Hürriyyət, Millət və İstiqlal təşnəsi Məhəmməd Hadi

 

Artıq yetişib hürriyyətin anları, qalxın!

Qalxın yeni əsrin yeni insanları, qalxın!

Türk torpağı öz övladının cəngini bəklər,

İşğalçıların üstünə qalxsın dəyənəklər!

 

Bu bəndin məzmunundan aydın görmək olur ki, XX əsrin əvvəllərində yaranan romantik ədəbiyyatın qəhrəmanları da, "işvəkar pəri"ləri də "Vətən", "Millət" və "Azadlıq" idi. Onlara sevgi əhval- ruhiyyəsini poeziyada yaradan və əks etdirən aşiqlərdən biri böyük Azərbaycan şairi, romantik ədəbiyyatımızın görkəmli simalarından olan Məhəmməd Hadidir. Haqqında yazılan xatirələrdə onun bir keyfiyyəti xüsusilə vurğulanır: "Hadi hürriyyət və millət vurğunu idi". Tariximizin bu dövrünü qiymətləndirən maarifçi-pedaqoq Firidun bəy Köçərli yazırdı: "O epoxada hissi-millivicdani-milli doğub böyüyürdü".

 

Millət və onun azadlığı uğrunda ideoloji savaş görünməmiş vüsət almışdı. Dövrün mürəkkəb siyasi və ədəbi mühitində Hüseyn Cavid romantizmdə dramaturgiyanı necə yaratmışdırsa, Məhəmməd Hadişair kimi elə formalaşmışdır. Romantizmin ən mühüm və ən mənalı mövzusu xalqımızın millət kimi təşəkkül tapması, azadlığını duyması və onun uğrunda savaşması ideyası idi. Türk dünyasının böyük ideoloqu Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Hüseyn Cavid, Abbas Səhhət, Məhəmməd Hadi kimi millətçi ziyalılar təqiblər, təzyiqlər və hədələr altında da olsa bu mövzunu yaza-yaza, dərinləşdirə-dərinləşdirə sonda millət problemini qoya bildilər, milli ideologiya yaratdılar. Onlar bunu qeyri-adi təfəkkürləri, varlıqlarında daşıdıqları uca milliyyət duyğusunun fövqəlbəşərliyi hesabına etdilər, xalqı müsəlman ümməti fəlsəfəsindən millət müstəvisinə çıxartdılar. Əli bəy Hüseynzadənin yaratdığı "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" düsturu ilə. Onlar böyük türk dünyasını bu üç çevrədə bir araya gətirmək istəyirdi.

Yaşadığı cəmiyyətdən və millətinin çəkdiyi əzabdan usanan Hadi hələ gənc yaşlarında yazırdı:

 

İmzasını qoymuş miləl-övraqi-həyatə,

Yox millətimin xətti bu imzalar içində.

 

Yaşadığı həyatı boyu millətinin imzasını imzalar içində görmək üçün bir an dayanmadan savaşdı, üsyankar şeirləri ilə dünyaya bağırdı, səsi ilə cəhalətin qara pərdələrini yırtıb dağıtdı bu romantik şair.

Məhəmməd Hacı Əbdülsəlimzadə Hadi (Şirvani) 1879-cu ildə Şamaxının Sarıtorpaq məhəlləsində doğulmuşdu. İbtidai təhsilini kəndlərində molla Səmədin yanında almışdı. Doqquz yaşındaykən atası vəfat edib. Anası başqasına ərə getdiyindən Məhəmməd bacıları Teyyibə nənələrinə sığınırlar. Məhəmmədin həyatının ağır günləri elə buradan başlayır. Qohum-əqrəba ümidində qalan gəncin oxumaq arzuları da puç olur. Dünyəvi təhsil almaq onun ən böyük arzusu olsa da, qohumları buna əhəmiyyət vermir. Şeirlərinin birində bu barədə yazırdı:

 

Oxumaqçın qədər dadu fəqan etdimsə,

Olmadı zərrə əsərbəxş bu istimdadım.

