Azərbaycan Respublikasının
sülhməramlı əməliyyatlarda iştirakı
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Bu qanun lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycan Respublikasının iştirakının əsaslarını, formalarını və qaydasını müəyyən edir.
Bu qanunda sülhməramlı əməliyyatlarda iştirak dünya birliyi, beynəlxalq təşkilatlar, dövlətlərin koalisiyaları, ayrı-ayrı dövlətlər, dövlət orqanları və qeyri-hökumət təşkilatları tərəfindən lokal və regional münaqişələrin qarşısının alınması, həll olunması, nizamlanması və nəticələrinin aradan qaldırılması sahəsində həyata keçirilən kompleks fəaliyyətin tərkib hissəsi kimi müəyyən edilir.
Bu qanunun müddəaları BMT Nizamnaməsinin 51-ci maddəsinə müvafiq olaraq silahlı hücumun dəf edilməsi məqsədi ilə Azərbaycan Respublikasının ayrılmaz fərdi və ya kollektiv özünümüdafiə hüququnu, həmçinin beynəlxalq və regional təhlükəsizliyin təmin edilməsi üçün digər dövlətlərlə və beynəlxalq təşkilatlarla hərbi sahədə əməkdaşlıq hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası sülhməramlı əməliyyatlarda iştirakının məqsədəuyğunluğunu, miqyasını və dərəcəsini müstəqil surətdə müəyyən edir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Sülhməramlı əməliyyatlarda iştirak
haqqında qanunvericilik
1.1. Azərbaycan
Respublikasının sülhməramlı əməliyyatlarda
iştirakı haqqında qanunvericilik Azərbaycan
Respublikası Konstitusiyasından, bu qanundan, digər normativ
hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
1.2. Bu qanunla Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr arasında ziddiyyətlər
yaranarsa, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci
maddəsinə uyğun olaraq, beynəlxalq müqavilələr
tətbiq edilir.
1.3. Azərbaycan
Respublikası sülhməramlı əməliyyatlar apararkən
və ya kollektiv sülhməramlı əməliyyatlarda
iştirak edərkən BMT-nin Nizamnaməsinə uyğun
olaraq BMT Təhlükəsizlik Şurasının və ya BMT
tərəfindən səlahiyyətləri BMT Nizamnaməsinin
VIII fəslinin müddəalarına uyğun hesab edilmiş
beynəlxalq regional təşkilatların beynəlxalq
sülhün və təhlükəsizliyin qorunması və
ya bərpası, sülhə təhdidin, sülhün
pozulmasının aradan qaldırılması və ya təcavüz
aktının qarşısının alınması məsələlərinə
dair qəbul edilmiş qərarlarını rəhbər tutur.
Maddə 2. Sülhməramlı əməliyyatlar haqqında
qanunvericiliyin tətbiqi
Lokal və regional
münaqişələrin tənzimlənməsi üzrə ərazisində
sülhməramlı əməliyyatlar aparıldıqda Azərbaycan
Respublikasının belə əməliyyatların
iştirakçısı olub-olmamasından asılı
olmayaraq, habelə Azərbaycan Respublikasının sülhməramlı
kontingentinin onun ərazisindən kənarda aparılan sülhməramlı
əməliyyatlarda iştirakına, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə başqa hal nəzərdə
tutulmadıqda, bu qanunun müddəaları tətbiq edilir.
Maddə 3. Bu qanunda istifadə edilən əsas anlayışlar
3.0. Bu qanunda istifadə edilən
əsas anlayışların mənası
aşağıdakı kimidir:
3.0.1. sülhməramlı əməliyyatlar
- dövlətlərin və beynəlxalq təşkilatların,
o cümlədən hərbi və mülki heyətin
iştirakı ilə, BMT-nin Nizamnaməsinə, beynəlxalq
regional təşkilatların qərarlarına uyğun olaraq,
yaxud beynəlxalq regional təşkilatlar və ya müqavilələr
çərçivəsində, yaxud ikitərəfli və
ya çoxtərəfli beynəlxalq müqavilələr əsasında
lokal və regional münaqişələrin
qarşısının alınması və ya onların
dayandırılması və nizamlanması məqsədi ilə
həmin münaqişələrə müdaxilə üzrə
sistemləşdirilmiş mütəşəkkil fəaliyyətidir.
Sülhməramlı əməliyyatlar sülhün qorunması,
sülhün (məcburi surətdə) bərqərar edilməsi
və münaqişədən sonra sülhün bərpası
(sülh quruculuğu) üzrə əməliyyatları əhatə
edir;
3.0.2. sülhün
qorunması üzrə əməliyyatlar - BMT Nizamnaməsinin
VI fəslinin müddəalarına əsasən münaqişə
edən tərəflərin razılığı ilə, beynəlxalq
xarakter daşımayan silahlı münaqişə baş
verdikdə isə ərazisində münaqişə gedən
dövlətin qüvvədə olan qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada aparılan sülhməramlı əməliyyatlardır.
Bu əməliyyatlar BMT-nin və ya beynəlxalq
regional təşkilatların mandatına əsasən, yaxud
beynəlxalq regional təşkilatlar və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr çərçivəsində,
yaxud ərazisində münaqişə gedən dövlətlə
Azərbaycan Respublikasının bağladığı ikitərəfli
və çoxtərəfli beynəlxalq müqavilələr əsasında
həyata keçirilir. Sülhün qorunması üzrə
əməliyyatlar, bir qayda olaraq atəşkəs, yaxud
münaqişə edən tərəflər arasında
zorakılıq hərəkətlərinin
dayandırılması haqqında beynəlxalq müqavilə
mövcud olduqda aparılır və artıq əldə
olunmuş sülhün qorunmasına və möhkəmləndirilməsinə
və ya gələcək münaqişələrin
qarşısının alınmasına xidmət edir;
3.0.3. sülhün bərqərar
edilməsi üzrə əməliyyatlar - BMT Nizamnaməsinin
VII fəslinin müddəalarına əsasən, bir qayda
olaraq, məcburi hərəkət elementlərindən istifadə
olunmaqla, hər hansı bir dövlətin təcavüzünün
və ya beynəlxalq sülhə və təhlükəsizliyə
qarşı təhdidedici hərəkətlərinin
qarşısını almaq məqsədi ilə, yaxud
münaqişə edən tərəflərin və ya ərazisində
münaqişə gedən dövlətin müvafiq
orqanlarının beynəlxalq birlik tərəfindən
müdaxiləyə razılığı olmadan həyata
keçirilən sülhməramlı əməliyyatlardır.
