Qoşa qanad
Bu, "Molla Nəsrəddin" və "Füyuzat" jurnalları idi. Eyni ildə
işıq üzü
görən və XX əsrin əvvəllərində
milli mətbuatın formalaşmasında özünəməxsus
əhəmiyyəti olan
bu dəyərli dərgiləri, təəssüf
ki, sovet dönəmində bir-birinə
qarşı qoyaraq rənglərə boyadılar.
"Füyuzat" və füyuzatçılar
barəsində o dövrün
araşdırmalarında, tədqiqatlarında,
dərsliklərində yanlış
mülahizələr və
fikirlər öz əksini tapdı. "Füyuzat" jurnalının Azərbaycan
mətbuatındakı yeri
və ondan sonra yaranan ədəbi
məktəblərin fəaliyyətlərinin
üzərindən ya
sükutla keçildi,
ya da yalan
yazıldı.
Arxiv sənədləri, mətbuat
materialları və o
dövrün çoxsaylı
bədii ədəbiyyat
və publisistika nümunələri təsdiqləyir
ki, milli istiqlal məfkurəsinin yaradılmasında, demokratik
dövlət qurmaq uğrunda mübarizədə
"Füyuzat"ın misilsiz
xidməti olub. Doğrudur, bir
qisim tədqiqatçılar
ötən əsrin əvvəllərində ədəbiyyatda
pərvəriş tapan
milli romantikadan danışanda ya üstüörtülü şəkildə,
ya da bir-iki
cümlə ilə də olsa "Füyuzat"ın adını
çəkirdilər. Bu baxımdan XX yüzilliyin
sonlarında "Füyuzat"a
bir qayıdış başlayırdı. M.Cəfərov, M.Cəlal, K.Talıbzadə,
Ə.Mirəhmədov, B.Nəbiyev,
Y.Qarayev, F.Hüseynov,
Ə.Saraclı, M.Əlioğlu,
V.Osmanlı, R.Zəka,
İ.Həbibbəyli və
onlarca başqaları
"Füyuzat"ı tədqiq
obyektinə çəkməyə
addım atırdılar.
"Füyuzat" ədəbi məktəbinin
araşdırılmasında, bu jurnalın mətbuatımızın inkişafındakı
xidmətləri ilə
bağlı ədəbiyyatşünas-alim
Ofelya Bayramlının
da tədqiqatları unudulmuş şəxsiyyətlərə
vətəndaşlıq mövqeyini
əks etdirmək baxımından maraqlıdır.
Filologiya elmləri doktoru, professor Şamil Vəliyevin ötən il çapdan çıxmış
"Füyuzat" ədəbi
məktəbi" adlı
kitabında isə bu jurnalın milli mətbuatımızın
və ədəbiyyatımızın
inkişafındakı tarixi
mövqeyi, sosial-siyasi
mübarizəsi, arxiv
sənədləri, ədəbi
tarixi fakt, hadisə və problemlərə istinadən
tədqiq olunub.
Əgər "Molla Nəsrəddin" satirik üslubda çıxırdısa, "Füyuzat"
da romantik ədəbi məktəbinin
banisi idi. "Molla Nəsrəddin" Azərbaycan mətbuatında
felyetonun, "Füyuzat"
isə bədii publisistikanın əsasını
qoyub. Buna baxmayaraq, uzun illər hər iki jurnalın yaratdığı ədəbi
məktəblər və
onun üzvləri bir-birinə düşmən
qüvvələr kimi
üz-üzə gətirilsə
də, əsl həqiqətdə hər
iki jurnal milli düşüncənin
inkişafında eyni amalla mübarizəyə qoşulmuşdu.
"Füyuzat" jurnalının
birinci nömrəsi
1906-cı ilin noyabr ayında Bakıda məşhur maarifçi,
milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Kaspi" mətbəəsində
çap edilib. Yeni dərgi
Əli bəy Hüseynzadənin redaktorluğu
ilə nəşr olunurdu. 1906-1907-ci illər ərzində 32 nömrəsi çıxmışdır.
Jurnalın səhifələrində mövzu müxtəlifliyi
diqqət çəkirdi.
XX əsrin əvvəllərində
işıq üzü
görən həm
"Molla Nəsrəddin",
həm də "Füyuzat" bədii məfkurəsinə, ideya
istiqamətinə görə
Azərbaycan milli mətbuatının qoşa
qanadı idi.
