Milli mətbuatımızın yeni vəzifələri

 

Atdan qabaq qoşulan araba

 

 Yaranmışların əşrəfi sayılan insanı digər canlılardan fərqləndirən cəhətlərdən biri onun doğulan kimi yeriməyi bacarmamasıdır. İki ayağı üstə dayanmağı, yeriməyi və yüyürməyi öyrənmək üçün bu varlığa aylar gərəkdir. Uşağın sərbəst danışa və fikrini ifadə etməyi bacarmasından ötrü isə illər tələb olunur. Görünür, bu həm də söz deməyin və fikir yürütməyin məsuliyyətli olmasından qaynaqlanır. İctimai şəkildə danışıb mövqe bildirmək isə daha çətin olduğundan buna neçə onillər lazımdır. Əsrlər keçsə də, doğulan kimi danışan insana hələ təsadüf edilməyib. Görünür, ulu Tanrı insana sözünün məsuliyyətini və dəyərini dərk etdirmək üçün onu belə yaradıb.

İctimai şəkildə söz demək imkanı qazanmaq (yaxud buna icazə almaq) da daim çətinlik törədib. Azərbaycanda, hətta, bu çətinlik mətbuatın özündən qabaq meydana gəlib. Milli mətbuatımızın banisi, görkəmli jurnalist Həsən bəy Zərdabi qəzet açmaqdan ötrü illərlə əziyyət çəkib, məktublar yazıb, qapılar döyüb. Bir şey çıxmayanda ruhdan düşməyib, inadkarlıq göstərib. Çünki qəti fikri belə idi ki, millətə xidmət göstərməkdən ötrü "qəzet buraxmaqdan savayı qeyri əlac yoxdur". Müxtəlif vasitələrdən, dostluq münasibətlərindən istifadə etməklə "Əkinçi" adında (bu adın özüiz azdırmaq, qəzetin siyasətdən yazmayacağına inandırmaqdan ötrü idi) doğma dilimizdə ilk mətbu nəşr təsis edə bildi. Maraqlıdır ki, qubernator Staroselskinin simasında senzura nəzarəti qəzetin özündən qabaq yaranmışdı. Əslində, bu, məşhur misaldakı kimi, arabanın atdan qabaqda qoşulması idi. Bütün çətinliklərə - lazımi şriftlərin, mürəttibin, abunəçilərin, vəsaitin yoxluğuna baxmayaraq, "Əkinçi" 135 il bundan əvvəl, 22 iyul 1875-ci ildə doğuldu, min bir əziyyətlə yaşadı, boya-başa çatdı, nur çeşməsi kimi zülməti yararaq elmə, maarifə, mədəniyyətə, inkişafa və müasirləşməyə yol göstərən mayaka çevrildi. "Heç olmaz ki, doğru söz yerdə qalsın", - deyən Həsən bəy Zərdabi xalqın ən yaxşı oğullarını, qələm və təfəkkür sahiblərini ətrafına toplayaraq millətinə xidmət göstərməyə başladı, insanları maarifə, elmə, müasirliyə səslədi, fədakarlığı ilə sonrakı nəsillərə nümunə oldu.

Cəmi iki il yaşayan "Əkinçi" yazdıqlarının və erməni Minasovun bəlasına gələrək senzor-qubernator tərəfindən də qapadıldı. Onun əməllərini və yaratdığı ənənələri isə özündən sonra meydana gələn açıq fikirli qəzet və jurnallar uğurla davam etdirdilər.

