Naxçıvanın sosial-iqtisadi həyatının güzgüsü 

 

Naxçıvanda ilk dəfə qəzet çıxarmaq ideyası hələ XIX əsrin 90-cı illərində dövrün mütərəqqi ziyalıları tərəfindən irəli sürülüb. Bu zaman artıq böyük maarifpərvər Məhəmmədtağı Sidqinin yenicə açmış olduğu "Məktəbi-tərbiyə" təhsil ocağı xalqın savadlanması yolunda fəaliyyətə başlamış, Cəlil Məmmədquluzadə, Eynəli Sultanov, Məhəmmədağa Şahtaxtlı kimi demokratik düşüncəli ziyalılar mədəniyyətimizin inkişafı naminə mühüm işlər görmüşlər. Filologiya elmləri namizədi, tədqiqatçı Lətif Hüseynzadənin fikrincə, hələ 1894-cü ildən yerli ziyalılar qəzet nəşrinə icazə almaq üçün Peterburqa ərizə və məktublarla müraciət etmiş, lakin müraciətlərə müsbət cavab verilməmişdi. 1918-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra bu məsələ yenidən gündəmə gəldi. Nəhayət, Naxçıvanda ilk qəzet sovet hakimiyyəti dövründə, daha doğrusu, 1921-ci ilin payızında işıq üzü gördü. O da bolşevik rejiminə məxsus mətbu nümunəsi oldu. Müxtəlif dövrlərdə mövcud olan ideoloji, iqtisadi çətinliklər, bəzi hallarda yaradılan süni maneələr isə qəzetin fəaliyyətini dayandıra bilmədi. Qəzet ötən 89 il ərzində ölkədə ardıcıl və davamlı nəşr olunan, heç zaman fəaliyyətini dayandırmayan mətbu orqanlardan birinə çevrildi.

 

Naxçıvanda əvvəlcə rus dilində "Naxrespublika" adlı qəzeti çıxıb, lakin onun cəmi 2-3 nömrəsi işıq üzü görüb. Sonra isə türk dilində "Cavanlar həyatı" adı ilə gənclər ittifaqının "Cümlə cahan füqərayi-kasibəsi toplaşın" şüarı ilə ərəb əlifbasında bir vərəqə şəklində qəzet çap olunub. Onun ilk sətrində isə "1921-ci il 1 noyabr, həm də hicri tarix 1340" sözləri yazılmışdı. Nömrənin baş məqaləsi olan "1 noyabr" adlı yazıda isə mətbuat orqanının məramı açıqlanmışdı: "Bu gündən etibarən Naxçıvanda Azərbaycan Gənclər İttifaqının Naxçıvan Ölkə Komitəsi tərəfindən bu ruznamənin (qəzetin) nəşrinə iqdam olundu. Bu ruznamə gələcəkdə cavanlar ittifaqının nə olduğunu, cavanların gələcəkdə ümumdünya sahəsində nə kimi rol oynamalı olduqlarını fəhlə və kəndli cavanlarına bəqədri imkan bildirəcək. Əminik ki, qeyrətli və məharətli cavanlarımızın məhəbbət və məvəddətindən tutduğu yol, boynumuza aldığımız vəzifə gələcəkdə ifa olunar".

Bu qəzet Naxçıvan Ölkə Gənclər İttifaqının orqanı olduğundan həmin ictimai təşkilatın rəhbəri olan Həmid Mahmudov həm də qəzetin redaktoru olmuşdu. Qeyd edək ki, Naxçıvanda gənclər ittifaqı, o dövrdəki ad ilə desək, Azərbaycan Kommunist Gənclər İttifaqı Naxçıvan Qəza Komitəsi 1921-ci il martın 27-də yaradılmış, onun təşkilat bürosuna H.Mahmudovla yanaşı, Əkbər Rzayev və Səməd Allahverdiyev də daxil olmuşlar.

