Vicdanın səsi

 

İndi artıq keçmiş adlandırdığımız XX əsrin 70-ci illərinin ikinci yarısında ADU-nun (indiki BDU) jurnalistika fakültəsində təhsil alanların sırasında mən də var idim. Fakültəmizdə vaxtaşırı maraqlı şəxsiyyətlərlə görüşlər təşkil olunardı. Biz tələbələr bu tədbirlərə böyük həvəslə toplaşar, hər qonağımızın söylədiklərini az qala, cümlə-cümlə yaddaşımıza yazmağa çalışar, onlardan eşitdiyimiz hər kəlməni "qənimət" bilərdik. Bir gün də müəllimlərimiz tələbələrin o zaman Azərbaycanın ən aparıcı mətbu orqanı olan "Kommunist" qəzetinin redaktoru, Azərbaycan KP MK-nın üzvü Ağababa Rzayevlə görüşünü təşkil etdilər.

Hər birimiz ciddi görkəm alıb qonağın yolunu gözləyirdik. Amma elə ki, tədbir başlandı, bayaqkı gərginlikdən əsər-əlamət qalmadı. Biz sözün əsl mənasında, maraqlı bir dərsdə idik - jurnalistika, qəzetçilik, sənətə vurğunluq, peşəkarlıq haqqında əyani dərsdə.

İkinci dəfə Ağababa müəllimi 1980-ci ilin yayında "Kommunist" qəzetində gördüm. Amma o, artıq redaktor deyildi. Bir neçə ay əvvəl təqaüdə çıxmışdı. Məni isə buraya işə ondan sonrakı redaktor - Rəşid Mahmudov götürmüşdü. Hər ikisinin qəbri nurla dolsun.

Doğrusu, Ağababa Rzayevlə "Kommunist"in geniş dəhlizində üz-üzə gələndə gözlərimə inanmadım. Axı, yaranmış stereotiplərə görə (əvvəl də, elə indinin özündə də), idarə rəhbəri vəzifədən çıxandan sonra əksər hallarda bir daha o tərəflərə üz çevirmir. Amma Ağababa Rzayev redaktor olmayandabu qəzetdə heç bir başqa vəzifə tutmayanda da hərdən redaksiyaya gəlir, işçilərlə əvvəllər olduğu kimi hal-əhval tutur, yaradıcılıq söhbətləri edir, hətta sadə fincanda jurnalistlərin çayını da içirdi. Bunların səbəbini bilmək üçün o vaxt, görünür, çox "uşaq" imişəm. İndi isə aydın dərk edirəm: Ağababa Rzayev 18 il ərzində "Kommunist"də elə redaktor olmuşdu ki, sonralar redaksiyanın qapılarını ürəklə açanda sanki divarlar da ona baş əyirdi. Məsul katib də, müxbir də, korrektor da, makinaçı da onu gülərüzlə qarşılayır, gəlişinə sevinirdi.

Ağababa Rzayev jurnalistikada böyümüşdü. "Böyümüşdü" sözünün həm birbaşa, həm məcazi mənasında. Əmək fəaliyyətinə hələ yeniyetmə ikən başlamışdı. Bakı Sənaye Texnikumunu bitirib poliqrafçı peşəsinə yiyələnmişdi və taleyini ömürlük mətbuatla bağlamışdı. Əvvəllər korrektor işləyə-işləyə qələmini sınamış, yazdığı məqalələr get-gedə təkmilləşmişdi. Bir jurnalist kimi isə sınaqdan "Azərbaycan pioneri", "Gənc işçi" qəzetlərində çıxmışdı. Özünü elə göstərmişdi ki, cəmi bir neçə ildən sonra onu "Kommunist" qəzetinə müxbir götürmüşdülər.

1942-ci ildə müharibəyə gedir. Dörd il atıcı briqadanın tərkibində şərəfli döyüş yolu keçir. Baltikyanı ölkələrin, Polşanın faşistlərdən təmizlənməsində, Berlinin alınmasında şücaət göstərir.

