Prezident İlham Əliyev Masazır duz zavodunun açılışında iştirak etmişdir

 

İyulun 21-də Prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak etmişdir. Mərasimə toplaşanlar dövlət başçısını hərarətlə qarşıladılar.

 

 Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müəssisə ilə yaxından tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif sənaye müəssisələrinin açılışlarında iştirakına dair fotoguşə yaradılmışdır.

Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, Azərbaycanın Səhiyyə NazirliyininYUNİSEF-in duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair həyata keçirdiyi proqrama uyğun olaraq 2007-ci ildə "Azersun Holdinq" Azərbaycanda ilk duz rafinasiyası zavodunun tikilməsi missiyasını üzərinə götürmüşdür. Bu layihə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilmişdir.

Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, zavodun texnoloji sxemində Avropanın ən son avadanlığı və avtomat idarəetmə sistemləri tətbiq olunmuşdur. Beşmərtəbəli əsas istehsal binasının sahəsi 580 kvadratmetrdir. Hazırda müəssisədə gündə 100 ton məhsul istehsal olunur. İstehsal müəssisəsinin gündəlik emal gücünü 300 tona çatdırmaq nəzərdə tutulur. Müəssisədə hazırda 130-a yaxın işçi çalışır.

Prezident İlham Əliyev zavodun idarəetmə otağına baxdı. Məlumat verildi ki, müəssisədə istehsal prosesinın 90 faizi avtomatlaşdırılmışdır. Bütün istehsal prosesinə operatorlar nəzarət edir.

İstehsal prosesini izləyən dövlət başçısına bildirildi ki, evaporatorda xammal buxarlanma yolu ilə kristallaşdırılır və lazımsız maddələrdən təmizlənir. "Sentrefuqa"da duzun yodlaşdırılması həyata keçirilir. Müəssisənin laboratoriyası da ən müasir avadanlıqla təchiz olunmuşdur. Bütün kimyəvi proseslərə, habelə məhsulun keyfiyyətinə nəzarət müəssisənin laboratoriyasında aparılır.

Yodlaşdırılmış duz qablaşdırma sexinə hər birinin tutumu 50 ton olan 4 anbardan ötürülür. Məhsul 500 qramdan başlayaraq 25 kiloqramadək çəkilərdə qablaşdırılır. Zavodun "Azərduz" və "Bizim duz" brendi ilə istehsal etdiyi duz Azərbaycan və dünya bazarına çıxarılacaqdır.

Hazır məhsulun nümunələri dövlət başçısına nümayiş etdirildi.

Sonra Prezident İlham Əliyev müəssisənin ərazisində yerləşən qurğular və avadanlıqla tanış oldu. Qeyd edildi ki, müəssisənin ayrıca elektrik yarımstansiyası fəaliyyət göstərir. Burada əlavə generator da quraşdırılmışdır.

Prezident İlham Əliyev xam duz anbarı ilə də tanış oldu. Qeyd edildi ki, zavodda ölkənin digər bölgələrindən gətirilən xammaldan istifadə olunması da nəzərdə tutulmuşdur.

Masazır gölünün mənzərəsini seyr edən dövlət başçısına məlumat verildi ki, Masazır gölündə 1813-cü ildən başlayaraq mütəmadi şəkildə duz hasil olunur. Ümumi sahəsi 10 kvadratkilometr olan göldə duz iki vəziyyətdə - laysuyun tərkibində məhlul şəklində mövcuddur. Gölün duz ehtiyatı təxminən 1 milyon 735 min tondur. Diqqətə çatdırıldı ki, duzun daşınması üçün Masazır-Novxanı avtomobil yolundan zavodadək əlavə yol çəkilmiş, torpaq qatını və qurğuları sudan qorumaq üçün sahilboyu bloklar düzülmüşdür.

Məlumat verildi ki, Azərbaycan əhalisinin illik yodlaşdırılmış duza olan tələbatı 50 min tona yaxındır.

Prezident İlham Əliyev konfrans salonunda zavodun maketiduzun kustarmüasir üsulla istehsalı prosesini əks etdirən şəkillərə və zavodun fəaliyyətindən bəhs edən filmə baxdıqdan sonra zavodun kollektivi ilə görüşdü.

"Azersun Holdinq" şirkətlər qrupunun prezidenti Abdulbari GÖZAL dövlət başçısına müəssisənin açılışında iştirak etdiyinə görə kollektiv adından təşəkkür edərək dedi:

- Hörmətli cənab Prezident, bildiyiniz kimi, Azərbaycanda rafinə edilməmiş və yodlaşdırılmamış duzlardan istifadə etmək zob xəstəliyi və digər bir çox xəstəliklərin artmasına səbəb olurdu.

Ümummilli lider Heydər Əliyev tərəfindən 2001-ci il dekabrın 27-də "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında" Qanun imzalandıqdan sonra bu sahəyə diqqət daha da artdı. Həmin ərəfədə YUNİSEF Azərbaycanın Səhiyyə Nazirliyi ilə birlikdə duzun bütövlükdə yodlaşdırılması yolu ilə yod çatışmazlığı probleminin ləğv olunması üçün çalışırdılar. Ancaq məsələnin köklü həllinə nail olunması üçün belə bir duz rafinasiyası zavodunun inşası Azərbaycan üçün vacib hesab edilirdi. Bu, yod çatışmazlığı probleminin birdəfəlik həlli demək idi. Bu işin görülməsi Zati-alilərinizin qayğı və tövsiyəsi ilə həyata keçirildi. Beləliklə, 2007-ci ildə İqtisadi İnkişaf Nazirliyinə aid Azərbaycan İnvestisiya Şirkəti 25 faiz və "Azersun Holdinq" 75 faiz paya sahib olmaqla, Azərbaycanda ilk duz rafinasiyası zavodunun tikilməsi missiyasını öz üzərlərinə götürdülər.

Möhtərəm cənab Prezident, zavodun harada tikiləcəyi və xammalla haradan təmin olunacağı məqsədilə ölkə ərazisində müxtəlif duz mənbələri araşdırıldı. Nəticədə Səhiyyə Nazirliyinin nümayəndələri, Azərbaycanın qabaqcıl alimləri, YUNİSEF və istehlakçı dərnəklərin nümayəndələrinin iştirakı ilə "Azersun Holdinq"in Mədəniyyət Mərkəzində elmi konfrans keçirildi. Bu konfransda müxtəlif təhlillərin və müzakirələrin nəticələri göstərdi ki, Masazır gölü düz üçün ən əlverişli yerdir. Bu gölün duzu Tanrının Azərbaycana bəxş etdiyi nemətlərdən biridir.

Abdulbari Gözal qeyd etdi ki, Masazır duz zavodunda ildə 90 min ton ən yüksək standartlara uyğun yodlaşdırılmış duz istehsal edilə bilər. Hazırda zavodda 125 nəfər çalışır, onların orta aylıq əməkhaqqı 400 manatdır. Yeni müəssisə Azərbaycanın duz idxalçısından ixracatçısına çevrilməsinə imkan yaradır. İxracla bağlı artıq ilkin sifarişlər alınmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 iyul.- S.  1.