 

* * *

 

Əyalətdə 1921-ci ilin sonunda nəşr olunan qəzetlərdən biri də "Füqəra səsi" idi. Bu qəzetin başında "Azərbaycan K(b)P Naxçıvan Ölkə Komitəsinin, Naxçıvan İctimai Şura Cümhuriyyətinin, Mərkəzi İcraiyyə Komitəsinin və Naxçıvan Həmkarlar İttifaqları Şurasının naşiri-əfkarı olan, həftədə bir dəfə çıxan türk qəzetidir" sözləri yazılıb. 1925-ci ildən sonra bu qəzet Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı kimi nəşr olunmağa başlayıb.

1922-ci ilin aprelindən "Füqəra səsi" qəzeti "Şərq qapısı" adı ilə çıxmağa başladı. Qəzet öz səhifələrində müntəzəm olaraq partiyanın, hökumətin, komsomolun və həmkarlar ittifaqları təşkilatlarının qarşıya qoyduqları vəzifələri hərtərəfli işıqlandırır, sovet hökumətinin həyata keçirdiyi tədbirləri müdafiə edirdi. Qəzet rəsmi mətbu orqan olduğundan Azərbaycan K(b)P Naxçıvan Ölkə Komitəsi və Naxçıvan İctimai Şura Cümhuriyyəti Mərkəzi İcraiyyə Komitəsi onun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə ciddi məşğul olurdular.

Təbii ki, ötən əsrin ziddiyyətlərlə dolu 20-30-cu illərində qəzet çıxarmağın olduqca çətin tərəfləri var idi. Həmin illərdə qəzetlə əməkdaşlıq etmək ağır və məsuliyyətli iş idi. Fəhlə-kəndli müxbirlər, ziyalılar arasında Məhəmməd Rəsizadə, Tofiq Fikrət, Fərəməz Mahmudbəyov, Əli Həsənzadə kimi dövrünün tanınmış ziyalıları da var idi. Onlar xalqın maariflənməsi və savadlanması uğrunda əllərindən gələni əsirgəmirdilər.

XX əsrin otuzuncu illəri kollektivləşmə, kolxoz quruculuğu və sovet hakimiyyətinin qolçomaqlarla mübarizə dövrü kimi xarakterizə olunur. Belə bir vaxtda mətbuatın üzərinə xüsusi missiya düşürdü. Məhz o illərdə Muxtar Respublikanın bir çox rayonlarında da yerli mətbuatın təməli qoyuldu. Şərur, Şahbuz və Ordubad rayonlarında qəzetlər nəşrə başladı. 1931-ci ilin oktyabrında AK(b)P Noraşen rayon komitəsinin və rayon zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin orqanı olan "Noraşen kolxozçusu" qəzeti təsis edildi. Qəzet 1944-1954-cü illərdə "Pambığa doğru", 1966-cı ildən 1990-cı ilə qədər isə "İşıqlı yol" adı altında nəşr olunmuşdur. Ordubadda nəşr olunan qəzet əvvəlcə "Ordubad fəhləsi", 1937-1966-cı illərdə "Ordubad işçisi", 1966-cı ildən isə "Yeni Ordubad" adlanmışdır. Şahbuz rayonunun mətbu orqanı "Sosializm maldarlığı" adı ilə fəaliyyətə başlamış, 1954-cü ildən 1991-ci ilin sentyabrına qədər "Qabaqcıl" adlanmışdır. Sonrakı müddətdə "Oğuz səsi" adı ilə nəşr olunur.

1938-ci ildə Əbrəqunus (indiki Culfa) rayon partiya komitəsinin və ZDS İK-in mətbu orqanı olan "Zərbəçi heyvandar" qəzeti sonralar "Bolşevik yolu", "Sovet Culfası", 1960-cı ildən sovet hakimiyyətinin sonuna qədər "Zəfər" adı ilə çıxmışdır.

 

* * *

 

Muxtar respublika mətbuatının flaqmanı sayılan "Şərq qapısı" qəzeti ötən əsrin otuzuncu illərinin əvvəllərindən fəaliyyətini daha da genişləndirdi. Qəzetə tanınmış qələm sahibi, sonralar Azərbaycanın xalq yazıçısı olan Əli Vəliyevin redaktorluğu daha böyük şöhrət gətirdi. O dövrdə Naxçıvan MTS siyasi şöbəsində "Sürət" adlı qəzet də nəşrə başladı. Mirzə İbrahimovun Bakıdan "Sürət" qəzetinə redaktor göndərilməsi regionda mətbuat mühitinin canlanmasına xidmət etdi.