Faşizm üzərində Qələbədən sonra elə əsgər paltarındaca birbaşa doğma "Kommunist" qəzetinə gəlir. 10 il burada məsul katibin müavini, şöbə müdiri, məsul katib vəzifələrində çalışır. 1955-ci ildə Moskvaya ali siyasi jurnalistika kurslarına təhsil almağa gedir. 1958-ci ildə yenidən "Kommunist"ə qayıdır və bu dəfə qəzetin redaktor müavini kimi fəaliyyət göstərməyə başlayır.

1963-cü ildə Ağababa Rzayevi Azərbaycan KP MK-nın orqanı olan "Kommunist" qəzetinə redaktor təyin edirlər. 1980-ci ildə təqaüdə çıxana qədər Ağababa müəllim qəzetə böyük səriştə ilə redaktorluq edir.

Bu həmin illər idi ki, Azərbaycanda böyük vüsətli, geniş miqyaslı işlər gedirdi. Pambıq tarlalarında, taxıl zəmilərində, üzüm bağlarında bol məhsul yetişdirən kəndlinin əməyi qəzetin səhifələrində demək olar ki, hər gün öz əksini tapırdı. Qəzet evlər tikən, zavod sexlərindəki gecə-gündüz növbələrində bir-birini əvəz edən fəhlələrin əməyini də eyni məhəbbətlə vəsf edirdi. O illərdə metro stansiyaları tikilirdi, Xəzərdəki estakadalar üstündə dünyada analoqu olmayan dəniz şəhəri getdikcə böyüyürdü.

1969-cu ildən respublikaya ümummilli lider Heydər Əliyev rəhbərlik etməyə başlayır. Qəzet ulu öndərin rəhbərliyi altında daha geniş vüsət alan işlərin salnaməsinə çevrilir.

Azərbaycan xalqının həyatında dönüş yaradan 1969-cu ilin avqust plenumundan sonra respublikada baş verən misilsiz dəyişiklikləri qəzet oxuculara tam dolğunluğu ilə çatdırırdı. Öz çıxışları ilə həyatın müxtəlif sahələrinə dərindən nüfuz edir, xalqa daha da yaxınlaşırdı. Hər nömrədə çiçəklənən Azərbaycan kəndi öz əksini tapırdı. Xalqımıza bu gün də xidmət edən Bakı Dərin Özüllər Zavodunun, Bakı Məişət Kondisionerləri Zavodunun, onlarla digər nəhəng müəssisənin, hündür mərtəbəli yaşayış evlərinin tikintisindən qəzetin peşəkar yazarlarının reportajlarını oxucular maraqla izləyirdilər.

Bütün bunlarla yanaşı, qəzet neqativ hallara da qətiyyən göz yummurdu. Felyeton, replika, şarj, foto-ittiham geridə qalanları, irəliləyişə mane olanları tənqid etmək üçün kəsərli jurnalist silahı idi. Özü də kəsərli sözə, prinsipial xarakterə malik olan redaktor belə tənqidi çıxışların və onların müəlliflərinin necə deyərlər, arxasında dayanmağı bacarırdı. Çünki bilirdi ki, var qüvvəsi ilə Azərbaycanın inkişafına çalışan respublika rəhbəri qəzetin tənqid atəşinə tutduğu belə hallara qarşı barışmazdır. Bu, bir redaktor kimi Ağababa Rzayevin cəsarətini daha da artırırdı.

O illərdə "Kommunist" qəzetində indi Azərbaycan mətbuatı tarixində izini çox aydın gördüyümüz bir sıra qələm sahibləri çalışırdı. Qəzetdə Əli İldırımoğlunun felyetonu çıxanda həmin nömrə əldən-ələ gəzirdi. Rəfail Nağıyevin hər publisist yazısı az qala, sensasiya yaradırdı. Əhməd İsayevin hər dəfə müəyyən bir problemə toxunan məqalələri əks-sədasız ötüşmürdü. Qəzetdə Hidayət Zeynalov, Telman Heydərov, Telman Əliyev, Firuzə Nağıyeva, Məryəm Həsənzadə, Bariz Əsədov kimi peşəkarlar qələm çalırdı.