Eyni ildə ilk nömrəsi çıxan hər iki jurnalın ətrafında birləşən qələm sahibləri müxtəlif sənətkarlıq qütblərində dayansalar da, milli intibah ideyasına xidmət edirdilər. "Molla Nəsrəddin"in fəaliyyətinə ilk və düzgün elmi qiyməti məhz Əli bəy Hüseynzadə verib. O yazırdı: "Molla Nəsrəddin" mətbuat dünyasında az-az müşahidə edilən nadir bir keyfiyyət, qüdrətli satirik jurnaldır". Eyni şəkildə də "Molla Nəsrəddin" jurnalının baş redaktoru Cəlil Məmmədquluzadə "Füyuzat"ın fəaliyyətini yüksək qiymətləndirərək onu Şərq mətbuatı tarixində tutduğu mövqeyə, milli ictimai-siyasi və ədəbi-bədii fikrin təkamülündə oynadığı müstəsna rola görə həmişə müdafiə edirdi. Hətta "Molla Nəsrəddin" jurnalının 1907-ci ildə çıxmış 42-ci sayında bu dərginin bağlanmasına münasibət də bildirilib. O yazıda "şəhidi-mərhum "Füyuzat" ifadəsi işlədilib. Sonrakı saylarda da müxtəlif müəlliflər tez-tez "Füyuzat"a müsbət münasibət bildirərək onun bağlanmasını pisləyiblər.
Şamil Vəliyev yazır: "Füyuzat" jurnalı sadəcə ictimai-siyasi fkir tariximizi, mədəni inkişaf istiqamətlərimizi öyrənmək baxımından deyil, həm də ədəbi əlaqələrimizi aydınlaşdırmaq üçün ciddi əhəmiyyət daşıyır. Bu istiqamətlər aşağıdakılardır: Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Avropa".
Füyuzatçılar milli müəyyənlik uğrunda ardıcıl mübarizə apararaq xalqın tarixi keçmişini öyrənməklə vətənin bütövlüyü, millətin oyanışı uğrunda fəallıq göstərirdilər. Aparılan tədqiqatlar təsdiqləyir ki, XX əsrin əvvəllərində Azərbaycanda geniş inkişaf mərhələsinə qədəm qoyan bədii publisistikanın təşəkkülü birbaşa füyuzatçıların fəaliyyəti və adı ilə bağlıdır. Onların məqalələrindəki publisist ahəng yalnız ictimai-siyasi məzmunda deyil, həm də bədii-estetik keyfiyyət libasına bürünərək ifadə sərrastlığına, məzmun dolğunluğuna malik olurdu. Xüsusilə də jurnalın redaktoru Əli bəy Hüseynzadənin yazdığı "Röya", "Nicat məhəbbətdədir", "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar", "Vəlvələ və zümzümə", "Məcnun və Leylayi-İslam" və s. yazılar bədii publisistikanın ən gözəl nümunələridir. Bu jurnalın səhifələrində Ə.Kamalın, Ə.Ağaoğlunun, H.Vəzirovun, M.Hadinin, Ü.Hacıbəylinin çoxsaylı məqalə və felyetonları dərc edilib. Mərhum akademik Kamal Talıbzadə yazırdı: "Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsaslarını yaratmaqda müstəsna xidməti olan "Füyuzat" jurnalının ictimai tarixi rolu böyükdür". Ə.Hüseynzadənin və onun ideya, əməl dostlarının formalaşdırdığı "türkləşmək, islamlaşmaq, müasirləşmək" prinsipləri XX əsr Azərbaycan bədii düşüncəsinin zirvəsidir. "Füyuzat"çıların yaddaş, tarix, millət, xalq, ordu, vətən, maarif, azadlıq, istiqlal uğrundakı savaşı təkcə ölkə miqyasında deyil, dünya ədəbi hərəkatının ön sırasında gedirdi". Bu səbəbdən də "Füyuzat" jurnalı sivil normalara uyğun mübarizə aparırdı. Onun səhifələrində milli tarixi düşüncə ümumbəşəri sosial, siyasi, fəlsəfi anlamla birləşirdi.
