Söz vaxtına çəkər

 

Keçən ilin bu vaxtları olardı. Mətbuat Şurasında Nəriman Nəsrulla oğlu Zeynalovun xatirəsinə həsr olunan mərasim keçirilirdi. Həmin gün onun dünyaya göz açdığı, dünyadan köçdüyü gün, yubiley ili idi. Buna baxmayaraq, gələn çox olduğundan hamıya yer çatmadı. Tədbirin özü gözlənildiyindən xeyli uzun çəkdi. Maraqlı cəhət o idi ki, çıxış edənlərin, xatirə söyləyənlərin biri digərini təkrarlamadı. Kimi onun pedaqoji, kimi jurnalistlik fəaliyyətindən, kimi redaktorluq məharətindən, kimi xeyirxahlığından söz açdı. Sonda da qərara alındı ki, Mətbuat Şurası belə insanlarla bağlı mərasimləri mütəmadi keçirsin.

 

Nəriman Zeynalov 1933-cü ildə Göyçay şəhərində dünyaya göz açmış, orada orta məktəbi bitirib 1951-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə (1969-cu ildən fakültəyə çevrilib) daxil olmuşdu. Onun oxuduğu qrupda istedadlı gənclər çox idi. Sonralar onların bir neçəsi Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülmüş, ordenmedallarla təltif edilmişdir. 1956-cı ildə ali təhsilini başa vuranda universitetin mətbuat tarixi kafedrasında müəllim saxlamaqla bərabər, təyinatını Azərbaycan KP MK-nın orqanı olan "Kommunist" qəzetinə (SSRİ süqut edənədək həmin qəzet respublikanın bir nömrəli qəzeti hesab olunurdu) verəndə heç kim təəccüblənmədi.

Nəriman Zeynalov az vaxtda həm dərs dediyi tələbələrin sevimlisinə çevrildi, həm də çalışdığı redaksiya kollektivinin hörmət və nüfuzunu qazandı və bir neçə il sonra qəzetin kənd təsərrüfatı şöbəsinə müdir təyin olundu.

Həmin qəzet ötən əsrin 70-ci illərində Azərbaycanın elm, mədəniyyət, iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində qazandığı misilsiz uğurlarda böyük rol oynamış, nöqsanlara qarşı barışmaz mövqe tutmuş, mətbu sözü ilə ümumi işə mühüm töhfələr vermişdir.

Nəriman müəllimin sözüdür: "Dərin yazmaq azdır, gərək şirin yazasan ki, səni oxuyalar". Qələmə aldığı "Sakitlik", "Birinci A", "Sevgi od deyil" oçerkləri Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Onun sonrakı fəaliyyəti də diqqətdən kənarda qalmamış, üç çağırış Bakı Şəhər Sovetinə deputat seçilmiş, "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.

Nəriman müəllim tədqiqatçı alim kiminüfuz qazanmışdı. "Molla Nəsrəddin" jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. "Oğul o kəsdir ki", "Gümüş dəstəkli qılınc", "Bərəkətli torpaq", "Dağlar oğlu" kitablarından əlavə, Azərbaycan mətbuatının tarixinə dair iki cildlik dərslik də yazıb çap etdirmişdi.

Nəriman Zeynalov 1977-ci ildə Azərbaycan KP MK-nın "Sovet kəndi" qəzetinə (1973-cü ildə bu qəzet SSRİ-nin ali mükafatlarından sayılan "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdi) redaktor təyin olunanda mən artıq bir neçə il idi ki, həmin qəzetin redaksiyasında işləyirdim. O, gəlişi ilə ilk gündən redaksiyaya təzə ab-hava, təzə nəfəs gətirdi. Az vaxtda qəzetin siması xeyli dəyişdi, mövzu dairəsi genişləndi. Qəzetdə yeni, unudulmuş rubrikalar görünməyə başladı.