Azərbaycanın əməkdar jurnalisti, uzun müddət qəzetin Gəncə şəhərində və ətraf rayonlarda xüsusi müxbiri olmuş Əhməd İsayevin xatirəsindən:

"İşçilərə qarşı çox tələbkar, eyni zamanda, qayğıkeş, mehriban idi. Hər dəfə müxbir məntəqəsinə zəng vuranda əvvəlcə hal-əhvalı xəbər alar, sonra da sözünü deyər, tapşırığını verərdi. Danlamağı da vardı. Amma yeri gələndə, işçini mərd-mərdanə müdafiə edirdi. "Əlifbanın birinci hərfi" adlı tənqidi yazım çıxandan sonra Daşkəsən Rayon Partiya Komitəsinin birinci katibi müxtəlif ünvanlara şikayət məktubları yazırdı. Günlərin birində Ağababa müəllim mənə zəng vurdu: "Yazılanlara qarşı bir narahatlığın yoxdur ki?" Dedim, qətiyyən yoxdur. "Diqqətli ol, - dedi, - bəlkə yoxlamağa gəldilər". Səhəri günü Mərkəzi Komitənin nümayəndəsi ilə birlikdə redaksiyadan iki nəfər jurnalist gəldi. Vəziyyət yerli-yerində öyrənildi. Hər iki tərəfin iradları araşdırıldı.

A.Rzayevin təşəbbüsü ilə əsl həqiqət respublikanın başçısı Heydər Əliyevə çatdırıldı. Bununla da, qəzetin obyektiv çıxışına qeyri-obyektiv münasibət bəsləyən birinci katib vəzifəsi ilə xudahafizləşməli oldu.

Həmin rayonun icraiyyə komitəsinin sədri Georgi Manasyanın bəd əməlləri barədə material hazırlanarkən də aləm bir-birinə qarışdı. Moskvadan tutmuş Bakıya kimi "nüfuzlu" erməni rəhbərləri Manasyanın müdafiəsinə qalxdılar. Azərbaycan KP MK-nın ikinci katibi redaktora zəng çaldı:

- Bəlkə materialı saxlayasınız.

Redaktor əlüstü cavab verdi:

- Bəs müxbirə nə deyim?

- Özün bil, hər halda, yazı getməsə yaxşıdır.

Ağababa Rzayev söhbəti kəsmək üçün qəfildən xəbər aldı:

- Bu tapşırığınızdan yoldaş Heydər Əliyevin xəbəri varmı?

Qarşı tərəf o dəqiqə geri çəkildi:

- Yaxşı, yaxşı, sənə də söz demək olmur, necə bilirsiniz, elə də eləyin.

Yazı çap olunduManasyana qarşı cinayət işi qaldırıldı".

Əməkdar mədəniyyət işçisi, uzun illər "Kommunist" qəzetində fotomüxbir işləmiş Fərman Bağırov da maraqlı xatirələr danışır: "Ağsu rayonuna ezamiyyətə getmişdim. Pambığın yetişən vaxtı idi. Tarlaların birinin yanından keçəndə gördüm ki, buradakı qozalar büzüşüb. Deməli, suvarma aparılmamışdı. Sahədə gübrə ilə dolu yeşiklərin atılıb qalması aqrotexniki qulluğun da aparılmadığını göstərirdi. Bu mənzərənin yanından laqeyd ötmək mümkün deyildi. Odur ki, burada altı kadr çəkərək redaksiyaya foto-ittiham təqdim etdim. Redaktor şəkillərdən üçünü seçdionlar dərhal dərc olundu. Rayon partiya komitəsinin birinci katibi elə həmin gün səs-küy qopardı. Qəzeti şantaj edərək deyirdi ki, şəkillər başqa rayonda çəkilib. Lakin o, bir nüansı unutmuşdu: şəkilləri çəkdiyim zaman sahədə həmin briqadanın nömrəsi, başçısının adı və soyadı, öhdəliyi yazılmış lövhəni də obyektivə almışdım. "Yuxarı"dan zəng vuran bir məmur foto-ittihama görə Ağababa Rzayevə etirazını bildirəndə mən də redaktorun kabinetində idim. Ağababa müəllim onu çox sakitliklə dinləyəndən sonra bircə cümlə dedi: "Oradan daha üç şəkil var, sabahkı nömrədə də onları verəcəyəm". Ağababa Rzayev bir redaktor kimi cəsarətli və tələbkar idi. Biz onu dostinsan kimiheç vaxt unutmuruq".

