Milli Məclisin Sədri Oqtay Əsədov Parlament
Spikerlərinin 3-cü Ümumdünya
Konfransında çıxış etmişdir
İyulun 21-də Parlament Spikerlərinin 3-cü Ümumdünya Konfransı öz işini davam etdirmişdir.
Konfransda Milli Məclisin Sədri Oqtay Əsədov çıxış etmişdi. Azərbaycan parlamenti adından konfrans iştirakçılarını salamlayan O.Əsədov qeyd etmişdir ki, bu gün bəşəriyyət böyük sınaqlar qarşısındadır. Dünyada maliyyə böhranı, terrorçuluq, təcavüzkar separatizm, insan alveri, narkotiklərin yayılması, iqlim dəyişikliyi, ərzaq və enerji təhlükəsizliyi və digər çox ciddi qlobal problemlərlə üzləşmişdir. Bu problemləri yalnız dövlətlərin birgə səyləri ilə aradan qaldırmaq mümkündür. Dünya dövlətləri arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç zaman bu qədər dərindən hiss olunmamışdır.
Sadalanan problemləri dəf etmək üçün biz həm ölkələr olaraq fərdi, həm də dünya birliyi olaraq kollektiv məsuliyyət daşıyırıq. Demokratiyanın təmin edilməsi problemlərin həllində müstəsna əhəmiyyət daşıyır. Bəşəriyyətin ən dəyərli nailiyyətlərindən olan demokratiyanı bəşəriyyətin dəyərli kəşflərindən olan parlamentsiz düşünmək mümkün deyil.
Milli Məclisin Sədri Oqtay Əsədov parlamentlərarası əməkdaşlığın və onun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini və rolunu xüsusi qeyd etdi. Konfransın yekunu olaraq qəbul olunacaq Bəyannamə layihəsinin Azərbaycan tərəfindən birmənalı dəstəkləndiyini bildirdi.
Milli Məclisin Sədri Xorvatiya parlamentinin rəhbəri Luka Sebiçlə də görüşdü. Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri müzakirə olundu. Bildirildi ki, enerji təhlükəsizliyi, iqtisadi, turizm, mədəni və digər sahələrdə əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynaya bilər. Spiker Oqtay Əsədov qeyd etdi ki, Azərbaycan parlamentində Xorvatiya ilə dostluq qrupu fəaliyyət göstərir. Belə bir qrupun Xorvatiya parlamentində olması əlaqələrimizin genişlənməsinə təkan ola bilər.
Söhbət zamanı Avropa Birliyi və digər beynəlxalq təşkilatlar və bu təşkilatlarda ölkələrimizin təmsil olunması ilə bağlı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunuldu.
Görüşdən sonra nümayəndə heyətimiz yenidən Parlament Sədrlərinin konfransına qatıldı. Müzakirələrdən sonra Parlament Sədrlərinin 3-cü Ümumdünya Konfransının Bəyannaməsi qəbul edildi. Bununla da konfrans öz işini başa vurdu.
Akif TƏVƏKKÜLOĞLU,
Milli Məclisin mətbuat katibi
Azərbaycan.- 2010.- 22 iyul.- S.
2.