Vətəndən uzaqlarda vətən eşqi ilə yaşadı

 

Əli bəy Hüseynzadə görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist, rəssam, musiqişünas, tibb professoru olub. O, 1864-cü il fevralın 24-də Azərbaycanın Salyan bölgəsində dünyaya göz açıb. Qəribədir ki, bir çox müasirləri və silahdaşları kimi Əli bəyin də həyatı qürbətdə sona çatıb. Bu da onların yaşadıqları dövrün təzadları, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda baş verən olaylarla bağlıdır. Beləliklə, Ə.Hüseynzadə 1940-cı il martın 17-də dünyasını İstanbulda dəyişib.

 

Əli bəy Hüseyn bəy oğlu Hüseynzadə əsil-nəcabətli bir ailənin övladı idi. Qafqaz Şeyxülislamı Axund Əhməd Hüseynzadənin qız nəvəsiydi. Şeyxülislam xalq arasında, ruhanilər və ziyalılar içərisində sayılıb-seçilən, müxtəlif elmlərin mahir bilicisi, eyni zamanda, imperiya məqamlarında böyük nüfuz sahibi idi. O, 1876-cı ildə "Əkinçi"də çap olunmuş məqalələrində həm ruhaniyyət alimi, həm də dünyəvi elmlərin təəssübkeşi kimi çıxış edirdi. Ateist M.F.Axundzadəyə görə "Müxtəlif elmlər və fənlər sahəsində, astronomiya, coğrafiya, hesab, riyaziyyat, tarix, hikmət və xüsusilə, fiqh elmi sahəsində bütün Qafqaz ölkəsində şeyxülislamın tayı-bərabəri yoxdur. O, filosof təbiətli, liberal məsləkli, tərəqqi sevən, fitrə-fəsahətli bir adam idi". İmperator isə onu 1881-ci ildə "III dərəcəli müqəddəs Vladimir ordeni" ilə təltif etmişdi. Çox erkən yaşlarında atasını itirən Əli bəy Hüseynzadə belə kamil, mötəbər bir şəxsiyyətin himayəsi və tərbiyəsi altında böyümüşdü. Ailənin zəngin olması ona mükəmməl təhsil almaq imkanı vermişdi. O, 1870-1875-ci illərdə Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində altı sinifli məktəbdə oxumuş, növbəti on ildə birinci şəhər gimnaziyasında təhsil almışdı. Oranı bitirəndən sonra babasının xeyir-duası ilə Peterburq İmperatorluq Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və bu ali məktəbdə təhsilini 1889-cu ildə başa çatdırmışdı. Əli bəy özünün "Bioqrafik müxtəsər məlumat"ında həmin dövrü belə səciyyələndirirdi: "Yüksək təhsilim: Peterburq Universitetinin fizika-matematik fakültəsi. Bu, Rus Universitet gəncliyinin ən hummalı və üsyankar zamanına təsadüf edər. Bulunduğumuz fakültənin tələbəsindən olan Saşa Ulyanov o sıralarda edam olunmuşdu. Əsl ailə adı Ulyanov olan Lenin Saşanın kiçik qardaşıdır..."

Əli bəyin elmə həvəsi o qədər böyük olub ki, o, növbəti il daha bir ali məktəbdə - İstanbul Universitetinin hərbi tibb fakültəsində təhsil almağa başlayıb. Yusif Akçura öz xatirələrində yazırdı ki, "Qafqazlı Əli Hüseyn əfəndinin İstanbul Əsgəri-Tibbiyəsinə girməsi... rayihədar bir Avropa həvayi-mədənisinin əsməsi kimi oldu. Tələbəsinin çoxu Anadolu və Rumelinin uzaq və qaranlıq vilayətlərindən toplanmış bu məktəbdə Əli bəy bir fərci-şimali kimi parladı. Yunan və latın ədəbiyyatına aşina olmaqdan əlavə, alman, rus, ingilis ədiblərini xeyli mütaliə etmiş və Şərq ədəbiyyatına şərqşünaslar nöqteyi-nəzərindən vaqif olmuşdu. Üstəlik, rəssam idi və kaman çalırdı... Əli bəy İstanbul Tibbiyyə məktəbinə Batı fikirlərini, ədəbiyyatını, Batı irfan və mədəniyyətini, qısası, Batını tanıtmaqda professorlardan çox xidmət etdi". Beş ildən sonra həkim diplomu alan Ə.Hüseynzadə İstanbulun Heydərpaşa xəstəxanasında yüzbaşı rütbəsində dermatoloq (dəri xəstəlikləri həkimi) kimi fəaliyyət göstərdi. O, burada üç il çalışdı.