Bir müddət keçəndən sonra məni yanına çağırıb dedi:

- Yaradıcı işçilərimizin hamısından cavan sənsən. "Redaksiyada əməyin elmi təşkili" mövzusunda məruzə hazırla. Yığıncaqlarımızdan birini bu məsələyə həsr edəcəyik.

Tapşırığın qeyri-adiliyi mənə qəribə gəldi. Duruxduğumu görüb "Çətinliyə düşsən, yanıma gələrsən" - deyib məsləhət, istiqamət verdi. Mətbuatla bağlı təzə çıxan bir neçə kitabın adını çəkib onları hökmən oxumağı tapşırdı.

Məruzə üzərində mənə çox şey öyrətdi. Dövrün bir çox qabaqcıl qəzet redaksiyalarının üsulu ilə, sosioloqların apardıqları tədqiqatların nəticələri ilə tanış oldum. Məsələn, sosioloqlar o vaxtlar yazırdılar ki, elmi-texniki tərəqqinin indiki dövründə mühəndis-texniki işçilərin biliyi hər on ildə, elmi işçilərin biliyi hər beş ildə öz əhəmiyyətinin yarısını itirir. Jurnalist əməyi də elmi işə yaxındır. Odur ki, onun əməyinin elmi təşkilinin daim təkmilləşdirilməsi çox vacibdir. Heç bir yaradıcı xadim geniş auditoriya üçün nəzərdə tutulan böyük bir problemi jurnalist kimi operativ həll edə bilmir. Formal rol strukturu redaksiyanın həyatında mühüm əhəmiyyətə malikdir. Əgər bu bütöv halqanın biri sıradan çıxsa (redaksiyada yer uzun muddət boş qalsa), kollektivin işinə xələl gətirər. Redaksiyalarda qeyri-formal struktur da var. Burada rəsmi rəhbərlərdən başqa, qeyri-rəsmi, formal rəhbərlər də olur. Bunlar olduqca istedadlı, təcrübəli işçilərdir. Redaksiya o vaxt müvəffəqiyyət qazanır ki, rəhbərlik həm formal, həm də qeyri-rəsmi adamlardan istifadə edib onları işlədə bilir. Əməkdaşın istedadının püxtələşməsi də redaksiya daxilində olur. Məsul katib hansı keyfiyyətlərə malik olmalıdır, reportyorlar, xüsusi müxbirlər hansı tələblərə cavab verməlidir. Yaxud jurnalist redaksiyanın verdiyi tapşırığın əksi ilə rastlaşanda nə etməlidir və s. Əməyin elmi təşkili qarşıya məqsəd qoyulması ilə başlanır, praktik nəticə əldə edildikdən sonra başa çatır. Bir məqsədə nail olduqda digər məqsəd irəli sürülür.

Nəriman müəllim bu məsələlərin hamısını yaxşı bilirdi. Deyərdi ki, istər həkim, istər mühəndis, istər jurnalist, ümumiyyətlə, hər bir insan seçdiyi sahənin kamil mütəxəssisi olmaq istəyirsə, ali məktəbdə aldığı biliklə kifayətlənməməli, heç olmasa, öz ixtisası üzrə dünyada baş verən yeniliklərdən xəbər tutmalıdır. Bir sözlə, özündə olan bu keyfiyyətləri tələbələrinə, yoldaşlarına əxz etməyə çalışardı.

Yaxşı yazıları, maraqlı fotoşəkilləri diqqətdən kənarda qoymur, müəlliflərin əməyini mükafatlandırırdı. Onun təşəbbüsü ilə "Sovet kəndi" qəzetində "Fotomüsabiqə" rubrikası açılmışdı. Hər ilin axırında müsabiqəyə yekun vurulur, qaliblərə pul mükafatları verilirdi. Redaksiyadaxili başqa bir müsabiqə də var idi. İlk dəfə işlədilən sərlövhəyə görə elə həmin gün əmr verib müəllifi redaktor fondundan pulla mükafatlandırırdı.

