Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında qaz boru kəmərinin tikintisi barədə niyyət protokolu imzalanmışdır

 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Türkiyənin BOTAŞ şirkəti arasında Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qaz boru kəmərinin tikintisi barədə niyyət protokolu imzalanmışdır.

Niyyət protokolunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və Türkiyənin BOTAŞ şirkətinin İdarə Heyətinin sədri Fazil Şenel imzalamışlar.

Sənədin imzalanması mərasimi başa çatdıqdan sonra Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində regional əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, birgə razılaşmaya əsasən, Azərbaycan qazının Türkiyənin İqdır vilayətindən Naxçıvana nəqli nəzərdə tutulur. Müqavilə imzalandıqdan sonra yaradılmış işçi qrupu layihənin texniki detallarını hazırlayacaqdır.

Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: "Azərbaycan və Türkiyə dövlətlərinin rəhbərlərinin birgə səyi və himayəsi ilə Naxçıvan Muxtar Respublikasına təbii qaz xəttinin çəkilişi ilə əlaqədar ARDNŞ ilə qardaş ölkənin BOTAŞ şirkəti arasında niyyət protokolu imzalandı. Türkiyə-Azərbaycan birliyinin əsası türk dünyasının iki qüdrətli şəxsiyyəti - xalqlarımızın milli liderləri Mustafa Kamal Atatürkulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. XX əsrin əvvəllərində milli lider Mustafa Kamal Atatürkün Türkiyə-Azərbaycan dostluğunun daha da möhkəmlənməsi üçün həyata keçirdiyi tədbirlər həmin əsrin sonunda ümummilli lider Heydər Əliyev tərəfindən davaminkişaf etdirilmişdir. Bu gün bu siyasətin hər iki ölkənin rəhbərləri tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, belə bir razılıq əldə olunub".

Ali Məclisin Sədri qaz xəttinin hər iki ölkə üçün xeyirli, uğurlu olmasını arzulamışdır.

Tədbirin sonunda jurnalistləri maraqlandıran suallara cavablar verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  20 iyul.- S.  4.