Cenevrədə səfərdə olan Azərbaycan parlamentinin
nümayəndə heyəti bir sıra
görüşlər keçirmişdir
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti parlament spikerlərinin 3-cü dünya konfransında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdədir.
Səfər çərçivəsində spiker Oqtay Əsədov bir sıra ikitərəfli görüşlər keçirmişdir.
Qazaxıstan Senatının sədri Qasım Comərd Tokayev ilə görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, tarixi köklərlə bir-birinə bağlı olan xalqlarımız ölkə başçılarının səyi və iradəsi sayəsində daha dərin münasibətlər çərçivəsində öz əlaqələrini yüksələn xətlə inkişaf etdirməkdədir.
Qazaxıstan Senatının sədri türkdilli xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsində TürkPA-nın fəaliyyətinə böyük inam bəslədiyini vurğulamış, bu qurumun Bakıda keçirilmiş tədbirlərinin yüksək səviyyədə təşkilinə görə Milli Məclisin Sədrinə minnətdarlığını bildirmişdir. Q.Tokayev TürkPA-nın Qazaxıstanda nəzərdə tutulan növbəti konfransının 2011-ci ilin martında keçirilməsinə dair Azərbaycan tərəfinin razılığını istəmişdir.
Milli Məclisin Sədri Oqtay Əsədov ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə toxunmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi barədə danışmışdır. O.Əsədov ümidvar olduğunu bildirmişdir ki, hazırda ATƏT-ə sədrlik edən Qazaxıstan münaqişənin ədalətli həllinə öz töhfəsini verəcəkdir.
Milli Məclisin Sədri sonra Belarus Milli Məclisinin Respublika Şurasının sədri Anatoli Rubinov ilə görüşmüşdür. Hələ sovetlər dönəmindən möhkəm ikitərəfli əlaqələrimizin mövcudluğundan danışan Oqtay Əsədov qeyd etmişdir ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra da bu ənənəyə sadiq qalmışdır. Bu gün dövlət başçılarımızın səyi ilə əlaqələrimiz daha da inkişaf etməkdədir. Ötən il Belarusa səfərini xatırladan Oqtay Əsədov, belə səfərlərin parlamentlərarası əlaqələrin inkişafında mühüm mərhələ açdığını söyləmişdir.
Anatoli Rubinov Belarus xalqına və dövlətinə göstərdiyi dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığını bildirmişdir. O, Azərbaycanın Avronestdə Belarusa göstərdiyi dəstəyi xüsusilə vurğulamışdır.
Görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, parlamentlərarası əlaqələr, iqtisadiyyat, ticarət, mədəniyyət və xüsusilə elm sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılmışdır.
Milli Məclis Sədrinin digər görüşü Lüksemburq Böyük Hersoqluğu Nümayəndələr Palatasının sədri Loran Mozar ilə olmuşdur. Oqtay Əsədov qeyd etmişdir ki, dövlətlərimiz və parlamentlərimiz arasında yaxşı ikitərəfli əlaqələr mövcuddur. Bildirilmişdir ki, yüksək səviyyədə təşkil edilən qarşılıqlı səfərlər bu əlaqələrin daha möhkəm xarakter almasında mühüm rol oynayır. Bu baxımdan Loran Mozarın Azərbaycana nəzərdə tutulan səfəri ikitərəfli və parlamentlərarası əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.
Oqtay Əsədovun Niderland Krallığı Senatının sədri Rene Van der Lindenlə görüşündə bir sıra qarşılıqlı maraq doğuran məsələlərə toxunulmuşdur. Qeyd olunmuşdur ki, Rene Van der Linden AŞ PA-nın sədri olarkən həmişə ədalətli mövqe nümayiş etdirmiş, Azərbaycanın haqq işinə dəstək vermişdir.
Oqtay Əsədov Strasburqa səfərini və AŞ PA-nın o zamankı sədri Rene Van der Lindenlə birgə keçirdiyi mətbuat konfransını xatırlatmışdır. Bildirilmişdir ki, həmin konfransda AŞ PA sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz mövqeyini bildirmiş, Azərbaycanda və Ermənistanda səfərdə olarkən də həmin mövqeyində qalmışdır. Söhbət zamanı Niderland Senatında Azərbaycan parlamenti ilə dostluq qrupunun yaranması təqdirəlayiq hal kimi qeyd olunmuşdur.
Görüşdə münasibətlərimizin daha da dərinləşməsi, parlamentlərarası əlaqələrin möhkəmlənməsi, qarşılıqlı səfərlərin təşkil olunması, elm, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Akif TƏVƏKKÜLOĞLU,
Milli Məclisin mətbuat katibi
Azərbaycan.- 2010.- 21
iyul.- S. 2.