Alim, pedaqoq, jurnalist

 

Hər bir yaradıcı insan dünyaya gəldikdən sonra qismətinə düşən ömür payını fərqli yaşayır, həyatda özünəməxsus iz qoyur. Bəzən bu izlər var olmamış kimi insanın fiziki ölümü ilə yoxa çıxır, bəzən isə həyatın coşqun fırtınası ondan bir daş da qopara bilmir. Sağlığında böyük hörmət sahibi olan, haqq dünyasına qovuşduqdan sonra çoxlarının xatirində kamil insan, dəyərli ziyalı, unudulmaz müəllim və alim, qayğıkeş ailə başçısı kimi qalan belə insanlardan birifilologiya elmləri doktoru, professor, istedadlı jurnalist Şahin Tağı oğlu Səfərovdur. Bu nəcib insan mənalı həyatı boyu insanlığın ziynəti sayılan safmunis dəyərləri xarakterində yaşadıb, fani dünyadan yeganə umacağı şəxsiyyətini, mənliyini, ad-sanını və bir də həyat prinsiplərini qorumaq olub. Uzun illər jurnalistika sahəsində çalışaraq qələminin qüdrəti ilə publisistikanın zirvəsinə yüksələn, milli ədəbiyyatşünaslıq elminin sanballı araşdırıcılarından biri kimi elmdə sözünü deyən Şahin Səfərov sağlığında cəmiyyətin tərəqqisinə, gənc nəslin sağlam ruhda yetişməsinə böyük töhfələr verib. 20 il "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

Şahin Səfərov 1928-ci ildə Naxçıvanın Şərur rayonunun Qarabağlar kəndində müəllim ailəsində anadan olub. Atası Tağı Səfərov ərəb-fars dillərinin mükəmməl bilicisi idi, bu əcnəbi dilləri oğlu Şahinə də səylə öyrədirdi. Ziyalı mühitində formalaşan, valideynlərinin təsiri altında elmə, təhsilə yüksək maraq göstərən Ş.Səfərov yeniyetməlik dövründən həyat yolunu düzgün müəyyənləşdirmişdi.

Şərurun Qarabağlar kəndi qədim mədəniyyət mərkəzlərindən sayılır. Bu tanınmış kənddən neçə-neçə görkəmli ziyalı, ictimai və dövlət xadimi çıxıb. Məşhur alimlərdən - Qaraş Mədətov, Kamran Rəhimov, Şükür Sadıqov, Seyfulla Qurbanov, Yaşar Əkbərov, Eldar Novruzov, Maqsud Qurbanov, Əbülfəz Babayev və digərlərinin adlarını xüsusi çəkmək olar. Ş.Səfərov ilk təhsilini dünyaya göz açdığı doğma kəndində alıb. Məktəbli olduğu illərdə təhsilə, elmə marağı ilə müəllimlərinin diqqətini cəlb edib. Yaşa dolduqca, həyatın qəribəlikləri, bəzən də haqsızlıqları ədalət axtarışında olan nəcib insanlar kimi onu da dünyanın əbədi sualları ilə üz-üzə qoyub. Bu sualların cavabını humanitar elmlərdə axtaran Şahin Səfərovun gələcək həyat yolu, peşə seçimi də məhz onun Azərbaycanın dünəni, bugünü və gələcəyi ilə bağlı saf və təmiz düşüncələrindən rişələnib. Orta məktəbi bitirdikdən sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunda təhsil alıb. Bura onun üçün təhsilin ilk pilləsi olmaqla, elm yolu ilə irəliləməsinə də təkan verib. Az sonra arzularını gerçəkləşdirmək əzmi ilə Bakıya üz tutub - 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsinə daxil olub. Bir tərəfdən tələbəlik dövrünün ehtiyacları, digər tərəfdənsə yaradıcılıq həvəsi elə tələbəlik illərindən onu dövrü mətbuata üz tutmağa sövq edib. Ayrı-ayrı qəzetlərdə məqalələrlə çıxış edən Şahin Səfərov "Xəzər dənizçiliyi" qəzetinin müxbiri olub.

