Onlar hörmətlə yad edilməyə layiqdirlər

 

Şübhəsiz ki, bu, nə vaxtsa böyük bir muzey olacaq. Bəlkə də böyüyə-böyüyə təkcə "Azərbaycan" qəzetinin deyil, bütün ölkənin "Mətbuat muzeyi"nə çevriləcək...

Redaksiyamızın "Mətbuat muzeyi" yığcam olsa da, Azərbaycan mətbuatının "Əkinçi"dən üzübəri gələn 135 illik yolunu özündə əks etdirə bilib. Milli mətbuatımızın yubileyi ərəfəsində vaxtilə onun "beşiy"i başında durmuş bir çox jurnalist və publisistlər, redaktorlar və naşirlər haqqında qəzetdə geniş yazılar dərc olundu. Onların xatirəsi muzeyimizdəki stend və eksponatlarda da qorunub saxlanılır. Mətbuatımızın sonrakı mərhələlərindən söhbət açan sənəd və şəkillər də çoxdur. Məsələn, bütöv bir stend Azərbaycanın sovet dövründə yaşayıb-yaratmış jurnalistlərinə, digəri isə mətbuat tədqiqatçılarına həsr olunub.

Budur, unudulmaz müəllimimiz Nəsir İmanquliyevin mehriban və xeyirxah, eyni zamanda, ciddi görünən çöhrəsi şəkildən boylanır. Nəsir müəllim Azərbaycan jurnalistlərinin bir neçə nəslinə universitet auditoriyalarında mühazirə oxuyub, seminar keçib. Öyrətdikləri isə quru nəzəriyyə deyildi. Onları özünün mətbuatda çalışdığı, xüsusilə "Bakı" qəzetinin redaktoru olduğu uzun illər ərzində qazandığı təcrübədən götürüb, o dövrün cavanlarına böyük həvəslə çatdırıb. Tələbələrinin çoxu, dərsdən çıxanda birbaşa "Bakı" qəzetinə gedib, orada təcrübə keçib, sadəcə olaraq, əməkdaşlıq edib, həm qonorar alıb, həm də jurnalist sənətinin bərkindən-boşundan çıxaraq püxtələşib.

Bu stenddə şəkilləri vurulmuş İsrafil Nəzərovun, Ağababa Rzayevin, Rəşid Mahmudovun, Cahangir Gözəlovun, Əli İldırımoğlunun jurnalist fəaliyyətləri əsasən o dövrün aparıcı mətbu orqanı - "Kommunist" qəzeti ilə bağlı olub. Əli müəllim indi də yaşayıb-yaradır. Həmişə bölgələrdə işləyib, o vaxt bu vəzifəyə "zona müxbiri" deyərdilər. Həmişə xalq arasında, insanların əhatəsində olduğundan oxuculara çatdırmaq istədiyi sözü, söhbəti tükənmək bilmir. Artıq neçənci kitabını yazır...

İsrafil Nəzərov, Ağababa Rzayev, Rəşid Mahmudov müxtəlif dövrlərdə "Kommunist"in redaktoru olublar. Sovet rejimi dövründə Mərkəzi Komitənin orqanı olan belə bir qəzetə redaktorluq etmək məsuliyyətli iş idi. Adını çəkdiyimiz bu üç redaktor xasiyyətcə bir-birindən çox fərqlənsələr də, həmin o məsuliyyət hissi hamısında eyni olub. Bir də çalışıblar ki, qəzet "partiya və hökumətin qərarlarını" işıqlandırmaqla yanaşı, xalqın tarixini, milli-mənəvi dəyərlərini unutmasın. Hər üçü gənc jurnalistlərə qayğı ilə yanaşıb. Onların vaxtilə etimad göstərib işə götürdüyü gənclərin çoxu bu gün Azərbaycan mətbuatının "yük"ünü öz çiynində şərəflə daşıyır. Həmin stenddə şəklini gördüyümüz Cahangir Gözəlovun felyetonlarını çapa, olsun ki, bu redaktorların üçü də imzalayıb.

Əmir Mustafayev isə "Azərbaycan"ın baş redaktoru olub. Bu vəzifəni 9 il icra edib. Özü çoxlu povest, hekayə, publisist məqalə müəllifi olan Əmir müəllim hər bir jurnalistin yazdıqlarına hörmətlə yanaşar, çalışardı ki, redaktə etdiyi zaman müəllifin dili, üslubu qalsın.

