Vətəndən kənarda da vətən üçün çalışdı

 

XIX əsrin birinci və XX yüzilliyin ikinci yarısının tarixinə nəzər salanda bu dövrdə öz əbədi izini qoymuş şəxsiyyətlər sırasında Əlimərdan bəy Topçubaşovu da görürük. O, görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Rusiyanın müsəlman-türk xalqlarının milli-azadlıq hərəkatının liderlərindən biri idi. 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 28-dək Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri olmuşdu.

Bütün bunlarla bərabər, Topçubaşov dəyərli mühərrir, publisist, naşir idi. Odur ki, Azərbaycan mətbuatının 135 illiyi ərəfəsində onun ictimai-siyasi fəaliyyəti ilə yanaşı, jurnalistlik həyatına nəzər salmaq da yerinə düşər.

 

Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov (Topçubaşı) 1865-ci il mayın 4-də Tiflisdə qulluqçu ailəsində anadan olub. Dövrünün keşməkeşləri onun həyatından da yan ötməyib. Bir çox müasirləri kimi Əlimərdan bəyin də ömrü qürbətdə bitib. O, 1934-cü il noyabrın 5-də Parisin Sen-Deni rayonunda dünyasını dəyişib və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunub.

Topçubaşovun jurnalistlik fəaliyyətindən söhbət düşəndə, ilk növbədə, "Kaspi" qəzeti xatırlanır. Onun taleyinin "Kaspi" ilə necə bağlandığını göstərmək üçün isə tərcümeyi-halını vərəqləmək lazım gəlir.

1884-cü ildə Topçubaşov Birinci Tiflis Gimnaziyasını, 1888-ci ildə isə Peterburq Universitetinin hüquq fakültəsini bitirir. Təhsilini başa çatdırdıqdan sonra bir neçə il Rusiyada işləyir, 1894-cü ildə Bakıya gəlir və hüquqşünas kimi fəaliyyətə başlayır. Bir sıra hüquq-mühafizə orqanlarında çalışır, müstəqil vəkil kimi fəaliyyət göstərir, mürəkkəb məhkəmə proseslərini udması ona şəhər əhalisi arasında böyük nüfuz və hörmət qazandırır.

Öz ixtisasının dərin bilicisi olan Topçubaşov həm də poliqlot idi. O, doğma Azərbaycan dilindən başqa, rus, fransız, ingilis, fars və gürcü dillərini də bilirdi.

Bütün bunlara görə Topçubaşov böyük mesenat Hacı Zeynalabdin Tağıyevin diqqətindən kənarda qalmır. 1897-ci ildə H.Z.Tağıyev "Kaspi"ni alaraq qəzetin redaktorluğunu Əlimərdan bəyə tapşırır. Bununla da 1917-ci ilin axırlarına kimi qəzetə rəhbərlik edir. Həmin illərdə onun yüzlərlə məqaləsi dərc olunur. Əlimərdan bəy Azərbaycanın bir çox yazıçı, şair, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri məqalələr, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini pisləyən publisistik yazılarla çıxış edir. Bir faktı qeyd edək ki, Ə.Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olur, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında gedir və onun başçılarından birinə çevrilir.

Xatırladaq ki, Bakıda rus dilində çıxan qəzetlər içərisində "Kaspi" daha uzunömürlü olmuşdur. Bu mətbu orqan cəmiyyətin həyatını öz baxışlarına əsaslanaraq göstərmişdir. 1881-ci ildən 1919-cu ilədək onun 10 min 65 nömrəsi çapdan çıxmışdır. İlk 28 nömrəsi həftədə iki dəfə, 1881-ci ilin iyulundan üç, 1884-cü ildən gündəlik çıxmışdır. Müxtəlif vaxtlarda qəzetin redaktorları və naşirləri V.Kuzmin, V.Liçkus-Xamutov, N.Sokolinski, Ə.Topçubaşov, H.Zərdabi, Ə.Hüseynzadə və başqaları olmuşlar.

1897-ci ildə qəzetin redaktoru N.Sokolinski dünyasını dəyişir. O, "Kaspi"yə 8 il redaktorluq etmişdi. Sokolinskinin dünyasını dəyişdiyi ildə qəzetin tirajı 2.400-ə qalxmışdı. Bu da o zaman üçün böyük tiraj sayılırdı.

