Mübariz ruhlu qəzet

 

Milli mətbuat tariximiz 1875-ci ildən, Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin nəşrindən başlamışdır. Lakin bu hadisədən bir neçə il əvvəl, yəni 1871-ci ildə Bakıda rusdilli "Bakinskiy listok" nəşr olunub. Bu qəzetin naşiri Xristian Sink olmuşdur.

Milli mətbuatımız əzablı, lakin şərəfli yol keçmişdir. Azərbaycan mətbuatının təşəkkülündə və inkişafında H.Zərdabi, M.Şahtaxtinski, Ə.M.Topçubaşov, Ə.Ağaoğlu, C.Məmmədquluzadə, Üzeyir Hacıbəyli və onlarca başqa qabaqcıl ziyalıların rolu və əməyi böyük olmuşdur. Uzun illər ərzində QaraxanovKişmişov kimi erməni senzorlarının qadağaları ucbatından çar Rusiyası Azərbaycanda qəzet və jurnalların çap olunmasına icazə vermirdi. Gürcüstanda ana dilində ilk "Sakartvelos qəzeti" 1817-ci ildə çıxdığı və XX əsrin astanasında burada 24 adda milli qəzet və jurnal buraxıldığı halda, Azərbaycanda milli dildə ilk qəzet yalnız 1875-ci ildə işıq üzü görmüşdü və 1900-cü ilə qədər Azərbaycanda cəmi 3 adda milli dildə qəzet nəşr olunurdu. Mətbuatımızın tarixində dönüş nöqtəsini 1905-ci il Birinci Rus inqilabı yaratdı. Bu dövrdən ana dilində "Həyat", "İrşad" "Tərəqqi", "Molla Nəsrəddin" və s. bu kimi qəzet və jurnallar nəşr olundu. 1920-ci ilə qədər Azərbaycan dilində artıq 140 adda gündəlik, həftəlik qəzet və jurnal nəşr olunurdu.

Milli mətbuatla yanaşı, Azərbaycanda rus dilində də qəzet və jurnallar çıxırdı. Rusdilli mətbuat arasında ən məşhuru və uzunömürlüsü "Kaspi" qəzeti idi. 1881-ci ildə Rusiya liberal-burjua istiqamətli nəşr kimi yaranan "Kaspi", 1897-ci ildə xeyriyyəçi və mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən nəşriyyatı ilə birlikdə satın alındı və bu tarixdən qəzetin Azərbaycanın milli maraqlarına xidmət etmək dövrü başladı.

XlX əsrin sonu, XX əsrin əvvəlində nəşr olunmasının artıq ikinci onilliyinə qədəm qoyan "Kaspi" Zaqafqaziyada nüfuz qazanmış nəşrlərdən idi. Qəzeti almaqla Z.Tağıyev rus çarizminin əngəllərini dəf edib, azərbaycanca qəzet çıxara bilməsə də, rus dilində çıxan qəzeti milliləşdirməyə çalışmışdı.

Z.Tağıyev "Kaspi" qəzetinin sahibi olandan sonra Əlimərdan bəy Topçubaşov qəzetin baş redaktoru təyin olunub. Ə.Topçubaşovun redaktorluğu ilə qəzet 24 iyun 1898-ci ildən 20 oktyabr 1907-ci ilədək nəşr olunmuşdur. Proqram səciyyəli məqaləsində Ə.Topçubaşov rəhbərlik etdiyi qəzetin səhifələrində milli məsələlərə diqqətin artacağını bəyan edir, mətbuatın rolu və cəmiyyətdəki nüfuzundan danışırdı. Qarşıdan yeni əsr gəlirdi. XX əsrə Azərbaycan yetişmiş bir xalq olaraq, özünün qüvvətli və savadlı ziyalı dəstəsi ilə qədəm qoyurdu. Siyasət meydanında özünü göstərə biləcək, Qərbin və Rusiyanın müxtəlif universitetlərində təhsil almış təcrübəli şəxslərlə yanaşı, ədib, şair, jurnalist, yazıçı, musiqiçi, müəllim və mədəni-sosial işlərin öhdəsindən gələ bilən mütəxəssislər və nəhayət, ticarət, sənaye, bank sahəsində çalışan burjua kapitalistləri də vardı. Bu mütəxəssislər Azərbaycan qarşısında milli, demokratik istiqamətdə borclarını yerinə yetirmək üçün əlverişli şərait gözləyirdilər. Əlimərdan bəy Topçubaşov, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov və başqaları o illər xalqı cəhalətdən qurtarmağın yollarını arayır, yeni həyat uğrunda mübarizəyə qatılırdılar. Söhbət ilk növbədə xalqı maarifləndirmək, haqlarını başa salıb, hökumət qarşısında məsələləri qaldırmaqdan gedirdi. Bu münasibətlə Ə.Topçubaşov yazırdı: "Onlara maariflənmənin nə qədər vacib olduğunu aşılamağa çalışacağıq. ...Axı yalnız bunu başa düşəndən sonra, təhsilin vacibliyini anlayandan sonra onlar cəhalətdən qurtula bilərlər".

