Prezident İlham
Əliyev Masazır duz zavodunun
açılışında iştirak etmişdir
Prezident İlham Əliyevin çıxışı
- Əziz dostlar, bu
gözəl hadisə münasibətilə sizi ürəkdən
təbrik edirəm. Bu gün Azərbaycanın iqtisadi həyatında,
doğrudan da çox əlamətdar bir hadisədir. Demək
olar ki, bu gün Azərbaycanda yeni sənaye sahəsinin təməli
qoyulur. Artıq Azərbaycanda yüksək keyfiyyətə
malik olan duz istehsal olunacaqdır. Bu zavodun yaradılması Azərbaycanda
aparılan iqtisadi siyasətin məntiqi nəticəsidir. Bizim
məqsədimiz ondan ibarətdir ki, Azərbaycan
iqtisadiyyatı hərtərəfli şəkildə
inkişaf etsin, çoxşaxəli olsun. İqtisadi sahədə
bütün vəzifələr icra olunur.
Bu zavodun
yaradılması bir neçə məqsəd güdür.
İlk növbədə, Azərbaycanda yeni müasir istehsalat
sahəsi yaradılıbdır ki, bu da bizim iqtisadi siyasətimizin
əsas istiqamətlərindən biridir. Bu zavodda ən
müasir avadanlıq quraşdırılıbdır, texnoloji
proses də dünya standartlarının üstündədir. Əlbəttə
ki, görülən bütün bu işlər imkan verəcəkdir
ki, bundan sonra Azərbaycanda duz emalı prosesi uzun illər ərzində
dünya səviyyəsində aparılsın. Digər tərəfdən
zavodun yaradılması rəqabətqabiliyyətli məhsulun
istehsalı deməkdir. Bu da bizim siyasətimizin istiqamətlərindən
biridir. Biz istəyirik ki, Azərbaycanda istehsal olunan
bütün məhsullar rəqabətqabiliyyətli olsunlar. Həm
daxili tələbatı ödəsinlər, eyni zamanda Azərbaycanın
ixrac potensialı da gücləndirilsin.
Zavodda yeni iş yerlərinin
açılması məsələsi həll olunur, bu da bizim
siyasətimizin istiqamətlərindən biridir. Azərbaycanın
bütün bölgələrində iş yerləri sürətlə
açılır, insanlar işlə təmin olunurlar.
Zavodun fəaliyyətə
başlaması nəticəsində Azərbaycan artıq duzu
ixrac edən ölkəyə çevrilir və öz daxili tələbatını
tam şəkildə ödəyəcəkdir. Bu, bizə imkan
verəcəkdir ki, yerli istehsalı daha da gücləndirək,
idxaldan asılılığımızı azaldaq və beləliklə,
Azərbaycanı daha da uğurla irəliyə aparaq. Bax, bu
amillər onu göstərir ki, bizim iqtisadi sahədəki
bütün təşəbbüslərimiz öz gözəl
nəticələrini verir. Eyni zamanda, bu gün artıq burada
qeyd olunduğu kimi, bu duz insanların sağlamlığı
üçün də çox vacibdir.
Yodlaşdırılmış duzu, yəni emal edilmiş, təmizlənmiş
duzu Azərbaycan vətəndaşları artıq istehlak edəcəklər.
İnsanların
sağlamlığı üçün Azərbaycan dövləti
çox şey edir. Həm səhiyyə sisteminin möhkəmləndirilməsi
sahəsində, ekoloji vəziyyətin
yaxşılaşdırılması istiqamətində
atılan addımlar, bununla bərabər Azərbaycanda istehlak
olunan bütün ərzaq məhsulları yüksək keyfiyyətə
malik olmalıdırlar. Artıq Azərbaycanda bu işlər
çox sürətlə təşkil olunur və biz keyfiyyətsiz
mallara qarşı çox ciddi mübarizə aparırıq.
Həm idxal nəticəsində gətirilən keyfiyyətsiz
malların bazardan yığışdırılması, eyni
zamanda, daxildə istehsal olunan keyfiyyətsiz malların
aşkarlanması və
yığışdırılması prosesi sürətlə
gedir. Bu nöqsanları buraxan sahibkarlar da ciddi şəkildə
cəzalandırılmalıdırlar. Çünki
insanların sağlamlığı əsas vəzifədir.
Bir daha demək istəyirəm
ki, duz istehsalı zavodunun yaradılması Azərbaycanda
aparılan iqtisadi islahatların məntiqi nəticəsidir. O
da sevindirici haldır ki, bu zavodun yaradılmasında həm
"Azersun" şirkəti, eyni zamanda, Azərbaycan Dövlət
İnvestisiya Şirkəti də iştirak etmişdir. Biz Azərbaycan
Dövlət İnvestisiya Şirkətini məhz o məqsədlə
yaratdıq ki, yerli və xarici investorlarla bərabər Azərbaycanın
sənaye və iqtisadi inkişafı üçün
lazım olan sahələrə investisiyaları cəlb etsin və
o prosesi təşkil etsin. Artıq Azərbaycan Dövlət
İnvestisiya Şirkətinin fəaliyyəti öz bəhrəsini
verir. Bax bu birgə fəaliyyət nəticəsində -
dövlət qurumu və özəl şirkət - bu gözəl
müəssisə yaradılıbdır.
"Azersun" şirkəti Azərbaycanda
uzun illərdir ki, fəaliyyət göstərir. Bu şirkətin
fəaliyyəti çox genişdir. Məni çox sevindirən
odur ki, Azərbaycanda yerli istehsalın yaradılması
işinə "Azersun" şirkəti böyük töhfəsini
verir. Kənd təsərrüfatının inkişafı,
sahibkarlığın inkişafı, qeyri-neft sektorunun
inkişafı sahəsində bu şirkətin töhfəsi
çox böyükdür. Mən ümid edirəm ki, gələcəkdə
bu şirkət öz fəaliyyətini yeni sahələrdə
davam etdirəcəkdir.
Bu zavodun
yaradılması, eyni zamanda Azərbaycanda qeyri-neft sektorunun
inkişafına böyük dəstək olacaqdır. Bu sahə
bizim üçün ən prioritet sahələrdən
biridir. Böyük məmnunluq hissi ilə deyə bilərəm
ki, bu ilin altı ayında Azərbaycanda qeyri-neft sektorunun inkişafı
15,3 faiz təşkil etmişdir ki, bu da bu günə qədər
görülmüş işlərin nəticəsidir.
Bir sözlə, zavodun
açılışı çox müsbət bir haldır.
Əminəm ki, zavodun fəaliyyəti uğurlu olacaqdır,
bu zavod daxili tələbatı tam şəkildə təmin
edəcəkdir. Biz gərək öz daxili
bazarımızı qoruyaq və bunu etmək üçün
yəqin ki, əlavə tədbirlər də görüləcəkdir.
Artıq duzun idxalına heç bir ehtiyac qalmır, xüsusilə
nəzərə alsaq ki, burada istehsal olunan duz ən yüksək
standartlara cavab verir. Beləliklə, Azərbaycan həm daxili
tələbatı ödəyəcək, həm də ki,
bizim böyük ixrac potensialımız da artacaqdır.
Mən sizi bir daha bu
gözəl hadisə münasibətilə ürəkdən
təbrik edirəm, sizə fəaliyyətinizdə uğurlar
arzulayıram. Sağ olun.
AzərTAc
Azərbaycan.- 2010.- 22 iyul.- S.
2.