Dövlət
başçılarının birgə mətbuat konfransı
İyulun 18-də Batumidə geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin birgə mətbuat konfransı keçirilmişdir. Dövlət başçıları bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
- Çox sağ olun, hörmətli cənab Prezident, əziz dostum! İlk növbədə məni Gürcüstana dəvət etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Mən yenidən Batumidə olmağımdan çox məmnunam. Burada gördüyüm dəyişikliklər, inkişaf məni bir dost kimi çox sevindirir. Bu, bilavasitə Sizin Prezident kimi fəaliyyətinizin nəticəsidir. Batumi gündən-günə gözəlləşir, abadlaşır, müasir binalar, mehmanxanalar tikilir, gözəl infrastruktur yaradılır. Mən iki il bundan əvvəl Batumidə olmuşam və müqayisə aparmaq üçün indi məndə kifayət qədər imkanlar vardır. Gördüklərim məni çox sevindirir. Çünki Sizin uğurunuz bizim də uğurumuzdur. Sizin fəaliyyətiniz nəticəsində Gürcüstan xarici sərmayələr üçün çox cəlbedici ölkəyə çevrilibdir. Gürcüstana milyardlarla vəsait yatırılır və xarici şirkətlər tərəfindən göstərilən etimad çox böyük əhəmiyyətə malikdir. Bu onu göstərir ki, Gürcüstanın uğurlu və sabit inkişafına böyük inam vardır.
Mən çox şadam ki, Gürcüstana investisiya qoyanların arasında Azərbaycan şirkətləri də vardır. Azərbaycan şirkətləri Gürcüstana böyük maraqla yanaşır, böyük həvəslə investisiyalar qoyurlar. Bu investisiyaların həcmi gündən-günə artır. Təbii ki, ilk investisiyalar energetika sektoruna qoyulubdur. Ancaq mən ümid edirəm ki, Azərbaycan şirkətləri başqa sahələrə də investisiyalar qoyacaqlar.
Bizim aramızda olan əlaqələr zəngin tarixə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq, qardaşlıq şəraitində yaşamışlar, bir-birinə kömək etmişlər və həmişə birlikdə olmuşlar. Bu tarixi yaddaş bugünkü gün üçün də çox vacibdir. Bu gün sürətlə inkişaf edən iki müstəqil dövlət - Gürcüstan və Azərbaycan öz aralarında bütün sahələrdə çox fəal əməkdaşlıq edirlər. Bizim əməkdaşlığımız çoxşaxəlidir, bütün sahələri əhatə edir və bayaq qeyd etdiyim kimi, möhkəm tarixi zəmin əsasında qurulubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqlarımız arasında mövcud olan ənənəvi dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirək, yeni məna ilə zənginləşdirək və beləliklə, Gürcüstan-Azərbaycan strateji əməkdaşlığının imkanlarından maksimum şəkildə istifadə edək.
Bizi birləşdirən böyük, nəhəng, dünya miqyaslı layihələr vardır. Biz bunları birlikdə icra etmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri bu gün nəinki Gürcüstanın və Azərbaycanın maraqlarını təmin edir, eyni zamanda, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə də öz töhfəsini verir. Bu layihələrin uğurlu icrası nəticəsində biz dəmir yolu layihələrinə başladıq. Bu gün müzakirə etdiyimiz məsələlərdən biri də elektrik enerjisi sahəsindəki əməkdaşlıqdır. Biz başqa sahələrdə də əməkdaşlığa çox böyük maraqla və həvəslə baxırıq. Əminəm ki, nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapacaqdır. Bunu deməyə əsas verən odur ki, biz bu günə qədər müəyyən etdiyimiz məsələləri birlikdə, güclü koordinasiya şəklində həll etmişik.
Bu gün bölgədə mövcud vəziyyət və ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olması diktə edir ki, biz irəliyə baxmalıyıq, yeni layihələri aşkar etməliyik, onları icra etməliyik və beləliklə, Gürcüstanla Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirməliyik.
Mən bir daha demək istəyirəm ki, qardaş Gürcüstan torpağında olmağımdan çox məmnunam. Əminəm ki, Sizin rəhbərliyinizlə Gürcüstan bundan sonra da uğurla inkişaf etməyə davam edəcək və Sizin qoyduğunuz bütün vəzifələr uğurla icra ediləcəkdir. Sağ olun.
* * *
Sonra prezidentlər jurnalistlərin
suallarını cavablandırdılar.
* * *
"RUSTAVİ-2" televiziya kanalının müxbiri: Bir qədər əvvəl sizin təkbətək və geniş tərkibdə görüşləriniz
oldu. Siz konkret olaraq hansısa bir
razılaşma əldə etdinizmi?