Dil, ədəbiyyat, milli şüur - bütün bunlardan bəhs edərkən qabaqcıl ziyalılar bir tərəfdən öz müsəlman qardaşlarını passiv olduqlarına görə qınayır, digər tərəfdən isə azacıq irəliləyişə doğru bir istək, bir işartı görəndə öndə getməyə, hər cür yardım etməyə tələsirdilər. Azərbaycanın ilk gündəlik milli qəzeti olan "Şərqi-Rus" qəzeti o illər demokratik ruhlu ziyalıların ideya və məramına uyğun yazılar dərc edirdi. 1903-cü ilin 30 mart tarixində nəşrə başlayan "Şərqi-Rus" qəzeti bir neçə gün sonra Ömər Faiq Nemanzadənin "Dərdimiz və dərmanımız" adlı məşhur məqaləsini üç nömrəsində dərc edirbundan sonra onun milli problemlərə toxunan daha ciddi məqalələri qəzetin sonrakı saylarında işıq üzü görür.

Həmin dövrdə "Kaspi" qəzetində 20 milyonluq Rusiya müsəlmanlarının passivliyindən danışan Ə.Ağaoğlu artıq birinci rus inqilabından sonra müsəlmanların hərəkətə gəlməsini görüb, onların hazırladığı qətnamələrin mahiyyətindən və vacibliyindən ürək dolusu danışırdı: "Rusiyanın hər yerindən, ən ucqar vilayətlərindən müsəlmanlar öz nümayəndələrini hazırlayır, uyezd başçılarına gözəl sözlər demək üçün deyil, öz dərdlərindən danışmaq üçün göndərirlər... Onlar Peterburqa yollanırlar, müvafiq idarələrdə yüksək rütbəli məmurlarla yığılıb qalmış eytiyaclarını və problemlərini həll etmək üçün..." Hazırlanan bəyanatlarda Ə.Ağaoğlu müsəlmanlara ruslarla yanaşı eyni haqların verilməsini tələb kimi göstərirdi: bunlardan ən başlıcası ana dilində mətbuatın və kitabların nəşri, məktəblərin açılması, həmin məktəblərdə ruslarla bərabər yerli müəllimlərin çalışmasına icazə verilməsi tələb edilirdi: "İstənilən bürokrat qanuna müraciət edib rədd cavabı vermək üçün əsaslar tapa bilər... Təcrübədə həmişə belə olub: mənim bir müsəlman dostum, Xarkov Universitetinin filologiya-tarix fakültəsini bitirməsinə baxmayaraq, işlə təmin olunmurdu. Səbəbi isə onda idi ki, o, xristian deyildi".

Rus imperiyasının xalqlar arasında ayrı-seçkilik siyasətini pisləyən publisist ana dilində qəzetin nəşri, xeyriyyə cəmiyyətinin təsis edilməsi kimi məsələləri önə çəkirdi: "Son 40 il ərzində mətbuat məsələləri üzrə Baş idarə azərbaycanlıların qəzet nəşr etmək haqqında bütün xahişlərinə mütəmadi olaraq rədd cavabı verib". Qeyd olunduğu kimi, milli mətbuatın inkişafına rus inqilabı təkan verdi. Rusiyada vəziyyətin gündən-günə pisləşdiyini görən çar II Nikolay nazirlərindən qraf Sergey Vittenin tövsiyəsi ilə "Azadlıq manifesti" elan etmək məcburiyyətində qaldı. Bu sənəd qeyri-rus millətlərinə Dövlət Dumasının qurulması və hər millətdən nümayəndə göndərilməsi, millətlərə din azadlığı verilməsi və öz dillərində tədris ocaqları yaratması, habelə şəxsiyyət toxunulmazlığı, fikir, söz, toplantı və cəmiyyətlər yaratmaq hüquqlarını verdi. Qısa müddət ərzində təkcə Bakıda 20 gündəlik qəzet, həftəlik və aylıq jurnallar nəşr edilməyə başladı. Ölkənin hər yerində milli məktəblər açıldı. Lakin bütün bu müsbət cəhətlərə rəğmən parıldamağı ilə sönməyi bir olan inqilab Azərbaycanda "erməni-müsəlman qırğını" ilə yadda qaldı.