Dağa dersəm eşidir, sonra verir əks-səda,

Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

 

Şamaxı zəlzələsindən sonra Kürdəmirə köçən Hadi 1902-ci ilə qədər burada müəllimlik edir. İlk dəfə 1905-ci ildə "Həyat" qəzetinin 109-cu sayında "Lövhi-məkatib" adlı şeiri dərc olunur. Bu vaxt Həştərxanda "Bürhani-tərəqqi" qəzetini nəşr edən Mustafa Lütfi gənc şairi qəzetinə dəvət edir Hadi bu təklifi qəbul edərək dərhal Həştərxana yola düşür. Bu qəzetdə onun intibah, millət, istiqlal, irfan mövzularında şeirləri dərc olunurdu. İstedadlı şair tezliklə "Füyuzat"ın redaktoru Əli bəy Hüseynzadənin diqqətini çəkir 1906-cı ildə Hadi Əli bəyin çağırışına cavab olaraq Bakıya dönür.

Hadiyə görə, milli intibah millətin övladlarına məktəb açmaqdan başlayırdı: "Millətin tərəqqisi yalnız məktəblədir, maariflədir" deyirdi. "Məktəb şərqisi", "Maarifə dair", "İnsan ilə mükərrəm olur", "Maarif olsa, zülmü məhv olar əlbəttə dünyanın" adlı şeirlərində məktəb maarifin millətin dərdinə dava olacağına əminliyini bildirir:

 

Məktəb demək? Xadimi-qüdsiyyəti-millət,

Məktəb demək? Baisi-ülviyyəti-şövkət,

Məktəb demək? Cilvəgahi-nuri-həqiqət,

Məktəb demək? Rəhbəri-irşadü-səadət,

Övladi-vətən etmək üçün bizdə təali

Məktəblər açıb kəsb edəlim elmü kəmali!

 

Məhəmməd Hadinin ədəbi taleyini demək olar ki, mətbuat müəyyənləşdirib. Onun bütün yaradıcılığı yalnız mətbuatda dərc olunub. "Füyuzat" isə bu romantik şairi kəşf edir. "Füyuzat" Qafqazda çar Rusiyasının yürütdüyü hakim millətçilik siyasətinin qarşısına türkçülükislam idealları ilə çıxır və hamını bu ideallar ətrafında birləşməyə çağırırdı. Güclü inanca dayanan böyük ziyalılar səkkiz səhifəlik dərgidə geniş ədəbi-elmi-siyasi coğrafiyanı əhatə etməklə yanaşı, dilimizin təmizliyi uğrunda da savaşırdılar. Məhəmməd Hadinin "İstiqbalımız parlaqtır" şeiri artıq cəmiyyətdə geniş nüfuz qazanmışdı. Onun "Şühədai-hürriyyətimizin əhvalinə ithaf" şeiri 1918-ci ilin martında erməni daşnaklarının törətdikləri qanlı cinayətlərdən, erməni-müsəlman faciəsindən, tökülən günahsız qanlardan bəhs edirdi. Mart qırğınlarından sarsılmış şair şəhidlərimizi ağlayır, onları şeirlərində öyürdü:

 

Sizin məzarınız iştə qülubi-millətdir,

Bu sözlərim ürəyimdən qopan həqiqətdir.

Sizi unutmayacaq şanlı millətim əsla,

Əmin olun buna, ey ziyneti-cahani fena,

Sizinlə buldu bu millət həyati-nuri-istiqbal.

 