Prezident Mixeil
SAAKAŞVİLİ: Biz burada nəqliyyat dəhlizinin
inkişafına zəmin yaradacaq dəmir yolu haqqında
danışdıq və bildirdik ki, Çindən
başlayıb Mərkəzi Asiyadan keçməklə
Avropaya çıxışı daha da yaxşı şəkildə
təmin edə bilərik. Biz burada əlaqələndirmə
məsələsini qaldırdıq. Bütün bunların
hamısı iqtisadiyyatımızın inkişafına,
ölkələrimizə sərmayələrin qoyulmasına
xidmət edəcəkdir.
Biz dəmir yolu xətti
layihəsinin həyata keçirilməsində birgə
işləyirik. Bu, çox
böyük layihədir. Bu
dəmir yolu bizim
ölkələrin ərazisindən keçməklə
Çindən Londona qədər uzana bilər. Bu, hətta Transsibir
magistral xəttindən
də uzun bir xətt ola bilər. Biz bunu həyata
keçirəcəyik.
Eyni zamanda, 2012-ci ildə Bakıdan Batumiyə qədər avtomobil yolu layihəsinin həyata keçirilməsi
nəzərdə tutulmuşdur. Bu, Azərbaycandan Gürcüstan
sərhədinə qədər
dördzolaqlı avtomagistral
yol olacaq və bundan sonra da davam
edəcəkdir. Bu o deməkdir ki, Tbilisinin yanında yerləşən Rustavi şəhərindən
çıxış daha
da asanlaşacaqdır.
Bu şəhərdən o şəhərə getmək
üçün sadəcə
18 dəqiqə lazım
olacaqdır. Bu avtomobil yolu ilə Azərbaycan sərhədinə çıxış
daha da asanlaşacaq,
hətta bu yoldan istifadə etməklə İstanbula da getmək mümkün olacaqdır.
Bu avtomobil yolunun
inşası nəticəsində
dincəlmək, istirahət
məqsədi ilə Batumiyə gələn azərbaycanlıların sayı
da artacaqdır.
Azərbaycan şirkətlərindən biri
Batumi şəhərində yüksək keyfiyyətli
mehmanxana tikməyi qərara almışdır. Bu o deməkdir ki, mehmanxananın tikintisi zamanı yerli vətəndaşlarımızın bir çoxu işlə təmin olunacaq, eyni zamanda, şəhərimiz
daha da gözəlləşəcəkdir.
Yəni şəhərimizin gözəlləşdirilməsində
bizim qonşularımız
da iştirak edəcəklər.
Təbii ki, bu əməkdaşlığın
əsası 1993-cü ildən
sonra qoyulmuşdur. Mən Azərbaycanda
gedən sürətli
inkişafı və müsbət dəyişiklikləri
xüsusilə qeyd etmək istəyirəm.
Azərbaycan get-gedə çox
mühüm regional mərkəzə
çevrilir. Bu da özlüyündə çox vacib bir amildir. Nəinki Qafqaz regionu, həmçinin Avropa üçün də Azərbaycanın əhəmiyyəti
gündən-günə artır.
Azərbaycanın dünyada nüfuzu
artır. Azərbaycan dövlətinin
başçısının uzaqgörən siyasəti
nəticəsində son illər
bu ölkənin nüfuzu artmış, eyni zamanda Azərbaycanda
bütün sahələrdə
irəliyə doğru
mühüm addımlar
atılmışdır. Bütün bunlar bu ölkənin
iqtisadiyyatının daha
da şaxələndirilməsinə,
inkişafına xidmət
göstərmişdir. Biz Azərbaycandakı bu uğurları görürük və bu dəyişiklikləri müşahidə edirik.
Bütün bunları əldə
etmək o qədər
də asan deyildir. Hamı bunu başa
düşür ki, Azərbaycan çox mühüm strateji rola malikdir. Biz fərəh hissi
keçiririk ki, Azərbaycan artıq qüdrətli bir ölkədir, onun nüfuzu get-gedə daha da artır.
Prezident İlham
ƏLİYEV: Biz bütün sahələrdə uğurlu
əməkdaşlıq edirik.
Bizim dəmir yolu sahəsində planlarımız
reallaşır, energetika
sahəsində birgə
başladığımız və uğurla icra etdiyimiz layihələr bu gün artıq regional müstəvidən çıxıbdır.
Gürcüstan-Azərbaycan strateji dostluğu
və müttəfiqliyi
artıq dünya miqyasında çox mühüm amilə çevrilibdir. Bizim əlaqələrimizin
möhkəmlənməsi, yeni məsələlərin
həlli nəticəsində
bölgədə daha
da proqnozlaşdırıla
bilən vəziyyət
yarana bilər. Biz bu əlaqələrə
sadiqik. Bayaq qeyd etdiyimiz
kimi, biz bu əlaqələrimizi dərin
tarixi köklərə
bağlayırıq. Bu
əlaqələr xalqlar
arasında olan əlaqələrdir. Bizim xoşbəxtliyimiz
ondan ibarətdir ki, tarix boyu
gürcü və Azərbaycan xalqları dostluq, mehribanlıq şəraitində yaşamışlar,
bir-birlərinə böyük
rəğbətlə yanaşırlar.