 

Sözün ağzından açılan qıfıl

 

Azad sözün və sərbəst fikrin ağzına vurulan qıfıl düz 123 il asılı qaldı. Nə baş verən burjuademokratik inqilabları, nə bir-birini əvəzləyən ictimai-iqtisadi formasiyalar bu qıfılı qoparıb ata bildi. Əksinə, daha da möhkəmləndirdi. Sovet hakimiyyəti illərində kommunist ideologiyasının ruporuna çevrilən mətbuata müxtəlif epitetlər - "ən demokratik mətbuat", "xalqın tribunası", "milyonların mənafeyinə xidmət edən vasitə" və s. qoşulsa da, ciddi nəzarət altında saxlanılırdı. Sosializm dövründə faktiki surətdə mətbuata ikiqat nəzarət həyata keçirilirdi. Onlardan biri KİV-də dövlət sirlərinin qorunması adı altında senzura nəzarəti, digəri isə miqyasından, dövriliyindən və tirajından asılı olmayaraq, gerçəkləşdirilən partiya nəzarəti idi. Yəni hər bir partiya (Sov.İKP-nin yerli qurumları) təşkilatı öz ərazisində buraxılan qəzet və jurnallara göz qoyurdu. Başqa bir maraqlı cəhət də vardı: əgər senzura qəzet çap olunanadək ona nəzarət edirdisə, partiya çapdan sonraya göz qoyur, diqqətdən qaçan məsələlərin (partiyanın "məsləhət bildiyindən" kənaraçıxmaların və ya artıq deyilənlərin) haqq-hesabını çəkirdi. Cəzalar isə müxtəlif dövrlərdə müxtəlif idi. Həbsxanaya atılmaqdan, sürgünə göndərilməkdən tutmuş Sov.İKP sıralarından qovulmağadək. Partiya sıralarından çıxarılmaq isə mənən məhv olmaq, bütün perspektivlərdən məhrum edilmək demək idi. Başqa bir maraqlı məqam. Özlərini demokrat adlandıran AXC-Müsavat cütlüyünün iqtidarı dövründə nəinki kütləvi informasiya vasitələrinə senzura nəzarəti aradan qaldırıldı, əksinə, bolşeviklərdən nümunə götürən "bəy"lər onu bir qədər də bərkitdilər. "Hərbi senzura" adı ilə qəzetlərə əlavə nəzarət də qoyuldu. Həmin dövrdə "Molla Nəsrəddin" jurnalından nümunə götürən bir sıra qəzetlər "senzor" tərəfindən çıxarılan materialın yerinə başqa yazı qoymayaraq qəzet səhifəsinin həmin hissəsini buraxırdılar.

Ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatı qarşısında ən böyük xidmətlərindən biri sözün ağzından asılan qıfılı açması oldu. Özünün sözdə yox, əməldə söz və mətbuat azadlığı, fikir müxtəlifliyi və demokratiya tərəfdarı olduğunu sübut edən ümummilli lider Heydər Əliyev 6 avqust 1998-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ilə kütləvi informasiya vasitələrinə senzura nəzarətini tamamilə ləğv etdi. Onun bu cəsarətli addımından qorxuya düşənlər (xüsusən müxalifət tərəfindən), senzuranın ləğvinin tez olduğunu söyləyənlər də tapıldı. Amma zaman ulu öndərin nə qədər uzaqgörən olduğunumüdrik qərarlar qəbul etdiyini neçənci dəfə təsdiqlədi. Odur ki, Azərbaycanda müstəqil və azad mətbuatın yaranması da ümummilli lider Heydər Əliyevlə bağlıdır. Mətbuat və söz azadlığına diqqət və qayğısına görə "Jurnalistlərin dostu" mükafatına layiq görülən Heydər Əliyev qələm sahibləri tərəfindən daim məhəbbət və minnətdarlıqla xatırlanır.

