ARDNŞ və İtaliyanın ENİ şirkəti arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunmuşdur

 

İyulun 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində qurumun rəhbərliyi İtaliyanın ENİ şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Şirkətdən bildirmişlər ki, görüşdə qurumun sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov son dövrdə ENİ şirkəti ilə ARDNŞ arasında işgüzar münasibətlərin intensivləşdiyini, bu əlaqələrin Azərbaycan və İtaliya dövlətləri arasında münasibətlərin inkişafına xidmət etdiyini söyləmişdir. O, ENİ korporasiyasına daxil olan "Saipem" şirkətinin Azərbaycanda uzun müddətdir uğurla fəaliyyət göstərdiyini və ARDNŞ ilə səmərəli əməkdaşlıq etdiyini xüsusi vurğulamışdır. İyun ayında ENİ şirkətinin vitse-prezidenti Daniele De Covanninin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində iki şirkəti maraqlandıran məsələlər haqqında ətraflı müzakirələrin aparıldığı qeyd olunmuşdur. ARDNŞ-in nümayəndələri bugünkü görüşün qarşılıqlı münasibətlərə yeni təkan verəcəyinə əmin olduqlarını söyləmişlər.

Tədbirdə bildirilmişdir ki, son illər "Şahdəniz", "Azəri-Çıraq-Günəşli" layihələri çərçivəsində və ARDNŞ-in müstəqil işlədiyi yataqlarda görülən tədbirlər nəticəsində ölkəmizdə neftin və təbii qazın hasilatı rekord səviyyədə yüksəlmişdir. Qonaqlara Azərbaycan neftinin və qazının dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə çıxarılmasına imkan verən ixrac neftqaz kəmərləri sisteminin qısa müddətdə yaradıldığı və uğurla fəaliyyət göstərdiyi barədə də ətraflı məlumat verilmişdir.

Görüşdə Xəzər dənizində aparılan neft-qaz əməliyyatlarında ARDNŞ ilə ENİ şirkəti arasında mümkün əməkdaşlıq imkanları və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 21 iyul.- S.  2.