Ali təhsilini başa vurduqdan sonra bənzərsiz pedaqoji aləmə qovuşmaq, cəmiyyətin maariflənməsinə töhfə vermək istəyini inamla gerçəkləşdirib. 1952-1958-ci illərdə Bakı şəhərinin 121 və 129 saylı orta məktəblərində ana dili fənnini tədris edib. Elə həmin vaxtdan da müşahidələrini qələmə alıb, mətbuatda pedaqojifiloloji mövzularda məqalələrlə çıxış edib. Yazıb-yaratmaq, yeni söz demək həvəsi onu rahat buraxmadığından gənc Şahin yenidən mətbuata üz tutub. 1958-ci ildən jurnalistlik fəaliyyətini "Azərbaycan müəllimi" qəzetində davam etdirib. Əvvəlcə qəzetdə ədəbi işçi, sonra şöbə müdiri, redaktor müavini vəzifələrində çalışan Şahin Səfərov yaradıcı keyfiyyətləri ilə əhatə olunduğu mühitin və cəmiyyətin diqqətini çəkib. Yüksək şövqlə yazıb-yaradıb, söz sənətkarlığında vətəndaş mövqeyi, insan amili, xalq mənafeyi daim öndə dayanıb. Şahin Səfərov publisistikasını oxuculara sevdirən ən başlıca amil isə onun toxunduğu mövzuların xalq ruhuna yaxınlığı, jurnalist yaradıcılığı üçün mühüm cəhət olan ahəngdar üslubu, dəst-xətti olub. Onun peşəkar qələmindən, həyat gerçəkliklərinə dərin yaradıcı baxışından doğulan söz həvəslə oxunmaqla yanaşı, insanları düşündürüb, nəticə çıxarmağa sövq edib. Elmlə jurnalistikanın uğurlu vəhdəti oun zəmanəmizin mahir söz sənətkarlarından birinə çevirib.

"Azərbaycan müəllimi" qəzetində 20 il - 1972-ci ildən 1992-ci ilədək baş redaktor vəzifəsində çalışan Şahin Səfərov istedadlı qələm sahibi olmaqla yanaşı, həm də novator idarəçilik keyfiyyətlərinə malik qəzetçi olduğunu sübuta yetirmişdi. Bizim nəslin nümayəndələri yaxşı xatırlayır ki, sahə qəzeti kimi ixtisaslaşmış "Azərbaycan müəllimi" məhz onun redaktorluğu illərində respublika miqyaslı qəzetə çevrilmişdi, geniş oxucu auditoriyası qazanmış, dövrünün problemlərinə çevik, rasionalobyektiv yanaşması ilə fərqlənmək imkanı əldə etmişdi. Bu illərdə bir-birindən maraqlı mövzularla, məqalələrlə oxucuların görüşünə gələn qəzet respublikanın elmi-pedaqoji, mədəni mühitində böyük rol oynamışdır. Hələ 80-ci illərdə o dövrün qadağalarına baxmayaraq qəzetdə "Cənubdan gələn səslər" rubrikası açılmışdır. 1937-ci ilin repressiya qurbanlarına həsr olunan silsilə məqalələr ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Şahin Səfərovun redaktorluğu illərində "Azərbaycan müəllimi" qəzetinin şöbələrinin sayı 3-dən 12-yə çatmış, qəzetin tirajı 14 dəfəyədək artmışdı.

Ş.Səfərov baş redaktor kimi təkcə istedadı, yaradıcılığı, təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyəti ilə deyil, həm də gənc jurnalistlərə xüsusi qayğısı, dəstəyi ilə seçilirdi. Jurnalistika fakültəsində oxuyan gənc tələbələrin qəzetlə əməkdaşlıq etməsinə çalışır, onların arasında istedadlılarını hər vəchlə redaksiyada işə götürürdü. Şahin müəllim qələmli, savadlı jurnalistlərə, ümumiyyətlə, yaradıcı şəxslərə daim hörmətlə yanaşır, onlarla hesablaşır, imkan daxilində sərbəstlik verirdi. Gənclərdə jurnalist yaradıcılığının püxtələşməsinə yaratdığı şərait və imkan onu şəxsiyyət olaraq hamının nəzərində ucaltmışdı.

