Milli Məclisdə görüş
İyulun 21-də Milli Məclis Sədrinin müavini Bahar Muradova ABŞ Milli Demokratiya İnstitutunun Avrasiya üzrə direktoru Laura Cuitin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Bahar Muradova Azərbaycanla ABŞ arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, eyni zamanda qeyd etmişdir ki, bu əlaqələri daha da genişləndirmək üçün böyük imkan və potensial, ən əsası hər iki dövlətin siyasi iradəsi mövcuddur.
Daha sonra ABŞ-ın dövlət katibi Hillari Klintonun bu yaxınlarda Azərbaycana səfərini xatırladan Bahar Muradova demişdir ki, bu səfərin vacib məsələlərin həlli üçün böyük rolu var. Ona görə bu səfər ölkəmizdə yüksək qiymətləndirilir. ABŞ-ın Milli Demokratiya İnstitutu ilə yaxşı əlaqələrimiz var. Milli Demokratiya İnstitutu Azərbaycan-ABŞ münasibətlərinə böyük töhfələr verir. İnstitutun proqramları qarşıya qoyulan məqsədlərə çatmaq üçün böyük rol oynayır.
Səmimilik şəraitində keçən görüşdə Laura Cuit dedi ki, Milli Demokratiya İnstitutunun Azərbaycanla əlaqələri 1995-ci ildən başlayır. Bizim sizin ölkəyə böyük hörmətimiz var. Azərbaycanda olan müsbət dəyişiklikləri görmək bizim üçün çox xoşdur.
Qonaq Milli Demokratiya İnstitununun 2010-cu ildə Azərbaycanda həyata keçirilməsini nəzərdə tutduğu proqramlar barədə də ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu proqramların reallaşdırılmasında məqsəd, sadəcə, konstruktiv əməkdaşlıq etməkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
* * *
Dünən Milli Məclis Sədrinin müavini Bahar Muradova diplomatik missiyasının başa çatması ilə bağlı Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevski ilə də görüşmüşdür. Bahar Muradova bildirmişdir ki, Kşiştof Krayevskinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlər daha da inkişaf edib. Milli Məclis Sədrinin müavini Azərbaycan və Polşanın ATƏT Parlament Assambleyasında olan nümayəndə heyətlərinin səmərəli əməkdaşlıq etdiklərini də vurğulayaraq dedi ki, iki ölkə arasındakı münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır və hər iki xalqın mənafeyinə xidmət edir.
Səfir fəaliyyət göstərdiyi müddətdə Azərbaycan-Polşa əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sferalarda inkişaf etdiyini söylədi. Səfir Azərbaycanın sürətlə tərəqqi etdiyini vurğulayıb dedi ki, bu inkişaf Bakı da daxil olmaqla regionlarda da aydın şəkildə özünü göstərir.
Bahar Muradova ölkəmiz
barəsində söylədiyi xoş
sözlərə görə səfirə təşəkkürünü
bildirdi və ona gələcək
diplomatik fəaliyyətində uğurlar arzuladı.
Azərbaycan.- 2010.- 22 iyul.- S.
2.