Qüdrətli publisist

 

Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəyli musiqi sahəsindəki nəhəng fəaliyyətlə yanaşı, qüdrətli qələm, parlaq istedad sahibi olub. O, Azərbaycan musiqisinin inkişafı üçün bir tərəfdən gözəl əsərlər - operalar, operettalar yaradırdı, romans, kantata, müxtəlif simfonik əsərlər, mahnılar bəstələyirdi, digər tərəfdən isə ölkəmizdə musiqi təhsilinin təşkili üçün gənc kadrların yetişməsinə çalışır, bu sahədə müxtəlif kollektivlərin formalaşmasına can atırdı. Bu səbəbdən də görkəmli bəstəkar və musiqi nəzəriyyəçisi kimi geniş şöhrət qazanan Üzeyir Hacıbəyli, eyni zamanda, görkəmli ədib, böyük jurnalist idi.

 

Unudulmaz bəstəkarın ədəbi irsini araşdıranlar qeyd edirlər ki, Üzeyir Hacıbəyli klassik Azərbaycan və Şərq ədəbiyyatının dərin bilicisi olub. Təsadüfi deyildir ki, "Koroğlu"dan başqa bütün opera və operettaların mətninin müəllifi elə Üzeyir bəyin özüdür. Əgər bu əsərləri ayrıca götürüb təhlilə çəksək, bədii məzmunu, o dövrdəki cəmiyyətin ziddiyyətləri, yeni meyillərin təqdiri, köhnəliklə təzəliyin mübarizəsi və üstünlüyün ikinci tərəfə verilməsi məhz yazıçı, ədib təfəkkürünün məhsulu kimi diqqətəlayiqdir. Uzun müddət xalq tərəfindən böyük bəstəkar kimi sevilən Üzeyir Hacıbəyli eyni ağırlıqda tarazlığa gələ biləcək ədəbi və publisistik yaradıcılıqla daim məşğul olub, amma musiqi sahəsindəki nailiyyətlərinin, uğurlarının təntənəsi sanki bu fəaliyyətin üzərinə kölgə salıb. Halbuki Mirzə Cəlil ədəbi məktəbinin ən qüdrətli nümayəndələrindən biri məhz Üzeyir Hacıbəyli olmuşdur. İnsan duyğularına ruhi dinclik gətirən Üzeyir bəyin öz həyatı əslində, tufanların, qasırğaların, təzyiq və təqiblərin içində keçib. Bir tərəfdən qapısını şöhrət, sevgi döyübsə, o biri tərəfdən nəslinin, nəcabətinin, yaxın qohum-əqrəbalarının, qardaş-bacılarının taleyinin üstündən 1937-ci ilin repressiyaları qılınc kəsərində ötüb keçməkdə idi. Bu təlatümlü dövrün ölüm qoxulu günlərindən salamat çıxıb millətə, xalqa, vətənə xidmət edərək əbədiyaşar əsərlərə imza atmağı bacarmaq həqiqətən analoqu olmayan bir fədakarlıq və qəhrəmanlıq idi. Üzeyir Hacıbəylinin ən ağır sınaqlardan, faciələrdən qurtulmağı bəlkə də Azərbaycan xalqının xoşbəxtliyi və ulu Tanrının rəhmdilliliyi idi.

Demokratik cümhuriyyətin himnini yazmaq, hər şeydən əvvəl, müəllifdən vətəndaşlıq mövqeyi, milli təəssübkeşlik və cəsarət tələb edirdi. Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə can verdiyi musiqisi bu gün də səslənməkdə, ürəkləri riqqətə gətirməkdə və yaşamaqdadır.

Xalq yazıçısı Mirzə İbrahimov yazırdı: "...Üzeyir Hacıbəylinin ədəbi yaradıcılığının xüsusiyyətlərini müəyyən edən əsas amil barədə, həlledici cəhət haqqında düşünərkən təbii olaraq yadımıza bircə söz düşür - xəlqilik! Bəli, onun bütün yaradıcılığının ruhu, canı xəlqilikdir... Xəlqilik çox qiymətli keyfiyyətdir. Bizcə, onun əsərlərinin xalq tərəfindən bu qədər sevilməsinə, kütlələr arasında geniş şöhrət qazanmasına, insanı heyran etməsinə səbəb məhz bu keyfiyyətdir".