Daha üç il Əli bəy orduda xidmət edir. Yəni, 1897-ci ildə Türkiyə-Yunanıstan müharibəsi başlananda o da "Hilal-Əhmər" heyətində türk ordusu tərkibində Tesaliyaya ezam edilir. Lakin 1900-cü ildə İstanbul Universitetinin dəri-zöhrəvi xəstəlikləri kafedrasında müsabiqə yolu ilə professor köməkçisi - dosent vəzifəsinə seçilir.

Burada bir məqamı unutmaq olmaz ki. Ə.Hüseynzadə hələ Peterburqda təhsil aldığı illərdə siyasi dərnəklərdə fəal iştirak edirdi. Sonralar siyasi fəaliyyətini İstanbul Universitetində davam etdirir, tələbə yoldaşları ilə birlikdə Sultan Əbdülhəmidin rejiminə qarşı "İttihad və tərəqqi" partiyasının əsas yaradıcılarından biri olur. Sultan xəfiyyələri tərəfindən təqib edilən Əli bəy 1903-cü ilin əvvəlində Bakıya dönmək məcburiyyətində qalır. Qardaşı oğlu Şəmsəddin bəyin yazdığına görə, Sultan Əbdülhəmid 12 nəfərin, o cümlədən Əli bəyin Bosfor boğazında həbsi ilə əlaqədar gizli göstəriş verir. Şəkər ticarəti ilə məşğul olan tanış bir hindli öz gəmisində Əli bəyi qənd çəlləyinin içərisində gizlədir. Şəkər yüklü gəmi Hindistan istiqamətində yola başlayır. Əli bəy liman şəhəri Bombeyə çatır, əvvəl Çinə gedir, sonra Bakıya gəlir.

Deyilənlərə görə, Əli bəy özü ilə yalnız vaxtilə Peterburqda təhsil alarkən yağlı boya ilə çəkdiyi "Şeyxülislamın portreti"ni, babasının yadigarı olan üzüyü (brilyant daşlarla süslənmiş bu üzüyü şeyxülislam axund Əhməd Səlyaniyə çar II Aleksandr bağışlamışdı), bir də nənəsinin ona əmanət etdiyi hind örtüyünü gətirmişdi. Şəmsəddin bu yadigarların Əli bəy tərəfindən qardaşına, yəni, Şəmsəddinin atası İsmayıl müəllimə bağışlandığı haqqında da məlumat verib.

Əli bəy İstanbuldan qayıtdıqdan sonra, hələ siyasi proseslərə qoşulmazdan əvvəl Bakıda bir müddət həkim işləyir, jurnalistika sahəsində çalışır, "Kaspi" və "Baku" qəzetləri ilə əməkdaşlıq edir. 1905-ci ilin aprelində "Ümumrusiya müsəlmanlarının ehtiyaclarına dair" məktubu qraf Vitteyə təqdim etmək üçün Peterburqa göndərilən Rusiyanın müsəlman liderlərindən ibarət 11 nəfərlik heyətdə təmsil olunur, Rusiya Müsəlman İttifaqının gizli şəkildə çağırılmış qurultaylarının işində iştirak edir. Əli bəy bu dövrlə bağlı tərcümeyi-halında yazır ki, "...o sıralarda "Aksayi-Şərq" politikası üzündən Rusiya ilə Yaponiyanın arası açılmaqdaydı, çox keçmədən (1904) baş verən müharibə Rusiyanın məğlubiyyəti ilə nəticələndi, bunun üzərinə, istibdaddan bizar olan xalq ayağa qalxıb məşrutiyyət tələb edirdi, bu cərəyana tabe olaraq məşrutiyyət tələbində bulunmaq üzrə, Azərbaycan türkləri də (və sair Qafqaz müsəlmanları) Peterburqa bir heyət göndərməyə qərar verdi. 11 nəfərdən... ibarət olan bu heyəti-mürahhasada Ağaoğlu Əhməd, Adil X.Ziyadxan, mərhum Əlimərdan bəy Topçubaşi, mərhum Fərrux Vəzirov və sairə ilə birlikdə mən də vardım... General Trepovun intriqalarına rəğmən, fikir və diləklərimizi, cüzi bir tədil ilə Başvəkil Vitteyə qəbul etdirə bildik (1905). Bir də o sıralarda bütün Rusiya islamlarının ilk yövmü qəzetəsi olmaq üzrə "Həyat" namilə bir qəzetin imtiyazını əldə etdik..." Oradan qayıtdıqdan sonra "Həyat" qəzeti çıxmağa başlayır.