Redaktorun ölümündən sonra redaksiyada bir sıra dəyişikliklər baş verir. Qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür. Bundan sonra redaksiyanı ovaxtkı Nikolayevski (sovet dönəmində "Kommunist", hazırda isə "İstiqlaliyyət") küçəsindəki binaya köçürür. Redaktorluq vəzifəsi isə, qeyd etdiyimiz kimi, Ə.Topçubaşova tapşırılır. O zaman Hacı Zeynalabdin əsasən milli ziyalıları qəzetin ətrafına toplayırdı. Rusca çıxmasına baxmayaraq, 1890-cı ildən etibarən "Kaspi"nin səhifələrində milli məfkurə məsələləri geniş yer alır. Qəzet Ə.Topçubaşovun redaktorluğu dövründə rusdilli, milli düşüncəli mətbuat orqanına, milli ideyaların başlıca müzakirə mərkəzlərindən birinə çevrilir.

Sonrakı onillikdə "Kaspi"nin mövzu dairəsi xeyli genişlənir. Qəzet öz ətrafına daimi yazan publisistlər toplayır, həyat hadisələrinə real münasibət bəsləyən bir sıra jurnalistlər qəzet səhifələrinə həqiqətləri çıxarırlar. Mütərəqqi, demokratik Azərbaycan ziyalılarının görkəmli nümayəndələri - H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, Ə.Ağayev, M.Şaxtaxtinski, C.Məmmədquluzadə və başqaları "Kaspi" ilə əməkdaşlığa başlayırlar.

"Gündəlik həyat"dan, "Bizə yazırlar", "Özgə diyarlardan", "Məhkəmə xronikası", "Kaspi"nin məktubları", "Arabesklər", "Eskizlər", "Teleqramlar", "Xarici xəbərlər", "Mətbuat xülasəsi" rubrikaları altında gedən yazılarda Rusiyada və xarici ölkələrdə baş verən maraqlı hadisələrin dərci qəzeti ictimai-siyasi həyata yaxınlaşdırır. Qəzetdə beynəlxalq fəhlə həyatı mövzusu özünə yer tapır. İtaliyada fəhlə və kəndlilərin həyəcanları, İrlandiyada silahlı üsyana hazırlıq, Almaniyada tətillər və s. haqqında yazılarda oxucular dünyada baş verən hadisələrlə ətraflı tanış olurlar. 1905-ci ildə Bakıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları zamanı "Kaspi" əsl fədakarlıq göstərir, uydurma erməni təbliğatına qarşı əsl mübarizəyə qalxır. Ermənilər bütün dünyaya Bakıda müsəlmanların əli ilə guya "15-20 min erməni öldürüldüyü" barədə yalanlar yaymağa başladığı və Rusiyanın paytaxt şəhərlərində çıxan "Birjevıye vedomosti", "Sankt-Peterburqskiye vedomosti", "Novosti", "Rus" və başqa qəzetlər erməni saxtakarlığını yaydığı zaman "Kaspi"nin əməkdaşları bu barədə bir çox həqiqətləri qəzet səhifələrində üzə çıxarırlar. O zaman hətta bəzi ermənilər öz saxtakarlıqlarına görə "Kaspi" vasitəsilə üzr istəmək məcburiyyətində qalırdılar.

Əlimərdan bəyin ictimai-siyasi və qəzetçilik fəaliyyəti sıx birləşirdi. O, müsəlmanları bütün "cəbhə boyu" müdafiə edirdi. Ə.Topçubaşovun ixtisasca hüquqşünas olduğu özünü mətbuatdakı bütün çıxış və yazılarında da göstərirdi. 1905-ci il iyunun 10-da onun başçılıq etdiyi müsəlman nümayəndələri tərəfindən ərzi-hal hazırlanmış və Qafqaz canişininə təqdim olunmuşdur. Həmin sənəddə göstərilirdi ki, sabiq canişinin dövründə müsəlmanlar ixtiyarsız idilər, "rus təbəəsindən sayılmayıb, sözün hərfi mənasında, "ögey" övlad" hesab olunurdular.

Bu şikayət ondan irəli gəlirdi ki, müsəlmanlar əsgəri, mülki, ədliyyə və başqa ali işlərdən uzaq salınır, hətta kiçik dövlət işlərinə də götürülmürdülər. Şəhər dumalarında müsəlman qlasnılarının, şəhər idarələrində müsəlman üzvlərinin sayı ümumi xristian qlasnı və üzvlərinin yarısından çox ola bilməzdi. Topçubaşov bütün bu məsələlərin əleyhinə çıxırdı. Hadisələrin bir ictimai xadim kimi onun gözləri qarşısında baş verməsi etiraz "notları" daha da gücləndirirdi. Başqa cür ola da bilməzdi. Qafqaz müsəlmanları 25 ildən artıq bir müddətdə özlərinin xeyriyyə cəmiyyətlərini yaratmaq üçün icazə ala bilmirdilər.

