Ədalət Vəliyevin "Əqidə,
ruh və teatr"
monoqrafiyası çapdan
çıxmışdır
"Əgər mən nəyəsə inanıramsa o, yalnız mədəniyyətdir. Dərindən fikirləşilsə, mədəniyyət heç də hər şeylə maraqlanmağa deyil, kamilliyə, məhəbbətə əsaslanır. Mədəniyyət kamilliyin dərk edilməsidır. Mədəniyyət adamları - bərabərliyin həqiqi elçiləridir".
Mədəniyyət və turizm nazirinin müavini, Azərbaycan Yazıçılar Birliyinin, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin, Rəssamlar İttifaqının, Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin üzvü, sənətşünaslıq namizədi Ədalət Vəliyevin yenicə nəfis tərtibatda çapdan çıxmış "Əqidə, ruh və teatr (XX əsrin II yarısında Azərbaycan mədəniyyətində milli teatr konsepsiyasının sosial-fəlsəfi və siyasi-ideoloji paradiqması)" monoqrafiyası görkəmli ingilis şairi və tənqidçisi Mətyu Arnoldun bu fikirləri ilə açılır.
Əsasən, XX əsrin II yarısında Azərbaycan mədəniyyəti hüdudlarında gerçəkləşmiş, öz mövcudluq parametrlərini qazanmış milli teatr konsepsiyasının mahiyyətinin açılmasına, onun ictimai-siyasi vəziyyətlə, mənəvi-əxlaqı mühitlə əlaqəsinin aşkarlanmasına həsr olunmuş, girişdən və üç fəsildən ibarət olan kitabda qarşıya qoyulan məqsədə nail olunmuşdur.
Tədqiqatın yeniliyi və orijinallığı ondadır ki, müəllif monoqrafiyasında bu vaxtadək haqqında danışılmamış, lakin müasir dünya mədəniyyətində mühüm rol oynamış əcnəbi teatr sənətçilərinin nəzəri və fəlsəfi fikirlərini Azərbaycan teatr düşüncəsinə gətirir. Başqa sözlə, Ədalət Vəliyevin yeni monoqrafiyasının elmi-nəzəri və metodoloji əsaslarını dünya sənətşünaslıq elminin, fəlsəfə və estetikanın öncül nailiyyətləri təşkil edir.
Bütün bunlara görə cəsarətlə demək olar ki, tədqiqatçı Ədalət Vəliyevin yaradıcılığının son məhsulu olan "Əqidə, ruh və teatr (XX əsrin II yarısında Azərbaycan mədəniyyətində milli teatr konsepsiyasının sosial-fəlsəfi və siyasi-ideoloji paradiqması)" monoqrafiyasının yekun və nəticələrindən teatr tariximizin müasir mərhələsinin tədrisi, habelə teatr tənqidi üzrə seminar dərsliyi kimi istifadə edilə bilər. Həmçinin monoqrafiyanın materialları mühazirə və seminarların hazırlanmasında, aparılmasında metodik göstərici funksiyasını yerinə yetirməyə qadirdir.
Monoqrafiyanın elmi redaktoru sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir.
Qeyd edək ki, indiyədək Ədalət Vəliyevin "Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri" monoqrafiyası, "Teatr sənətimiz: dünən, bu gün, sabah..." və "Yeni təməl" kitabları işıq üzü görmüşdür.
AzərTAc
Azərbaycan.- 2010.- 18 iyul.- S.
8.