Baş redaktor təhsildə, elmdə olan nöqsanları, çətinlikləri qabartmaqdan, obyektiv tənqiddən də çəkinmir, qətiyyətli mövqeyi ilə seçilirdi. "Azərbaycan müəllimi" qəzetinin geniş oxucu auditoriyası qazanması, şübhəsiz, Şahin müəllimin nəzəri-praktik cəhətdən yetkin jurnalist olması, tələbkarlığı, cəmiyyətin marağını ifadə edən aktual mövzuları peşəkarlıqla qələmə alması ilə şərtlənirdi. Həmin illərdə qəzet səhifələrində tənqidi yazı dərc etməyin nə qədər çətin, məsuliyyətli və riskli olduğunu xüsusi qeyd etməyə ehtiyac yoxdur. Bu tənqid ya redaktorun, ya da tənqid obyektinin taleyinə təsirsiz keçmir, cəmiyyətdə böyük rezonans doğururdu. Amma həmin dövrün ideoloji qəliblərini peşəkarlıqla dəf edən Şahin Səfərov qol çəkib verdiyi tənqidi məqalələrlə, publisistik ruhlu felyetonlarla cəmiyyətdəki çatışmazlıqları ifşa edirdi.

Məşhur jurnalistika nəzəriyyəçisi, publisist M.S.Çerepaxovun sözüdür - "Publisistika bir ayağı ilə elmdə durur, o biri ayağı ilə incəsənətdə dayaq tapır". Həqiqi elm adamı, şübhəsiz, yaradıcı potensiala, güclü qələmə sahib olmalıdır - belə keyfiyyətlərə malik olmayan şəxsin alimliyi cəmiyyətə fayda verə bilməz. Adətən, jurnalistikadan elmə adlamış ziyalılarda tədqiqatçılıq keyfiyyətləri özünü daha qabarıq göstərir. Bu mənada, professor Şahin Səfərov təkcə publisistjurnalist deyil, həm də elmdə sözünü demiş görkəmli alim kimi anılır. O, istedadlı qələm sahibifiloloq-alim kimi bu sahədə bir sıra dəyərli tədqiqatların, elmi əsərlərin müəllifidir. Hələ 1969-cu ildə "Yuxarı siniflərin ədəbiyyat dərslərində şagirdlərin siyasi məfkurə tərbiyəsi" mövzusunda namizədlik, 1983-cü ildə isə "Azərbaycan ədəbiyyatı və şagirdlərin dünyagörüşünün formalaşdırılması" mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə edən Şahin müəllim 1987-ci ildə professor elmi adına layiq görülüb. Dəyərli alimin doktorluq dissertasiyasında Azərbaycan ədəbiyyatının ümumi-nəzəri problemləri ilə yanaşı, konkret nümunələr əsasında gənclərdə əxlaqi saflıq, mənəvi zənginlik və dünyagörüşünün formalaşdırılması problemləri, habelə ədəbiyyatımızda müsbət və ideal obrazların gənc nəslin şəxsiyyətinə təsiri məsələləri hərtərəfli təhlil edilib, konkret nəticələr çıxarılıb.

Professor Şahin Səfərovun elmi yaradıcılığının əsas istiqamətlərindən birini də ədəbiyyatın tədrisi məsələləri təşkil edir. Onun "Ədəbiyyat dərslərində ideya-siyasi tərbiyəyə dair", "Ədəbiyyat dərslərində şagirdlərin elmi dünyagörüşünün formalaşması", "Ədəbiyyat tədrisi və yeni insan tərbiyəsi", "Ədəbiyyat tədrisi və məktəblilərin vətəndaşlıq tərbiyəsi", "Nizami Gəncəvi yaradıcılığının məktəbdə öyrədilməsi", "Ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir", "Azərbaycan ədəbiyyatı və şagirdlərin dünyagörüşünün formalaşması problemləri", "Şagirdlərin bədii təfəkkürünün inkişafı" və s. əsərlərində qabaqcıl məktəb təcrübəsi ümumiləşdirilib, ədəbiyyat tədrisinin aktual elmi-metodik problemlərinin nəzəri həlli verilib.