Əlimərdan bəyin jurnalistlik fəaliyyətinə yalnız qəzetlərdəki çıxışlarını aid etmək düzgün olmazdı. Çünki o, ictimai-siyasi xadim kimi müxtəlif təşkilatlarla yazışmalar aparır, tədbirlərdə nitqlər söyləyirdi. Onun həmin məktub və çıxışları da bir növ publisistika idi.

Birinci rus inqilabı (1905-1907) dövründə müsəlman xalqlarının azadlıq mübarizəsinin təşkilində Ə.Topçubaşovun əvəzsiz xidmətləri olmuşdur. İnqilabın gedişində Azərbaycanda da genişlənən petisiya (xahişnamələr, müraciətlər və s.) kampaniyasında Əlimərdan bəyin əməyi çox böyükdür. Bu zaman bütün petisiyaları özü tərtib və təqdim edirdi. 1905-ci ilin aprel ayında Cənubi Qafqaz müsəlmanları adından Rusiya Nazirlər Kabinetinə təqdim olunan petisiyaları da Topçubaşov hazırlamışdı.

Həmin il avqustun 15-də Ümumrusiya müsəlmanlarının Nijni Novqorodda keçirilən birinci qurultayına sədrlik etmiş, tədbir onun çıxışı ilə açılmışdı. Bu çıxışların hərəsi bir publisistik məqalə təsiri bağışlayır: "Biz türk övladları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Qərbdən Şərqə qədər bizim atalarımızın mülkü idi. Atalarımız o qədər qəhrəman millət olduqları halda, bu gün Qafqaz dağlarında, Krım bağlarında, Kazan çöllərində və Orta Asiya ovalıqlarında, atalarımızın mülkü olan öz vətənimizdə, öz torpaqlarımızda öz ehtiyaclarımızı bildirməyə imkanımız qalmamışdır".

Rusiya müsəlmanlarının sonrakı qurultaylarının keçirilməsində də Topçubaşovun müstəsna əməyi olmuşdur. 1906-cı il yanvarın 13-23-də Rusiya müsəlmanlarının Peterburqda keçirilən II qurultayı onun hazırladığı "İttifaqi-müslümin" nizamnamə və proqram layihələrini bəyəndi, təkmilləşdirmək şərti ilə, onun qəbulu üçün növbəti qurultaya təqdim olunmasını tövsiyə etdi. 1906-cı il avqustun 15-21-də Nijni Novqorodda keçirilən III qurultayda bu təşkilatın proqramı qəbul olundu, Topçubaşov partiyanın sədri seçildi. O, qurultayda geniş məruzə ilə çıxış etdi: "Ey möminlər, ey qardaşlar. Mən bu gün o qədər məmnun oldum ki, bu məmnuniyyətimi sizə heç bir dildə tərif edə bilmirəm. Mən bu günü heç vaxt unutmayacağam. Bu günün indən belə Ümumrusiya müsəlmanları üçün milli bayram günü olacağı şübhəsizdir".

1906-cı ildə Bakı quberniyasının birinci Dövlət Dumasına deputat seçilən Ə.Topçubaşovun təşəbbüsü ilə burada müsəlman fraksiyası yaradıldı. Dumanın müsəlman fraksiyasını, o cümlədən Azərbaycan deputatlarının siyasi amalını Topçubaşov "Müsəlman parlament fraksiyası" məqaləsində dəqiq ifadə etmişdi: "Müsəlman proqramı ciddi surətdə konstitusiya əsasları üzərində dayanaraq torpaqların milliləşdirilməsi, din məsələlərində tam muxtariyyət, bütün imperiya ərazisində özünü idarə edən kiçik vahidlərin və vilayət məclislərinin təsis edilməsi ilə yerlərdə geniş muxtar idarəçilik prinsipini irəli sürür".

Ə.Topçubaşov Dumanın buraxılmasına etiraz edən deputatların Vıborq müraciətnaməsini imzaladığına görə üç ay həbs cəzasına məhkum olunur. Onu həmçinin Dumaya seçilmək hüququndan məhrum edir, "Kaspi" qəzetinə rəhbərlikdən uzaqlaşdırır, Bakı şəhər Duması üzvlüyündən çıxarırlar. Buna baxmayaraq, Ə.Topçubaşov ikinci Dövlət Duması müsəlman fraksiyasının əməli işlərində xüsusi fəallıq göstərirdi. O, dəfələrlə Peterburqa gedir, bəzən isə müsəlman parlament fraksiyası və Ümumrusiya Müsəlman İttifaqı Mərkəzi Komitəsi üzvlərinin Dumada müzakirəyə çıxarılan qanun layihələri, həmçinin sorğular üzrə fraksiyanın ümumi mövqeyini işləyib hazırlayan iclaslarına sədrlik edirdi.