Bu əməliyyatlar yalnız BMT Təhlükəsizlik
Şurasının mandatı (qətnaməsi) əsasında
aparılır və beynəlxalq regional təşkilatlar,
dövlətlərin koalisiyaları və ya ayrı-ayrı
dövlətlər BMT Təhlükəsizlik Şurasından
bilavasitə səlahiyyət almadan həmin əməliyyatları
müstəqil surətdə apara bilməzlər;
3.0.4. münaqişədən
sonra sülhün bərpası (sülh quruculuğu) üzrə
əməliyyatlar - BMT Təhlükəsizlik Şurasının
və ya beynəlxalq regional təşkilatların qərarları
əsasında, yaxud beynəlxalq regional təşkilatlar və
ya müqavilələr çərçivəsində, yaxud
ikitərəfli və ya çoxtərəfli beynəlxalq
müqavilələrə əsasən aparılan humanitar və
iqtisadi yardım göstərilməsi, seçki və
referendumlara hazırlıq və onların keçirilməsi,
siyasi və inzibati idarəetmə strukturlarının bərpası,
hərbi əməliyyatların sabiq
iştirakçılarının demilitarizasiyası və
onlara bəraət verilməsi də daxil olmaqla, münaqişənin
baş verdiyi regionda dinc həyatın bərpası üzrə
əlaqələndirilmiş kompleks tədbirlərin
görülməsinə yönəlmiş sülhməramlı
əməliyyatlardır;
3.0.5. Birləşmiş Millətlər
Təşkilatının sülhməramlı əməliyyatları
- əməliyyat aparmaq səlahiyyətlərinin BMT tərəfindən
bilavasitə verilməsi şərti ilə istər BMT-nin rəhbərliyi
və nəzarəti altında çoxtərəfli kontingentlər,
istərsə də dövlətlərin koalisiya qüvvələri
tərəfindən BMT Təhlükəsizlik
Şurasının mandatı (qətnaməsi) əsasında
aparılan sülhün qorunması və ya sülhün bərqərar
edilməsi üzrə əməliyyatlardır;
3.0.6. beynəlxalq
regional təşkilatların sülhməramlı əməliyyatları
- BMT tərəfindən səlahiyyətləri BMT Nizamnaməsinin
VIII fəslinin müddəalarına uyğun hesab edilmiş
beynəlxalq regional təşkilatın qərarı ilə
aparılan sülhün qorunması üzrə əməliyyatlardır;
3.0.7. lokal
sülhməramlı əməliyyatlar - BMT və ya beynəlxalq
regional təşkilatın mandatı olmadan dövlətlərin
ikitərəfli və ya çoxtərəfli beynəlxalq
müqavilələri əsasında aparılan sülhün
qorunması üzrə əməliyyatlardır.
II fəsil
Sülhməramlı əməliyyatların təşkili
və aparılması
Maddə 4. Münaqişələrin qarşısının
alınması və ya aradan qaldırılması üzrə
əməliyyatlarda Azərbaycan Respublikasının
iştirakı
4.1. Ərazisində lokal,
yaxud regional münaqişənin qaçılmaz olduğu və
ya artıq baş verdiyi dövlətlərlə Azərbaycan
Respublikası arasında bağlanmış beynəlxalq
müqavilələrdə başqa hal nəzərdə
tutulmadıqda, Azərbaycan Respublikası həmin dövlətlərin
daxili işlərinə birbaşa və ya dolayı yolla həyata
keçirilən istənilən müdaxilədən imtina etməlidir.
4.2. Azərbaycan
Respublikası bütün dövlətlərlə münasibətlərdə
güc tətbiq etməkdən və ya güc tətbiq etməklə
hədələməkdən imtina etməli, ərazi və
yaxud digər mübahisə və münaqişələri
yarandıqda isə ilk növbədə tənzimlənmənin
və vasitəçiliyin mövcud olan dinc mexanizmlərini tətbiq
etməlidir.
4.3. Azərbaycan
Respublikasının, yaxud onun vətəndaşlarının
iştirakı ilə beynəlxalq və ya beynəlxalq xarakter
daşımayan münaqişə baş verdiyi təqdirdə
və həmin münaqişənin dayandırılması və
tənzimlənməsi üçün beynəlxalq
iştirak, vasitəçilik və ya müdaxilə tələb
olunduqda Azərbaycan Respublikası BMT və müvafiq beynəlxalq
regional təşkilatlara bu barədə dərhal məlumat
verməli və həmin təşkilatlar yardım və vasitəçilik
etməyə hazır olduqları halda ilk növbədə
onların yardımını və yaxud vasitəçiliyini
qəbul etməlidir.
4.4. Azərbaycan
Respublikası öz ərazisində sülhməramlı əməliyyatlar
aparmaq üçün digər dövlətlərə və
ya beynəlxalq təşkilatlara müraciət edə və
onlardan yardım istəyə bilər.