Ə.Hüseynzadə o dövrdə yerinə yetirdiyi vəzifələr barədə belə yazırdı: "Bakıda intişara başlayan məzkur qəzetədə əvvəla, Ağaoğlu ilə birlikdə, sonra da təkbaşına başmühərrirlik (1905-1906), qapanan "Həyat"ın yerinə çıxan həftəlik "Füyuzat" məcmuəsində müdir və başmühərrirlik (1906-1907), Birinci Dövlət Dumasının dağıdılmasına görə Ə.M.Topçubaşinin, digər bir çox məbuslarla birlikdə (Finlandiyada) "Vıvarq bəyannaməsi"ni imza etmiş bulunmasından ötürü həbsə atılıb, qəzetçilik kimi mədəni haqlardan məhrum edilməsi üzündən, yerinə rusca yövmi "Kaspi" qəzetinin başmühərrirliyini icra etdim".

Bir faktı qeyd edək ki, həmin illərdə birinci rus inqilabının təsiri ilə genişlənən xalq hərəkatı, insanların ən adi hüquqları uğrunda mübarizəyə qoşulması Ə.Hüseynzadə yaradıcılığının ictimai-siyasi yönümünə qüvvətli təsir göstərir. Şərq müstəbidlərinin, Avropa müstəmləkəçilərinin siyasi-inzibati və ideoloji təxribatları, bəy, xan, məmur zülmü, mövhumat və xurafatın təzyiqi altında müstəqilliyini, iqtisadi qüdrətini itirmiş türk-müsəlman xalqlarının dirçəlişi Əli bəyin ictimai, ədəbi-publisistik və elmi işinin əsas məqsədini təşkil edirdi.

Turançılıq məfkurəsi onun çoxşaxəli fəaliyyətinin təməlində dururdu. Ə.Hüseynzadə türk xalqlarının milli birliyi, müstəqil dövlətçilik fikrini ilk dəfə irəli sürmüş, onun nəzəri əsaslarını işləyib hazırlayaraq güclü ideoloji hərəkata çevrilməsini təmin etmişdir. 1905-ci ildə Əli bəy "Türklər kimdir və kimlərdən ibarətdir?" sualını ilk dəfə geniş və siyasi müstəvidə qaldırmışdı. Amerika alimi Tadeuş Svyataxovski deyirdi ki, XX əsrin əvvəllərində türk xalqlarına onun kimliyini bildirən bir nəfər var idi, o da Əli bəy Hüseynzadə idi. Bundan başqa, o, "Həyat" qəzetində və "Füyuzat" məcmuəsində dərc etdirdiyi "Türk dilinin vəzifeyi-mədəniyyəsi", "Məcnun və Leylayi-islam", "Yazımız, dilimiz", "İkinci il" məqalələrində ictimai və siyasi fəaliyyətinin məqsəd və məramını açıq şəkildə şərh edirdi.

Ə.Hüseynzadənin jurnalistik və ictimai-siyasi fəaliyyəti bir vəhdət təşkil edirdi.

1905-ci ildə Nijni Novqorodda keçirilən konfransda sünni-şiə ixtilaflarına son qoymaq üçün ilk ümummilli cəhdlər göstərildi. Müfti və şeyxülislam bir-birini qucaqlayıb öpdülər, islam və türk birliyində sağlam bir məqam baş verdi. Bu işdə Əli bəy Hüseynzadə öndə gedirdi. Hələ 1904-cü ildə o, "Məktubi-məxsus"da belə yazmışdı: "Müsəlmanlar və bilxassə türklər, hər neredə olursa-olsun, istər Osmanlıda, istər Türküstanda, istər Baykal gölünün ətrafında, ya Qaraqum civarında olsun, bir-birini tanıyacaq, sevəcək, sünnilik, şiəlik və daha bilməm nəlik anlamlarıyla məzhəb təəssübünü azaldıb "Qurani-Kərim"i anlatmağa qeyrət edəcək, dinin əsasının "Quran" olduğunu biləcək olurlarsa, əlverməzmi?"

Əli bəy Hüseynzadə ümməti və milləti parçalayıb zəif salan amillərin başında həm də sünni-şiə ayrılığının dayandığını bəyan etməyi özünə borc bilirdi.