 

Yeni dövrün yeni vəzifələri

 

Azərbaycanda müstəqil mətbuat formalaşdıqdan sonra (burada söhbət onun mövcudluğunun hüquqi bazasının yaradılmasından və jurnalistin peşə fəaliyyəti ilə sərbəst məşğul olmasına təminat yaradan qanunların qəbulundan gedir) milli mətbuatla bağlı dövlət başçıları tərəfindən 3 mühüm sənəd imzalanmışdır. "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında" ilk fərman 27 mart 2000-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. "Azərbaycanın milli mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında" 20 iyun 2005-ci il tarixli Sərəncamı isə cənab İlham Əliyev imzalamışdır. "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" 10 iyun 2010-cu il tarixli Sərəncam da Prezident İlham Əliyev tərəfindən verilmişdir. Hər üç sənəd arasında möhkəm varislik əlaqəsi mövcuddur. Belə ki, sənədlərin hər üçündə Azərbaycan milli mətbuatının şanlı tarixinə qısa nəzər salınır, xalqımız qarşısında xidməti olan qəzet və jurnalların adları çəkilir, müsbət cəhətlər vurğulanır, habelə yubileyin təntənəli şəkildə keçirilməsindən ötrü görüləcək işlər sadalanır. Təbii ki, müəyyən fərqlər də mövcuddur. Yaddaqalan ümumi cəhət isə ondan ibarətdir ki, həm ulu öndər Heydər Əliyevin, həm möhtərəm Prezident İlham Əliyevin verdikləri fərman və sərəncamlar Azərbaycan milli mətbuatının inkişafına, qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin maddi və mənəvi cəhətdən həvəsləndirilməsinə xidmət etmişdir. Sonuncu sərəncam barədə bir qədər ətraflı danışmaq istərdik.

İqtisadi, siyasihüquqi sahədə uğurlu islahatlar aparan Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuşdur. Neçə ildir ki, ümumi daxili məhsul istehsalının artımına görə ölkəmiz dünya öncüllüyünü əldə möhkəm saxlayır. Uğurlarımızı beynəlxalq qurum və təşkilatlar, ekspertlər qeyd edir, müxtəlif hesabatlara salırlar. Respublikamıza qədəm qoyan, onun ən ucqar yerlərinə belə gedən qonaqlar isə davamlı və sürətli inkişafı, tikintiquruculuq işlərini gözləri ilə görür, canlı şahidlərə çevrilirlər. Ötən ilin sonlarında möhtərəm Prezidentimiz cənab İlham Əliyev iqtisadi sahədə keçid dövrünün başa çatdığını qürurla bəyan etdi. Bu fikirlər milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı sərəncamda da öz əksini tapmışdır. Sənəddə deyilir: "Ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".

Bəs sərəncamda diqqət yetiriləsi vacib məqamlar və irəli sürülən yeni vəzifələr hansılardır.

Bəşər sivilizasiyasının inkişafı yoluna qayıdan Azərbaycanda sərbəst bazar iqtisadiyyatının prinsipləri bərqərar olunmuş, demokratik proseslərin genişlənməsinə əlverişli şərait yaradılmışdır. Ölkəmizin zəngin təbii sərvətləri və əlverişli geosiyasi mövqeyi, üstəlik, Azərbaycan iqtidarı tərəfindən aparılan düşünülmüş və uzaqgörən siyasət uğurların rəhnidir. Neft və təbii qaz ehtiyatlarını dünya bazarına çıxaran, Avropanın enerji təminatında getdikcə daha əhəmiyyətli rol oynayan Azərbaycan təkcə yeraltı və yerüstü sərvətlərinə güvənmir. Möhtərəm Prezident İlham Əliyevin bəyan etdiyi kimi, biz artıq karbohidrogen ehtiyatlarının tükənəcəyi dövrə hazırlaşırıq. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir, bununla bağlı dövlət proqramları müvəffəqiyyətlə icra olunur. Artıq televiziya kimi, kompüterinternet də məişətimizə möhkəm daxil olmuşdur. Odur ki, informasiya cəmiyyəti quruculuğunda yardımçıya çevrilməsi vəzifəsinin mətbuatın qarşısına vəzifə tək qoyulması təbii və başadüşüləndir. Sosial ədalətin və şəffaflığın təmin edilməsi də vacib vəzifələrdəndir. Dövlət öz vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması yönündə ardıcıl tədbirlər görür. Lakin vətəndaşların hüquqlarının pozulması, korrupsiya və rüşvətxorluq hallarının mövcudluğu da sirr deyil. Elektron hökumətin yaradılması, nazirlik, komitə və digər qurumların internet saytlarının təşkili şəffaflığı təmin edən amillərdir. Baş verən proseslər barədə informasiya toplayıb yayan KİV ictimai rəyə təsir imkanları ilə sosial ədalətin qorunmasına öz töhfəsini verə bilir.

Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr uzun müddət ölkəmizə qarşı müxtəlif təxribatlar törətmiş, millidini zəmində qarşıdurma və toqquşmalar yaratmağa cəhdlər göstərmişlər. Hətta, bir sıra dövlətlərin ölkəmizdəki səfirləri respublikanın müxtəlif bölgələrini su yoluna döndərmişdilər. Lakin xalqımızın müdrikliyi və ürək genişliyi, iqtidarın ağıllı və düşünülmüş addımları çoxlarının arzusunu gözündə qoydu. Bu gün artıq bütün dünya Azərbaycanı tolerant dövlət kimi tanıyır və qəbul edir. Çoxları bizdən öyrənməyə çalışır. Milli həmrəylik və tolerantlıq xalqımızın mənəvi sərvətidir. Bu sərvətin qədrini bilmək, onu möhkəmləndirərək inkişaf etdirmək mətbuat üçün də şərəfli işdir.

Ölkəmizdə fikir plüralizmi, çoxpartiyalı sistem mövcuddur. Daha hamının bir partiyanın - Sov.İKP-nin bayrağı altına toplaşdığı, eyni cür düşünüb danışdığı vaxtlar keçib. Demokratiya gündəlik həyatımıza getdikcə daha sıx şəkildə daxil olmaqdadır. İctimai-siyasi həyatda prezident, parlament və bələdiyyə seçkilərində iqtidar-müxalifət mübarizəsi adinormal hala çevrilmişdir. Təbii ki, bu mübarizənin normal şəkildə və sivil qaydada aparılması vacib və gərəklidir. AXC-nin şinelindən çıxan, böyük siyasətə küçə və meydanlardan gələn bəzi müxalifət partiyaları siyasi mübarizədə "meydan ünsürlərinə" - zor və təzyiq vasitələrinə üstünlük verməyə çalışırlar. Belə partiyalara məxsus (yəni, onların vəsaitləri hesabına çıxan) qəzetlər isə aqressivlikləri ilə fərqlənirlər. Əslində, heç kim 2003-cü ilin 15-16 oktyabr dərslərini unutmalı deyil! Bu dərslərin və dövrün tələbi isə demokratik özünüdərkin, siyasi mədəniyyətin yüksəldilməsini tələb edir. Odur ki, bu istiqamətdəki maarifləndirmə və təbliğat məsələləri qəzetlərin səhifələrindən əskilməməlidir.

 

Jurnalistikadan nə tələb olunur

 

Milli mətbuatımızın üzərinə qoyulan mənəvi yükdən biri də milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğidir. Bu, həm də milli ideologiyamızın tərkib hissəsidir. Neçə ildir ki, Azərbaycanda hüquqi-demokratik, unitar və dünyəvi dövlət quruculuğu prosesi gedir. Azərbaycan öz qapılarını dünyaya açmışdır, bəşər sivilizasiyasının nailiyyətlərindən bacarıqla bəhrələnir. Ulu öndər Heydər Əliyev daim Avropa dəyərlərini mənimsəməklə bərabər dilimizi, adət-ənənələrimizi, mədəniyyətimizi və digər milli dəyərlərimizi də qayğı ilə qorumağı, gələcək nəsillərə çatdırmağı tövsiyə edirdi. Təbii ki, əsrlər boyu qazanılanları və saxlanılanları itirmək heç bir xalqa başucalığı gətirməz! Yenilik, yeni düşüncə tərzi nə qədər vacib və gərəkli olsa da, xalqın mənəvi dəyərlərinin köhnəldiyini zənn edərək tarixin arxivinə vermək yaramaz. Odur ki, mətbuat bu məsələləri daim diqqət mərkəzində saxlamalı, dilimizi korlayanlara, mədəniyyətimizə kəm baxanlara, mənəvi dəyərlərimizi yeniləşmə adı ilə korlamaq cəhdlərinə qarşı amansız və prinsipial olmalıdır. Yeniləri qazanmaq, olanları itirmək hesabına başa gəlməməlidir! Dövlət başçısının yeni sərəncamında jurnalistikamızın da qarşısına yeni vəzifələr qoyulub. Sənəddə bu barədə deyilir: "Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır". Burada göstərilən bir neçə məqama ayrıca diqqət yetirmək istərdik.