Maddə 5. Sülhməramlı əməliyyatlarda iştirakın
beynəlxalq hüquqi əsasları və zəruri şərtləri
5.1. Azərbaycan
Respublikasının hərbi və mülki heyətinin
sülhməramlı əməliyyatlarda iştirakı ilə
əlaqədar respublika ərazisindən kənara göndərilməsi
aşağıdakı hallarda həyata keçirilir:
5.1.1. BMT Təhlükəsizlik
Şurasının qərarı (qətnaməsi) və BMT-nin
mandatı olduqda, həmçinin BMT Təhlükəsizlik
Şurasının sərəncamına verilən silahlı
qüvvələrdən istifadə edildiyi hallarda BMT Təhlükəsizlik
Şurası ilə xüsusi razılaşma olduqda BMT Nizamnaməsinin
VI və VII fəsillərinin müddəalarına uyğun
olaraq həyata keçirilən sülhməramlı əməliyyatlarda
iştirak etmək üçün;
5.1.2. beynəlxalq regional təşkilatların
müvafiq qərarı olduqda, yaxud Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr və ya BMT tərəfindən
səlahiyyətləri BMT Nizamnaməsinin VIII fəslinin
müddəalarına uyğun hesab edilmiş beynəlxalq
regional təşkilatlar çərçivəsində, həmçinin
ərazisində münaqişə gedən dövlətin beynəlxalq
müdaxiləyə və münaqişənin
dayandırılmasında və tənzimlənməsində
yardıma razılığı olduqda BMT Nizamnaməsinin VI fəslinin
müddəalarına uyğun olaraq beynəlxalq regional təşkilatlar
tərəfindən həyata keçirilən və məcburi
hərəkətlərə yol verilməyən sülhməramlı
əməliyyatlarda iştirak etmək üçün;
5.1.3. ərazisində
münaqişə gedən dövlətlə ikitərəfli
və ya çoxtərəfli beynəlxalq müqavilələr
mövcud olduqda, həmçinin sonuncunun Azərbaycan
Respublikasının müdaxiləsinə və münaqişənin
dayandırılmasında və tənzimlənməsində
yardım etməsinə razılığı olduqda BMT
Nizamnaməsinin VI fəslinin müddəalarına uyğun
olaraq həyata keçirilən lokal sülhməramlı əməliyyatlarda
iştirak etmək üçün.
5.2. Bu qanunun 5.1-ci maddəsində
göstərilən əsaslar mövcud olmadıqda və ya
onların hüquqi tərtibatı qeyri-müəyyən
olduqda sülhməramlı əməliyyatlarda iştirak etmək
üçün hərbi və mülki heyətin Azərbaycan
Respublikasının ərazisindən kənara göndərilməsi
qadağandır.
5.3. Azərbaycan
Respublikası tərəfindən sülhməramlı əməliyyatlarda
iştirak etmək məqsədi ilə hərbi və
mülki heyətin göndərilməsi haqqında ikitərəfli
və ya çoxtərəfli beynəlxalq müqavilə
imzalandığı təqdirdə, həmin müqavilə Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən qanunla
müəyyən edilmiş qaydada ratifikasiya edilməlidir.
Maddə 6. Sülhməramlı əməliyyatlarda iştirakın
formaları
6.1. Azərbaycan
Respublikasının hərbi və mülki heyətinin
sülhməramlı əməliyyatlarda iştirakına atəşkəs
haqqında və digər düşmənçilik hərəkətlərinin
dayandırılması barədə beynəlxalq müqavilələrə
əməl edilməsinə nəzarət və müşahidə,
qabaqlayıcı tədbirlər, münaqişə edən tərəflərin
ayrılması, onların bölmələrinin tərksilah
edilərək buraxılması, danışıqların təşkilində
vasitəçilik və yardım, münaqişələrin
nəticələrinin aradan qaldırılması, mühəndis
işlərinin və digər işlərin yerinə yetirilməsi,
qaçqınlar və məcburi köçkünlər
probleminin həllinə yardım edilməsi, tibbi, humanitar
yardımın göstərilməsi, əhalinin təhlükəsizliyinin
təmin edilməsi və insan hüquqlarına riayət
olunması üzrə polis və digər funksiyaların yerinə
yetirilməsi, həmçinin BMT-nin Nizamnaməsinə
uyğun olaraq beynəlxalq məcburi hərəkətlərin
həyata keçirilməsi daxil ola bilər.
6.2. Azərbaycan
Respublikası özünün hərbi və mülki heyətini
göndərmədən də ərzaq, dərman vasitələri,
habelə digər humanitar yardım, rabitə və nəqliyyat
vasitələri və digər maddi-texniki ehtiyatları
göndərməklə sülhməramlı əməliyyatlarda
iştirak edə bilər.
Maddə 7. Sülhməramlı əməliyyatların
iştirakçıları
7.1. Azərbaycan
Respublikası tərəfindən sülhməramlı əməliyyatlarda
iştirak etmək üçün göndərilən hərbi
heyətin tərkibinə ayrı-ayrı hərbi
qulluqçular, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin,
hüquq-mühafizə orqanlarının və fövqəladə
halların nəticələrinin aradan qaldırılması
üzrə orqanların, habelə digər dövlət
orqanlarının hərbi və hərbiləşdirilmiş
birləşmələri (müvafiq silahlara və texnikaya,
yardım və təminat vasitələrinə malik olan hissə
və bölmələr) daxil edilə bilər.
7.2. Azərbaycan
Respublikası tərəfindən sülhməramlı əməliyyatlarda
iştirak etmək üçün göndərilən
mülki heyətin tərkibinə diplomatik statusa malik olan və
ya malik olmayan mülki şəxslər, o cümlədən qanunvericilik,
icra və məhkəmə hakimiyyəti orqanlarının
ayrı-ayrı nümayəndələri, nümayəndə
qrupları və ya bölmələri daxil edilə bilər.
7.3. Azərbaycan
Respublikası tərəfindən sülhməramlı əməliyyatlarda
iştirak üçün göndərilən hərbi və
mülki heyət könüllülük əsasında
komplektləşdirilir. Onlar sülhməramlı kontingentin tərkibinə
göndərilməzdən əvvəl müəyyən
olunmuş qaydada xüsusi hazırlıq keçməlidirlər.
7.4. Sülhməramlı əməliyyatların
iştirakçılarının və onların ailə
üzvlərinin sosial müdafiəsi Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq təmin edilir. Azərbaycan
Respublikası sülhməramlı əməliyyatların
iştirakçıları və onların ailə üzvləri
üçün əlavə təminatlar, imtiyazlar və
kompensasiyalar müəyyən edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə sülhməramlı əməliyyatların
iştirakçılarının sosial müdafiəsinin milli
qanunvericiliyə nisbətən daha yüksək təminatı
nəzərdə tutulmuşdursa, o zaman müvafiq beynəlxalq
müqavilənin normaları tətbiq edilir.