Bəs jurnalı gözdən salan, onu "Molla Nəsrəddin"lə üz-üzə qoymağa əsas səbəb nə idi? Ən əvvəl məslək və əxlaq kamilliyinin vəhdətini pozmaq üçün türkdilli xalqlar arasındakı müştərək birliyin üstündən qara xətt çəkmək niyyəti. Əgər "Füyuzat" turançılıq ideyası ilə fəlsəfi düşüncədə yer alaraq türklərin mədəni, mənəvi birliyini böyük bir ərazidən - Adriatik dənizindən Çin səddinə qədər çəkərək ortaq dəyərlərimizin yenidən təhlilinə, tədqiqinə, şərhinə, təbliğinə önəm verirdisə, bu, böyük türk dünyasını parçalamaq istəyənlərə sərf etmirdi. Əli bəy Hüseynzadənin "Türklər kimdir və kimlərdən ibarətdir" sualına cavab axtarması, irs və varislik əlaqələrinin bərpasına, möhkəmləndirilməsinə xidmət göstərməsi inqilabçıların xoşuna gələ bilməzdi. Bu o dövr idi ki, düşmənlərimiz tərəfindən xalqlar arasında dini ayrı-seçkiliklə bərabər, təriqət ayrılığı, sünni-şiə parçalanmaları şiddətlə həyata keçirilirdi. "Füyuzat"çılar isə əksinə. Turan mədəni-mənəvi birliyinin əsası kimi ortaq dil, mədəniyyət və tarixin öyrənilməsini təxirəsalınmaz vəzifə kimi qaldırırdılar. Bütün bunlar isə mədəni-mənəvi birliyə, vəhdətə xidmət edirdi. Əxlaqi dəyərlərin qorunması milli düşmənlərimizə sərf etmirdi. Onlar "Molla Nəsrəddin" jurnalını, əlbəttə, olduğu kimi yox, özlərinə sərf edilən tərzdə bayraq edərək "Füyuzat"a qarşı haqsızlıq edirdilər. Heç bir həqiqətə, tarixi fakta məhəl qoymadan füyuzatçıları "mücərrəd mövqeli idealistlər" adlandırırdılar. Halbuki füyuzatçılar məslək dürüstlüyü, ideya dəqiqliyi və konkret əməlləri ilə seçilirdilər. Parçalanmış və talanmış Azərbaycanı daha da fəlakətə düçar etmək üçün füyuzatçıları birdəfəlik olaraq "burjua tör-töküntüsü" adlandırırdılar. Çünki "vilayətin ayinəsi" olmaq qüdrətinə malik bu cür demokratik bir jurnal ölkəni öz əsarəti altında saxlamaq istəyən hiyləgər tədbirli imperiyaya qətiyyən gərək deyildi.
"Füyuzat"a olan mənfi münasibət əslində siyasi məqsədləri əks etdirib. Sonralar isə kommunist ideologiyasının kabus kimi respublikaları dolaşdığı bir zamanda əsl mətbuata, ədəbiyyata və mədəniyyətə qarşı sinfi və siyasi metodlarla süni şəkildə bəzədilmiş bir mübarizə forması meydana çıxdı. "Füyuzat" ədəbi məktəbinə və füyuzatçılara qarşı mübarizənin getdikcə şiddətlənməsini şərtləndirən əsas səbəblərdən biri də türklüyün və islamçı görüşlərin qarşısının alınması idi. Bu səbəbdən də "füyuzatçıların birmənalı şəkildə pantürkist, panislamist, mühafizəkar, mürtəce, millətçi və s. epitetlərlə siyasi cəhətdən damğalanması" (Şamil Vəliyev) uzun illər davam etdi. Qarşıdan isə repressiyalar gəlirdi.
O dövrün mətbuat orqanlarında füyuzatçıların əleyhinə çoxsaylı məqalələr dərc edilirdi. Təəssüf ki, bu imzaların içində elə müəlliflərin adları var ki, məcburiyyət ucbatından və həbs olunmağın qorxusundan bu addımı atan o tanınmış şəxsiyyətlər də sonralar repressiyaya məruz qaldılar. Məsələn, R.Axundov, M.Quliyev, B.Çobanzadə, Ə.Nazim, M.K.Ələkbərli və başqaları.
Sovet dövründə "Füyuzat" ədəbi məktəbi və füyuzatçılarla bağlı araşdırmalar yalnız Türkiyədə və digər ölkələrdə aparılıb. Bu sırada Yusif Akçura, Ziya Göyalp, Fuad Köprülüzadə, İsmayıl Hikmət, Mirzəbala Məhəmmədzadə, Əhməd Cəfəroğlu, Cavad Heyət, Əli Yavuz Akpınar, Hüseyn Tuncər və başqalarının adlarını iftixarla çəkmək olar.
Tədqiqatçılar haqlı fikir yürüdürlər ki, ömrü az olsa da, "Füyuzat" öz niyyətinə yetmişdi. Füyuzatçıların imkanlarından və davamçılarından "İrşad", "Təzə həyat", "Tərəqqi", "İttifaq", "Həqiqət", "Yeni füyuzat", "İqbal", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Yeni qurtuluş", "Azərbaycan" və digər mətbuat orqanlarının yaradılmasında istifadə olunmuşdur. Əslində, "Füyuzat" ədəbi məktəbi bitməyərək yaşamaqda davam etmişdir. Bu gün ortaq türk mədəniyyətinin yaradılması, "Füyuzat"ın tarixinin dəqiq öyrənilməsi, tədqiqatların aparılması füyuzatçıların cücərtdiyi ideyaların bəhrə verdiyini təsdiqləyir. Azərbaycan milli mətbuatının inkişafında özünəməxsus yeri olan "Molla Nəsrəddin" və "Füyuzat" jurnalları həqiqətən də əkiz qardaşlardır! Bu qoşa qanadın uçuş istiqaməti eyni məkan, daşıdığı fikir və məna yönü də bir idi.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 20
iyul.- S. 6.