Sözün təlatümü

 

Yoxsul bir ailənin övladıydı Qulam Məmmədli - 1897-ci ilin yazında Təbrizdə dünyaya göz açmışdı. Amma özü demişkən, onun həyata gözünü açan, sözün həqiqi mənasında, o dövrün mətbuatı olmuşdu. Bitkin olmayan təhsili mollaxanada başlasa da, sonralar tədqiqat institutlarının araşdıra biləcəyi təcrübə məktəbi keçmişdi.

Heç də təsadüfi deyil ki, onun yaradıcılığını qədərincə dəyərləndirən Məmməd Araz yazırdı: "Mənim zənnimcə, Qulam müəllim bir tədqiqat institutu qədər görür. Onun bu böyük zəhməti ən gözəl mükafata layiqdir". Amma ömrünün sonuna qədər nə mükafat umacağında oldu, nə də təltiflərdə gözü qaldı. Sənətdən, ədəbiyyatdan bircə təmənnası vardı: böyük şəxsiyyətləri nəsillərin mənəvi sərvəti kimi qorumaq, milli mədəniyyətimizə varislik ənənəsi ilə sahib olmaq. Belə böyük məsləklərin daşıyıcısı mətbuatın qara fəhləsi kimi (mətbəə mürəttibi) işə başlasa da, Mirzə Cəlilin dəyərli davamçısı oldu. Hələ 1914-1923-cü illərdə Aşqabadda türkmən və Azərbaycan dillərində çıxan "Dan ulduzu", "Sədayi-füqəra" qəzetlərində mürəttib kimi işə başladı. Mətbuatın əlifbasını mükəmməl öyrəndikdən sonra daha ciddi araşdırmalara, fundamental tədqiqatlara meyil etdi. Qulam müəllimin bal arısı kimi topladığı maraqlı fikirlər az qala mətbuatın yeni bir qanadına - faktoqrafiya sahəsinə cığır və iz açdı. O illəri xatırlayan Qulam Məmmədli yazırdı: "Arxiv adını ilk olaraq qəzet məqalələrində eşitdim. Mədəniyyət və ədəbiyyat arxivi ilə tanış oldum. Nə şəraitdə işlədiklərini yazmaq uzun çəkər. Həqiqisi budur ki, onlar heçdən varlıq yaradırdılar. Həyatın hər bir sahəsinə aid arxivi olmayan xalq öz tarixini yaza bilməz. Mən də ömrümün beş ilini bu arxivdə işlədim".

Bəzən bir fakt üçün üç-beş mənbəni araşdıran Qulam Məmmədli əsl həqiqəti üzə çıxarmaq üçün coğrafi və ədəbi meridianı genişləndirir, yaradıcılığına və biliyinə güvəndiyi şəxsiyyətlərlə əlaqə yaradırdı. Hələ o vaxtlar Azərbaycan folklor nümunələrini Qulam Məmmədlinin dərgilərindən oxuyan Maksim Qorki ona minnətdarlıq məktubları yazır. Əziz Şərifin, Münəvvər xanım Məmmədquluzadənin imzaladıqları məktublar da mətbuat tədqiqatçısının ən nadir arxiv sənədlərindəndir.

Qulam Məmmədli "Azərbaycan teatrının salnaməsi" adlı kitabını yazmaqla təkcə ortabab oxucunu yox, ən nüfuzlu sənətşünasları da heyran etdi. O vaxtlar Əziz Şərif yazırdı ki, Qulam müəllim bu kitabda oxucularına min yerdən məlumat, bəlli olmayan faktlar toplayıb... Daha sonralar bu dəyərli əsərə nə az, nə çox - düz 250 rəy yazıldı. Qulam Məmmədli apardığı araşdırmalara ötəri maraqla deyil, əbədi yaşamaq haqqı qazandırmaqla yanaşır, hətta ən gizli imzaları da səbir və təmkinlə üzə çıxarırdı. Cəlil Məmmədquluzadə, Hüseyn Ərəblinski, Üzeyir Hacıbəyli, Abbas Mirzə Şərifzadə, Hüseyn Cavid haqqında biblioqrafiya və salnamələrdə dövrün ziddiyyətləri, təfərrüatları üzə çıxır, müəllif belə araşdırmalarda az qala sözün insan təfəkküründə zəlzələsini yaradır...

Uzun illər "Kommunist", "Yeni yol", "Azərbaycan kolxozçusu" qəzetlərində əməkdaşlıq edən Qulam Məmmədli mətbuatımızın ensiklopediyasını yaradan ziyalılarla eyni sırada cərgələnir, adı və imzası fəxrlə çəkilir. Onun satirik yazıları, topladığı lətifələr adicə gülüş doğurmur, həm də ictimai dəyəri ilə seçilir, oxucunu düşündürür. Hələ bir müddət "Kirpi" jurnalında işləyərkən sübut etmişdi ki, ən kiçik lətifə də tərbiyəvi dəyəri ilə kəsərli deyim səviyyəsinə yüksələ bilər. O, sözün ucalığına and yeri qədər inanır, ömrünün sonuna qədər inadkarlıqla imzasının nüfuzunu qoruyurdu. Bir vaxtlar yazıçı Seyfəddin Dağlı Qulam Məmmədlinin yaradıcılığı barədə şəstlə yazırdı ki, kaş Cəfər Cabbarlı sağ olaydı, onun layiqli qiymətini verəydi!

Bu gün o qədər də təəssüflənmirik. Ona görə ki, Qulam Məmmədli hələ yaşadığı dövrdə öz oxucusunun minnətsiz halallığını qazanıb, sözünə və özünə mətbuat tariximizdə bir abidə ucaldıb. Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi Maarif Teymurun dediyi kimi: "Biz Qulam müəllimlə az işlədik. Amma çox şey öyrəndik. Öyrəndik ki, sadə geyimin, səmimi gülüşün, xoş davranışın yaratdığı sevgi və istəkdən pay, sədəqə olmur. İnsan yaşadıqca imzalar, nəsillər dəyişsə də, o dəyərlər əbədi yaşayır, Qulam müəllim kimi!"

Maarif müəllim fəxrlə dedi ki, arxivimizdə Qulam müəllimin adı ilə bağlı iki min sənəd qorunur. Qızı İrəm xanım onun bütün sənədlərini arxivimizə qıysa da, sonuncunu özündə saxladı. Yarımçıq bir məktubdu, bitkin bir ömrün tamamlanmayan sətirləri kimi qorunur o məktub. Bəlkə də sonuncu cümləsini İrəm xanım özü yazacaq. Axı Qulam müəllim bir ata kimi ona ömrünün son günlərindən ən kövrək fraqmentləri pıçıldayıb...E

 

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2010.- 20 iyul.- S.  6.