Maddə 8. Hərbi heyətin sülhməramlı əməliyyatlarda
iştirak etmək üçün göndərilməsi və
geri çağırılması haqqında qərarların
qəbul edilmə qaydası
8.1. Azərbaycan
Respublikasının hərbi heyətinin sülhməramlı əməliyyatlarda
iştirak etmək üçün respublika ərazisindən
kənara göndərilməsi barədə qərar
müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
qəbul edilir və həmin qərar hərbi heyətin hər
bir konkret halda respublika ərazisindən kənarda istifadə
edilməsinin hüquqi əsasını təşkil edir.
8.2. Müvafiq icra hakimiyyəti
orqanının sülhməramlı əməliyyatlarda
iştirak etmək üçün hərbi heyətin
respublika ərazisindən kənara göndərilməsi
haqqında Azərbaycan Respublikasının Milli Məclisinə
ünvanlanan təqdimatına qeyd edilən hərbi heyətin
fəaliyyət rayonu, onların vəzifələri, ümumi
sayı, tabeliyi, xidmət müddəti və onun uzadılma
qaydası, onların əvəz edilməsi və
çıxarılması şərtləri, silahların
növü və tərkibi, həmçinin hərbi heyət
və onların ailə üzvləri üçün müəyyən
olunan əlavə təminatlar, imtiyazlar və kompensasiyalar
haqqında məlumatlar daxildir. Təqdimata
müvafiq icra hakimiyyəti orqanının bu qanunun 10.4-cü
maddəsində nəzərdə tutulmuş rəyi əlavə
olunur.
8.3. Azərbaycan
Respublikasının hərbi heyətinin hər bir konkret halda
respublika ərazisindən kənarda aparılan sülhməramlı
əməliyyatlarda iştirakının
mümkünlüyü barədə Azərbaycan
Respublikası Milli Məclisinin qərarı yalnız bu qanunun
5.1-ci maddəsində göstərilən əsaslardan ən
azı biri mövcud olduqda qəbul edilə bilər.
8.4. Azərbaycan Respublikası
Milli Məclisinin qərarında respublika ərazisindən kənara
göndərilən hərbi heyətin fəaliyyət rayonu,
onların vəzifələri, ümumi sayı, tabeliyi, xidmət
müddəti və onun uzadılma qaydası, onların əvəz
edilməsi və çıxarılması şərtləri,
silahların növü və tərkibi, həmçinin hərbi
heyət və onların ailə üzvləri
üçün müəyyən olunan əlavə təminatlar,
imtiyazlar və kompensasiyalar haqqında məlumatlar göstərilir.
8.5. Beynəlxalq hərbi-siyasi
vəziyyətin dəyişməsi ilə əlaqədar Azərbaycan
Respublikasının hərbi heyətinin sülhməramlı əməliyyatda
gələcək iştirakı məqsədəuyğun
olmazsa, yaxud iştiraka əsas verən hallar aradan qalxarsa, hərbi
heyətin və ya ayrı-ayrı hərbi
qulluqçuların geri çağırılması
haqqında qərar müvafiq icra hakimiyyəti orqanının
təqdimatına əsasən Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən və
ya Azərbaycan Respublikası Milli Məclisinin öz təşəbbüsü
ilə qəbul edilir. Azərbaycan
Respublikasının Milli Məclisi belə bir təşəbbüs
və onun əsasları barədə müvafiq icra hakimiyyəti
orqanına dərhal məlumat verməlidir.
Maddə 9. Mülki heyətin sülhməramlı əməliyyatlarda
iştirak etmək üçün göndərilməsi və
geri çağırılması haqqında qərarların
qəbul edilmə qaydası
9.1. Bu qanunun 5.1-ci maddəsində
göstərilən əsaslardan ən azı biri mövcud
olduqda müvafiq icra hakimiyyəti orqanı müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırmaqla mülki
heyətin sülhməramlı əməliyyatda iştirak etmək
üçün respublika ərazisindən kənara göndərilməsi
barədə qərar qəbul edir və bir həftə ərzində
bu barədə müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan
Respublikasının Milli Məclisinə məlumat verir.
9.2. Müvafiq icra hakimiyyəti
orqanı sülhməramlı əməliyyat çərçivəsində
humanitar yardımın göstərilməsi və maddi-texniki
ehtiyatların verilməsi, onların müəyyən
edilmiş yerə çatdırılması üçün
nəqliyyat vasitələrinin ayrılması barədə qərarlar
qəbul edir.
9.3. Müvafiq icra hakimiyyəti
orqanının qərarında respublika ərazisindən kənara
göndərilən mülki heyətin fəaliyyət rayonu,
onların vəzifələri, ümumi sayı, tabeliyi, xidmət
müddəti və onun uzadılma qaydası, onların əvəz
edilməsi və çıxarılması şərtləri,
həmçinin mülki heyət və onların ailə
üzvləri üçün müəyyən olunan əlavə
təminatlar, imtiyazlar və kompensasiyalar haqqında məlumatlar
göstərilir.
9.4. Beynəlxalq hərbi-siyasi
vəziyyətin dəyişməsi ilə əlaqədar Azərbaycan
Respublikasının mülki heyətinin sülhməramlı əməliyyatlarda
gələcək iştirakı məqsədəuyğun
olmazsa, yaxud iştiraka əsas verən hallar aradan qalxarsa,
müvafiq icra hakimiyyəti orqanı qeyd edilən mülki heyətin
geri çağırılması barədə qərar qəbul
edir. Qəbul edilmiş qərar barədə
müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan
Respublikasının Milli Məclisinə bir həftə ərzində
məlumat verilməlidir.
9.5. Mülki heyətin təcili
surətdə geri çağırılması barədə
qərar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
hərbi heyətin geri çağırılması barədə
qərarla eyni vaxtda qəbul edilə bilər.