Üzeyir Hacıbəylinin zəngin mədəni irsinin bir hissəsini də məhz publisistika təşkil edirdi. Onu publisistikaya çəkən, bu janrda qiymətli yazılar müəllifi olmağına səbəb mütərəqqi fikirlərini mümkün qədər tez oxucusuna çatdırmaq və aşılamaq arzusu idi. Üzeyir Hacıbəyli publisistikanın çevik xüsusiyyətə, cəmiyyətlə göz-gözə danışmaq qabiliyyətinə necə malik olduğunu gözəl bilirdi. Ötən əsrin əvvəllərində Azərbaycanda azadlıq hərəkatının yüksəldiyi, inqilabi mübarizənin artdığı, maarifpərvərlik meyillərinin tərəqqi tapdığı bir zaman kəsiyində xalqla ünsiyyətin ən gözəl forması məhz publisistika idi.

İlk publisistik yazılarında Üzeyir Hacıbəyli, təbii ki, çar üsul-idarəsini, onun bürokratik məmurlarını, eləcə də Dövlət Dumasını ciddi tənqid edirdi. "İrşad" qəzetinin bir sıra saylarında Üzeyir bəyin bu mövzuda xeyli məqaləsi çap edilmişdir. Tədqiqatçıların fikrincə, Üzeyir Hacıbəyli publisistikasında iki həqiqət diqqət çəkir. Bunun birincisi, Üzeyir bəyin bütün varlığı, düşüncəsi, hissiyyatı ilə xalqa bağlılığı, millət mənafeyini hər şeydən uca tutması, ikincisi isə XX əsr Azərbaycan ziyalılarının təfəkküründə, idrakında yeni meyillərin güclü təsiridir. "İrşad" qəzetində çap edilmiş bir məqaləsində zəhmətkeş insanların əməyi ilə var-dövlət qazanıb onlara şərait yaratmayan harınları tənqid edərək yazırdı: "Zəhmətkeş nə qədər möhtacdırsa, bir o qədər də onlara nəfdir. Çünki zəhmətkeş üzüqara möhtaclığın ucundan hər bir əzab və zəhmətə razı olub burjuanın kefi istədiyi kimi işləyəcəkdir".

Ötən əsrin əvvəllərindəki mürəkkəb və ziddiyyətli həyatımızın gerçəkliklərini qələmə alaraq insanları alicənablığa, mənəvi-əxlaqi təmizliyə çağıran Üzeyir Hacıbəyli vətəndaş ürəkli bir jurnalist kimi yazılarının tematik genişliyi ilə seçilir, ədəbi mənbələrdən, xüsusilə də, Şərq ədəbiyyatından gətirdiyi ibrətamiz misallarla adamı heyrət içində qoyur. Hərdən inanmağın gəlmir ki, bu publisistik nümunələr 1907-ci ildə qələmə alınıb. Məsələn, "Ordan-burdan" rubrikası altında yazdığı felyetonlarda kasıb-kusubun qeydinə qalmayıb, ancaq rüşvətə uyub qafil olanlar haqqında yazıb: "...Rüşvət almaq, xalqı aldatmaq, camaatın başını qırxıb cibini soymaq adəti bir işdir ki, yatıb-durmaq, yeyib-içməklə onların arasında heç bir təfavüt yoxdur. Uyma dünyaya, ey dili qafil. Yəni, ey camaat, hürriyyət-filan istəməyin, qoyun həkimlər, filanlar sizi həmişəki kimi soysunlar". Bu sözlər indi də tərbiyəvi əhəmiyyətini, təsirini itirməmişdir.