1906-cı ildə "Bakı vilayəti məbusları" adlı yazısında Ə.Hüseynzadə Dövlət Dumasına seçilmiş azərbaycanlı vəkillər haqqında mülahizələrini və onlara tövsiyələri dərc edib. Dostu (onu "rəfiqim" adlandırıb) Əlimərdan bəy Topçubaşiyə, həmyerlisi, salyanlı Əsədulla bəy Muradxanova və qohumu Məhəmməd Təqi Əliyevə müraciət edərək yazırdı: "Ey məbuslar! Millətimiz bütün ümidlərini indi sizə bağlamışdır... Biz insanız... Məzlum olan sinifləri zalım siniflərin təcavüzatından azad etməyə çalışınız, müsavati-tammə istəyiniz. Yersiz-yurdsuz əkinçilərimizə, kəndlilərimizə yer, torpaq tələb edin, füqarəyi-kasibəmizin şəraiti-təəyyüşünü təshihə çalışınız. Biz qafqazlıyıq: Qafqaz əhlinin öz ümuri-idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb ediniz. Biz müsəlmanız: Binaən-əleyh öz əqayidi-diniyyəmizə hürriyyəti-vicdanımıza hər nə lazımsa onu istəyiniz, onu tələb ediniz. Biz türküz: Dilimizin, lisanımızın tərəqqisinə mane olan hər növ sədlərin, divarların yıxılmasına, dəf olunmasına qeyrət ediniz".

Məqalədə publisistik məziyyətlərin özünü göstərməsi ilə yanaşı, müəllifin vətəndaşlıq mövqeyi uca səslənir. Bu, Əli bəy Hüseynzadənin müstəqillik tələbi, ərazi və torpaq istəyi, azadlıq, özünüidarə və milli dirçəliş, özünüdərk ideyalarının təcəssümüdür. Duma vəkillərindən həmin tələbləri etmək müəllifin öz ideallarını ifadə etmək üçün seçdiyi forma idi. Vəkillərə müraciətlə Əli bəy Azərbaycanın siyasi səsini gündəmə gətirirdi.

Beləliklə, 1903-1910-cu illərdə Əli bəy Hüseynzadə xalqımızın tarixinin bu önəmli dövrünün önəmli səhifələrini yazdı. Onun fikirləri milli dirçəliş uğrunda mübarizələrin qida mənbəyinə çevrildi, "türkləşmək, islamlaşmaq, müasirləşmək" Azərbaycan Xalq Cümhuriyyətinin atributlarında reallaşdı.

O dövrdə "Həyat" və "Füyuzat" milli oyanış tariximizdə, milli özünüdərk prosesində öndə gedən mətbuat orqanları kimi nəşr olunurdu. Lakin nədənsə bir sıra tədqiqatçılar "Həyat"ı çarizmin təbliğatçısı kimi qələmə verirdilər. Əslində isə çar senzurası bu qəzetin yalnız bir-iki il yaşamasına şərait yaratmışdı. Həmin illərdə Qafqaz Mətbuat Komitəsinin sədri Qakkel, komitənin məmuru Kişmişov "Həyat"ın çarizm üçün zərərli fəaliyyəti barədə təqdimatlar yazırdılar. Deməli, "Həyat"ın simasında çar senzurası özünün xalq rəqibini görürdü. Hüseyn Cavid deyirdi ki, "Həyat" diri-diri vəfat etdi". Əli bəy Hüseynzadənin özü isə "Həyat"ın "ölməsi" fikri ilə barışmırdı: "Xeyr, xeyr. "Həyat" bir kərrə deyil, hətta yüz kərrə, min kərrə doğulsa da ölməz". Çünki "Həyat"ın "həyatı"nı artıq "İrşad", "Ülfət", "Vətən xadimi", "Burhani tərəqqi", "Dəbistan" və başqaları davam etdirirdi. (Azər Turan "Əli bəy Hüseynzadə", Bakı 2008) 1907-ci il avqustun 25-də Əli bəy Hüseynzadə müəllimlər qurultayına sədrlik edir. 1908-ci ildə Bakıda bir neçə dostu və silahdaşı tərəfindən "Səadət" adı ilə təsis edilən orta proqramlı milli məktəbdə çalışır. Elə bu dövrdə özünün "Siyasəti-fürusət" əsərini qələmə alır.

Bu əsərin ayrıca kitab şəklində nəşr olunmamasını Hüseynzadə müəyyən səbəblərlə əlaqələndirir və təəssüf ki, həmin səbəblərin nədən ibarət olduğunu açıqlamır. Ancaq əsərin "İrşad", "Tərəqqi", "Həqiqət" qəzetlərində hissələrlə dərc olunduğunu söyləyən Yusif Vəzir Çəmənzəminli onun tamamlanmadığını yazıb. İstisna olunmur ki, bu barədə Çəmənzəminliyə Əli bəyin özü danışıb. Çünki Yusif Vəzir İstanbulda Azərbaycanın böyük elçisi olmuşdu və Əli bəy ona tövsiyə etmişdi ki, Azərbaycan türklərinin ədəbiyyat tarixini qələmə alsın.