Maddə 10. Sülhməramlı əməliyyatlarda iştirak etmək
üçün göndərilən hərbi və mülki
heyətin hazırlıq və təminatının təşkili
10.1. Sülhməramlı əməliyyatlarda
iştirak üçün göndərilən hərbi və
mülki heyətin formalaşdırılması və
xüsusi hazırlığın keçməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
10.2. Sülhməramlı əməliyyatlarda
iştirak üçün hərbi və ya mülki heyəti
təqdim edən müvafiq dövlət orqanları həmin
heyətin formalaşdırılmasını, xüsusi
hazırlıq keçməsini, tibbi müayinəsini,
attestasiyasını, həmçinin qeyd edilən heyətə
və onların ailə üzvlərinə müəyyən
olunan təminatların, imtiyazların və kompensasiyaların
verilməsini təşkil və təmin edir.
10.3. Sülhməramlı əməliyyatlarda
iştirakla bağlı Azərbaycan Respublikasının
üzərinə düşən maliyyə öhdəlikləri
dövlət büdcəsi, eləcə də qanunvericiliklə
müəyyən edilmiş digər mənbələr
hesabına yerinə yetirilir.
10.4. Müvafiq icra hakimiyyəti
orqanı sülhməramlı əməliyyatlarda iştirak
üçün hərbi və (və ya) mülki heyətin təqdim
olunması ilə bağlı, maliyyə mənbələri
göstərilməklə zəruri xərclər və
lazım olduqda bu məqsədlər üçün əlavə
vəsaitlərin ayrılması barədə rəyini
müvafiq icra hakimiyyəti orqanına təqdim edir, həmçinin
Azərbaycan Respublikasının hərbi və mülki heyətinin
sülhməramlı əməliyyatlarda iştirakı ilə
bağlı xərclərin BMT, beynəlxalq regional təşkilatlar
və ayrı-ayrı dövlətlər tərəfindən
ödənilməsi, sülhməramlı əməliyyatların
iştirakçılarının və onların ailə
üzvlərinin təminatları, imtiyazları və
kompensasiyaları ilə bağlı məsələləri həll
edir.
10.5. Müvafiq icra hakimiyyəti
orqanı Azərbaycan Respublikasının hərbi və
mülki heyətinin sülhməramlı əməliyyatlarda
iştirakına dair Azərbaycan Respublikasının Milli Məclisinə
illik məruzə təqdim edir. Məruzədə
Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda
iştirakının məqsədləri, əsasları,
miqyası və formaları göstərilir, əməliyyatların
faktiki gedişatı və əldə olunmuş nəticələr
təhlil edilir, əməliyyatlarda iştirakın maliyyələşdirilməsinin
mənbələri, həcmi və real
bölüşdürülməsi, itkilər barədə məlumat
verilir.
Maddə 11. Sülhməramlı əməliyyatlarda iştirak etmək
üçün göndərilən hərbi və mülki
heyətin status
11.1. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə digər şərtlər
nəzərdə tutulmadığı hallarda Azərbaycan
Respublikasının sülhməramlı əməliyyatlarda
iştirak etmək üçün göndərdiyi hərbi və
mülki heyətin hüquqi vəziyyəti bu qanunla, əməliyyat
aparmaq hüququ verən mandatla, göndərən və qəbul
edən dövlətlərin əməliyyat
iştirakçılarının statusuna (o cümlədən
yurisdiksiya və hüquqi yardım məsələlərinə)
dair imzaladıqları beynəlxalq müqavilə ilə
müəyyən edilir.
11.2. Azərbaycan
Respublikasının sülhməramlı əməliyyatlarda
iştirak edən hərbi və mülki heyəti ərazisində
əməliyyat aparılan dövlətin suverenliyinə və
qanunvericiliyinə hörmət etməyə, sülhməramlı
əməliyyatın mandatı çərçivəsində
nəzərdə tutulan hərəkətlər istisna olmaqla əməliyyatın
məqsədlərinə uyğun olmayan istənilən hərəkətlərdən
çəkinməyə, ərazisində olduğu dövlətin
daxili işlərinə qarışmamağa, onun ərazisində
siyasi fəaliyyətlə məşğul olmamağa və
münaqişələrdə iştirak etməməyə, həmçinin
əhali arasında itkilərin baş verməsinin və
ekoloji və sənaye infrastrukturuna, tarixi və mədəni əhəmiyyətli
obyektlərə ziyan dəyməsinin qarşısını
almaq üçün bütün zəruri ehtiyat tədbirləri
görməyə borcludur.
11.3. Sülhməramlı əməliyyatlarda
iştirak etmək üçün Azərbaycan Respublikası
tərəfindən göndərilən hərbi heyət, həmçinin
onun tərkibinə bilavasitə daxil olan mülki heyət
sülhməramlı əməliyyatların
iştirakçı dövlətlərinin nümayəndələrindən
təşkil olunmuş komandanlığa, yaxud BMT-nin, beynəlxalq
regional təşkilatın qərarı ilə və ya
dövlətlərarası beynəlxalq müqavilə əsasında
sülhməramlı əməliyyatlara rəhbərlik etmək
məqsədi ilə yaradılmış digər komanda
orqanına tabedir. Heyət ərazisində
sülhməramlı əməliyyatların keçirildiyi
dövlətin (dövlətlərin) sərhədini
keçdiyi andan həmin komandanlığın tabeliyinə
keçir.
11.4. Sülhməramlı əməliyyatlarda
iştirak etmək üçün Azərbaycan Respublikası
tərəfindən göndərilən mülki heyət hərbi
heyətin tərkibinə bilavasitə daxil deyilsə, BMT-nin,
beynəlxalq təşkilatın qərarı ilə və ya
dövlətlərarası beynəlxalq müqavilə əsasında
yaradılan (təyin edilən) ali mülki
orqana (yaxud münaqişənin nizamlanması üzrə ali
siyasi nümayəndəyə) tabedir. Bu müddəa
Azərbaycan Respublikasının istər milli, istərsə də
beynəlxalq qeyri-hökumət təşkilatlarının əməkdaşları
və ya nümayəndələri qismində sülhməramlı
əməliyyatlar zonasında fəaliyyət göstərən
vətəndaşlarına şamil edilmir.
