Azərbaycan milli
mətbuatının 135 illik yubileyi Səbail rayonunda qeyd olunmuşdur
İyulun 19-da Səbail Rayon İcra Hakimiyyətində Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, 135 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir.
İcra başçısı vurğulamışdır ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılmışdır. Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə senzura ləğv edilmiş, qəzetlərin nəşriyyata olan borcları əvvəlcə dondurulmuş, sonradan birdəfəlik ləğv edilmişdir.
Qeyd edilmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.
Dövlət başçısının dərindən düşünülmüş, müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün də hər cür şərait yaradıldığı vurğulanmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi bir il ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir.
Tədbirdə digər çıxış edənlər milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışlar.
Sonra müxtəlif KİV-ləri təmsil edən jurnalistlərə qiymətli hədiyyələr təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 20 iyul.- S.
7.