Ağababa müəllim üç oğul, bir qız atası idi. İndi övladlarından qalanı təkcə Əminədir.

EƏminə xanım "Azərbaycan" nəşriyyatının pillələrini aramla qalxanda çox tutqun idi. Amma redaksiyanın ab-havasını duyan kimi rəngi-ruhu açıldı. Böyük maraqla "Azərbaycan" qəzetinin mətbuat muzeyi ilə tanış oldu. Azərbaycanın görkəmli jurnalistlərinin, o cümlədən atasının da şəkli vurulmuş lövhənin qarşısında ayaq saxladı. Kövrəldi. Elə söhbətimiz boyu da Əminənin gözləri bulud kimi gah dolur, gah da boşalırdı. Çözələnmiş xatirələrini "yığıb-yığışdırmaq" olmurdu.

Söylədi ki, Ağababa müəllim qəzetin çapa hazırlanmasına nəzarət etmək üçün axşamlar mətbəəyə gedərmiş. Bəzi günlərdə isə xidməti sürücüsü qəzetin hələ çapa getməmiş səhifələrini axşam onun evinə gətirərmiş. Redaktor ayrıca bir otağa çəkilər, qarı-pəncərəni bağlayıb səhifələri başdan-ayağa oxuyarmış. Belə saatlarda bütün mənzil sükuta qərq olar, heç kəs cınqırını çıxarmazmış.

Sürücü səhifələri aparandan sonra evdəkilər Ağababa müəllimin əhval-ruhiyyəsindən bilərmişlər ki, qəzetin yeni nömrəsi onun ürəyincədir, ya yox.

Demə, redaktorun qəzətə "kompliment" söyləməyi də varmış! Maraqlı yazılar dərc olunanda sevinə-sevinə "Mənim qəzetim şokoladdır" deyərmiş. Ertəsi günlərdə nömrələr yenidən xoşuna gələndə qəzeti nabata, marmelada bənzədərmişE Ağababa müəllimin xasiyyətindəki ciddilik şuxluqla, zarafatla, səmimiyyətlə çulğalaşırdı.

Əminə xanım danışır ki, 70-ci illərdə Azərbaycan jurnalistlərindən biri Moskvada ezamiyyətdə olarkən keçmiş SSRİ silahlı qüvvələrinin muzeyinə baxır. Buradakı eksponatlar arasında 1945-ci il Reyxstaqında çəkilmiş bir şəkil də görür. Şəkildə Reyxstaqın divarlarına rus dilində həkk olunmuş bu sözlər yazılmışdı: "İz Baku Ağababa Rzayev".

Ezamiyyətdə olan jurnalist Bakıya qayıdandan sonra Ağababa müəllimin yanına gəlir. Muzeydə gördüklərini danışıb çaşqınlıqla soruşur: "Onu yazan Siz deyilsiniz ki?.."

Ağababa müəllimi gülmək tutur.

Beləcə sadə idi Ağababa Rzayev. gördüyü işlərdən qürrələnərdi, nə də tutduğu yüksək vəzifələrdən. Əməkdar mədəniyyət işçisi olduğunu, istər müharibədə, istərsə də əmək fəaliyyəti illərində ordenlər aldığını heç dilinə də gətirməzdi. Gözü-könlü tox insan idi. Üç çağırış respublika Ali Sovetinin deputatı olanda da bu imkandan mətbuatın inkişafı və insanların problemlərinin həllli üçün istifadə etməyə can atırdı.

Ömrü zəhmətdə keçdiyindən ahıl yaşında da işsiz dayana bilmirdi. Kitab yazırdı, tərcümələr edirdi. Qızı Ağababa müəllimin "Son güllə", "Yaddaşımdan sətirlər", "Üç brilyant" adlı kitablarının hərəsinin bir nüsxəsini redaksiyamıza bağışladı:

- Atamın ömrü boyu etdikləri və yazdıqları vicdanının səsi olub, - dedi. - Özüm jurnalist olmasam da, mətbuatı çox sevir və mütəmadi izləyirəm. Düşünürəm ki, vicdanın səsini dinləyə-dinləyə yazıb-yaratmaq hansı dövrdə yaşamasına baxmayaraq bütün jurnalistlərə müyəssər olmalıdır.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2010.- 18 iyul.- S.  6.