11.5. Heyətin tərkibinə
daxil olan hərbi qulluqçular hərbi geyim formasında olur
və aidiyyəti üzrə müvafiq fərqləndirmə
nişanlarına malik olurlar. Zəruri hallarda
sülhməramlı əməliyyat
komandanlığının qərarı ilə hərbi heyət
üçün xüsusi fərqləndirmə
nişanları müəyyən edilə bilər.
11.6. Nəqliyyat vasitələri,
silahlar və hərbi texnika aidiyyəti üzrə müvafiq
tanınma nişanlarına malik olmalıdır. Zəruri hallarda sülhməramlı əməliyyat
komandanlığının qərarı ilə sülhməramlı
hərbi heyətin nəqliyyat vasitələri, silahları və
hərbi texnikası üçün xüsusi tanınma
nişanları müəyyən edilə bilər.
11.7. Hərbi heyətin
komandanlığı tərəfindən qadağan olunmuş
zonaların, yaxud təhlükəsizlik zonalarının
müəyyən edilməsi sülhməramlı əməliyyat
komandanlığı ilə razılaşdırılmaqla həyata
keçirilir.
Maddə 12. Sülhməramlı əməliyyatlarda iştirak edən
hərbi və mülki heyətin funksiyaları
12.1. Sülhməramlı əməliyyatlarda
iştirak edən hərbi və mülki heyət, bir qayda
olaraq aşağıdakı məqsədlər
üçün istifadə olunur:
12.1.1. düşmənçilik
edən tərəflərin ayrılması;
12.1.2. vəziyyətin
sabitləşdirilməsi və qabaqlayıcı tədbirlər
də daxil olmaqla münaqişə regionunda təhlükəsizlik
şəraitinin yaradılması;
12.1.3. münaqişə
regionunda yerləşən strateji əhəmiyyətli obyekt və
tikililərin, o cümlədən təhlükəli gücə
malik olan qurğu və tikililərin, həmçinin sənaye
infrastrukturu obyektlərinin və nəqliyyat yollarının
müdafiəsi və mühafizəsi;
12.1.4. siyasi
nizamlamaya, həmçinin əsirlərin dəyişdirilməsinə,
qaçqınların və məcburi köçkünlərin
daimi yaşayış yerlərinə qaytarılmasına,
onların problemlərinin həllinə yardım göstərilməsinə
dair beynəlxalq müqavilə və razılaşmaların
işlənib hazırlanmasında münaqişə edən tərəflərə
yardım göstərilməsi və vasitəçilik edilməsi;
12.1.5. münaqişə
edən tərəflərin üzərlərinə
götürdükləri atəşkəs haqqında beynəlxalq
müqaviləyə riayət edilməsi, qeyd edilən rayonda
silahlı qüvvələrin sayının və
iştirakının məhdudlaşdırılması,
onların qoşunlarının və hərbi birləşmələrinin
(hərbi hissə və bölmələrinin) qeyd edilən
rayonlardan çıxarılması və buraxılması
kimi öhdəliklərin yerinə yetirilməsinin nəzarəti
və yoxlanılması;
12.1.6. müəyyən
rayona, o cümlədən ayrılma zonasına nəzarət
edilməsi;
12.1.7. müşahidə
postunun və nəzarət-buraxılış məntəqələrinin
yaradılması, piyada, avtomobil və havadan keşik çəkmənin
(patrulluğun) həyata keçirilməsi;
12.1.8. münaqişə
rayonunda vəziyyətin monitorinqi və əhalinin təhlükəsizliyinin
təmin olunması və insan haqlarına riayət olunması
üzrə funksiyaların yerinə yetirilməsi,
münaqişə edən tərəflərlə
qarşılıqlı fəaliyyət göstərilməsi
və əlaqə saxlanılması, münaqişənin
nizamlanmasında vasitəçilik və ya müşahidəçilik
funksiyalarını yerinə yetirən beynəlxalq təşkilatların
nümayəndələrinin mühafizəsi və təhlükəsizliyinin
təmin edilməsi;
12.1.9. münaqişə
regionunda inzibati (idarəetmə, məhkəmə-hüquq və
s.) funksiyaların birbaşa yerinə yetirildiyi ayrı-ayrı
hallarda, həmçinin seçkilərə, referendumlara
hazırlıq və onların keçirilməsi,
sülhün bərpası ilə bağlı münaqişədən
sonrakı digər məsələlərin həlli zamanı;
12.1.10. sülhməramlı
əməliyyatı aparmaq hüququ verən mandatda şərtləşdirilmiş
digər funksiyaların həyata keçirilməsi.
12.2. Azərbaycan
Respublikasının qüvvədə olan qanunvericiliyinə
müvafiq olaraq və sülhməramlı əməliyyat komandanlığının
əmr və göstərişləri nəzərə
alınmaqla hərbi heyət özünümüdafiənin,
mühafizə və təhlükəsizliyin təmin
olunması ilə bağlı tədbirlər görmək
hüququna malikdir.
12.3. Azərbaycan
Respublikasının hərbi və mülki heyəti
sülhün bərqərar edilməsi üzrə əməliyyatlarda
iştirak edəcəyi təqdirdə (məcburi hərəkət
elementlərindən istifadə etməklə) BMT Təhlükəsizlik
Şurasının qərarı ilə əməliyyatın
mandatına və sülhməramlı əməliyyat
komandanlığının əmrlərinə uyğun olaraq
hərbi heyətin funksiyalarına (bu qanunun 12.1-ci maddəsində
qeyd edilənlərə əlavə olaraq) döyüş əməliyyatlarının
aparılması və silah (güc) tətbiq edilməsi də
daxil edilə bilər.
12.4. Hərbi heyət
dislokasiya olunduğu ərazilərin hüdudlarında
qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi
ilə bağlı əməliyyat və döyüş
hazırlığı üzrə təlimlər (tədbirlər)
keçirə bilər. Bu zaman təlim
keçiriləcək ərazilər, təlimlərin
keçirilmə qaydası və müddəti, təlimlərdə
iştirak edən hərbi heyətin sayı, onların hərəkət
marşrutları, döyüş atəşi mərhələləri,
təhlükəsizlik zonaları, ekoloji və digər məsələlər
sülhməramlı əməliyyat
komandanlığının orqanları ilə
razılaşdırılır.