Üzeyir Hacıbəyli sözün qədrini bilən, onu yerində və məharətlə işlədən qələm əhli olduğundan hər bir tənqidinin hədəfi var idi. İdeyasızlığı, qayəsizliyi sevməyən, həmişə yüksək amallarla yaşayanbu amallar uğrunda mübarizə aparan Üzeyir Hacıbəyli insanın arzuları ilə əxlaqını həmişə üzvi vəhdətdə götürürdü. Bu sadə həqiqəti dərindən açmağa çalışan Üzeyir bəy yazırdı: "Biz bunu anlamırıq ki, hər bir fərdin rifah və səadətlə ömür sürüb yaşaması üzv olmadığı camaatın rifah və səadətinə bağlıdır... Hər birimizin səadət və nikbinliyi digərimizin zillət və bədbəxtliyindən asılıdır. Halbuki bizim səadətimiz ilə yoldaşımızın səadəti arasında böyük bir irtibad vardır. O irtibad qırıldıqda birimizin səadəti baqi qala bilməz".

Böyük ideyalar carçısı, azadlıq aşiqi olan Üzeyir Hacıbəyli öz yazılarında bu məsələlərə də toxunaraq göstərirdi ki, köhnə cəmiyyət bir məhbəs kimi insanı sıxaraq onu adi hüquqlardan məhrum edir. Üzeyir bəyə görə, təzyiq və sıxıntı olan yerdə insanlar küt, namərd və aciz olurlar. Bu səbəbdən də azadlıqla nəfəs almaq, onu insan təbiətinin pozulmaz naxışına, keyfiyyətinə döndərmək çox vacibdir. Çünki azadlıq insanı ucaldır, gözüaçıq, cəsur və nəcib edir. Üzeyir Hacıbəylinin "Molla Nəsrəddin" jurnalı, "Kaspi", "Həyat", "İrşad", "Həqiqət", "Tərəqqi", "İqbal", eləcə də "Azərbaycan" qəzetləri və digər mətbu orqanlarında dərc edilmiş yazılarında məslək və əqidə uğrunda insanın mübarizə aparması zəruri bir keyfiyyət kimi təbliğ edilib. Deyək ki, Üzeyir bəyin bütün publisistik əsərləri üçün ideallıq səciyyəvi xüsusiyyət daşıyır. 1909-cu ildə Üzeyir bəyə verilmiş "Məslək nədir" sualını unudulmaz bəstəkar, böyük jurnalist belə cavablandırıb: "Məslək - hər kəsin etiqad etdiyi bir yoldur. Ümumi xoşbəxtliyini, asayiş və aramını, rifah halını, tərəqqi və təkamülünü təqib edən hər bir məslək onun sahibi üçün müqəddəs ədd olunmalıdır".

Bu məsələ də faktdır ki, Üzeyir Hacıbəyli həmişə xalqın azadlığı, tərəqqisi uğrunda mübarizə aparan məsləkli insanları ideal dərəcədə seviböz yazılarında çalışıb ki, yeni nəsil məhz belə şəxsiyyətlərdən nümunə götürsünlər. O, hər bir fəaliyyətə əxlaq məsələsi kimi baxırdı. Nanəcib məqsədləri ortalığa atanları heç cür qəbul etmirdi. Xüsusilə də, lovğa, əllaməliklə məşğul olanları, diletantları daim tənqid edirdi. Üzeyir bəy yazırdı: "Boşboğaz. Camaatın işlərinə zərər vuran, bir para biməna vücudlardır ki, özlərinin əlindən heç bir şey gəlmir, bişüurdurlar, bivecdirlər və bununla belə, həsuddurlar, xain və xəbisdirlər". Nə qədər dəqiq və sərrast deyimdir! Qəribədir ki, ötən əsrin əvvəlində yazılmış bu müdrik kəlamlar bu günqurub-yaradanlara mane olan bir para adamlara əsil mesajdır. Bu baxımdan Üzeyir Hacıbəylinin yazılarında günümüzlə səsləşən incə və maraqlı məqamlar çoxdur. O həmişə arzulayırdı ki, işi bilənə tapşırmaq lazımdır. Hər kəs məhz öz yerində olmalıdır. Bu mənada, arabaçıya maşın sürməyi, qəssaba həkimliyi tapşırmaq olmaz. Naşı, hazırlıqsız, savadsız, elmsiz adamlar onlara dəxli olmayan ixtisas sahələrində çalışsalar, qarmaqarışıqlıq yaranar. Buna görə də Üzeyir bəy yazırdı ki, savadsız və məlumatsız şəxslərin elmi, ədəbi, ümumiyyətlə, əqli məqalələrinə heç harada yer verilməməlidir. Bu gün Azərbaycan mətbuatında baş verən anarxiyanı nəzərdən keçirəndə istər-istəməz Üzeyir bəyin mövqeyində dayanaraq kamil fikrinə şərik oluruq: "O yerdə ki elmmaarif olmadı, orada zülmistibdad hökmfərman olar".

