Dövlət başçılarının birgə mətbuat konfransı

 

İyulun 18-də Batumidə geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin birgə mətbuat konfransı keçirilmişdir. Dövlət başçıları bəyanatlarla çıxış etdilər.

 

Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin bəyanatı

 

- Biz Azərbaycanın dövlət başçısını, qardaşımızı burada salamlamaq istəyirik. Bizim qurduğumuz uzunmüddətli əməkdaşlıq artıq Bakı və Batumi şəhərləri arasında da öz müsbət nəticəsini vermişdir. Bildiyiniz kimi, Bakıdan gəlmiş iş adamları Batumidə işləyir və eyni zamanda, Batuminin iş adamları Bakıda fəaliyyət göstərirlər. Batumi limanından çıxan gəmilər artıq yola düşmüşlər. Bu da Bakı ilə Tbilisi arasındakı əməkdaşlığın nəticəsidir. Bütün bunlar bizim qarşıya qoyduğumuz ümumi əməkdaşlıq proqramının bir hissəsidir.

Hazırda Bakıda çox müsbət dəyişikliklər baş verir və biz bu dəyişiklikləri görməkdən çox şadıq. Eyni zamanda, Batumidə də inkişaf prosesləri gedir. Çalışırıq ki, biz də hər bir sahədə inkişafa nail olaq.

Bu gün biz danışıqlar apardıq və Batumidə Azərbaycan Dövlət Neft Şirkətinin ofisini açacağıq. Bu açılış tarixi bir binada baş verəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin razılığı ilə biz bu məqsədlə lazımi infrastruktur yaratmışıq və Batumidə bu ofisin uğurla fəaliyyət göstərəcəyinə tam əminik.

Cənab Prezident, biz Sizin bu səfərinizdən çox məmnunuq, məhz bu münasibətlə Sizə öz təbriklərimizi çatdırırıq. Bizim dostluğumuz uzunmüddətli bir dostluqdur, böyük tarixi vardır və bir çox sınaqlardan keçmişdir. Gürcüstan heç zaman yaddan çıxarmayacaq ki, enerji infrastrukturumuz partladılanda, gürcü xalqı qışın soyuğunda çətin şəraitdə qalanda Azərbaycan bizim ehtiyaclarımızı təmin etmək üçün köməyə gəldi. Mən tam əminəm ki, Gürcüstan xalqı Azərbaycanın bu yardımını heç vaxt yaddan çıxarmayacaqdır. Biz bu yardımı heç vaxt unutmayacağıq. Çünki bu kömək Gürcüstanın tarixində ən ağır bir vaxtda göstərilmişdir. O vaxt Azərbaycan çox mühüm bir qərarı qəbul etdi və həmin ağır vaxtlarda Gürcüstanın köməyinə gəldi. Bu, təkcə strateji tərəfdaşlığın nəticəsi deyil, bu, qardaşlıq rəmzidir. Hətta biz konfederativ münasibətlər qurmuşuq.

Bizim münasibətlərimiz normal münasibətlər çərçivəsindən daha genişdir. Tam əminik ki, biz bundan sonra da bir-birimizə yardım göstərəcəyik. Azərbaycan üçün hər hansı bir ağrılı məsələ Gürcüstan üçün də ağrılı məsələdir və eyni zamanda, Gürcüstan üçün ağrılı olan məsələ, həmçinin, Azərbaycan üçün ağrılı məsələdir.

Bu gün biz, eyni zamanda, xüsusi vurğuladıq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tam istismara verilməsi mütləqdir. Hesab edirik ki, Azərbaycanın da müvafiq qurumu - Dövlət Dəmir Yolu İdarəsi bu işdə iştirak edə bilər. Eyni zamanda, biz qeyd etdik ki, Gürcüstanın təbii qaza olan tələbatının 70 faizi məhz Azərbaycan qazı hesabına təmin edilir. Bilirsiniz ki, sovet vaxtından qalmış avtomobil yolları da bundan sonra təmir ediləcəkdir. Beləliklə, biz bütün daşınma yollarını lazımi formaya gətirəcəyik ki, Çindən gələn yolun mümkün qədər qısa məsafədən - Azərbaycandan və Gürcüstandan keçərək Avropaya çıxışını təmin edək.

Bütün bunlar sıx münasibətlər nəticəsində mümkün olmuşdur. Ölkələrimiz arasında heç bir problem yoxdur. Bizim münasibətlərimiz son illər ən yüksək səviyyəyə çatmışdır və biz bunu davam etdirməliyik. Təbii ki, bu münasibətlərin əsasını məhz Heydər Əliyev qoymuşdur. Biz bütün səylərimizlə çalışacağıq ki, əsrlər boyu xalqlarımızı bir-birinə bağlayan münasibətlər bundan sonra da inkişaf etsin. Heydər Əliyevin strateji baxışları nəticəsində bu münasibətlər daha da möhkəmlənmiş və İlham Əliyevin böyük səyləri sayəsində isə daha da güclənmişdir. Biz tam əminik ki, bu əlaqələr, bu münasibətlər daha da inkişaf edəcək, regionumuzda sabitliyə xidmət göstərəcəkdir.

Mən Sizi Gürcüstanda bir daha salamlayıram, Sizə xoş gəlmisiniz deyirəm. Siz Gürcüstanı yaxşı tanıyırsınız, burada özünüzü öz evinizdəki kimi hiss edin.

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20 iyul.- S.  1, 2.