ABŞ-ın milli bayramı şərəfinə

 

Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin elan olunmasının 234-cü ildönümü münasibətilə iyulun 20-də bu ölkənin Bakıdakı səfirliyi rəsmi qəbul təşkil etmişdir.

Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət himnləri səslənmişdir.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Stirlinq qəbulda çıxış edərək bildirmişdir ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında çoxşaxəli və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. ABŞ kimi, Azərbaycan da azadlığa doğru seçim etmişdirbiz inanırıq ki, bu seçim Azərbaycan xalqı üçün müstəqil, sülh və tərəqqi dolu gələcəyi təmin edəcəkdir.

Diplomat demişdir ki, Birləşmiş Ştatlar Azərbaycanda həyata keçirilən siyasiiqtisadi islahatları dəstəkləyir. Təhlükəsizliyin təmin olunmasında, müstəqilliyin möhkəmlənməsində, iqtisadiyyatın inkişafında ABŞ dostustrateji tərəfdaşı olan Azərbaycana dəstəyini davam etdirəcəkdir.

Adam Stirlinq ABŞ dövlət katibi Hillari Klintonun bu yaxınlarda Azərbaycana səfərini xatırladaraq, səfərin ikitərəfli əlaqələrin genişlənməsinə böyük töhfə olduğuna əminliyini vurğulamışdır.

Diplomat qlobal təhlükəsizliyin təmin olunması sahəsində və terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu yüksək qiymətləndirmişdir.

Maliyyə naziri Samir Şərifov rəsmi qəbulun iştirakçılarını Azərbaycan hökuməti adından təbrik etmiş, Amerika xalqına sülh və firavanlıq arzulamışdır.

Samir Şərifov qeyd etmişdir ki, Azərbaycan-ABŞ münasibətləri enerji, təhlükəsizlik və humanitar sahələrdə strateji xarakter almışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycan-ABŞ əlaqələrinin daha da genişlənməsinə, demokratiyanın inkişafına və terrorçuluğa qarşı mübarizədə səylərin artırılmasına böyük töhfələr vermişdir.

Nazir demişdir ki, ölkələrimiz arasında bu günədək 68 sənəd imzalanmışdır. Bu sənədlər münasibətlərimizin daha da dərinləşdirilməsi üçün hüquqi baza yaratmışdır. Azərbaycan hökuməti son dövrlər ikitərəfli əlaqələrdə intensivləşməni və dialoqu çox yüksək qiymətləndirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Şərifov, ölkəmizin 20 faiz torpağının hələ də işğal altında qaldığını xatırlatmış, ABŞ-ın, ümumiyyətlə beynəlxalq birliyin münaqişənin həllində səylərini artırmağının zəruriliyini vurğulamışdır.

Rəsmi qəbulda Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov və Novruz Məmmədov, nazirlər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  21 iyul.- S.  2.