Milli Qeyri-Hökumət Təşkilatları Forumu jurnalistləri mükafatlandırmışdır

 

İyulun 19-da Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) milli mətbuatımızın 135 illik yubileyi münasibətilə tədbir keçirmişdir.

MQF-nin prezidenti Rauf Zeyni KİV-lərin təmsilçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, ölkədə mətbuatın inkişafı üçün əlverişli mühitin yaradıldığını bildirmişdir. Vurğulanmışdır ki, MQF Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı prosesində KİV-lərlə yaxından əməkdaşlıq edir.

Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Elman Paşayev Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulmuş milli mətbuatımızın inkişaf tarixinə nəzər salmış, Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında bu qəzetin mühüm rol oynadığını qeyd etmişdir.

E.Paşayev demişdir ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi mühüm tədbirlər milli mətbuatımızın inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. 1998-ci ildə senzuranın ləğvi, 2000-ci ildə KİV-lərin inkişafı ilə bağlı Dövlət Proqramının qəbulu, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının ləğv edilməsi, qəzet redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi dahi öndərin mətbuatın inkişafına göstərdiyi diqqətin tərkib hissəsi olmuşdur.

Prezident Administrasiyasının nümayəndəsi ulu öndərin mətbuatımızın inkişafına göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən də davam etdirildiyini bildirmişdir. Milli mətbuatımızın 135 illik yubileyinin geniş qeyd edilməsi ilə bağlı dövlətimizin başçısının iyunun 10-da imzaladığı sərəncam Azərbaycanda jurnalist əməyinə verilən yüksək qiymətdir.

Tədbirin sonunda Azərbaycanda milli mətbuatın və vətəndaş cəmiyyətinin inkişafında xidməti olan KİV-lərə və jurnalistlərə fəxri fərmanlar və hədiyyələr təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-20  iyul.- S.  7.