Maddə 13. Sülhməramlı əməliyyatlarda silah (güc) tətbiq
edilməsinin tənzimlənməsi
13.1. Hərbi heyətin tərkibinə
daxil olan şəxslər hərbi heyət komandanlığının
əmrlərinə uyğun olaraq silah gəzdirmək
hüququna malikdirlər. Hərbi heyətin yerləşdiyi
ərazidən kənarda isə onların silah gəzdirmələrinə,
yalnız sülhməramlı əməliyyatın
qarşıya qoyulmuş vəzifələrini yerinə yetirərkən
icazə verilir.
13.2. Sülhməramlı
kontingentin şəxsi heyəti sülhməramlı əməliyyat
mandatı ilə nəzərdə tutulan vəzifələri
yerinə yetirərkən aşağıdakı hallarda
silahdan istifadə etmək hüququna malikdir:
13.2.1. şəxsi
təhlükəsizliyinə qarşı yönələ biləcək
istənilən qəsddən qorunmaq məqsədi ilə
özünümüdafiə hüququnu həyata keçirərkən;
13.2.2. sülhməramlı
kontingentin şəxsi heyətini ona həvalə olunmuş
funksiyaları yerinə yetirməkdən zorla kənarlaşdırmağa,
yaxud onu tərksilah etməyə cəhd göstərildikdə;
13.2.3. qanunsuz,
o cümlədən terrorçu, silahlı qrup və birləşmələrin
silahlı hücumlarının dəf edilməsi, həmçinin
onların üzvlərinin saxlanılması və tərksilah
edilməsi zamanı;
13.2.4. münaqişə
edən tərəflərin silahlı mübarizə mərhələsində
olan birləşmələri və ayrı-ayrı silahlı
nümayəndələri arasında bufer zonalarının və
təhlükəsizlik zonalarının yaradılması və
saxlanması məsələlərinin həll edilməsi
üçün;
13.2.5. sülhməramlı
kontingentin cavabdehlik daşıdığı zonada mülki əhalinin
həyat və sağlamlığına qarşı yönəlmiş
zorakılıq hərəkətlərinin qarşısını
alarkən.
13.3. Hərbi heyət
sülhməramlı əməliyyatın yerinə yetirilməsi
zamanı, onlara qarşı silahlı müqavimətin
göstərilməsi, yaxud hücumların edilməsi
halları istisna olmaqla, silah tətbiq edərkən ilkin xəbərdarlıq
qaydalarına ciddi surətdə riayət etməli və
qocaların, qadınların, uşaqların, həmçinin
digər mülki şəxslərin təhlükəsizliyinin
təmin olunması üçün mümkün olan
bütün tədbirləri görməlidir.
13.4. Azərbaycan
Respublikasının hərbi və mülki heyəti
sülhün bərqərar edilməsi üzrə əməliyyatda
iştirak edəcəyi təqdirdə (məcburi hərəkət
elementlərindən istifadə etməklə), BMT Təhlükəsizlik
Şurasının qərarı ilə hərbi heyət əməliyyatın
mandatına və sülhməramlı əməliyyatın
beynəlxalq komandanlığının əmrlərinə
müvafiq olaraq silah (güc) tətbiq etmək hüququna
malikdir.
Maddə 14. Sülhməramlı əməliyyatlar zamanı beynəlxalq
humanitar hüquq normalarına riayət olunması
14.1. Sülhməramlı əməliyyatlarda
iştirak edən hərbi və mülki heyət Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə təsbit edilmiş beynəlxalq
humanitar hüquq normalarına riayət etməli, insan hüquq
və azadlıqlarının təmin edilməsi üzrə norma və standartlara ciddi surətdə əməl
etməlidir.
14.2. Sülhməramlı əməliyyat
və hərbi heyət komandanlığı bütün hərbi
və mülki heyətin beynəlxalq humanitar hüququn əsas
prinsip və normaları, həmçinin insan
hüquqlarına riayət olunmasının norma
və standartları ilə, eləcə də qaçqın
və məcburi köçkün şəxslərlə
bağlı hüquqi qaydalarla vaxtında
14.3. Müvafiq icra hakimiyyəti
orqanı əməliyyat mandatının, münaqişə
regionunda mülki əhali ilə qarşılıqlı fəaliyyət
və silah (güc) tətbiqi qaydalarının əks
olunduğu yazılı yaddaş-təlimat
kitabçasının tərtib edilməsini və hərbi
heyətin hər bir hərbi qulluqçusuna
çatdırılmasını təmin etməlidir.
Ayrı-ayrı hallarda heyət əlavə olaraq region əhalisinin
mədəni, dini dəyərləri və ənənələri,
həmçinin gender və müxtəlif yaşlı insanlar
arasında münasibətlərin xüsusiyyətləri ilə
14.4. Sülhməramlı əməliyyat
komandanlığına hüquqi yardım göstərilməsi
və sülhməramlı əməliyyatlar zamanı beynəlxalq
humanitar hüquq normalarının pozulmasının
qarşısının alınması məqsədi ilə
heyətin təlimatlandırılması üçün heyətin
tərkibinə hüquq məsləhətçisi (məsləhətçiləri)
daxil edilir.
III fəsil
Sülhməramlı əməliyyatın
ayrı-ayrı növlərinin xüsusiyyətləri
Maddə 15. Azərbaycan Respublikası tərəfindən göndərilən
hərbi və mülki heyətin BMT-nin sülhməramlı əməliyyatlarında
iştirakının xüsusiyyətləri
15.1. Müvafiq icra hakimiyyəti
orqanının təqdimatı ilə Azərbaycan
Respublikasının Milli Məclisi BMT Nizamnaməsinin 42-ci maddəsinə
uyğun olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən
həyata keçirilən tədbirlərdə iştirak və
istifadə edilməsi, həmçinin BMT Nizamnaməsinin 51-ci
maddəsinə uyğun olaraq fərdi və ya kollektiv
özünümüdafiə hüququna əsasən Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə üzərinə
götürdüyü öhdəliklərin yerinə yetirilməsi
üçün hərbi heyətin göndərilməsi barədə
qərar qəbul edir.
