Prezident İlham Əliyev
Dənizkənarı Milli Parkda
"Park Bulvar"
ticarət və istirahət mərkəzinin
açılışında iştirak etmişdir
İyulun 20-də paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılışı olmuşdur.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak etmişlər.
Mehriban xanıma, qızları Leyla və Arzuya gül dəstələri təqdim olundu.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və mərkəzlə yaxından tanış oldu.
Məlumat verildi ki, tikintisinə 2006-cı ildə başlanılmış mərkəzin tamamlanmış sahələrinin bu ilin ilk aylarından icarəçilərə verilməsinə başlanmışdır. Müasir standartlara uyğun inşa edilmiş mərkəzin binası 4 yerüstü və 2 yeraltı mərtəbədən ibarətdir. "Park Bulvar"ın yaradılmasında əsas məqsəd ziyarətçilərin ticarət imkanlarını, əyləncəsini və maariflənməsini yüksək səviyyədə təşkil etmək, paytaxt sakinləri və şəhərimizin qonaqlarına, turistlərə unudulmaz təəssürat bəxş etməkdir.
Birinci və ikinci mərtəbə ilə tanışlıq zamanı bildirildi ki, bu qatlarda Avropanın və dünyanın tanınmış brendlərinin məhsullarının təqdim olunduğu mağazalar, kafelər yerləşir.
Prezident İlham Əliyev və ailə üzvləri üçüncü mərtəbədə uşaqlar üçün "Happy Land" oyun-əyləncə məkanına baxdılar. Burada oyuncaqlar, attraksionlar, karusellər, rəngli işıq effektləri balacalara xoş anlar bağışlayır. Valideynlər rahat alış-veriş etmələri üçün balacaları uşaq otağında qoya bilərlər. Xüsusi təlim keçmiş personal uşaqların qayğısına qalacaqdır. Dövlətimizin başçısının nəvələri karusellərdə əyləndilər.
Bu mərtəbədə, həmçinin türk, rus, italyan, Çin, Meksika mətbəxi restoranları, habelə Azərbaycan mətbəxinin nümunələrini təqdim edən "Kabab-park" restoranı yerləşir.
Prezident İlham Əliyev və xanımı yay kafesindən Bakının dəniz mənzərəsini seyr etdilər. Dövlətimizin başçısına və xanımına Dənizkənarı Milli Parkda aparılan abadlıq və quruculuq işləri barədə məlumat verildi.
Dördüncü mərtəbədəki "Zeytun" restoranında canlı musiqi sədaları altında milli yeməklərimiz təqdim olunur. Bu mərtəbədə 3D sistemi ilə işləyəcək 6 kinozalın yaradılması prosesi başa çatmaq üzrədir. Bundan başqa, boulinq mərkəzi, fotostudiya, Tusi-Bohm planetariumu fəaliyyət göstərir. Bütün yaş təbəqələri üçün nəzərdə tutulmuş planetarium maarifləndirmə funksiyasını daşıyır. 60 tamaşaçı yeri olan planetariumda kosmosa aid cizgi və sənədli filmlər nümayiş olunacaqdır.
Dövlətimizin başçısı mərkəzin dəniz mənzərəli VİP restoranlarında yaradılan şəraitlə də tanış oldu.
Məlumat verildi ki, mərkəzdə gözəllik salonu, supermarket, 500 avtomobillik dayanacaq, dərzi, quru təmizləmə və digər xidmətlər təqdim olunur. "Park Bulvar" ticarət və istirahət mərkəzinin istifadəyə verilməsi ümumilkdə 700 yeni iş yerinin açılması deməkdir.
"Park Bulvar"ın maketi ilə tanış olan Prezident İlham Əliyev yaradılan şəraitdən razı qaldığını bildirdi.
AzərTAc
Azərbaycan.- 2010.- 21 iyul.- S.
1.