Tanınmış alimin yaradıcılığında dram və nəsr əsərləri də ideya məzmunu, mövzu orijinallığı ilə diqqəti çəkir. "Nizami sorağında", "Tələ", "Tərgül", "Nişan üzüyü", "Qu quşunun məhəbbəti" kimi lirik-emosional əhval-ruhiyyəli dram əsərləri bu baxımdan xüsusi maraq doğurur. Şahin Səfərov dram əsərlərini "Göy qurşağı" kitabında toplayaraq oxuculara təqdim edib. Onun "Bir payız günü", "Qarabağ şikəstəsi", "Mən hazır" və digər əsərlərində mənəvi problemlərə toxunulur. Söz ehtiyatı zəngin olan, dilimizin gözəlliyini qələmində canlandıran Şahin müəllimin aydın, axıcı, səlist yazı üslubu, yanaşdığı mövzunun alt qatına enmək bacarığı, dürüst vətəndaş mövqeyi, yaradıcı təxəyyülü onun peşəkarlıq səviyyəsinə yüksəldiyini göstərir.

Klassik Azərbaycan ədəbiyyatının mahir tədqiqatçılarından olmuş Ş.Səfərov ərəb və fars dillərini mükəmməl bilməsi hesabına bu sahədə də böyük nailiyyətlər əldə edib. FüzuliNizami yaradıcılığına dair sanballı tədqiqatlar ortaya qoyub. Azərbaycan şairlərinin zəngin irsinin araşdırıcısı kimi bir sıra beynəlxalq konfranslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Şərq ölkələrinin mətbuatında biri-birindən maraqlı məqalələrlə çıxış edib. 1992-ci ildə İran İslam Respublikasında Məhəmməd Füzulinin 500 illiyi münasibəti ilə keçirilən Beynəlxalq konfransda "Füzuli - 500" mükafatına layiq görülüb. Şahin Səfərov Azərbaycan SSR və SSRİ jurnalistlər ittifaqlarının, həmçinin Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü, Bakı Şəhər Sovetinin deputatı olub. 1993-cü ildən "Azərbaycan dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin eyni adlı nəşriyyatının direktoru, 1994-1995-ci illərdə "Şəhriyar" qəzetinin redaktoru vəzifələrində çalışıb.

1995-ci il noyabrın 15-də Bakı şəhərində dünyasını dəyişən tanınmış publisist, alimpedaqoqun fədakar əməyi dövlət tərəfindən layiqli qiymətini alıb. Şahin Səfərov "Azərbaycan Respublikasının əməkdar müəllimi", "Azərbaycan Respublikasının əməkdar elm xadimi" adlarına layiq görülub, "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenləri, "Əməkdə igidliyə görə" medalı ilə təltif olunub.

Əqidəsinə, amalına sadiq, sözübütöv, mərd insan olan Şahin Səfərov son dərəcə müsbət auraya, pozitiv enerjiyə malik idi. Tanınmış ziyalı ətrafındakı insanlara xoş rəftarı, səmimi ünsiyyəti, yüksək mədəniyyəti, tələbkarlığı, prinsipiallığı, gələcəyə yüksək inam hissi ilə diqqəti cəlb edirdi. "Azərbaycan müəllimi" qəzetində ədəbi işçidən baş redaktor vəzifəsinədək yüksəlmiş, milli mətbuat tariximizə sanballı möhürünü vurmuş Şahin Səfərovun mənalı ömür yolu, elmi-pedaqojijurnalistlik fəaliyyəti bu gün yaradıcılıq yoluna yeni qədəm qoyan hər bir gənc üçün örnəkdir.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2010.-22  iyul.- S.  6.