Peşəkarlıq bütün sahələr üçün vacib keyfiyyətdir, xüsusən də mətbuatda. Çünki mətbuat göz qabağındadır, daha kütləvidir. Burada yol verilən hər bir naşılıq, səriştəsizlik dərhal diqqəti cəlb edir, xoşagəlməz reaksiya doğurur. Üstəlik, mətbuatın özünü gözdən salır. Təəssüf ki, müasir mətbuatın mənəvi çatışmazlığı sırasında siyasiləşmədən sonra peşəkarlıq problemi ikinci yerdə durur. Bunun ən mühüm səbəblərindən biri qeyri-jurnalistlərin bu sahəyə axınıdır. Qəzet təsis edilməsinin son dərəcə sadələşdirilməsi (bəlkə də, bəsitləşdirilməsi) istənilən adamın qəzet açaraq "jurnalistlik fəaliyyəti" ilə məşğul ola bilməsinə şərait yaratmışdır. Ala-babat cümlə qurduğuna inananlar redaksiyalara gəlirlər. "Baş redaktor"lar isə müxtəlif "prinsip və şərtlər" əsasında onları işə qəbul edir, redaksiyanın vəsiqəsini verirlər. Başqa sahələrdən (məsələn, səhiyyə, təhsil, nəqliyyat və s.) fərqli olaraq, jurnalistikada ixtisas və təcrübəsindən, peşə biliyi və vərdişindən asılı olmayaraq, cibinə vəsiqə qoyan şəxs dərhal jurnalist sayılır. Ən pisi odur ki, bu peşə haqqında təsəvvürləri olmayanlar belə uzun illər redaksiyaya gəlib-getsələr də, yalan-gerçək qəzetdə hərdən yazılar yazsalar da, sənətin sirlərini və incəliklərini öyrənmir, ustalıqlarını artırmırlar! Odur ki, iti bıçaq, yaxud kibritlə oynayan uşaq təsiri bağışlayırlar. Belə qəzetlərin və "jurnalistlərin" bolluğu isə artıq milli mətbuatımızın peşəkarlıq səviyyəsini nəzərəçarpacaq dərəcədə aşağı salmışdır.

Partiyalara məxsus qəzetlərin mövcudluğu, habelə qəzetlərin siyasiləşməsi mətbuatın obyektivliyinə əngəl törədən amillərdəndir. Ətrafında baş verən hadisələrə sponsorunun gözü, yaxud məxsus olduğu partiyanın nöqteyi-nəzərindən baxan yazarlar, təbii ki, hadisələri oxucularına birtərəfli, təhrif olunmuş formada çatdırırlar. İstənilən informasiyaya siyasi mövqenin qoyulması isə məqbul sayılmır. Obyektivlikdən uzaqlaşmaq isə əksər hallarda qərəzliliyə yuvarlanmaqla nəticələnir. Qərəzli yazılar yazmaq və dərc etmək isə heç bir jurnalistə və qəzetə heç zaman başucalığı gətirmir!