Dövlət Dumasının müsəlman deputatları və "İttifaqi-müslimin"in üzvləri Topçubaşovun fəaliyyətini davam etdirməsi üçün Moskvada "Daimi təmsilçilik" bürosu açmışdılar. "Tərcüman" qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspiralı 1908-ci il aprelin 11-də Topçubaşova yazdığı məktubda onun fəaliyyətini yüksək qiymətləndirirdi: "Əzizim Mərdan! Hər şeydən əvvəl, sən Peterburqda qalmalısan... kütbeyinlər və yaramazlar istisna olmaqla sağlam düşüncəli bütün insanlar sənin Peterburqda olmağının əhəmiyyətini anlayır. Ona görə də sən orada qalmalı və yaşamalısan. Sonra hər hansı hadisə baş versə belə, səni, sənin biliyini, təcrübəni və ürəyini xalqdan heç kim məhrum edə bilməz və bunu sən bilməlisən ki, sən xalqa daha çox lazımsan".

Lakin 1905-1907-ci illər inqilabının məğlubiyyətindən sonra irticanın yenidən baş qaldırması nəticəsində Ə.Topçubaşov 1910-cu ildə Moskvanı tərk edərək Bakıya dönməli olur. 1914-cü ildə o, Bakıda 45 nəfərdən ibarət "məşvərət məclisi" təşkil edərək müsəlmanların "tələblər paketi"ni hazırlayır, çar hakimiyyəti orqanlarına göndərir. 1916-cı ildə Tiflisdə toplanan Qafqaz millətləri yığıncağında Azərbaycanı təmsil edir.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Topçubaşov yeni yaranmış müstəqil milli dövlətin dünyada tanınması üçün yeni səylə işə başlayır. Fətəli xan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə təşkil etdiyi ikinci hökumət kabineti tərkibində əvvəlcə portfelsiz nazir, avqustun 20-dən xarici işlər naziri olur, avqustun 23-də isə Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula göndərilir. İstanbulda qızğın diplomatik fəaliyyət göstərən Topçubaşov 1918-ci il oktyabrın 2-dən 1919-cu il yanvarın 16-dək burada 36 rəsmi görüş keçirir, danışıqlar aparır, 1919-cu il yanvarın 10-da Sultan Mehmetlə görüşür. Əlimərdan bəy Sultana "...biz azərbaycanlıların bədxahları həmişə olub və yenə də var. Amma sizi əmin etməyə cürət edirəm ki, Azərbaycan türkləri heç vaxt bu düşmənlərdən qorxmamışlar. Çünki bilirdilər ki, onların Türkiyə kimi "böyük dostu var" - dedikdə, Sultan "dostu yox, qardaşı!" - deyə onun sözlərinə düzəliş vermişdi.

Mətbuata sevgi, onun gücünə əminlik artıq Əlimərdan bəyin qanına-iliyinə hopmuşdu. Odur ki, onun İstanbulda yaratdığı Azərbaycan mətbuat bürosu ölkə haqqında məlumat toplamaq, yaymaq və ölkəsini xaricdə tanıtmaq işində mühüm rol oynamışdır. Topçubaşov Qafqaz millətlərinin vahid bir federasiyada birləşməsini istəyirdi. O, hesab edirdi ki, bununla xalqlar aralarındakı münasibətləri daha yaxşı qura və kənar müdaxilələrin qarşısını birlikdə daha uğurla ala bilərlər.

1918-ci il dekabrın 7-də öz işinə başlayan Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti elə ilk iclasında bu zaman İstanbulda olan Topçubaşovu parlamentin sədri seçir. Dekabrın 28-də Azərbaycan hökumətinin və parlamentin ağsaqqallar şurasının birgə yığıncağında Ə.Topçubaşov Paris Sülh Konfransına (1919-1920) göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin sədri təyin olunur. O, İstanbuldan birbaşa Parisə yola düşür.