Vaxtı ilə həmin qəzetdə geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanan, sevilə-sevilə oxunan "Pürrəngi çay içə-içə" başlığı altında verilən səhifənin ideyası da Nəriman müəllimə məxsus idi. Onun "Sovet kəndi" qəzetinin redaktoru olduğu illərdə abunə yazılanların sayı artmış, qəzetin tirajı 170 mini keçmişdi.

Dediyim kimi, Nəriman müəllim yaradıcılıq məsələlərinə, janr rəngarəngliyinə xüsusi fikir verirdi. Vaxtilə olmuş hadisə barədə bir hekayə yazmışdım. İlk adı belə idi: "Qızı verdim arağa". Hekayəni oxuyub dedi:

- Adını da dəyiş, sonluğunu da. Nə olsun ki, dələduzun biri əyyaş oğluna qızı verməyəcəklərini bilib kələyə əl atıb. Qızın atasını məclisdə içirib ağlını başından çıxarandan sonra ondan razılıq alıb. Qızın atasını içibsə də, ayılt, ağlını başına qaytar, o qız o oğlana heyifdir, qoy xeyir şərə qalib gəlsin.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində keçdiyi dərslərdə olduğu kimi, redaksiyada da Həsən bəy Zərdabidən, Cəlil Məmmədquluzadədən, Nəriman Nərimanovdan, Üzeyir Hacıbəylidən və o dövrün digər görkəmli şəxslərindən yeri gəldikcə misallar gətirərdi. Dərs dediyi, qələm təcrübəsi öyrətdiyi tələbələrinin ən yaxşı dostu, sirdaşı idi. Yaxşı tanıdığı insanlar, tələbə dostları haqqında həmişə xoş sözlər söyləyərdi.

Öz yazılarında da mətləbdən kənara çıxmaz, yığcamlığı üstün tutar, mürəkkəb fikirləri sadə cümlələrlə, hamının başa düşdüyü şəkildə qələmə alardı.

Bir sözlə, o, redaksiyada əsl yaradıcı mühit yaratmışdı. Məhz onun redaktorluğu dövründə redaksiyanın neçə-neçə əməkdaşı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl, gümüş medallarına layiq görülmüşdü.

1989-cu ildə Nəriman müəllim Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə dekan seçiləndən bir müddət sonra mənə zəng vurub yanına çağırdı. Hal-əhval tutub dedi:

- Rektorla danışıb, əlavə ştat almışam. Növbəti dərs ilində gələrsən bura, yenə bir yerdə işləyərik.

- Axı, mənim elmi dərəcəm yoxdur.

- O vaxt redaksiyada əməyin elmi təşkili ilə bağlı hazırladığın məruzəni neyləmisən?

- Saxlamışam.

- Üzərində bir qədər işlə, faktları təzələ, genişləndir, olsun dissertasiya. Qalan işləri də köməkləşib yoluna qoyarıq...

Çox təəssüf ki, bu, bizim son görüşümüz oldu. Həmin söhbətdən təqribən iki həftə sonra Nəriman müəllim dünyasını dəyişdi.

Cəmi 56 il ömür sürən Nəriman Zeynalov xeyirxahlığı, duzlu, şirin söz-söhbətləri ilə təkcə yaxınlarının, dərs dediyi tələbələrinin xatirində deyil, eyni zamanda, XX əsr Azərbaycan mətbuatı tarixində silinməz izlər qoyan az-az insanlardan biridir. Odur ki, Azərbaycan mətbuatının inkişafında xidmətləri olan jurnalistlərdən, pedaqoqlardan, qəzet-jurnal redaktorlarından söz düşəndə onun da adı birincilər sırasında həmişə böyük hörmət və ehtiramla çəkilir.

 

 

Rüstəm RÜSTƏMOV

 

Azərbaycan.- 2010.- 18 iyul.- S.  6.