Tarixdən bəllidir ki, "Azərbaycan" qəzetinin nəşr olunmasında Üzeyir Hacıbəylinin böyük xidmətləri var. Qəzetin ilk nömrəsi 1918-ci il 15 sentyabrda işıq üzü görüb. Gəncədə parlayan bu mətbuat məşəlinin yandırılmasında ilk imzanın sahibi - ilk redaktor Üzeyir bəyin kiçik qardaşı Ceyhun Hacıbəyli olub. 1919-cu il dekabrın 28-də Azərbaycan parlamentinin üzvləri Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya gedib. Nümayəndə heyətinin tərkibinə Ceyhun Hacıbəyli də daxil idi. Bu səbəbdən də "Azərbaycan"ın növbəti saylarını hazırlamaq, məqalələri redaktə etmək Üzeyir Hacıbəylinin üzərinə düşüb. Beləliklə də, Üzeyir bəyin jurnalistlikpublisistik fəaliyyəti bir müddət "Azərbaycan" qəzeti ilə bağlı olub. O, redaktor olmaqla bərabər, həm də ən fəal və müntəzəm publisistika ilə məşğul olan qələm sahibi kimi diqqət çəkirdi. Üzeyir Hacıbəyli qəzetin bütün saylarında çıxış edirdi. Belə bir fikirvar ki, əgər böyük bəstəkarımız heç bir musiqi əsəri yazmasaydı belə, təkcə "Azərbaycan" qəzetindəki səmərəli fəaliyyəti onun mətbuat tariximizdə əbədi qalmasını, böyük jurnalist olmasını təsdiq edərdi.

Üzeyir Hacıbəylinin "Azərbaycan"da dərc edilmiş yazılarının üstündən 90 ildən artıq vaxt keçməsinə baxmayaraq onun mövzuları bu gün üçün də əhəmiyyətlidir. Müxtəlif illərdə "Azərbaycan" qəzetində dərc edilmiş "Qarabağ haqqında" və "Andronik məsələsi" adlı məqalələrində bədnam qonşularımız ermənilərin bəd əməlləri, qaniçənliyi ustalıqla qələmə alınıb. Maraqlıdır ki, Üzeyir Hacıbəyli hələ 1919-cu ildə milləti və hökuməti xəbərdar edirdi. "Andronik fitnəsinin nəticəsi olaraq Qarabağın halövzayi elə bir fövqəladə sürət kəsb etdi ki, hökumətin bu cəhət haqqında xüsusi qeydkeşliyinə böyük bir ehtiyac görülüb, ciddi tədbirlər ittixazi lazım gəldi". Bax, bu "ciddi tədbirlər" unudulmamalı idi.