1905-ci ilin mətbuat səhifələri başdan-başa bu hadisələrdən bəhs edirdi. Erməni daşnakları AleksandrKonstantin Xatisov qardaşları tərəfindən maliyyələşdirilən rusdilli "Baku" qəzeti ermənilərin başına açılan müsibətlərdən, azərbaycanlıların nəzarəti altında olan rusdilli "Kaspi" qəzeti isə əksinə, ermənilərin millətimizə qarşı qəsdə çıxdığından yazırdılar. 1906-cı il fevralın 20-də başlanan azərbacanlılarla ermənilər arasında ilk sülh danışıqlarını hər iki qəzet geniş işıqlandırırdı. "Erməni-Azərbaycan qurultayı" ümumi başlığı altında çıxan bu yazılarda "Kaspi" oxucularına danışıqların təfərrüatlarını çatdırırdı. "Daşnaksutyun" partiyasının "Hərbi nizamnamə"sinin tam mətnini dərc edən qəzet daşnakların mütəşəkkil orduya malik olduğunu göstərmişdi. Həmin ərəfədə senator Kuzminskinin 6-9 fevral 1905-ci ilin Bakı hadisələrinə həsr olunmuş "Əlahiddə hesabat"ı ictimaiyyətə təqdim olunmuşdu. "Kaspi" qəzeti senator hesabatının əsas müddəalarını oxuculara təqdim etmiş və təhlil etməyə çalışmışdı. Qəzet yazırdı ki, 1820-ci illərin sonundan Azərbaycan ərazilərinə İrandan və Türkiyədən köçürülən ermənilər rus hökumətinin dəstəyi ilə qısa zamanda özlərinə yer eləmiş, burada uğurlu maarifçilikbiznes fəaliyyətini qura bilmişdilər. 1870-ci illərdə isə neft hasilatına qatılaraq külli miqdarda maliyyə əldə edə bilmişdilər. Neft gəlirlərindən toplanan kapital hesabına erməni - Qriqoryan kilsəsi - Eçmiədzin milyonlara sahib çıxmış, bir tərəfdən daşnak ordusunu (humbları) möhkəmləndirmiş, digər tərəfdən, məktəb, seminariya, ruhani akademiyas. bu qəbil təhsil ocaqları açmışdı. Bütün bunlara göz yuman çar Rusiyası yalnız Eçmiədzin tərəfindən qaldırılan ermənilər üçün avtonomiya məsələsində kilsənin fəaliyyətini məhdudlaşdırmağı qərara almışdı. Çox keçmədi ki, knyaz Qolitsının həyata keçirdiyi bu qərar daşnakların qəzəbinə və qisasına tuş gəldi. Senator Kuzminskinin hesabatına istinadən "Kaspi" yazırdı: "12 iyun 1903-cü ildə erməni kilsəsinin əmlakının müsadirə edilməsi haqqında qanun qəbul olunduqdan sonra "Daşnaksutyun" partiyasının fəaliyyəti gücləndi və kəskinləşdi: bu fəaliyyət özünü həyata keçirilən terror aktlarında büruzə verdi. Erməni kilsəsi ilə bağlı bu qanunun təşəbbüsündə və tətbiqində iştirak etmiş, o zaman Qafqaza rəhbərlik etmiş general-adyutant, knyaz Qolitsın başda olmaqla məsuliyyətli şəxslərin hamısına qarşı, tutduğu vəzifədən asılı olmayaraq, silahlı hücumlar və ölümlə nəticələnən sui-qəsdlər həyata keçirildi".

Ermənipərəst "Baku" qəzeti isə erməni kilsəsinin əmlakının müsadirəsi ilə bağlı rus hökumətini açıq-aşkar hədələyirdi: "...Yalnız onda, 1903-cü ildə, o vaxta qədər rus ermənilərinin işlərinə qarışmayan erməni inqilabi partiyası "Daşnaksutyun" erməni millətinə şahmat elan etmək istəyində olan çar Rusiyası hökumətinin ayrı-ayrı nümayəndələrinə müharibə elan etməyi qərara aldı".

1906-cı ildə yazılan bu sətirlər bu gün də aktuallığını itirməyib, çünki o zaman ermənilər yalnız regionumuzda at oynadırdısa, bu gün artıq dünyada qondarma erməni məsələsini Eçmiədzin və "Daşnaksutyun" partiyasının rəhbərliyi ilə həyata keçirməyə müvəffəq olur. Hələ bir əsr bundan əvvəl ermənilər mübarizə aparmağın düsturunu bilirdilər: ideyaya sədaqət üstəgəl mütəşəkkil ordu. O zaman Azərbaycanın nə mütəşəkkil ordusu, nə də milli ideyası var idi. Bu ağır problemlərin həlli qabaqcıl ziyalıların üzərinə düşmüşdü. Rusdilli "Kaspi" qəzeti bu mübarizədə öndə olan siyasimilli mövqelərimizdən biri idi.

 

 

Lalə Hacıyeva,

filologiya elmləri namizədi

 

Azərbaycan.- 2010.- 20 iyul.- S. 6.