15.2. BMT Nizamnaməsinin 42-ci
maddəsinə uyğun olaraq beynəlxalq sülh və təhlükəsizliyin
qorunması və ya bərqərar edilməsi üzrə məcburi
tədbirlərin tətbiqi və hərbi gücün istifadəsi
ilə bağlı fəaliyyətlər üçün
formalaşdırılan BMT qoşunlarında Azərbaycan
Respublikasının hərbi heyətinin iştirakına dair
BMT Təhlükəsizlik Şurası ilə BMT Nizamnaməsinin
43-cü maddəsinə əsasən xüsusi razılaşma
imzalanır. Xüsusi razılaşmada qoşunların say və
növü, onların yerləşdirilməsi və
hazırlıq dərəcəsi, habelə müəyyən
edilmiş ərazidən keçmə hüququ da daxil olmaqla
təqdim olunacaq təminatın və yardımın xarakteri,
həmçinin bu cür qoşunların BMT Təhlükəsizlik
Şurasının sərəncamına verilməsi
qaydaları müəyyən edilir. Xüsusi
razılaşma Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən qanunla müəyyən edilmiş qaydada
ratifikasiya edilməlidir.
15.3. BMT Azərbaycan
Respublikasına müraciət etdikdə və ya müvafiq
icra hakimiyyəti orqanı hərbi heyətin və müvafiq
icra hakimiyyəti orqanının təqdimatı ilə
mülki heyətin BMT Nizamnaməsinin VI fəslinin müddəalarına
uyğun olaraq məcburi tədbirlər tətbiq edilmədən
sülhməramlı əməliyyatların aparılması
üçün BMT tərəfindən yaradılan sülhməramlı
kontingentin tərkibinə daxil edilməsini məqsədəuyğun
hesab edərsə, bu qanunun 5.1-ci maddəsində göstərilən
əsaslardan ən azı biri mövcud olduqda Azərbaycan
Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti
orqanının təqdimatı ilə hərbi heyətin
göndərilməsi haqqında, müvafiq icra hakimiyyəti
orqanı isə mülki heyətin bu cür əməliyyatlarda
iştirak etmək üçün göndərilməsi barədə
qərar qəbul edir.
Maddə 16. Azərbaycan Respublikası tərəfindən
göndərilən hərbi və mülki heyətin beynəlxalq
regional təşkilatların sülhməramlı əməliyyatlarında
iştirakının xüsusiyyətləri
16.1. Beynəlxalq regional təşkilatların
qərarı ilə, yaxud regional beynəlxalq müqavilələr
çərçivəsində Azərbaycan Respublikası
kollektiv təhlükəsizlik qüvvə və vasitələrinin
(kollektiv sülhməramlı qüvvələrin, çevik
qüvvələrin) və ya hərbi və mülki heyətin
beynəlxalq regional təşkilatların sülhməramlı
əməliyyatlarında iştirakına dair ehtiyat beynəlxalq
müqavilələr sisteminin yaradılmasında iştirak edə
bilər.
16.2. Beynəlxalq regional təşkilatların
(müqavilələrin) iştirakçıları olan
dövlətlərin xahişinə əsasən və onlarla
razılaşdırılmaqla Azərbaycan Respublikası bu
qanunla müəyyən olunmuş qaydada beynəlxalq regional təşkilatların
qərarı ilə, yaxud regional beynəlxalq müqavilələr
çərçivəsində öz hərbi və mülki
heyətini sülhməramlı əməliyyatlarda iştirak
etmək məqsədi ilə həmin dövlətlərin ərazisinə
göndərə bilər.
16.3. Hərbi və mülki
heyətin bilavasitə istifadəsi, vəzifələri, tərkibi,
sayı, onların dislokasiya yerləri, göndərildikləri
ölkənin ərazisində qalma müddəti barədə
qərar beynəlxalq regional təşkilatların ali orqanı tərəfindən qəbul edilir.
16.4. Kollektiv təhlükəsizlik
qüvvə və vasitələri (kollektiv sülhməramlı
qüvvələr, çevik qüvvələr) tərəfindən
sülhməramlı əməliyyatlar yerinə yetirildiyi təqdirdə
Azərbaycan Respublikasının hərbi və mülki heyətinin
onların tərkibində fəaliyyəti bu qanunla, əməliyyat
aparmaq hüququ verən mandatla və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
müvafiq beynəlxalq müqavilələrlə tənzimlənir.
Maddə 17. Azərbaycan Respublikası tərəfindən
göndərilən hərbi və mülki heyətin lokal
sülhməramlı əməliyyatlarda iştirakının
xüsusiyyətləri
17.1. Ərazisində
münaqişə gedən dövlətin münaqişənin
dayandırılmasında və tənzimlənməsində
Azərbaycan Respublikasının yardım etməsinə və
müdaxiləsinə razılığı olduqda, Azərbaycan
Respublikasının həmin dövlətlə
bağladığı ikitərəfli və ya çoxtərəfli
beynəlxalq müqavilələrə əsasən həyata
keçirilən sülhün qorunması əməliyyatlarında
iştirak etmək üçün Azərbaycan
Respublikasının hərbi və mülki heyəti göndərilə
bilər.
17.2. Azərbaycan
Respublikası ikitərəfli və ya çoxtərəfli
beynəlxalq müqaviləyə əsasən digər dövlətin
ərazisində olan hərbi və mülki heyətindən həmin
müqavilədə üzərinə götürdüyü
öhdəlikləri pozmaqla istifadə edilməsinə, həmçinin
öz heyətinin müqavilədə nəzərdə
tutulmuş funksiyalarından kənar hərəkət etməsinə
və digər dövlətin ərazisində müqavilədə
nəzərdə tutulduğundan artıq müddətdə qalmasına
yol verməməlidir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2010-cu il
Azərbaycan.- 2010.- 18 iyul.- S.
2. 3.