Əbədiyaşar rəssam
Ümummilli lider Heydər Əliyevə məxsus fikirdir: "Səttar Bəhlulzadə öz yaradıcılığı ilə XX əsri şöhrətləndirdi". Xalq rəssamı Səttar Bəhlulzadə Azərbaycan təbiətinin poeziyasını kətana köçürmüş qüdrətli bir fırça ustası idi. Ötən il YUNESKO-nun qərarı ilə bu dünya şöhrətli sənətkarın anadan olmasının 100 illiyi qeyd edildi. Şərəfli yubileyin Azərbaycanda da keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamı oldu. Müxtəlif tədbirlər planının çərçivəsində Səttar Bəhlulzadə haqqında kitabın nəşri də nəzərdə tutulmuşdu. Nəhayət, adı Azərbaycan boyakarlıq sənəti tarixinə əbədi həkk olunmuş Səttar Bəhlulzadənin həyat və yaradıcılığı haqqında "Sənətin Məcnunu" adlı kitab işıq üzü gördü. Kitabın çap olunması üçün maliyyə dəstəyi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstərilib. Kitabın müəllifi əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevdir.
Hələ sağlığında əfsanəyə dönən, dünyasını dəyişdikdən sonra əsərləri sənət xiridarları arasında böyük qiymətə, məhəbbətə layiq görülən Səttar Bəhlulzadə deyirdi: "Mənim bir rəssam kimi yetişməyimdə üç müdrik sənətin: qədim xalça və miniatür sənətimizin, bir də ki Füzulinin odlu-alovlu poeziyasının böyük təsiri olub".
Bütün varlığı ilə Azərbaycan təbiətinə bağlı olan, onun gözəlliklərini min bir məhəbbətlə tablolarında əks etdirən Səttar Bəhlulzadə Azərbaycan rəssamlarının çox sevdiyi, özlərinə müəllim saydıqları bir sənətkar idi. Hələ sağlığında rəssamlar ona sitayiş edirdilər. Elə bu kitabda da Səttar haqqında toplanmış onlarla xatirə və fikirlərdə böyük rəssamın qeyri-adi obrazı canlanmaqdadır. Müəllif Səttar haqqında yazılmış şeirləri, xatirələri bir araya toplayaraq oxuculara təqdim etməklə Səttar Bəhlulzadənin sözlərdən yoğrulmuş portretini ustalıqla yaradıb. Kitabda rəssamın yaradıcılığı geniş təhlil olunmaqla yanaşı, əsərlərinin siyahısı, onların yaranma tarixi oxucuların diqqətinə çatdırılır.
Yeni kitabın məziyyətlərindən biri də xalq rəssamının yadigar qalan əsərlərinin əksəriyyətinin fotosurətinin təqdim edilməsidir. Səttar Bəhlulzadənin ailə üzvləri haqqında, tələbəlik illərindən, dostları barədə, ardıcıllarından ətraflı məlumat verən müəllif böyük rəssamın yaradıcılığına həm vətəndaşlıq borcu, həm də bir sənətkar kimi diqqətlə yanaşmışdır.
Müəllif Səttar Bəhlulzadənin sənət haqqındakı düşüncələrini də kitabda verməklə bu istedadlı rəssamın iç dünyasını oxuculara tanıtdırıb. Səttar Bəhlulzadə həmişə bir fikrin üstündə inadla dayanardı ki, sənətkar adlanan kəsin, hər şeydən əvvəl, öz yönü və dəst-xətti olmalıdır. Elə bu niyyətlə də əlinə fırça alaraq qarış-qarış doğma yurdunu gəzib onun mənzərələrini tablolarında əks etdirən Səttar Bəhlulzadə, əslində, bu əsərlərə özü də bilmədən əbədiyaşarlıq gətirdi. Çünki Tanrı ona həm istedad vermişdi, həm də zəngin daxili aləm. Bu iki mənəvi keyfiyyət birləşərək sənətin çətin yolunda məqsədinə çatmaq üçün Səttar Bəhlulzadəyə kömək edirdi.
Poliqrafik cəhətdən nəfis şəkildə çap edilmiş "Sənətin Məcnunu" kitabı Səttar Bəhlulzadə sənətinin pərəstişkarları üçün ən gözəl ərməğandır.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 21 iyul.- S.
7.