Əli Vəliyevlə Mirzə İbrahimovun yaxın dostluqları, birgə əməkdaşlıqları bu qəzetlərin ideya-siyasi və mədəni səviyyəsinin yüksəldilməsində də mühüm rol oynadı, Naxçıvanda gənc yazıçı və şairlərin ilk ədəbi ocağına çevrildi.

"Şərq qapısı" qəzetinə məxsus müsbət ənənələrin formalaşmasında o dövr əhəmiyyətli rol oynayır. Qəzetdə "Ədəbiyyat səhifəsi" gənc yazıçılar üçün sınaq meydanı oldu. Yazıçı Ə.Şəkilinin, Ə.Lahutinin şeir kitabları da bu dövrdə qəzetin mətbəəsində işıq üzü görüb. Mətbəədə ilk dəfə olaraq müstəqil "Ədəbiyyat" qəzetinin də 2-3 nömrəsi işıq üzü görüb.

Azərbaycanın xalq yazıçısı Əli Vəliyev sonralar xatirələrində yazırdı: "Mənim redaktor olduğum qəzetin səhifələrində 30-cu illərdə Mirzə İbrahimov, Abbas Gülməmmədov, Qurban Yusifzadə, Əyyub Abbasov, Məmmədəli Tarverdiyev, Lətif Hüseynzadə kimi qabaqcıl ziyalılar yeni həyatı təqdir və tərənnüm edən, nöqsanları cəsarətlə açıb göstərən yazılarla müntəzəm olaraq çıxış edirdilər". Mirzə İbrahimov üçün də Naxçıvan, sözün əsl mənasında, ciddi həyat məktəbi və tükənməz ilham mənbəyi oldu. O, burada təkcə qəzetçilik fəaliyyəti ilə məşğul olmamış, ədəbi yaradıcılığında xüsusi rol oynayan "Həyat" pyesinin mövzusunu yerli həyatdan alaraq onu bitkin formada tamamlaya bilmişdir. "Şərq qapısı" ilə bağlı öyrənilməli, hələ də qaranlıq qalan məqamlardan biri də 1937-1938-ci illərlə bağlıdır. Bu dövrdə ölkədə baş qaldıran repressiyalar dalğası qəzetin redaksiyasından yan ötməyib. Qəzetin o dövrə aid "Əmrlər kitabı" ilə tanışlıq bunu aydın göstərir. Məsələn, 1937-ci il fevralın 19-dan ilin sonunadək qəzetə 5 nəfər redaktorluq edib: Hüseyn Mahmudov, Şirəli Şirəliyev, Ə.Hacızadə, Musa İsmayılov, Xəlil Əmirov. Ə.Hacızadənin redaktorluq fəaliyyəti cəmi 13 gün çəkib.

