Azərbaycan Respublikasının
sülhməramlı əməliyyatlarda iştirakı
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Azərbaycan
Respublikasının sülhməramlı əməliyyatlarda
iştirakı haqqında" Azərbaycan Respublikası
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının sülhməramlı əməliyyatlarda
iştirakı haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. həmin Qanunun
10.1-ci maddəsində nəzərdə tutulmuş sülhməramlı
əməliyyatlarda iştirak üçün göndərilən
hərbi və mülki heyətin
formalaşdırılması və xüsusi
hazırlığın keçməsi qaydasını Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla
müəyyən etsin;
1.4. həmin Qanunun
14.3-cü maddəsinin birinci cümləsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini həyata
keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.5. öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikasının sülhməramlı
əməliyyatlarda iştirakı haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki:
2.1. "Azərbaycan
Respublikasının sülhməramlı əməliyyatlarda
iştirakı haqqında" Azərbaycan Respublikası
Qanununun 8.1-ci maddəsində, 8.2-ci maddəsinin birinci cümləsində,
8.5-ci maddəsinin birinci və ikinci cümlələrində,
9.1-ci maddəsində (ikinci və üçüncü
halda), 9.4-cü maddəsinin ikinci cümləsində,
10.4-cü maddəsində (ikinci halda), 15.1-ci maddəsində
və 15.3-cü maddəsində (birinci və
üçüncü halda) nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
2.2. həmin Qanunun 8.2-ci
maddəsinin ikinci cümləsində, 9.1-ci maddəsində
(birinci halda), 9.2-ci, 9.3-cü maddələrində, 9.4-cü
maddəsinin birinci cümləsində, 10.1-ci maddəsində,
10.4-cü maddəsində (birinci halda), 10.5-ci maddəsinin
birinci cümləsində və 15.3-cü maddəsində
(ikinci və dördüncü halda) nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il
Azərbaycan.-2010.- 18 iyul.- S.3.