1910-cu ildə Hadi İstanbula gedir orada "Tənin" qəzetində Şərq dilləri tərcüməçisi kimi fəaliyyətə başlayır. Türkçülük, millətçilik, istiqlal savaşı kimi şeirləri çox keçmir ki, Şərq dünyasında dillər əzbəri olur, alovlu çıxışları siyasi mahiyyət kəsb edir. Hətta "Fünun maarif" adlı şeiri fars dilinə tərcümə olunaraq Hindistanda çıxan "Həblülmətin" adlı qəzetdə dərc olundu. Bunu görən Osmanlı dövləti 1913-cü ildə gənc şairdən şübhələnərək onu dərhal həbs etdirib Salonikə sürgün elətdirir. 1914-cü ildə o, vətənə dönür. 1915-ci ildə bir müddət Qafqaz ordusunda feldşer işləyən Hadi çox keçmədən Avstriya cəbhəsinə, Karpata gedib orada müsəlman əsgərləri alayında alay mollası kimi fəaliyyət göstərir. Müharibənin bütün dəhşətlərini görən bu dəhşəti yaşayan Hadi vətəninə dönmək, yenidən istiqlal savaşı uğrunda mübarizə aparan ziyalıların sırasına qoşulmaq istəyir. Qoşulur da. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranmış, millətin işıqlı ziyalıları hakimiyyətə gəlmişdi. Cümhuriyyətin ana dilində rəsmi mətbuat orqanı da var idi, "Azərbaycan" qəzeti. Bu qəzetdə onun ən millətçi, ən üsyankar şeirləri dərc olunurdu. Hadi şeirlərində gah üçrəngli bayrağı, Milli Ordunu, gah da azadlıq sevgisini öyürdü: 1918-ci il sentyabrın 15-də qəzetin ilk sayında azadlıq şairi Məhəmməd Hadinin "Türk nəğməsi" şeiri çap olundu. Bu şeir sonadək qəzetin ana xəttini, leytmotivini təşkil edirdi:

 

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Dörd ildə verilmiş bu qədər can hədər olmaz,

Qiymətli olan Xuni-sehidan hədər olmaz.

Dul qalmış olan növheyi-nisvan hədər olmaz.

Bax sən sonuna himməti-turkan hədər olmaz,

Qan ilə qazandıq zəfəri, verməriz əldən,

Xof eyləmədik ateşi-dehhase duveldən.

Bir zərrə belə qorxmayırız desti-əcəldən,

İstərsə cahan çevrilə tərsinə təməldən

Türkün üzü çevrilməyəcək səmti əməldən.

 

Xaraktercə azadlıq millət vurğunu olub Hadi. Yaradıcılığının bir qismini məqalələri təşkil edir. İlk qələm nümunəsi "Həyat" qəzetində çıxan "Bəyani-həqiqət" yazısıdır. Bu yazıda millətin düşdüyü cəhalət vəziyyətindən söhbət açılırdı: "Elm mərifətlə müsəlləh olmayan bundan sonra bədbəxt halda yaşayacaqlar, yaşayacaqlar deyil, sürünəcəklər..."

"Azərbaycan" qəzeti istiqlal yolunda ilk addımlarını atan Azərbaycan Xalq Cümhuriyyəti kimi gənc dövlətin mətbu orqanı idi. Qəzet yarandığı gündən vətənsevərlərin, millət fədailərinin ruporuna çevrilmişdi. Dövrün ən kamil ziyalıları, şairləri fikir duyğularını bu qəzetdə ifadə edirdilər. Məhəmməd Hadinin imzası üsyankarlığı, türkçülüyü azadlığa vurğunluğu ilə seçilirdi. O, qəzetin ən fəal müxbirlərindən biri, dövrünün görkəmli şairi kimi böyük nüfuz qazanmışdı. Böyük şairin "Azərbaycan" qəzetinin 1919-cu il 23 nisan (aprel) sayında dərc olunmuş "Əsgərlərimizə, könüllülərimizə" şeiri ürəkləri fəth etmişdi:

 

Qorxutmamalı bizləri yollardaki əngəl,

Məfkurəyə doğru yürü, qoş, durma, çapıq gəl!

Millət tikəcək namına ölsən dəxi heykəl,

Qoyma toxuna yurduna naməhrəm olan əl!

Bizlərdə bu gün olmalı bir məqsədi-əkməl,

Bir məqsədi-əkməl bir ümmidi-müncəl.

Amalımıza doğru şitaban olalım, gəl!

Millətlə Vətən rahinə qurban olalım, gəl!

 

Məhəmməd Hadi ömrünün sonlarına yaxın olduqca ağır günlər keçirir. 1920-ci ildə Gəncədə olarkən mübtəla olduğu ağır xəstəlikdən xəstəxanada yatır, lakin müalicə almağa imkan yox imiş. Bəzi mənbələrdə isə yazılır ki, şair öz şeirlərini satır, dərmana verir çörəkpulu edirmiş. Lakin 1920-ci ilin mayında Gəncə üsyanından bir neçə gün sonra 41 yaşında ağır xəstəlikdən vəfat edir.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2010.-21  iyul.- S.  6.