Qəzetin İkinci Dünya müharibəsi dövründəki fəaliyyəti də maraqlıdır. Müharibənin yaratdığı mürəkkəb şəraitdə "Şərq qapısı" cəbhə ilə xalq arasında körpü yaradan mətbu orqan kimi regionda hər evin qapısını açmış, döyüş cəbhələrinə belə gedib çata bilmişdir. Qəzet həmin illərdə partiya və hökumətin göstəriş və qərarlarının kütlələrə çatdırılmasında, ön və arxa cəbhədə igidlik göstərən həmyerlilərimizin fəaliyyətinin işıqlandırılmasında böyük rol oynamışdır. Maraqlıdır ki, müharibə başlanandan iki gün sonra, yəni 1941-ci il iyunun 24-də qəzetin redaktoru Hüseyn Ağrılı vətənpərvərlik nümunəsi göstərərək belə bir əmr imzalamışdır: "Bu gündən etibarən ordu sıralarına getdiyimdən məsul redaktorluq vəzifəsindən azad olunub, məsul redaktorluq vəzifəsini Mirzəliyev yoldaşa tapşırıram". Həmin dövrdə qəzetin əməkdaşı, müharibədən sonrakı illərdə redaktoru olmuş Əli Mirzəyev xatirələrinin birində yazır ki, o günü Hüseyn Ağrılı hamımızı, bütün redaksiya kollektivini bir yerə toplayaraq: "Vətən təhlükədədir, biz qələmimizi silaha çevirib düşmənə sarsıdıcı zərbə vurmalıyıq", - dedi. Sonra da əlavə etdi ki, "mən könüllü olaraq cəbhəyə gedirəm. Xahişim budur ki, qəzetin yaxşı çıxarılmasına diqqət edəsiniz. Bütün qüvvələri düşmən üzərində qələbə çalmaq uğrunda mübarizəyə yönəldin". Bunu deyib hamımızla bir-bir görüşdü. Az sonra döyüşən cəbhədən onun ölüm xəbəri gəldi. Müharibə başlamazdan bir neçə il əvvəl qəzetə redaktorluq edən Xəlil Əmirov və Musa İsmayılov, eləcə də bir neçə əməkdaş da alman işğalçılarına qarşı müharibədə qəhrəmancasına həlak olmuşlar. Onu da qeyd edək ki, qəzet 1930-cu ilə qədər ərəb, 1930-cu ildən 1940-cı ilə qədər latın, 1940-cı ildən 2001-ci ilin iyul ayınadək kiril əlifbası ilə çap olunub.

 

* * *

 

"Şərq qapısı" qəzetinin fəaliyyətində 1970-ci ildən sonra yeni mərhələ başlanır. Həmin illərdə respublikamızın hər bir bölgəsində olduğu kimi, Naxçıvanda da mətbuatın inkişafına xüsusi qayğı və diqqət yetirilmiş, məhz bu dövrdə mətbuat orqanlarının və işçilərinin əməyi ilk dəfə olaraq dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 70-ci illərin əvvəllərində Naxçıvanda böyük redaksiya-nəşriyyat kompleksi inşa olunmuş, "Şərq qapısı" qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Bu dövrdə də qəzet muxtar respublikanın ictimai-siyasi, sosial həyatının işıqlandırılmasında, qabaqcıl əmək adamlarının, ziyalıların portretlərinin yaradılmasında, Naxçıvanın iqtisadi qüdrətinin dirçəlişində və tərənnümündə mühüm rol oynamışdır.

 

* * *

 

Ötən əsrin 80-ci illərinin sonlarından, 90-cı illərin əvvəlindən isə qəzet ölkəmizdə müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Soveti regionun erməni təcavüzü qarşısında rastlaşdığı ədalətsizliklərlə bağlı sovet imperiyasının tərkibindən çıxmaq haqqında qərar qəbul edəndə də "Şərq qapısı" həmin qısamüddətli siyasi dövrün əsas mətbu orqanı kimi çıxış etmişdir. Ağır və mürəkkəb zaman çərçivəsində müstəqil "Şərq qapısı" qəzetinin 7 nömrəsi işıq üzü gördü.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda, o cümlədən Naxçıvanda genişlənməkdə olan demokratikləşmə prosesi Muxtar Respublikada mətbu orqanların fəaliyyətində də özünü göstərməyə bilməzdi. Məhz bu dövrdə Naxçıvan Vilayət Həmkarlar Şurasının "Ağrıdağ", AXC Naxçıvan şöbəsinin "Varlıq" qəzetləri nəşr olunmağa başladı. Onlar qısa müddət ərzində fəaliyyət göstərdilər.

Müstəqillik əldə edildikdən sonra Muxtar Respublikada rayon qəzetlərinin adları ilə yanaşı, fəaliyyət istiqamətləri də dəyişdi. Hazırda Şərurda "Şərurun səsi", Ordubadda "El həyatı", Babəkdə "Şərqin səhəri" (1977-ci ildən "Əmək bayrağı" adı altında çıxırdı), Şahbuzda "Oğuz səsi", Culfada "Arazın səsi", Sədərəkdə "Oğuz yurdu" (2000-ci ildən), Kəngərli rayonunda isə "Yeni həyat" (2005-ci ildən), Naxçıvan Şəhər İcra Hakimiyyətinin "Nuh yurdu" qəzetləri nəşr olunur.

