşamışdı ki... İki övladı təzəcə ali məktəbə daxil olmuşdu, onlara ata hələ bundan sonra lazım idi. Füzuli redaksiyamızda nisbətən az işləsə də, hörməti çox idi. O bu hörməti peşəkarlığı, ciddiliyi, eyni zamanda, sadəliyi ilə qazanmışdı.

Təkcə kollektivimizin yox, onu tanıyanların bu cür hörmətini qazanmış həmkarlarımızdan biri də rəhmətlik Seyidağa Cabbarov (1953-2008) idi. Adamın ona rəhmətlik deməyə dili gəlmir - elə bil bu dəqiqə dəhlizin o başından şirin Qazax-Tovuz ləhcəsi ilə ucadan kiminləsə danışa-danışa gələcək, hələ arada içini çəkə-çəkə güləcək də... Bütün qapıları açıb hamı ilə salamlaşmağı isə öz yerində. Rəhmətlik 50-ni arxada qoysa da, bir yerdə dayanan deyildi, tənbəllik nə idi bilməzdi, kimə nə kömək, nə yardım lazım olurdusa, əlindən gələni əsirgəməzdi. Özübu zaman uşaq kimi hamının qabağına düşər və bunu özünə əskiklik saymazdı, əksinə, etdiyi yaxşılıqdan ləzzət alardı. Amma öyünməzdi. Öyündüyü vardısa, o da iki qız övladı idi. Bir görəydiniz böyüyü Prezident təqaüdünə layiq görüləndə rəhmətliyin çöhrəsini. Əsl ata sevinci, ata qüruru qonmuşdu üzünə. Təəssüf ki, əcəl ona bu sevincqüruru sonacan yaşamağa macal vermədi.

 

* * *

 

...Biz hər gün redaksiyamızdakı "dünyanın bir pəncərəsi"nin qarşısından dəfələrlə keçir, hərdənsə qarşısında ayaq saxlayıb bu "pəncərə"dən dünyaya boylanıb keçmiş həmkarlarımızı xatırlayırıq. Qoy bu kiçik yazı da həmin xatırlamalardan biri olsun!

 

 

R.MƏMMƏDOV

 

Azərbaycan.- 2010.- 17 iyul.- S.  6.