Xalqlar arasındakı münasibətlər
də ikitərəfli
münasibətlərə öz
töhfəsini verir.
Əlbəttə ki, biz iqtisadi, sənaye, siyasi məsələləri çox
ciddi şəkildə
müzakirə edirik. Amma bununla
bərabər humanitar
sahədə əməkdaşlıq
da böyük məna daşıyır.
Azərbaycanda yaşayan gürcülər
və Gürcüstanda
yaşayan azərbaycanlılar
bizim ölkələrimiz
arasında körpü
rolunu oynayır.
Onlar bizim ölkələrimizin
dəyərli vətəndaşlarıdırlar,
öz vətənlərinə
böyük məhəbbətlə
yanaşırlar və
öz vətənpərvərlik
borcunu şərəflə
yerinə yetirirlər.
Yəni ki, bizim aramızdakı
münasibətlər hansısa
bir sahə ilə məhdudlaşmır.
Bu əlaqələrin dərin tarixi kökləri vardır.
Biz bugünkü reallıqlardan, imkanlardan səmərəli şəkildə
istifadə edirik.
Elə etməliyik ki, bundan sonrakı nəsillər də bu fikir və
duyğularla yaşasınlar
ki, Gürcüstan və Azərbaycan əbədi dostluq və qardaşlıq şəraitində yaşasınlar.
AZƏRBAYCAN TELEVİZİYASInın
müxbiri: Mənim sualım Gürcüstan Prezidentinədir. Cənab Prezident, Siz Azərbaycanın ölkənizə
investisiya qoyuluşunun
Gürcüstan iqtisadiyyatının
inkişafına verdiyi
töhfəni necə
qiymətləndirirsiniz? Sağ
olun.
Mixeil SAAKAŞVİLİ: Bizim üçün ən ağır vaxtlarda Azərbaycanın göstərdiyi yardım həlledici idi. Bu, yalnız yardım
deyildi, bu, çox uğurlu bir yardım idi. Bu, bizim
ikitərəfli əməkdaşlığımızı
gücləndirdi. ARDNŞ-in
Gürcüstandakı fəaliyyəti,
bizim limanlarımızda
apardığı işlər
çox vacibdir.
Dəmir
yolu layihəsi də bizim üçün
çox mühümdür.
Bütün bunlar Azərbaycan
şirkətləri ilə
birgə həyata keçirilən məsələlərdir.
Bildiyiniz
kimi, burada turizm infrastrukturunda da Azərbaycan şirkəti işləyir.
Bu da bizim
üçün vacibdir.
Bütün bunlar təkcə
siyasi səviyyədə
deyil, ayrı-ayrı insanlar, fərdlər arasında əlaqələrin,
eyni zamanda, humanitar sahədə bizim işbirliyimizin, maraqlarımızın bir
göstəricisidir. Bütün bunlar
bir-birinə təbii yolla bağlı olan məsələlərdir.
Bu da bizim
daha da dərin
inteqrasiyamıza xidmət
edir. Biz Azərbaycanın həyata
keçirdiyi strateji siyasətin praqmatik, düzgün nəticələrini
görürük və
bu siyasət uzaqgörən bir siyasətdir. Bunun nəticəsində
biz praktiki olaraq, hər gün yaxşı nəticələr
əldə edirik.
Bu nəticələr hətta hökumətlərin
maraqlarından da kənara çıxır.
Çünki biz bir-birimizə dostcasına, mehribancasına
yanaşırıq. Çalışırıq ki, bizi maraqlandıran məsələləri
birgə həyata keçirək. Bütün bunların
arxasında bizim birgə ideyalarımız
durur. Bütün bunlar bu tarixi prosesin bir elementidir.
Mən bu mətbuat konfransına görə bütün iştirakçılara
minnətdarlığımı bildirirəm. Mən cənab Prezidentə
minnətdarlığımı bildirirəm ki, Gürcüstana səfər
edibdir. Mən ümidvaram ki, bizim bu şəhərimiz
Sizin xoşunuza
gələcəkdir.
* * *
Mətbuat konfransı başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumi şəhərində
həyata keçirilən
və gələcəkdə
icrası nəzərdə
tutulan infrastruktur layihələrinin eskizlərinə
baxdılar. Bildirildi ki, son bir neçə ildə Batuminin abadlaşdırılması
və quruculuq işlərinin aparılması
məqsədi ilə şəhərdə bir sıra infrastruktur layihələri icra olunur. Bu da
Batuminin inkişafına
xidmət edir.
AzərTAc
Azərbaycan.- 2010.- 20 iyul.- S.
1, 2.