Xalqımızın böyük oğlu Heydər Əliyev Moskvadan Naxçıvana qayıdıb muxtar respublikaya rəhbərlik etdiyi vaxtlarda mətbuatın fəaliyyətində yeni dövr başlamışdır. 22 iyul 1990-cı ildə geniş xalq kütləsi qarşısında ilk tarixi çıxışını Naxçıvan şəhərindəki Azadlıq meydanında edən ulu öndər siyasi hadisələrin gərginliyi fonunda mətbuatı da unutmamış, ilk müsahibəni gəlişindən dörd gün sonra "Şərq qapısı" qəzetinin müxbirinə vermişdir. "Daha susa bilməzdim..." adlı müsahibə bu gün də aktuallığı ilə seçilir. Müsahibədə ulu öndər bu mətbu orqan haqqında öz fikirini belə açıqlamışdır: "Mən "Şərq qapısı" qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün "Şərq qapısı"ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb".

O vaxtdan Azərbaycanın suverenliyi, xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşması, siyasi sabitlik, ictimai gərginliyin aradan qaldırılması və digər ümummilli məsələlər qəzetin əsas mövzusudur. Ulu öndərin rəhbərliyi altında milli dövlətçiliyimizin bərpası ilə bağlı Naxçıvan parlamentində qəbul edilən tarixi qərarlar da məhz ilk dəfə bu qəzetin səhifələrində dərc olunub. Mühasirə şəraitində olan Naxçıvanın problemləri, muxtar respublikada baş verən ictimai-siyasi proseslər, odövrki hakimiyyət tərəfindən Heydər Əliyevə edilən təzyiqlər və digər hadisələr qəzetin aparıcı mövzularını təşkil edirdi. Ümummilli lider Heydər Əliyevə qarşı siyasi təqiblərin davam etdiyi illərdə qəzet demokratik fikrin, azad sözün tribunası kimi seçilirdi. Ulu öndər muxtar respublika Ali Məclisinə rəhbərlik etdiyi dövrdən sonra da "Şərq qapısı" qəzetinin fəaliyyəti ilə yaxından maraqlanmış, onun müntəzəm nəşri üçün lazımi şərait yaratmış, qəzetin tirajı xeyli artmış, o, Bakıda və digər bölgələrimizdə də oxunmağa başlamışdır.

 

* * *

 

Müstəqillik dövründə qəzetin ilk yubileyi 1996-cı ilin dekabr ayında keçirilmişdir. Ümummilli lider Heydər Əliyev qəzetin 75 illik yubileyi münasibətilə redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda kollektivin əməyini yüksək qiymətləndirmişdir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra "Şərq qapısı" qəzetinin kollektivi öz fəaliyyətində canlı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur". Bu mətbu orqanın fəaliyyətində sonuncu inkişaf mərhələsinin təməli isə 2000-ci ilin əvvəllərində qoyulub. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı "Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması tədbirləri haqqında" sərəncamı regionda fəaliyyət göstərən bütün mətbu orqanlarına yaşıl işıq yandırmışdır. Məhz bu sərəncamdan sonra yerli qəzetlərin maddi-texniki bazası xeyli gücləndirilmiş, onların üzləşdikləri maliyyə problemləri həllini birdəfəlik tapmışdır. Müsbət ənənələr bu gün də yaşayır. Cari ildə Naxçıvanda yeni nəşriyyat-redaksiya kompleksi istifadəyə veriləcək. Müasir standartlar əsasında qurulan bu obyektdə "Şərq qapısı" qəzeti üçün 14 iş otağı ayrılıb. Hər bir əməkdaş informasiya texnologiyalarından normal istifadə edə biləcək. 50 nəfərlik iclas zalı da mətbuat işçilərinin ixtiyarına veriləcəkdir.

Ümummilli lider Heydər Əliyev qəzetin ilk nümunəsinin çapdan çıxmasının 75 illiyi münasibətilə redaksiya kollektivinə ünvanladığı məktubda onların gələcək fəaliyyətini də istiqamətləndirmişdir. İndi başlıca diqqət bu vəzifə və tövsiyələrin yerinə yetirilməsinə yönəldilib.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2010.-  22 iyul.- S.  3.