Doğrudur, muzeyimizdə Azərbaycanın hələ heç də bütün tanınmış jurnalistlərinin şəkillərini toplamamışıq. Amma elə olan şəkil və materialların özü də jurnalistikanın keçdiyi yolun mərhələlərini aydın göstərir. Osman Mirzəyevin şəklini görəndə Vətən və xalq üçün təkcə qələmini deyil, sinəsini də sipər edən jurnalistlərimizi xatırlayırıq. Axı torpaqlarımızın azadlığı, Vətənimizin müstəqilliyi uğrunda şəhid olan jurnalistimiz az deyil.

Azərbaycan mətbuatında kişilərlə çiyin-çiyinə fədakarlıqla çalışan jurnalist qadınlar fotostendlərimizdə Xalidə xanım Hasilovanın şəxsində öz əksini tapıb. Doğrudur, Azərbaycan oxucusu onu əsasən yazıçı kimi tanıyır. "Kiçik hekayələr", "Lalənin kitabı", "İki yoldaş", "Ulduzlu papaq", "Atlas yarpaqlar", "Yaşıl ayna" və bir sıra digər əsərlərini sevə-sevə mütaliə etmişik. Bunlarla yanaşı, Xalidə Hasilova jurnalistikamızda da öz dəst-xəttini həkk edib. 1966-1972-ci illərdə "Göyərçin" jurnalının redaktoru olan Xalidə xanım daha sonra "Azərbaycan qadını" jurnalına rəhbərlik edib. Onun redaktorluğu dövründə jurnal Azərbaycan qadınlarının əsl dostuna çevrilib.

Azərbaycan ədəbiyyatının və jurnalistikasının tədqiqatçılarına isə muzeyimizdə ayrıca bir stend həsr olunub. Burada şəkilləri vurulmuş ədəbiyyatşünaslar, ədəbi tənqidçilər həqiqətən də xalq üçün böyük bir xəzinə qoyub gediblər. Bunlardan biri professor Məmməd Cəfərdir. Onun qəzet və jurnallarda dərc olunmuş saysız-hesabsız məqalələri Azərbaycan yazıçılarının yaradıcılığına düzgün qiymət verilməsində oxucuya kömək edir. "Klassiklərimiz haqqında", "M.F.Axundovun ədəbiyyat görüşləri", "Füzuli düşünür", "Nizaminin fikir dünyası" əsərlərini buna misal göstərmək olar.

Görkəmli ədəbiyyatşünas, tənqidçi Kamal Talıbzadə həm də Abdulla Şaiq yadigarı idi. Atası ədəbi əsərlər yadigar qoymuşdusa, oğul ədəbi tənqidin inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Azərbaycan və rus ədəbiyyatlarının əlaqələrinə, sovet ədəbiyyatının inkişafına, ədəbiyyat tariximizə aid bir çox məqalə və monoqrafiyalar yazmışdır.

Romanlarını sevə-sevə oxuduğumuz Mirzə İbrahimovun yaradıcılığı ilə dərindən maraqlananda onun həmçinin çoxsaylı publisistik məqalələr müəllifi olduğunu da görürük. Bunlar ədəbiyyat tarixinə, bədii yaradıcılığın nəzəri problemlərinə, xalqlar arasında mövcud olan ədəbi əlaqələrə və s. həsr olunub.

Muzeyimizdə xatirəsi anılan yazarlardan biri də Qulam Məmmədlidir. Onun da yaradıcılığı çoxşaxəli olub. Jurnalist, ədəbiyyatşünas, teatrşünas, tədqiqatçı kimi fəaliyyət göstərib. Özü müxtəlif illərdə "Kəndli qəzeti", "Azərbaycan kolxozçusu", "Yeni yol" qəzetlərinin, "Kirpi" jurnalının redaktoru olub.

Bir ədəbiyyatşünas, tənqidçi və mətnşünas kimi Əziz Mirəhmədovun da xalqımıza töhfələri böyükdür. O, bir çox klassiklərimizin yaradıcılığını araşdırmış, Azərbaycan ədəbiyyatı tarixinin romantizm, realizm dövrlərini tədqiq etmiş, satiranın mühüm problemlərini göstərmişdir.

Şəkli tədqiqatçılar sırasında özünə yer alan Nürəddin Babayev həm də həvəslə oxunan yazıçı, publisist və Azərbaycan jurnalistlərinin bir neçə nəslinin, o cümlədən bu gün redaksiyamızda çalışan bir sıra qələm sahiblərinin müəllimi olub.

Bir sözlə, yuxarıda adını çəkib haqqında bir neçə söz dediyimiz, 135 yaşlı mətbuatımızın salnaməsində əməyi görünən bu insanların və hələ muzeyimizdə özünə bundan belə "yer" tapacaq qələm sahiblərinin hər biri hörmət və məhəbbətlə yad edilməyə layiqdir.

 

 

F.SADIQLI

 

Azərbaycan.- 2010.- 22 iyul.- S. 6.