Təəssüf ki, sovet hakimiyyətinin qələbəsindən sonra ermənilərin fitnə-fəsadı, xəyanəti nəinki unuduldu, hətta onların şərəfinə ədəbiyyatda dostluq şeypurları çalındı. Erməni xəyanətinin ağır nəticələrini dadanlardan biri də elə məhz Üzeyir Hacıbəyli olub. 37-ci ilin repressiyaları dövründə Moskvaya - Stalinə, Molotova Üzeyir Hacıbəyli haqqında şər-böhtandan ibarət ərizələr yazan məhz ermənilər olub. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə oynanılan "Koroğlu" operası və "Arşın mal alan" operettası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, hətta Stalinbu əsərləri yüksək qiymətləndirərək Üzeyir bəyi "novator bəstəkar" adlandırmışdı. Bu səbəbdən də 1939-cu ildə Moskvada milli musiqi ifaçılarının ümumittifaq müsabiqəsi keçirilərkən münsiflər heyətinin sədrliyi Üzeyir bəyə həvalə edilmişdi. Bu isə erməni əsilli, əslində, Azərəbaycan vətəndaşı olan bir qrup erməninin - Semyon Qasparov, Vaqo Melkumyan, Arminak və digərlərinin qəzəbinə səbəb olmuşdu. Onlar Üzeyir Hacıbəyli haqqında Molotova teleqram göndərərək onu millətçi, müsavatçı kimi günahlandırmağa çalışırdılar. Xüsusilə də, mətbuatdakı fəaliyyətini önə çəkərək Üzeyir Hacıbəylinin erməni quldurları haqqında dediyi fikirlərdən sitatlar gətirirdilər. Maraqlıdır ki, həmin teleqramlar oxunduqdan sonra Üzeyir bəyin özünə göndərilirdi. Ermənilərin bu məkrli niyyətləri böyük düha sahibinin əsəb sarsıntısına səbəb olubo, şəkər xəstəliyinə tutulub. Ən dəhşətlisi də odur ki, Üzeyir bəyi xəstəxanada müalicə edən həkim də Osipyan familiyalı erməni olub. Əlinə fürsət düşmüş bu daşnak da Üzeyir bəyin müalicəsini qəsdən düzgün aparmayıb. Beləliklə, Hacıbəylinin vəziyyəti daha da ağırlaşıb. Bir ay ərzində 18 kiloqram arıqlayan, orqanizmi çox zəifləyən və ürək ağrıları keçirən Hacıbəylini müayinə üçün əvvəl Yessentukiyə aparıblar. Səhhətində heç bir müsbət nəticə alınmır. Mircəfər Bağırovun təşəbbüsü ilə Üzeyir Hacıbəylini təcili Moskvaya Kreml xəstəxanasına göndəriblər. Məlum olub ki, Bakıda onu düzgün müalicə etməyiblər. Bu səbəbdən də xəstəlik dərinləşib və sağalmaz bir vəziyyətə çatıb. Bu danılmaz faktdır ki, həyatın bütün qəzalarına, bəlalarına, 1937-ci ilin repressiyalarına qalib gələn dahi bəstəkar və böyük jurnalist Üzeyir Hacıbəyli erməni xislətinin qurbanı oldu. O, 1948-ci il noyabr ayının 23-də gözlərini əbədi yumdu. Onu "müalicə" edən erməni həkim isə cəzasız qaldı. Şahidlər danışırlar ki, Həsən bəy Zərdabidən sonra Bakı ikinci dəfə idi ki, belə möhtəşəm bir hüzn mərasimi görürdü. Həmin gün respublikada matəm elan edilmişdi.

Üzeyir Hacıbəylinin bütün yazılarında, sözün həqiqi mənasında, vətənpərvər insan ürəyinin döyüntüləri eşidilməkdədir. Onun ən kəskin felyetonlarında, publisistik yazılarında elə canlı həyat lövhələrinə, müqayisələrinə, tutarlı atmacalara, gerçəkliklərə, maraqlı ifadələrə rast gəlinir ki, bütün bunlar da bu yazıların həm oxunmasına, həm də yadda qalmasına kömək edir. Üzeyir Hacıbəyli publisistikasından aydın duyulur ki, müəllif həmişə nikbin olub. Heç vaxt bədbinliyə qapılmayıb. Həyatda üzləşdiyi ən ağır səhnələri, ziddiyyətli məqamları, məişət problemlərini gah kəskin satira atəşinə tutub, gah da yumorun, gülüşün dili ilə oxucuya çatdırıb. Üzeyir bəyin publisistikada istifadə etdiyi maraqlı üsullardan birisual-cavab formasında qələmə aldığı yazılardır. Bu cür yazılarda müəllif tutarlı səhnələr, mükalimələr yolu ilə hədəfdəki tənqid ünvanını ifşa etmək qüdrətini çox bacarıqla həyata keçirib.

Operamusiqili komediyamızda şah əsərlər yaratmış Üzeyir Hacıbəylinin ədəbi irsinin böyük və qiymətli bir hissəsini də məhz onun publisistikası təşkil edir. Bu ədəbi irs isə elə bir gülüstana bənzəyir ki, onun hər ləçəyi məzmunlu bir tədqiqatın mövzusuna çevrilə bilər.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 22 iyul.- S.  3.