Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Batumidə Nobel qardaşlarının Texniki Muzeyində olmuşdur

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs iyulun 18-də Batumidə Nobel qardaşlarının Texniki Muzeyində olmuşlar.

Mehriban xanımın diqqətinə çatdırıldı ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı qonşu Gürcüstanın da inkişafına təsir göstərmişdir. O dövrdə Bakıda neft hasilatı ilə məşğul olan Nobel qardaşları "qara qızıl"ı Batumi vasitəsilə Avropa bazarlarına çıxarmışlar. 1883-cü ildə Nobel qardaşları Batumidə bu məqsədlə neft terminalı da inşa etmişlər. Həmin dövrdə Bakı-Batumi dəmir yolunun çəkilməsi isə Nobellərin neft biznesinin daha da inkişafına böyük töhfəsi olmuşdur.

Nobel qardaşlarının vaxtilə evi olmuş bu muzeydə neft maqnatlarının Batumidəki fəaliyyətini əks etdirən müxtəlif fotolar və əşyalar toplanmışdır. Muzeydə, həmçinin, Balaxanıdakı neft mədənlərinin şəkilləri, Nobel qardaşlarının əlyazmaları da saxlanılır.

Mehriban xanım Əliyeva muzeyin Xatirə kitabına ürək sözlərini yazdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20 iyul.- S.  2.