Milli mətbuatın qarşısına qoyulan "yüksək milli şüur və vətənpərvərlik prinsipi" yeni vəzifələrdəndir. Əslində, bu prinsip öncə KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmışdır. Konsepsiyada təklif olunan vacib istiqamətlərdən biri vətənpərvərlikdir. Nədənsə müstəqil mətbuat vətənpərvərlik tərbiyəsindən uzaq düşmüşdür, siyasiləşmiş qəzetlər isə partiya maraqlarını daim önə çəkirlər. Nəticədə yüksək milli şüurun bəhrəsi sayılan vətənpərvərlik tərbiyəsi axsayır. Azərbaycanın dünyaya sürətlə inteqrasiya olunduğu, beynəlxalq əlaqələrinin genişlənib dərinləşdiyi, müharibə vəziyyətində yaşadığımız və hərbi əməliyyatların bərpasının mümkünlüyü dövründə ölkə vətəndaşlarının, xüsusən yeniyetmə və gənclərin vətənpərvərlik, hərbi vətənpərvərlik, milli və dövləti maraqlara sədaqət ruhunda tərbiyəsi son dərəcə vacibdir! Hər bir jurnalist və KİV bu işlə təmənnasız, şüurlu şəkildə və müntəzəm məşğul olmalıdır!

"Söz və mətbuat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır" - tezisiyeni və zəruri məsələlərdəndir. Doqquz milyon əhalisi olan respublikada 4500-dək KİV, informasiya agentliyijurnalist təşkilatı qeydiyyatdan keçmişdir. 300-dək qəzet və jurnal müxtəlif dövriliklə nəşr olunur. Bu qəzetlərin müəyyən qisminin təsisçi və baş redaktorlarının xalqa deməyə sözüsöz deməyə mənəvi haqları yoxdur! Onlar jurnalistikaya şəxsi maraqlarını təmin etməyə gəliblər. Beləliklə, "qəzet reketçiliyinə" yuvarlanıblar. Məqsədləri ayrı-ayrı imkanlı insanlara hədə-qorxu gəlmək, şər-böhtan atmaqla pul qoparmaqdır! Təəssüf ki, belələrinin sponsor və sifarişçiləri, müdafiəçiləri də var!

Mətbuat Şurasına daxil olan çoxsaylı və haqlı şikayətlər əsasında yüzdən çox qəzet "reket" elan olunaraq "qara siyahı"ya salınmışdır. Onların bir qismi ayıblarına qısılmaq əvəzinə, hətta MŞ-ni məhkəməyə vermişlər və bu günreketçilik əməllərini davam etdirirlər. Ölkə ictimaiyyəti isə "reket qəzet"lərin kökünün kəsilməsini tələb edir. Prezidentin imzaladığı sənədə belə bir müddəanın salınması isə Mətbuat Şurasının söz və məlumat azadlığından sui-istifadəyə qarşı mübarizədə dövlətin dəstəyi anlamındadır. Odur ki, jurnalistikamızın saflığı və təmizliyi uğrunda başlanan çətin mübarizə sonadək davam etdirilməlidir.

 

Prezident sərəncamına uyğun olaraq, Azərbaycan milli mətbuatının 135 illiyi ölkə miqyasında geniş və təntənəli şəkildə qeyd olunur. Yubiley tədbirlərində diqqət uğurlarla yanaşı, nöqsan və çatışmazlıqlara, mətbuatın və jurnalistlərin həlli vacib problemlərinə də yönəldilir. Əlbəttə, mövcud problemləri birdəfəyə və dərhal həll etmək mümkün deyil! Lakin Azərbaycan iqtidarının başlıca məramı və fəaliyyət istiqaməti ölkədə demokratiyanı, söz və məlumat azadlığını durmadan genişləndirmək və dərinləşdirmək, mətbuatın maddi-texniki bazasını və jurnalistlərin sosial durumunu yaxşılaşdırmaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 10 iyun 2010-cu il tarixdə imzaladığı yeni sərəncam da bu məqsədə xidmət edir və əminik ki, qarşıya qoyulan bütün vəzifələr tezliklə uğurlu həllini tapacaqdır.

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2010.- 18 iyul.- S.  1, 5.