Böyük çətinliklərdən sonra, nəhayət, 1919-cu il mayın birinci ongünlüyündə Parisə gəlib çatan nümayəndə heyətinin apardığı ardıcıl diplomatik görüşlər, danışıqlar nəticəsini verməyə başlayır. ABŞ Prezidenti V.Vilsonun təşəbbüsü ilə İngiltərə, Fransa və İtaliya dövlət başçıları səviyyəsində Azərbaycan məsələsi gündəliyə salınaraq müzakirə olunur. Həmin yığıncaqda bilavasitə prezident Vilsonun Ə.Topçubaşovu Azərbaycan nümayəndə heyətinin başçısı olaraq tanıması və Azərbaycanın Paris Sülh Konfransına qatılması təklifi qəbul edilir. 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının birinci ildönümü günü ABŞ prezidenti V.Vilson Ə.Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndələri ilə görüşür.

Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin, xüsusilə onun başçısı Topçubaşovun gərgin fəaliyyəti uğurla nəticələndi. Nümayəndə heyəti müxtəlif partiya və fraksiyaların üzvlərindən ibarət olmasına baxmayaraq, Sülh Konfransında vahid mövqedən - gənc Azərbaycan Cümhuriyyətinin mənafeyi mövqeyindən çıxış edirdi. Ə.Topçubaşov bu barədə Bakıya - Cümhuriyyət hökumətinin sədrinə ünvanladığı 6-10 noyabr 1919-cu il tarixli məktubunda yazırdı: "Nümayəndə heyəti ayrı-ayrı partiyalara mənsub şəxslərdən təşkil olunsa da, özünün indiyə qədərki fəaliyyətində bütünlüklə partiya maraqlarına deyil, Azərbaycanın mənafelərini əsas tutan ümumi mülahizələrə əsaslandığını bildirməyi özümə borc sayıram. Məncə, bu, nümayəndə heyətimiz üçün müsbət haldır və onun üzvlərinə şərəf gətirir". Azərbaycan Respublikasının dünyanın böyük dövlətləri tərəfindən tanınması Əlimərdan bəyin başçılığı ilə Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətlərinin nəticəsi idi. Çətin və gərgin əməyin bahasına əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Nəsib bəy Yusifbəyova yazırdı: "Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur... bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik. Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa-olsun, müstəqillik əldə edəcəyimizə inanırdıq... Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq".

1920-1934-cü illərdə Parisdə qalıb mühacir həyatı yaşamağa məcbur olan Topçubaşov siyasi fəaliyyətini dayandırmamış, sovet nümayəndə heyətinin etirazlarına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ona verdiyi mandatla 1920-ci ilin noyabrında Millətlər Cəmiyyətinin Cenevrə toplantısında, 1920-ci ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında iştirak etmiş, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğu və onların törətdikləri cinayətlər haqqında geniş məlumat vermişdir.

Topçubaşov siyasi fəaliyyətini digər Qafqaz respublikaları nümayəndələrinin fəaliyyəti ilə əlaqələndirməyə çalışırdı. Bu məqsədlə onlar 1921-ci il mayın 8-də Parisdə bir araya gələrək Qafqaz Konfederasiyası yaradılması məsələsini müzakirə etmiş, iyunun 10-da isə üç Qafqaz respublikasının səlahiyyətli nümayəndələri Topçubaşovun sədrliyi ilə keçirilən iclasda siyasi və iqtisadi ittifaq yaratmaq haqqında razılığa gəlmişdilər. Həmin iclasda Əlimərdan bəy Azərbaycan nümayəndələrinin Qafqaz Konfederasiyasının qəti tərəfdarı olduqlarını vurğulamışdı.

Ə.Topçubaşov 1934-cü ildə, ölümündən bir qədər əvvəl, Azərbaycan Milli Mərkəzinin divan üzvü kimi M.Ə.Rəsulzadə ilə birlikdə Gürcüstan və Şimali Qafqaz xalqları təmsilçilərinin iştirakı ilə Brüsseldə "Qafqaz Konfederasiyası bəyannaməsi"ni imzalamışdı.

Dövrünün sayılıb-seçilən, güclü və nüfuzlu simalarından olan Əlimərdan bəy mübarizəsini ömrünün sonunadək davam etdirmişdi. Vətəndə də, vətəndən kənarda da yalnız Vətən naminə çalışıb-vuruşmuşdu. Təəssüf ki, ruhunun qərar tapması üçün Vətən torpağında uyumaq belə ona qismət olmamışdı. Bu illər ərzində qazandığı isə xalqının yeni-yeni nəsilləri tərəfindən onun böyük hörmət və ehtiramla yad edilməsi olmuşdur.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2010.- 21 iyul.- S.  6.