Əli bəy Hüseynzadə maraqlı şəxsiyyət olub. 1903-1910-cu illərdə o, indiki "İstiqlaliyyət" küçəsində, Bakı meriyası ilə üzbəüz binadakı mənzilində yaşayıb. Əli bəyin evindəki səliqə-sahmana Akulina adlı yaşlı rus qadını baxırmış. Əli bəy bir-iki gün işə çıxmayanda Abdulla Şaiq və başqa dostları gəlib onu evdə tapmırlar. Birbaşa Akulinagilə gedirlər ki, bəlkə o, Əli bəyin harada olduğunu bilə. Gəlib nə görsələr yaxşıdır? Demə, Akulina xəstələnib və hərarət içindədir. Əli bəy də xidmətçisinə xidmət edir.

Bu xatirəni Abdulla Şaiq oğlu Kamal Talıbzadəyə, Kamal Talıbzadə Əli bəyin qardaşı oğlu Şəmsəddinə, o isə öz qızı Cəmiləyə danışıb. Əli bəyin tədqiqatçısı Azər Turana da bu xatirəni elə Cəmilə xanım söyləyib.

Əli bəy Hüseynzadə 1910-cu ilin sonunda Bakını tərk edir. Abdulla Şaiq yazırdı: "Əli bəy Hüseynzadə və onun tərəfdarları Azərbaycanda özlərinə yer tapa bilmədilər. Yerli qabaqcıl ziyalılar tərəfindən ciddi müqavimətə rast gələrək bir-bir Türkiyəyə qayıtmağa başladılar". Əziz Mirəhmədov da belə deyir: "İstər ictimai-siyasi, istərsə də mədəni, ədəbi, elmi-pedaqoji fəaliyyətində uğursuzluğa düçar olan Ə.Hüseynzadə öz vətənində yad bir adama çevrilmiş və 1910-cu ildə vətənini atıb Türkiyəyə köçmüşdür".

Əliqulu Qəmküsar Əli bəyə xitabən "Getmə, bizi naümid etmə!" deyə şeir yazmışdı. Lakin Əli bəy Türkiyəyə getdikdən sonra da ictimai-siyasi, ədəbi fəaliyyətini davam etdirmiş və Azərbaycanı bir an belə, unutmamışdı.

1919-1922-ci illərdə Əli bəy Türkiyədə şiddətli təqib edilir. Özünün sonralar yazdığına görə, bu dövrdə iki dəfə həbs olunur.

1926-cı ilin əvvəllərində Ə.Hüseynzadə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda iştirak edir.

1928-ci ildə Əli bəyin fəaliyyətinin başqa - əvvəlkilərdən fərqli bir tərəfi özünü göstərir. O, alim və filosof Adam Smitin "Sərvəti-miləl" əsərini fransızcadan tərcümə edir.

1933-cü ildə Ə.Hüseynzadə Türkiyənin maarif naziri vəzifəsində çalışır, həmişə olduğu kimi, 30-cu illərdə də çoxşaxəli fəaliyyətini davam etdirirdi. Lakin tədricən onun səhhətində bir sıra problemlər yaranır.

Əli bəy Hüseynzadənin mətbuatda dərc olunmuş son yazısı "Afət qarşısında şair, alim və gənclik" şeiri oldu. Şeir Ərzincanda baş vermiş zəlzələyə və Qızılaya həsr edilmişdi. Şeir 1940-cı il yanvarın 15-də "Tan" qəzetində dərc olunmuşdu.

Əli bəy Hüseynzadə geniş yaradıcılıq diapazonuna malik bir alim və yazıçı idi. Bununla yanaşı, o, bir çox sahələrdə - tibdə, fəlsəfədə, tarixdə, siyasətdə, sosiologiyada və s. öz izini qoya bilmişdir. Maraqlıdır ki, Əli bəyin rəsm və musiqi əsərləri də qalmışdır. Onun zəngin irsi bütövlükdə Azərbaycan milli təfəkkürünün qazandığı nailiyyətdir. Ə.Hüseynzadə xalqımızın elmi-ədəbi fikir tarixində M.F.Axundzadədən sonra yeni mərhələnin başlanğıcını qoymuş, "füyuzat"çılar adlı ədəbi-fəlsəfi məktəb yaratmışdır.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2010.- 22 iyul.- S.  4.